Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü çıxarılıb. Dekabrın 2-də Nəsimi rayon Məhkəməsində çıxarılan bu hökmlə o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimə cəzasına məhkum edilib.

Hökm AXCP-nin keçmiş üzvü, 2019-cu ildə partiyadan uzaqlaşdırılmış Aydın Əliyevin şikayəti əsasında çıxarılıb. A.Əliyev iddia edir ki, Ə.Kərimli müxtəlif internet televiziyalarına müsahibələrində onu hakimiyyətlə əməkdaşlıqda suçlamaqla ona böhtan atıb.

Hökmdən öncə çıxış edən A.Əliyev də, onun nümayəndəsi də məhkəmədən AXCP sədrinə 6 ay həbs cəzası kəsilməsini istəyib.

Ə.Kərimli çıxışında vurğulayıb ki, məhkəmə iclasından öncə polislər Nəsimi rayon Məhkəməsinin binasının önündə cəbhəçilərə hücum edib, xeyli sayda saxlanılan və zorakılığa məruz qalanlar var. AXCP sədri bildirib ki, vəkili Vidadi Mirkamal da saxlanılaraq naməlum istiqamətə aparılanlar arasındadır.

Məhkəmənin gedişində əlaqə saxlanılıb və V.Mirkamal sərbəst buraxılaraq prosesə qoşulub.

"Hamı bilir ki, bu, sifarişli işdir və qərar haradan gəlir. Qərarı elan edin, bitsin, insanlara əziyyət verməyə nə ehtiyac var? İndiyə qədər azı 10 nəfərə işgəncə verilib ki, mənim əleyhimə ifadə alsınlar. Bu məhkəmə prosesi də tarixdə rüsvayçı proses kimi qalacaq. "Hökumətlə əməkdaşlıq" ifadəsi ləyaqəti alçaldan ifadə kimi qiymətləndirilir", - Əli Kərimli bildirib.

Vəkili Fəxrəddin Mehdiyev də iddianın əsassız olduğunu vurğulayıb.

Hakim Babək Pənahov təxminən bir saatlıq müşavirədən sonra AXCP sədri haqqında ittiham hökmünü elan edib.

Məhkəmədən sonra Ə.Kərimli AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

AXCP: Məhkəmə önündə saxlanılan fəallardan ikisi həbs edilib

Dekabrın 2-də Nəsimi rayon Məhkəməsinin önündə saxlanılan AXCP üzvlərindən Rövşən Avsarovun 15 sutka, Fərahim İsmayılovun isə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Partiyadan vurğulandığına görə, onlar İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni əmrinə qəsdən tabe olmamaq) maddələri üzrə təqsirli biliniblər: "Saxlanan AXCP üzvlərindən Elçin Rzayev, Rövşən Rəhimov və Rövşən Səfərovun hər biri də 200 manat məbləğində cərimə olunacaq sərbəst buraxılıb".

Hələlik, bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

+++

AXCP üzvlərindən birinin sözlərinə görə, Nəsimi rayon 20-ci polis bölməsində saxlanılanlardan dörd nəfər fiziki təzyiqə məruz qalıb: "Ruslan Əmirovun üzündə zədə yerləri görünür. Sol qabırğası, çox güman ki, sınıb, nəfəs ala bilmir. Mənim özümü də döyüblər, çeçələ barmağımın dırnağı qopub. Bölmədə hələ saxlanılan var".

Əli Kərimlinin məhkəməsi önündə saxlananlar var

AXCP-dən verilən məlumata görə, proses başlamazdan əvvəl polis əməkdaşları məhkəmə binasının önünə toplaşanları ərazidən uzaqlaşdırmağa başlayıb: "Əli bəy çıxış edirdi, bu anda polis əməkdaşları yaxınlaşıb avtomobillərini ərazidən çıxaracaqlarını və bizim oradan uzaqlaşmağımız lazım olduğunu dedilər. Buna etiraz edən bir neçə nəfər saxlandı. Digərlərini məhkəmədən xeyli irəliyə uzaqlaşdırıblar".