Son günlər müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalının inzibati qaydada həbs edildiyi, bir nəfərin isə cərimələndiyi bildirilir.
AXCP sədrinin müavini Ayaz Məhərrəmli AzadlıqRadiosuna deyib ki, onlardan Xətai rayon təşkilatının fəalı Malik Babayevi noyabrın 27-də evindən polislər Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə aparıblar: "Xətai rayon Məhkəməsi Babayevi 15 sutka inzibati həbsə məhkum edib".
Məhərrəmli Babayevə aid başqa detalları açıqlamayıb və əlavə edib ki, noyabrın 28-də də AXCP Xətai rayon təşkilatının daha bir fəalı Natiq Abbasov Xəzər rayon Polis İdarəsinə dəvət edilib: "Natiq Abbasov polisin dəvəti ilə getsə də, bir gün sonra Xəzər rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis və hərbi qulluqçunun tələbinə tabe olmamaq) maddəsi ilə günahkar bilərək 25 sutka inzibati həbsə məhkum edib".
Məhərrəmli onu da vurğulayıb ki, Abbasovun əmisi oğlu Emin Abbasov saxlandığı zaman onun şəklini çəkdiyi üçün polisdə 50 manat cərimə olunub.
O, AXCP üzvlərinin saxlanılmasını sosial şəbəkələrdə tənqidi rəylər yazmaları ilə əlaqələndirir.
AXCP-dən bu deyilənləri rəsmi qurumlardan dəqiqləşdirmək və onlara münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Hazırda müxalifətdə olan AXCP-nin 11 fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.