Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

21 Azərin görünməz üzü – general izi...


Cəfər Kavian
Cəfər Kavian

-

İz-21 Azərin görünməz üzü – general izi...
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

«Seyid Cəfər Pişəvəri 21 Azər Hərəkatının görünən tərəfidir, görünməyən tərəfi general Kaviandır».

Bu sözləri Azadlıq Radiosunun «İz» proqramına o zaman Milli hökumətin müdafiə naziri olmuş general Cəfər Kavianın (1895-1975) indi Bakıda yaşayan oğlu Marks Kavian söylədi.

«SİLAHLANMA MƏSƏLƏSİ KAVİANIN ÖHDƏSİNƏ QOYULMUŞDU»

21 Azər Hərəkatının 70 illiyiilə bağlı daha bir «İz»in qonağı olan Marks Kavian bir məsələyə çox darıldığını bildirdi: «Mən bu ilin aprelində - atamın 120 illiyində İstiqlal muzeyinə onun şəxsi əşyalarını, çoxlu sənəd təhvil verdim. Orda 10 min nəfərin adı, silahının nömrəsi var. Atam onların hamısını silahlandırırdı. Sadıq Padiqan (Pişəvərinin müavini-S.İ.) sonralar atamın məzarı başındakı nitqində də demişdi ki, silahlanma məsələsi Kavianın öhdəsinə qoyulmuşdu. Hətta Seyid Cəfəfə deyəndə ki, ay Pişəvəri, bizə silahlarla kömək elə, o qayıdırmış ki, mən siyasi adamam, silah götürüb İran hökumətinin əleyhinə qalxmamışam. O, yaxşı bilirdi ki, silahla məşğul olan adam ölümə məhkumdur... Bilirsiniz, elə qarışıq məsələlər var ki... Araşdırma tələb edən məsələlər var».

KİMLƏR BAKIYA GEDƏCƏK, KİMLƏR QALACAQ?

Marks Kavian bir məsələyə də diqqət çəkdi: «Deyirlər ki, guya sovet ordusu tapançanı tutdu Pişəvərinin başına, dedilər tez çıxmalısan Rusiyaya. Yalan sözdür. Mən Pişəvəri Bakıya çıxan günü yaxşı xatırlayıram. Uşaq idim, həmişə atam iş dalınca gedəndə otururdum maşında. Həmin gün atam tankpartladan butulkalar sifariş vermişdi, o işlə məşğul idi. Birdən telefonuna zəng gəldi. Dedilər, indi bir iclas oldu, siz iştirak etmədiniz. Qərara aldılar ki, bəzi adamlar getsin Bakıya, bəziləri qalsın Təbrizdə (Marks Kavian Təbriz sözünü yerlilərə məxsus şirin bir ləhcəylə - «Tərbiz» deyə tələffüz edir - S.İ.). Atam qayıtdı ki, mənim barəmdə nə qərar verdilər? Dedilər ki, Kavian qalacaq, Cavid qalacaq, doktor Şəbüstəri qalacaq, Məhəmməd Biriya qalacaq... Qalanları Bakıya gedəcək...».

«ATAM PİŞƏVƏRİDƏN QORXMURDU»

Verilişin bələdçisi general Kavianın bu qərardan çox əsəbiləşdiyini deyir: «Atam sürdü maşını Pişəvərinin evinə. Onlar bir yerə yığışmışdılar, hazırlaşırdılar getməyə. Bacısı Suğra xanım da ordaydı, müşaviri Tağı Şahin də. Atam hirsli-hirsli Pişəvəriyə üz tutdu, ondan heç qorxmurdu. Cəmil Həsənli kitabında yazıb bunu. Həm dost idilər, həm də atam qüdrətli adam idi...QayıdırPişəvəriyə ki, ay Pişəvəri,kim qərara alıb ki, siz gedəsiniz, mən qalam? O da deyir, yoldaşlarım... Deyir, yoldaşların qələt eləyir. Zınqırovu mənim əlimlə itin boynuna bağlayırsınız, mənim əlimlə də açırsınız? Deyir, məsələ qalmaqdısa, hamımız qalacağıq. Bu dəmdə orda olan Şahin qayıdıb ki, ay Pişəvəri, Kavian düz deyir, o necə burda qala bilər, o dəqiqə onu öldürərlər...».

