Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

Çox utanıram...


Kamran Nəzirli
Kamran Nəzirli

-

Çox utanıram... Qulaqlarım o qədər tutulub ki, düşəcəyim dayanacağı ötürürəm... Axı mən düşməliydim?!

Ha yerimdən qalxmaq istəyirəm, qalxa bilmirəm... Gücüm çatmır, elə bil kimsə məni oturacağa mıxlayıb...

Kamran Nəzirli

ÇOX UTANIRAM...

Bu gün cümədir. Hava yenə günəşlidir, səhərin gül üzü gülür, binalar, küçələr, dalanlar tərtəmiz, ətir qoxulu...

Adamların gözləri, simaları dinc, rahatdır, arabir mənə də gülümsəyirlər. Aləm günəşin nəvazişli ilıq şüaları altında bəxtəvər-bəxtəvər metroya tələsir. Elə bil təbəssüm sevimli körpə olub - qoca, cavan, uşaq, qadın, gözəl, ya da çirkin sifətlərin hamısını bağrına basıb duz kimi yalayır.

Mən də bu bəxtiyar ovqatla əlimdə planşet, telefonumdan çıxan şnurun səsyayıcı ucluqlarını qulaqlarıma soxubhansısa qarışıq musiqi horrasından məst ola-ola işə gedirəm; "Azadlığa" çatıb metro vaqonunda yerimi rahlayıram. Sağ böyrümdə cavan qız oturur, dərhal timsah dərili çantasından çəhrayı cildli kitab çıxarır, gecədən nişanladığı yeri tapır, başlayır oxumağa; gözucu baxıb görürəm ki, "Robinzon Kruzo"dur. Sol tərəfimdə də mavi krujevalı ağ ipək don geyinmiş qadın oturur, o da üstündə "Anna Karenina" yazılmış qara cildli kitab çıxarır.

Qulaqlarım keflə məşğul olsa da gözüm dinc durmur, qarşı tərəfdəki cins şalvarlı cavan oğlana baxıram, əlində"Ədəbiyyat" qəzeti, yanındakı yaşlı qoca da eynəyini taxır, İntiqamın göyüzü kimi təmiz "Azərbaycan" jurnalını vərəqləyir.

Vaqona bir dəstə cavan oğlan və qız daxil olur (əllərindəki kitab-dəftərdən tələbə olduqlarına əminəm!), oturan kimi hərə bir dərslik çıxarır, başlayır acgözlüklə oxumağa... sonracavan anayla balaca məktəbli oğlan minir, cavanlar onlara yer verir, otururlar. Məktəbli çantasından "Əlifba" sını çıxarır, başlayır vərəqləri çevirməyə, anası narahatdır:

-Bax, əlifbanı bilməsən, böyüyəndə heç nəyə yaramayacaqsan... Aç beşinci dərsi təkrarla, müəllim səndən soruşacaq...

Uşaq tələsik başlayır oxumağa. Uzaq oturacaqları gözümlə arayıram (qulaqlarım isə hələ də kefdədir, heç nə eşitmirlər!) - hamı, hətta o küncdə oturan sürməli, kirşanlı qadın da nəsə oxuyur: bu sifətlərdə məmnuniyyət, bir qədər də ilıq təbəssüm görürəm...

Bax o ağsaçlı kişi də oturan kimi "Azərbaycan tarixi"ni çıxartdı (görünür, alimdi, ya da müəllim!), başladı oxumağa... Əllərdə rəngli, müxtəlif ölçülü kitab, broşür, qəzet və jurnal görürəm... Vaxt çox azdır, millət ona görə oxuyur! Ah, bircə mən oxumuram, kef edirəm!

Gah ona baxıram, gah buna baxıram, gah da telefonumun düymələri ilə əlləşirəm! Qatar isə gedir, arabir dayanır, dolub-boşalır, yenə gedir. Vaqona yeni-yeni adamlar minir, əlvan sancaqlı, parıltılı-parıltısız çantalar açılıb-örtülür,qatar gedir, dayanır, qapılar açılıb-örtülür, arabir qarışıq müzik horrasının tutduğu qulaqlarıma küylü də olsa astadan, yumşaq Azərbaycan dilində danışıq səsləri gəlir.

Elə bil ruhi səslərdi-bağımızdakı quşların cəh-cəhi ilə bəhsə girib...Gözlərim yenə dinc durmur, ətrafı seyr edir, birdən... alnımdan tər süzülür, küyləşən qulaqlarımın dibinəcən islanıram, özümdən utanıram... Ah, bircə mən...

Ah, bircə mən... mən... oxumuram! Çox utanıram... Qulaqlarım o qədər tutulub ki, düşəcəyim dayanacağı ötürürəm...Axı mən düşməliydim?! Ha yerimdən qalxmaq istəyirəm, qalxa bilmirəm... Gücüm çatmır, elə bil kimsə məni oturacağa mıxlayıb...

-A kişi, dur ayağa, işə gecikərsən... Saat səkkiz oldu, sən hələ yatmısan?

Arvadım məni yuxudan oyadırdı...

2014

XS
SM
MD
LG