Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Azərbaycan vs. Rusiya: məhbəsdəki jurnalistlər, milli maraqlar və 'yeni vektorda Qərbin yeri yoxdur'


Fərid Mehralızadənin məhkəməsi
Fərid Mehralızadənin məhkəməsi

"Azərbaycan köhnə sovet məkanında Rusiyanın Belarusdan sonra ikinci müttəfiqidir". Bu həftə tarixçi-alim Cəmil Həsənli ilə bir daha Bakı ilə Moskvanı birləşdirən dəyərlərdən, prezident İlham Əliyevin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəngindən, Azərbaycan-Ermənistan sülh sazişinin nə vaxt imzalana biləcəyindən danışırıq.

------------------------------------------------------------------

"Mənə qarşı fiziki zorakılıq törədən şəxslər "sənin dilin çox uzanıb"... tipli sözlər deyirdilər. Əgər həbsim, doğrudan da, hansısa maliyyə maxinasiyalarında iştirakımla bağlıdırsa, o zaman "dilimin uzanması"nın, bura nə aidiyyəti var?". Bunu bu həftə AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbsdən Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə açıq məktubunda yazırdı. H.Hacıyev həbsdə olan jurnalistlərlə bağlı demişdi ki, təqib halları onların peşə fəaliyyəti ilə bağlı deyil, söhbət böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən gedir. F.Mehralızadə isə altı aydır gedən ibtidai istintaqın "qaçaqmalçılıq" ittihamına heç bir sübut göstərə bilmədiyini yazır.

AzadlıqRadiosu ilə Rusiyada əməkdaşlıq edən jurnalist Nika Novakı Çita məhkəməsi "xarici təşkilatla məxfi əsasda əməkdaşlığa" görə 4 il həbsə məhkum etdi. Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus jurnalistin haqsız yerə məhkum edilməsini pisləyib, onu azadlığa buraxmağa çağırıb.

Emin İbrahimov
Emin İbrahimov

"Rus imperializminin Qafqazdakı əsas sütunu"

"Bu gün Azərbaycan diktaturası rus imperializminin Qafqazdakı əsas sütunudur. Bunu dilə gətirənləri də cəzalandırırlar". Bunu isə bu həftə Bakıda keçmiş diplomat Emin İbrahimov apellyasiya məhkəməsində deyib. O, iyulda saxlanaraq xuliqanlıqda ittiham olunub. E.İbrahimov bildirib ki, Azərbaycandakı korrupsiyanı, diktaturanı və Rusiyanın maraqlarına xidmət edən siyasəti açıq şəkildə tənqid etdiyinə görə cəzalandırılıb.

Azərbaycan hakimiyyətinin Rusiyadan yana seçim etdiyini deyən tənqidçilərdən daha biri, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına stop qoyulubmuş. O, keçən həftə hava limanından buraxılmayıb, bu həftənin əvvəlində polisdə ifadə verib, bir neçə cinayət işi üzrə sualları cavablandırıb.

Hakimiyyət təmsilçiləri israrla ölkənin xarici siyasətdə çoxvektorluluq prinsipini qoruyub saxladığını deyirlər. Tənqidçilərin fikrincə, Bakı çoxdan bəzi qərarlarını Moskva ilə koordinasiya edir. Bəzi müxalifət qüvvələrini özündə birləşdirən Milli Şuranın sədri, tarixçi -alim Cəmil Həsənlinin sözlərinə görə, "vektor görüntü üçündür", son illər Rusiyanın yedəyində gedən Azərbaycan Moskvanın müəyyən etdiyi şərtlərdən kənara çıxmır, münasibətlər 2022-ci ilin fevralında imzalanmış ittifaq sazişinə uyğun aparılır: "Dünya siyasətində bir seçim anı var. Azərbaycan o seçim anını Rusiyanın xeyrinə edib. Bu gün köhnə sovet məkanında Azərbaycan, faktiki olaraq, Rusiyanın Belarusdan sonra ikinci müttəfiqidir. Yeni vektorda Qərbin yeri yoxdur. Bunu İlham Əliyevin COP29-da açılış nitqində də gördük, Avropa İttifaqı və Avropa Şurasını siyasi korrupsiyada ittiham etdi".

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Hikmət Babaoğlu isə Qərbi, Avropa ölkələrini Azərbaycanın əsas tərəfdaşı sayır. O, "Turan"a açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasətini onun milli maraqları təyin edir və bu, ən doğru vektordur: "İndiki mərhələdə Azərbaycanın Qərbə, yaxud Rusiyaya meyllənməsi fikirlərinin əsası yoxdur. Gerçəkləşdirilən iqtisadi, kommunikasiya, enerji layihələri, perspektivdə nəzərdə tutulan - yaşıl enerji, fibrooptik kabellər ilə bağlı olanların əsas yönü yenə Qərbdir. Belə olan halda, hansısa epizodik, lokal təhlilə görə Azərbaycanın xarici siyasətində vektorunu dəyişməsi barədə fikir yürütmək düzgün deyil".