«KAVİAN DA ÇIXSIN, QALMASIN»

Marks Kavian bundan sonra atasının rus konsulu ilə görüşməsindən söz açır: «Deyir, gəldim Təbrizdəki rus konsulu Nuru Quliyevin yanına. Qərarı ona bildirdim. O da dedi, ay Kavian, mənlik bir şey yoxdur. İki saat vaxt ver, Naxçıvanda general Atakişiyevlə danışım. İki saatdan sonra dedi ki, Mir Cəfər Bağırovla danışdım. O da Moskvayla danışandan sonra sənə xəbər verəcəyəm. Görünür, Stalinlə razılaşdırılacaqmış məsələ. Deyir, bir saatdan sonra xəbər gəldi ki, Kavian da çıxsın, qalmasın... Bunu atama deyəndə, artıq Pişəvəri ailəsi ilə Culfanı keçmişdi, Naxçıvanda idilər. İndi Söhrab Tahir deyir, tapançanı tuşlamışdılar Pişəvəriyə... Nə tuşlaması? Pişəvəri öz istəyi ilə gəlmişdi... Ruslar ancaq bir söz deyirdilər ki, biz istəmirik III Dünya Müharibəsi başlasın, sizə kömək edə bilmərik».

BİR DƏFƏ ZUĞULBADA...

Marks Kavian atasının ailəsini də götürərək Bakıya gəldiyini deyir: «1947-ci ilin əvvəllərində Bakıya gəlib çatdıq. Hamı bir müddət Mərdəkanda «Yaşıl bağ» deyilən yerdəqalırdı. Arada bir dəfə Mir Cəfər Bağırov bizə Zuğulbada qonaqlıq verdi. Atamgil onda hələ formalarını çıxarmamışdılar. Bizim adamlardan 10 nəfər vardı. Məclisin masabəyisi Səməd Vurğun idi. Bülbül mahnı oxuyur, Mirzə İbrahimov da boşqabları düzürdü. Çox söhbətdən sonra Mir Cəfər Bağırov atamı yanına çağırıb deyir: «Kavian, eşitmişəm sən oğlunu Təbrizdə güllələmək istəmisən?». Atam deyib, «yoldaş Bağırov, mənim oğlum günahsız bir adamı öldürmüşdü. Düzdür, qəsdən öldürməmişdi, güllə açılmışdı, amma hər halda günahkar idi... Mən neyləməliydim? Günahımı onunla yumalıydım». Deyir, mən bu sözləri deyəndə, Bağırov qayıtdı ki, «Kavian, sən düz eləməmisən. Sənin oğlunun günahı yox idi. Bəlkə onu öldürəydin?». Deyir, bunları söyləyəndə, gözləri yaşardı. Səbəbini soruşanda, dedi ki, «mənim də oğlum Krımda müharibədə öldü. Dedilər, ölüsünü gətirək, icazə vermədim. Getdim özüm dəfn elədim orda. İndi də dözə bilmirəm». Və... ağladı».

Marks Kavian
Marks Kavian

ANTİPARTİYA QÜVVƏLƏRİ - KAVİAN, PADİQAN, TAĞI ŞAHİN...

