Suriya ordusu ölkənin şimal-qərbinə əlavə ordu birləşmələri göndərib və dekabrın 1-də Hələbi ələ keçirən qiyamçılara havadan zərbələr endirib.
Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin bilgilərinə görə, hökumət qüvvələri Hələb və İdlibdən sonra Həma vilayətinə hücumun önünü kəsmək üçün "güclü" müdafiə xətti qurub.
Suriyanın dövlət SANA xəbər agentliyi bildirir ki, ordu bölmələri son gecə boyunca qiyamçıları Həma vilayətinin şimalından sıxışdırıb çıxarmağı bacarıb.
Əraziyə əlavə ağır texnika və raket qurğuları göndərilib. Suriya və Rusiya hərbçiləri qiyamçıların silah anbarlarına və dayaq məntəqələrinə havadan zərbələr endirib. Son üç gündə minədək qiyamçının öldürüldüyü iddia edilir.
Dəməşqdə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran müttəfiq ölkənin əks-hücumunu dəstəkləməyə hazırdır. İordaniya kralı İkinci Abdulla və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əsədə öz dəstəklərini dilə gətiriblər.
Dekabrın 1-də bir çox Qərb dövlətinin hökumətləri tərəfləri münaqişəni siyasi yolla çözməyə və mülki infrastrukturu qorumağa çağırıb.
Müxalifətyönlü qüvvələr irəliləyişini sürdürür
Hələbin böyük bir hissəsini, İdlib civarındakı kənd ərazilərini ələ keçirən qiyamçıların Həma şəhərinə daxil olduğu deyilsə də, müstəqil qaynaqlar bunu təsdiqləməyib. Paytaxt Dəməşqdə özünüitirmə və çaşqınlıq əlamətlərinin olmadığı, həyatın öz axarı ilə davam etdiyi bildirilib.
Bu da bildirilir ki, qiyamçılar ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin nəzarətindəki Tel-Rifat şəhərinə daxil olaraq kürd birləşmələrini Suriyanın şimal-şərqindəki mövqelərinə qayıtmağa çağırıblar.
Sonuncular Türkiyəni qiyamçılara dəstək göstərməkdə suçlayıblar. Rəsmi Ankara isə bildirib ki, qiyamçıların məhdud hücumu Suriya ordusunun son həftələrdə nəzarət etmədiyi mövqelərə hücumlarının önünü kəsmək üçün gerçəkləşdirilib və ordu geri çəkilərkən hücumun əhatə dairəsi də genişlənib.
BMT-nin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen bildirib ki, qiyamçıların hücumu regional güvənliyə təhlükədir. O, münaqişəni dayandırmaq üçün tərəfləri diplomatik səylərini bərpa etməyə çağırıb.
Suriyadakı hadisələri yaxından izlədiyini deyən Ağ evin milli güvənlik müşaviri Ceyk Sallivan deyib ki, Suriyanın şimal-şərqində 900-dək ABŞ hərbçisi İŞİD-in dirçəlməməsinə çalışır.