Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Zakir Sadatlını İraqda girov götürüblərmiş


Zakir Sadatlının həyat yoldaşı Zərəngiz Aslanova və oğlu
Zakir Sadatlının həyat yoldaşı Zərəngiz Aslanova və oğlu
-

"Bu ölüm Zakir üçün dəhşətli xəbər oldu, bundan çox təsirləndi, bir müddət özünə gələ bilmədi".


Bu il “Əfqanıstan uçurumu” kitabı Milli Kitab Mükafatına layiq görülmüş mərhum yazar Zakir Sadatlının həyat yoldaşı Zərəngiz Aslanova ilə söhbət.


- Zərəngiz xanım, Zakir bəy ədəbiyyata necə gəlib?

- Zakir 1961-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulub. İlk şeirləri o hələ 8-ci sinifdə oxuyanda Abbasağa Azərtürkün təqdimatı ilə Cəlillabad rayonunda çıxan “Yeni Gün” qəzetində nəşr olunmuşdu. Sonra məktəbi bitirib əsgərliyə getdi, iki ildən çox Əfqanıstanda vuruşdu, ayağından yaralandı. Azərbaycana qayıdandan sonra Pedaqoji Univerisitetin Ədəbiyyat müəllimliyi fakültəsinə daxil oldu.

- Bəs necə oldu ki, jurnalistika ilə məşğul olmağa başladı?

- Zakir bir müddət ədəbiyyat müəllimi kimi çalışdı, sonra jurnalistika ilə məşğul olmağa başladı. Jurnalistikaya gəlişi çox gözlənilməz, təsadüfən baş verdi. Əslində ədəbiyyat müəllimlərinin elə jurnalistikaya yaxın olduğunu demək olar. Səhv eləmirəmsə ilk dəfə müstəqillik dövründə, 90-cı illərdə çıxan “Aydınlıq” qəzetində yazıları çap olunmağa başladı. Sonra Azərbaycan Televiziyasında əvvəlcə “Gənclik” redaksiyasında, sonra “Hərbi Vətənpərvərlik” redaksiyasında işlədi. O dövrdə ölkədə müharibə gedirdi deyə, televiziyada hərbi vətənpərvərlik mövzusunda verilişlər çoxluq təşkil edirdi. Zakir tez-tez Qarabağa gedib ordan reportajlar hazırlayırdı.
Zakir Sadatlı Azadlıq Radiosunun studiyasında, 2011
Zakir Sadatlı Azadlıq Radiosunun studiyasında, 2011

- Bəs publisistik yazıları çoxdurmu, hansı qəzetlərdə çıxırdı?

- Mənə görə Zakir ən yaxşı publisistlərdən biriydi, o, yazacağı mövzunu dərindən öyrənir, arxivləri araşdırırdı. Silsilə yazıları müxtəlif saytlarda, həm də “Xalq”, “Millətin səsi” qəzetlərində çıxmışdı. O bir müddət Cumhuriyyət dövrünü araşdırdı. Cumhuriyyətin liderlərindən olan Fətəli Xan Xoyski haqqında, Axund Hacı Səlim Axundzadə haqqında, Nəsib bəy Yusifbəyli haqqında yazıları vardı. O araşdırmaları üçün Tiflis arxivinə, Türkiyə arxivlərinə qədər gedib çıxmışdı. Publisistik yazılarını kitab kimi çap etdirməyi də düşünürük.

- Onun Füzuli haqqında araşdırmaları da xüsusi maraq doğurmuşdu, bu araşdırmanı aparmaq fikri hardan yaranmışdı?

- O, İraqa Azərbaycan televiziyasının sifarişi ilə getmişdi. Orda çox böyük çətinliklərlə üzləşmişdi, hətta bir dəfə onları girov da götürmüşdülər. İraqlı türkman dostu, böyük füzulişünas Məhəmməd Mehdi Bayat onları girovluqdan xilas etdi. Zakirin Füzuli ilə bağlı araşdırmasında sensasiya doğuran məqam o idi ki, o, İraqda Füzulinin qəbrinin tamam dağıdıldığını sübut etdi. Halbuki, Kərbala şəhərində “İmam Hüseyn” ziyarətgahının on qapısı var və bu qapılardan birinin adı da Füzuli qapısıdır, həmin qapıdan Füzulinin şəkili asılıb və ehtimal olunurdu ki, Füzulinin qəbri məhz burdadır.

- Bəs “İraq olsun” povesti necə ortaya çıxdı?

- Bu, Zakirin İraqa səfərinin motivləri əsasında yazılıb. O əvvəl Bağdada, sonra isə Kərkükə getmişdi. Burda eynilə bizim kimi danışan, bizimlə eyni adət-ənənəni, tarixi yaddaşı daşıyan insanlarla qarşılaşmışdı. Zakir həmişə orda qarşılaşdıqlarını böyük iç yanğısı ilə xatırlayırdı. Deyirdi ki, eyni kökdən gələn, bir-birindən uzaq düşən insanların yüz illər sonra belə öz tarixi köklərinə belə bağlı qalması möcüzəvidir. O, İraqda gördüklərindən bir əhvalat danışmışdı.

