Heyvan haqları fəalı Kamran Məmmədli deyir ki, onun ölkədən çıxışına qadağa qoyulub.
Onun AzadlıqRadiosuna bildirməsinə görə, bu gün, dekabrın 2-də səhər saatlarında Tbilisiyə uçmalı idi: "Pasport nəzarətində olan adam pasportuma baxdı, sonra kiməsə zəng vurdu. Qısa müddətdən sonra mənə bildirdi ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Səbəb barədə bir söz deyilmədi".
K.Məmmədli hesab edir ki, qadağa COP29-dakı aksiyasına görədir: "İyul ayında ölkədən çıxıb qayıtmışdım, problem yaşamamışdım".
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
15 noyabr
Bakıda COP29 tədbirində etiraz aksiyası olub
Heyvan haqları fəalı Kamran Məmmədli noyabrın 15-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı etiraz aksiyası keçirib. O, üzərində "Sahibsiz itləri vurmağı dayandırın" yazılmış plakat qaldırıb.
Daha sonra K.Məmmədlini mühafizəçilər aparıb, hadisəni çəkən bəzi jurnalistlərə qarşı zorakılıq edildiyi deyilir. Jurnalistlərdən Xəyalə Ağayeva da bildirib ki, onu və həmkarı Aytac Tapdığı sürüyərək zor gücü ilə hansısa otağa aparıblar, sonra isə binadan kənara uzaqlaşdırıblar.
Məsələ ilə bağlı COP29 təşkilatçılarından münasibət öyrənmək mümkün olmayıb.
K.Məmmədli sonradan sərbəst buraxılıb. O, AzadlıqRadiosuna mühafizəçilərin onu ərazidən uzaqlaşdırdığını söyləyib: "Məni tualetə saldılar, bir saat- saat yarım orda saxladılar. Sonra beş-altı mühafizəçinin müşayiəti ilə maşına mindirib, aparıb "Ulduz" metrostansiyasının çıxışında sərbəst buraxdılar".
Azərbaycanda bundan əvvəl də fəallar Bakıda bir neçə dəfə toplaşaraq sahibsiz itlərin güllələnməsinə etiraz ediblər. Onlar baş verənlərə görə hökumətin məsuliyyət daşıdığını bildirirlər. Amma rəsmi qurumlar sahibsiz itlərin güllələnməsi ilə bağlı məlumatları artıq təsdiq etmirlər. Bildirirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluğa qarşı peyvənd edilməsi və birkalanması ilə bağlı tez-tez aksiyalar keçirirlər.