Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:44

Nazir Ziya Məmmədov, oğlu Anar Məmmədov və ZQAN Holdinq


Nəqliyyat naziri Ziya Məmmədov
Nəqliyyat naziri Ziya Məmmədov
Azərbaycanda qohumbazlıq (yaxud tayfabazlıq) kimi tanınan fenomenə həm də nepotizm deyirlər. Bu məfhum adını latınca «bacıoğlu» sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.

BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Misal üçün 2004-cü ildə Norveç Qızıl Xaç Komitəsinin rəhbəri xəstəxana təmirinin sifarişini qardaşlarının rəhbərlik etdiyi şirkətə verdiyi üçün beş il yarım müddətinə həbsə məhkum olunub.

AZƏRBAYCANDA İSƏ...

«ZQAN Holdinq» ölkədə ən məşhur şirkətlərdən biridir. Bəziləri bu şirkəti «əl-Cəzirə» telekanalının Azərbaycanda korrupsiyaya həsr olunmuş verilişindən xatırlayırlar. Orada şirkətin adındakı hərflərin nəqliyyat nazirinin ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olduğu deyilirdi. Süjetdə Nəqliyyat Nazirliyinin sifarişi ilə avtovağzal tikintisinə xərclənən böyük pullardan da söz açılırdı. O avtovağzala ki, onu da elə ZQAN tikib.

O zaman nə adıçəkilən telekanal, nə də digər media nümayəndələri ZQAN-la nəqliyyat naziri arasındakı bağları təsdiq edəcək sübutlar ortaya qoya bilməmişdi.

AzadlıqRadiosunun şirkətin təsisçiləri haqqında sorğusuna Vergilər Nazirliyindən heç bir cavab gəlməmişdi.

Amma indi şirkət özünü ictimaiyyətə əməlli başlı təqdim etməyə başlayıb.

Elə şirkətin prezidentinin Anar Z. Məmmədov - Ziya Məmmədovun oğlu olduğunun təsdiqini də yeni web-səhifədə gördük.

A-DAN Z-DƏK

ZQAN.az saytında «ZQAN Holdinq»in prezidenti Anar Z.Məmmədov səhifənin ziyarətçilərinə yazır ki, «biz «ZQAN Holdinq»də yerli və beynəlxalq səviyyədə işgüzar işbirliyi, strateji tərəfdaşlıq və kommersiya baxımından cəlbedici sərmayə layihələrində hüdudsuz işgüzar imkanlardan fəal istifadə etməyə çalışırıq. Korporativ sosial məsuliyyət, ətraf mühitin qorunması, Korporativ Məsuliyyətin İdarə edilməsi və regional biznes bilikləri ilə birgə bu meyar bizim aydın rəqabət üstünlüyümüzü təmin edir».

Ekspertlərsə deyir ki, holdinqin uğurları həm də Azərbaycan reallıqlarıyla bağlıdır. Bu reallıq da odur ki Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.

Nəqliyyat Nazirliyi bu holdinqlə hansı layihələr həyata keçirib? Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ancaq Bakı Avtovağzal Kompleksi layihəsini xatırlaya bildi. Əlavə etdi ki, bu işdə Anar Məmmədovun Ziya Məmmədovun oğlu olmasında təəccüblü bir şey yoxdur:

«Avtovağzalla bağlı bir layihə olub. Qalan layihələrlə bağlı məlumatım yoxdur. Mətbuat xidmətinin rəhbəri olaraq şirkətlər arasında fərq qoymuram. ZQAN da bir şirkətdir, o, çox səmərəli təkliflər verir. O təklif də keçib, əməkdaşlıq olub. Burda nə ayıb şey var ki? Hər hansı bir insanın oğlu bir şirkət sahibi ola bilər. Bu şirkətin də iştirak etməsi təbii bir şeydir. Təəccüblənəsi bir şey yoxdur. Dünyanın bütün ölkələrində belə bir şey var. Hansı şirkət texniki şərtləri yerinə yetirirsə, o şirkətlə əməkdaşlıq olunur».

KORRUPSİYA – BUNUN BAŞQA ADI YOXDUR

İqtisadçı Zöhrab İsmayılsa deyir ki, bu məsələdə təəccüblənməli çox şey var:

«Əgər bu avtovağzal Nəqliyyat Nazirliyinin sifarişiylə tikilibsə və burda nazirin oğlunun rəhbərlik etdiyi şirkət tikinti işlərini həyata keçiribsə, bu, başdan-ayağa korrupsiyadır. Bu şirkət Ziya Məmmədovun ailəsinə məxsusdur. Onların burda birbaşa iştirak etməsi korrupsiyadır, bunun başqa adı yoxdur».

«ZQAN Holdinq»in tabeçiliyində olan «ZQAN Construction»ın direktor köməkçisi Kamran Niftəliyevsə Avtovağzal Kompleksinin tikintisindən başqa Ucar Avtovağzalının da bərpa olunduğunu dedi. Bu və başqa tikinti layihələrinin neçəyə başa gəlməsi haqqında bir neçə saat sonra məlumat verəcəyini bildirsə də, sonradan onunla əlaqə saxlaya bilmədik.