İlham Əliyev və Donald Tramp
İlham Əliyev və Donald Tramp

Əliyevin Trampa zəngi

Bu həftə prezident İlham Əliyevin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefon zəngi də diqqət çəkdi. Əliyev Trampa deyib ki, onun fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq, ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvardır.

Son bir ildə Bakının Vaşinqtonla münasibətlərində bəzi gərginliklər yaşanıb. Ancaq prezident Əliyev respublikaçılara daha xoş münasibətini gizlətməyib. Bu baxımdan D.Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələrində hansı dəyişikliyi gözləmək olar?

Tarixçi -alim C.Həsənli D.Trampın seçilməsinin Azərbaycan hakimiyyətini razı saldığını, ancaq onun seçkiyə az qalmış Qarabağ ermənilərinə dəstək bildirən postunun hakimiyyəti məyus etdiyini deyir.

Cəmil Həsənli
Cəmil Həsənli

O, Bakının Qərblə münasibətlərindəki konfrontasiyanın ABŞ ilə əlaqələrə də aid olduğunu söyləyir: "Tramp hakimiyyətə gələndən sonra bu konfrontasiya aradan qalxacaqmı, proseslər hansı istiqamətdə gedəcək, bilinəcək. Əslində isə İlham Əliyev və hakimiyyətin Trampın təbliğatını aparması həm də Trampın İsrailə xüsusi münasibəti ilə bağlı idi. Bunu Trampın prezidentliyi dövründə Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı addımında da müşahidə etdik. Azərbaycan hakimiyyəti, çox ehtimal ki, artıq ABŞ-da oturuşmuş yəhudi lobbi təşkilatı ilə, hətta İsrailin indiki hakimiyyəti vasitəsilə Trampla əlaqələr qura biləcəyinə ümid edir".

"Sülhün bağlanması Azərbaycan üçün əlverişlidir"

Hakimiyyətdən getməkdə olan Co Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişini ilin sonunadək imzalamaq çağırışı etsə də, tərəflər arasında saziş layihəsi ilə bağlı təkliflər mübadiləsi gerçəkləşdi. Bakı və Yerevanın bir-birinin konstitusiyası ilə bağlı iddiaları isə zaman-zaman dilə gəlir. AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistanın yeni konstitusiya hazırlamalı olan komissiyası hələ müzakirələrə başlamayıb.

Yaxın perspektivdə sülh sazişinin imzalanması nə dərəcədə realdır? Tarixçi-alim C.Həsənli sülhə məhz Rusiyanın mane olduğunu, Azərbaycanın isə Rusiyanın maraqlarına uyğun müxtəlif bəhanələrlə sazişin imzalanmasını uzatdığını söyləyir: "Sülh prosesinin uzanmasının Azərbaycana nə qədər sərfəli olması şübhəlidir. Nə qədər ki Ermənistanda BMT-ın nizamnaməsinə, prinsiplərinə, beynəlxalq münasibətlərə hörmət edən bir hakimiyyət mövcuddur, bu sülhün bağlanması Azərbaycan üçün əlverişli olar. Bundan qabaq Ermənistandakı hökumət Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə "nəzəri müddəalar" irəli sürürdülər... Paşinyandan sonrakı hakimiyyətlərin də revanşist olmayacağından əmin deyiləm. Azərbaycan öz ərazisi üzərində suverenliyini təmin edib, indi bunu diplomatik cəhətdən möhkəmləndirmək üçün hüquqi baza yaratmaq lazımdır".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Deputat H.Babaoğlu isə Rusiyanın regionda çox təsirli aktor olaraq regional proseslərdə öz maraqlarından çıxış etdiyini deyir. Onun fikrincə, uzunmüddətli etibarlı sülh üçün digər qonşu faktorlar kimi, Rusiya faktoru da nəzərə alına bilər: "Bunu Azərbaycan-Rusiya deyil, Ermənistan-Rusiya münasibətləri kontekstində izah etsəydilər, daha doğru nəticəyə gəlinə bilərdi. Azərbaycan ərazisində Rusiyanın hərbi iştirakçılılığı yoxdur, Ermənistanın var. Rusiyanın Azərbaycana iqtisadi baxımdan təsir imkanları yoxdur, amma Ermənistana var. Yəni, bunu daha çox Ermənistan düşünməlidir. Azərbaycan-Rusiya münasibətləri bərabərtərəflidir".

Milli Şuranın sədri C.Həsənli ilə müsahibəni AzadlıqRadiosu gələn həftə sosial şəbəkə səhifələrində yayımlayacaq. Tarixçi-alim Azərbaycanın yeni müstəmləkəçiliklə mübarizəsindən də danışır. "Bu siyasət niyə Britaniyanın dənizaşırı ölkələri ilə bağlı yürüdülmür" – o sual edir.

XS
SM
MD
LG