Cəfər Kavian adaşının fikrini dağıtmaq üçün sözü dəyişir: «Dedim, yoldaş Bağırov, sizdən bir xahişim var. Deyin mənə ev versinlər. Amma nə Mərdəkan olsun, nə şəhər». Dedi, Mirzə, səhər Kavian harada istəyir, orda ona ev verin. Səhəri Razində (indiki Bakıxanov qəsəbəsi) bizə ev verdilər. İndi də mən orda yaşayıram. 1953-cü ildə də bəzi ağzıgöyçəklər milli hökumətin bəzi rəhbərlərinə - Sadıq Padiqana, Kaviana, general Pənahiyana, Tağı Şahinə «antipartiya ünsürləri» adını qoydular. O qüvvələrin kim olduğunu xatiratımda yazmışam. Kambəxş vardı - fars və şovinist bir adam idi. Milli hökumətin əleyhinə olan adamdı. O istəyirdi ki, bizim Milli Demokrat Firqəsini«Hizbi-Tudə»nin quyruğuna bağlasın. Onu da elədilər. Pişəvəridən sonra Padiqan sədrlik eləyirdi. Onunla bacarmadılar. 1951-ci ildə Mirzə İbrahimovun köməkliyi ilə Qulam Yəhya Danişyanı gətirdilər partiya sədrliyinə. Ondan sonra bizi aparıb bağladılar «Hizbi-Tudə»nin quyruğuna. İndi də bizim firqəni ediblər mühacirlər komitəsi. O şeyləri ki Pişəvəri, Padiqan, Kavian eləməzdi, onları Qulam Yəhya vasitəsilə elədilər».

«TARİXİ DÜZ YAZIN!»

Aparıcının: «Onlar bunu nəyə görə elədilər» sualını Marks Kavian belə cavabladı: «O da hərbçi idi, Kavian da. Qulam Yəhya Kavianın ikinci müavini idi, həm də, Zəncandanıydı. Kavian varkən, Qulam Yəhyanı üzə çıxara bilmirdilər. Mən belə şeyləri görəndə əsəbiləşirəm. Axı mənim ömrümdən nə qalıb? Tarixi düz yazın da... Gedirəm İrana, mənədeyirlər Qulamın xatirələri çıxıb burda. Deyirəm,nə yazıb? Deyirlər, yazıb ki, Kavianı Pişəvəri işdən çıxarırdı, mən qoymadım. Bəyəm Kavianı Pişəvəri müdafiə naziri təyin eləmişdi? Milli Məclis qərar vermişdi, axı».

«ÖKÜZ VURSUN, GƏL BURDA YAT...»

Marks Kavian atasının Pişəvəriyləmünasibətindən də danışdı: «Atam Səttarxan hərəkatında, Xiyabani hərəkatında və 21 Azərdə iştirak edib. Uşaqlıqdan Pişəvəri, doktor Cavid, Şəbüstəri həmişə bizim evdə olardılar. Döşəmədə yer salardılar. Pişəvəri mənə deyərdi ki, öküz vursun, gəl yanımda yat... Uşaq idim, məndən xoşları gəlirdi. Atamın Pişəvəri ilə tanışlığı 1929-cu ildən idi. Həmin il Pişəvəri Təbrizə gəlir. Mənim böyük bacım təzə anadan olubmuş. Polislər evimizi mühasirəyə alırlar. Nənəm anamı yataqdan durğuzur və Pişəvərini uzadır onun yerinə... Uşağı da qoyurlar yanına. Polislər nənəmdən soruşurlar ki, bu kimdir? Deyir gəlinimdir. Ondan nəsə soruşmaq istəyəndə, nənəm deyir, gəlinin nə ixtiyarı var cavab versin? Polislər çıxırlar. Pişəvəri axır zamanlara qədər deyərdi ki, mən bir çarşab borcluyam Zivər xanıma...».

«QƏSRİ-QACAR» ZİNDANI... VƏ SOVET QOŞUNLARININ ZƏNCANA GƏLİŞİ

Marks Kavian Pişəvərinin daha sonra tutulduğunu söyləyir: «Atam da tutuldu, Pişəvəri də. Axırda ikisini də «Qəsri-Qacar»a saldılar. Atamı 37-də buraxdılar, amma Zəncana sürgün elədilər. 1941-ci ildə rus qoşunları Zəncana girəndə, atam ordaydı. Əziz Əliyev (Prezident İlham Əliyevin ana babası-S.İ.) gəldi. Atam böyük qardaşımı güllə bəzəyib rus (sovet) tanklarının qabağına göndərdi. Birinci tank Zəncana daxil olanda, qardaşım tankın üstündə şəhərə girdi. Əziz Əliyev atamdan 30 maşın təşkil eləməsini tapşırmışdı. Atam maşınları yığdı və biz sürgündən qurtarıb Təbrizə gəldik».