ZQAN.az saytında şirkətin büdcə pulları ilə həyata keçirdiyi layihələrin dəyəri barədə bir kəlmə də yoxdur. Ümumiyyətlə, bu səhifədə rəqəmlərə demək olar ki, rast gəlmək mümkün deyil.

Elə Nəqliyyat Nazirliyi də layihələrin smeta və yekun dəyəri, tenderdə iştirak edən başqa şirkətlərin adları və təklifləri barədə məlumatları indiyədək açıqlamayıb.

NEPOTİZMƏ GÖRƏ CƏZA

Bütün bunları oxuduqdan sonra Norveç Qırmızı Xaç Komitəsi sədrinin başına gələnlər barədə düşünürsünüzsə, yanılırsınız. Çünki qanunvericilikdə məsələ elə də birmənalı qiymətləndirilmir.

«Transparensy Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyeva AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib ki, bu sahədə qanunda boşluqlar var. Misal üçün, onun sözlərinə görə, «Korrupsiya ilə mübarizə haqqında» qanunda qohumların birgə işləməməsi ilə bağlı müddəa var, amma dövlət məmuru ilə özəl sektorda işləyən qohumu arasındakı işbirliyi nəzərdən qaçıb.

Konstitusiya Araşdırmaları Fondunun direktoru Əliməmməd Nuriyev isə deyir ki, digər qanunları nəzərdən keçirəndə müvafiq müddəanı tapmaq mümkündür:

«Dövlət satınalmaları haqqında» qanuna görə, əgər maraqlar toqquşması baş verərsə, həmin şəxslərin tenderdə iştirakına yol verilmir. Həmin tenderi Nəqliyyat Nazirliyi elan edirsə və bu tenderin qalibi nazirin oğludursa, burda vəzifədən sui-istifadə var. Bunun başqa adı yoxdur. Azərbaycan Cinayət Məcəlləsinin 309-cu maddəsində vəzifədən sui-istifadəyə görə cəza nəzərdə tutur. Hətta buna qədər də vəzifədən azad etmə və bu kimi başqa üsullarla cəzalandırıla bilər. Həmin maddə üzrə sanksiyalar arasında yüngül cəzalar da var, amma xüsusi ağırlaşdırıcı hallarda 8 hətta 12 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur».

Di gəl ki, bundan ötrü maraqların toqquşmasının həqiqətən də «sui-istifadə» olduğunu sübuta yetirmək lazımdır.

Ə.Nuriyev deyir ki, «Maraqların toqquşması haqqında» qanun layihəsi hazırlanıb və onun qəbulundan sonra qanundakı boşluqların bir qismi aradan qalxacaq.

Milli Məclisin İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin müdir müavini Səyyad Kərimovun sözlərinə görə, həmin qanun layihəsi Avropa Şurası ekspertləri tərəfindən də bəyənilib, amma onun nə zaman qəbul ediləcəyi bəlli deyil. Kərimovun sözlərinə görə, həmin qanun layihəsində maraqların toqquşması hallarının cinayət məsuliyyətini ehtiva etməsi ilə bağlı müddəalar nəzərdə tutulmur.

BANK, TİKİNTİ, TELEKOM...

Bu vaxta qədər nəqliyyat nazirinin ailəsinin geniş biznes imkanları haqqında ancaq danışılırdı. «ZQAN Holdinq»in saytında isə həmin biznes strukturları adbaad göstərilir. Saytın sektorlar bölməsində maliyyə müəssisələrindən «Bank of Azerbaijan ASC», «Qarant Sığorta», inşaat bölümündə «ZQAN Construction», «AZBENTONİT», «Goranboy Gips», Göyçay Çınqıl Zavodu, telekom bölməsində «TransEuroCom», mehmanxanalar sırasında «Delfin» və «Meridian», Daşınmaz Əmlak və Əmlakın İdarə Edilməsi bölməsində «Royal Estate» göstərilir. Bu müəssisələr barəsində ayrı-ayrılıqda məlumat verilir.

Şirkətin təsisçiləri barədə hələ də rəsmən təsdiqlənmiş məlumat yoxdur.

Təsisçilər, indiyədək qazanılan tenderlər, başlanğıc kapitalı – bu məlumatları sıradan bir şirkət öz kommersiya sirri hesab edə bilər. Amma ekspertlər büdcə pulları hesabına maliyyələşən layihələrdə kommersiya sirlərinin mümkünlüyünü inkar edirlər. Ekspertlər onu da deyirlər ki, hesabatlı cəmiyyətlərdə nazirlər ailə üzvləri ilə bağlı olan biznes qurumları barədə tam hesabat verməyi özünə şərəf bilir. Əlbəttə, əgər nəyisə gizlətmək üçün bir səbəb yoxdursa.
XS
SM
MD
LG