Bir dəfə onlar Kərkükdə maşınla gedərkən yol kənarında maşını saxlayıb qarpız alırlarmış. Satıcının yanında dayanmış bir uşaq onlardan soruşur ki: “Siz bizim dilimizi harda öyrənibsiniz”. Zakir cavab verir ki, öz evimizdə öyrənmişik, biz Azərbaycandan gəlmişik. Onda uşaq soruşur ki, Təbrizdən, yoxsa Gəncədən gəlmisiniz?

Zakirin çox sevdiyi dostlarından biri türkman araşdırmaçı, şair Məhəmməd Mehdi Bayat idi. O, tez-tez Bakıya gəlirdi, bizim evdə də olurdu, Azərbaycanı çox sevirdi. İraqa gedəndə adətən birbaşa getmir, əvvəl Təbrizə, sonra İraqa gedirdi, Azərbaycanın hər yerini gəzmək arzusu vardı, buraya çox böyük bir bağlılığı vardı. O, Zakirin ölümündən bir neçə ay öncə 2013 -ci ilin yanvarında Kərkükün Düz Xurmatı bölgəsində bir terror hadisəsində dünyasını dəyişdi. Zakir onun oğlu ilə əlaqə yaratdı və oğlu bu faktı təsdiqlədi. Bu, Zakir üçün dəhşətli xəbər oldu, bundan çox təsirləndi, bir müddət özünə gələ bilmədi.

- Bəs o bu povestdən əlavə hekayələr, şeirlər də yazırdı?

- Onun xeyli sayda şeiri var, amma şeirlər kitabını çap etdirməyə fürsət olmadı, irəlidə şeirlərini kitab halında çap etdirməyi düşünürük. Yarımçıq qalmış çoxlu əlyazmalarıyla bərabər, “Salam Baça” adlı bir hekayəsi var. Bu hekayə “Mahmud Qaşqarlının min illiyi ilə bağlı hekayə yarışması”nda Azərbaycan üzrə birinci yerə çıxmış, sonra Türkiyədə üçüncü yerə çıxmışdı. Bir çox türk dərgilərində nəşr olunmuşdu.

- Azərbaycandan Əfqanıstan müharibəsində iştirak edən xeyli adam var, amma heç kim orda gördüklərini kitab halına salmayıb. Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanının ideyası necə yarandı?

- Bildiyim qədəriylə bəzi rus müəllifləri Əfqanıstan haqqında yazıblar. Azərbaycandan isə bu haqda Zakir yazıb. “Əfqan uçurumu” təkcə bədii əsər deyildi, həm də müharibənin fəlsəfəsini açıb göstərən bir mətn idi. Əslinə qalsa bu əsər “Yaddaşımın Əfqanıstan Səhifələri” adıyla 80-ci illərin axırlarında mətbuatda nəşr olundu. Əsərin kitab halına salınmasına keçən il iyul ayının ortalarından başlanıldı. Artıq Zakirin xəstələndiyi dövr idi, müalicələrdən xəstəliyinin ağırlığını hiss edirdi və buna görə də tələsirdi.

O orta məktəbi bitirib Almaniyaya əsgərliyə getmişdi, ordan da özünün belə xəbəri olmadan Əfqanıstan müharibəsinə aparılmışdı.

- Əsəri müharibədən gəldikdən sonra yazmağa başlayıb?

- Əvvəla, Zakirin həmişə yanında gəzdirdiyi çox səliqəli cib dəftərçəsi vardı, bundan əlavə gündəliyi də vardı, ikincisi də elə şeylər var, onu qeyd etmirlər. Son gününə, son dəqiqəsinə qədər onun yaddaşı yerindəydi. Onun heyrətamiz yaddaşı vardı, hər şeyi adbaad, saatıyla, günüylə yadda saxlamaq kimi bir cəhəti vardı.

- Bəs kitabı Milli Kitab Mükafatına təqdim etmək kimin təşəbbüsü idi?

- Kitabın redaktoru Anar Mahmudoğlu idi, elə o da kitabın namizədliyini irəli sürmüşdü. Nəticədə kitab birinci yerə çıxıb, mükafata layiq görüldü.

- Mükafatı necə xərclədiniz?

- Mükafatı Zakirin növbəti kitablarını, şeirlərini və publisistik yazılarını ayrı-ayrı kitablar halında çap etdirməyə xərcləməyi düşünürük.

- Bildiyimə görə, Zakir Sadatlının iki bədii kitabından əlavə bir də Əziz Alpoudun xatirələrindən ibarət tərcüməsi vardı. Zakir Sadatlı ilə Əziz Alpoudu birləşdirən nə idi, niyə məhz onun xatirələrini çevirdi.

- Zakir Əziz Alpoudun “Həyatımın Hekayələri” kitabını Türkiyə türkcəsindən, özü də çox sürətlə çevirmişdi. Əziz Alpoudun əsəri 1961-ci ildə yazılması və Zakir Sadatlının özünün də 1961-ci ildə doğulması sanki onların taleyində bir oxşarlıq yaradırdı. Həm də Əziz Alpoudun bir insan kimi mətinliyi, vətənpərvərliyi, xalqına, millətinə bağlılığı Zakiri özünə cəlb etmişdi və onu çox qısa vaxtda çevirib çap etdirmişdi.

Namiq Hüseynli (solda) Zakir Sadatlının oğlu və həyat yoldaşı ilə birgə
Namiq Hüseynli (solda) Zakir Sadatlının oğlu və həyat yoldaşı ilə birgə
XS
SM
MD
LG