PİŞƏVƏRİNİN KAVİANA MƏKTUBU

Marks Kavian atasının Təbrizdə olduğu illərdə Pişəvəri ilə görüşdüyünü deyir: «Tez-tez Tehrana gedib Pişəvəri ilə görüşürdü. Pişəvərinin Tehrandan atama yazdığı bir məktub var. Öz əliylə yazıb. Nadir sənəddir. İndi məndədir. Onda Pişəvəri Tehranda «Acer» qəzetini buraxırdı. Yazır ki, «əlahəzrət Kavian! Bəs, milli məclisdə belə danışdım, bəzi adamlar əleyhimizə çıxdılar. Xahiş edirəm qəhrəman Təbriz xalqına mənim fikirlərimi yeridəsən». Axırda da yazır ki, sənə qurban Pişəvəri... Rus qoşunları Təbrizdə olanda, atam partizan hərəkatı yaratdı.

MİLLİ HÖKUMƏTİN QURULMASI MARKSIN YADDAŞINDA...

Aparıcının: «Milli hökumətin qurulmasını necə xatırlayırsınız» sualına Marks Kavian belə cavab verdi: «Mənim 9 yaşım vardı. Patronları daşıyıb maşınlara doldururduq. Anam, atam, bacım, mən... Padiqan yazır ki, Kavian çiynində daşıyıb o silahları... Atam o ərəfədə yatalaq xəstəliyinə tutulmuşdu. Silahlanma aparanda soyuq olmuşdu. Rus xəstəxanasında yatırdı. Bəzi adamlar yazır ki, ay belə atışma, vurhavur oldu. Heç nə olmadı. General Derəxşani təslim oldu. Təslim aktına qol çəkdi. Qılıncı da verdi atama. Sakitliklə milli hökumət quruldu. Bir ildə Təbrizə yaxşı su, işıq çəkdilər. Radio komitəsi açıldı. Atam Müdafiə Nazirliyinin hesabından məscidlərə pul buraxdı. Ayətullah Şəriətmədari (İranın görkəmli din xadimi Ayətullah Seyid Məhəmmədkazım Şəriətmədari- S.İ.) bu işinə görə atama xalça bağışladı. İndi də evimizdə durur. Çox işlər oldu. Amma bir ilin içində dağıldı getdi...».

Seyid Cəfər Pişəvəri (1893 - 1947)
Seyid Cəfər Pişəvəri (1893 - 1947)

«PİŞƏVƏRİNİ QULAM YƏHYA ÖLDÜRDÜ!..»

Marks Kavian Pişəvərinin ölümündə Qulam Yəhyanı günahlandırdı: «Pişəvərini öldürən Qulamdır. Ölümünə 10 gün qalırdı. Mənim atam «Səttarxan» romanını yazan Abbas Pənahi Makuli ilə birlikdə Buzovnada Pişəvərigilə getdilər. Mən də ordaydım. Gördülər Padiqanla Pişəvəri pomidor şitili əkirlər. Atamla Seyid Cəfər arasında bir az sərinlik vardı. Pişəvəri atamgili görəndə, deyir, «Padiqan, qonaqların gəldi.» Atam deyir, «ay Pişəvəri, mən qonaq gəlməmişəm, əgər gəlmişəmsə, sizə gəlmişəm...». Pişəvəri durdu əllərini yudu və bizi evlərinə apardı. Pişəvərinin xanımı Məsmə xanım «Mirzə Qasımi» deyilən İran kətəsi bişirdi. Yedik, çıxdıq gəldik».

BİR NEÇƏ GÜN SONRA...

Marks Kavian aradan bir neçə gün keçəndən sonra qapılarının ağzında maşın dayandığını görüb: «Sürücü gəldi və atama – «Pişəvəri deyir, Səkinə xanım gəlsin bağa, onunla işim var», - dedi. Anam mindi maşına getdi.Soruşur, «ay Pişəvəri, xeyir ola?». Deyir, «Səkinə xanım, sənin yoldaşın mənim dabanlarımı çəkdi. Tehranda qəzet buraxırdım, vəziyyətim də yaxşıydı. Gəldi ki, gəl mübarizə aparaq, ailəmi də götürdü, gəldik Təbrizə. Milli hökuməti qurduq. İndi Abbas Pənahi ilə dostluq edir, məni atıbdır». Anam da qayıdır ki, «ay Pişəvəri, məni bu işlərə qatma...».

«XƏYANƏT, XƏYANƏT»

Marks Kavian bu əhvalatdan sonra Pişəvərinin fədailərlə görüşə aparıldığını deyir: «Sual olunur: fədailərlə görüşə niyə müdafiə naziri Kavianla getmirdi, ikinci müavin Qulam Yəhya ilə gedirdi? Niyə? Fədailəri silahlandıran Kavian, fədailərin atası sayılan Kaviansa, bəs niyə Qulam Yəhya ilə görüşə gedirdi?Demək, bunu orda öldürmək göstərişi vardı. Salayev deyir ki (sovet Azərbaycanında Dövlət Təhlükəsizliyi Komitəsinin Yevlax şöbəsinə o vaxtlar rəhbərlik edən Lətif Salayev nəzərdə tutulur – S.İ.), gəldim Pişəvərinin yanına, dedi, «mənə xəyanət elədilər». Dedim «nə xəyanət? Maşın sizin, şofer sizin». Dedi, «maşın da Qulamındı, şofer də...». Sonra Pişəvərinin bacısı əri Mirağa Azəri yığıncaqda dedi ki, «Qulam, sən Pişəvərini öldürdün ki, keçəsən yerinə...». Mən öz qulağımla eşitdim bunu, çünki yığıncaqdaydım. Əkrəm Rəhimlinin kitabının 195-ci səhifəsində də var Mirağanın dedikləri».

«NİYƏ MƏNİ MƏHKƏMƏYƏ VERMİRLƏR?»

Marks Kavian bir müəmmaya da diqqət çəkdi: «Qulam Yəhya xatirələrində yazır ki, «mən 3 aydan sonra bilmişəm Pişəvərinin öldüyünü». Halbuki mən özüm Pişəvərinin dəfnində iştirak eləmişəm. Qulam da ordaydı. Başı yaralanmışdı. Tənziflə sarıqlı idi. Durmuşdu orda. Mən illərdir açıq deyirəm ki, onu Qulam Yəhya öldürüb. Niyə məni məhkəməyə vermirlər? Niyə məni cəzalandırmırlar? Pişəvərini aldatdılar, verdilər ölümə. Özü də bildi. Axırda deyib: Xəyanət, xəyanət... Kimi xain görürdü? Qulamı deyirdi də...».

«CƏMİL HƏSƏNLİ ATAMIN HAQQINI QULAM YƏHYAYA VERİB»

Marks Kavian sonda Qulam Yəhyanın indi Bakıda yaşayan oğluna səsləndi: «Oğlu pis oğlan deyil. Mən ona demək istəyirəm ki, qardaş, bax, sən görürsən ki, Cəmil Həsənli öz kitabında mənim atamın bütün haqqını-zəhmətlərini sənin atanın adına yazıb. Niyə qəbul edirsiniz bunu? Allahdan qorxmursunuz?».

--İki dost, iki Cəfər arasında soyuqluq nədən başlamışdı? Təbrizin «Amerikan klubu»nda baş verən hansı hadisə general Kavianla Pişəvərinin arasına su səpmişdi?

«İz»i burdan dinlə.

İz-21 Azərin görünməz üzü – general izi...
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

XS
SM
MD
LG