'Görsə ki bir tərəfdə 400 manat yardım, digər tərəfdə 1500 maaş, işin qulpundan yapışacaq'

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəbə gedə bilməyən üç övlad, yarıuçuq ev – Astarada yoxsulluq içində yaşayan ailə

"Ünvanlı sosial yardım, ümumiyyətlə, dünyanın heç bir yerində bu praktika ömürlük mərhələ deyil. Bu, keçid bir layihədir". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 28-də keçirilən komitə iclasında bildirib.

Ünvanlı sosial yardım (ÜSY) Azərbaycanda 2006-cı ildən tətbiq edilir. Həmin vaxtdan Azərbaycanda uşaqlara aylıq müavinətlərin (uşaqpulu) verilməsi dayandırılmışdı.

"Milyonlarla vətəndaşımız neçə illərdə bu layihədən bəhrələnib. Bu layihənin ən təhlükəli bir cəhəti insanların əməkdən aralanması və ələbaxımlığa öyrənməsidir. Nə qədər faktlar ortaya çıxdı ki, burada saxtakarlıqlar olub, saxta sənədlər təqdim ediblər..." - deputat əlavə edib.

Ölkədə illərdir ÜSY ilə bağlı şikayətlər eşidilir. Bir tərəfdən, saxta sənəd əsasında bu növ yardım alanlarla bağlı çoxsaylı faktların olduğu deyilir, digər tərəfdən, məbləğin az olmasından, habelə haqsız yerə müraciətlərə imtina cavabı gəlməsindən də şikayətlər az deyil.

"Normal gəlir yerim olsa, bu yardımı neynirəm ki?"

Bakıda yaşayan Şaiq Əhmədov (adı şərtidir) da AzadlıqRadiosuna açıqlamasında ÜSY ala bilməməsindən şikayətlənərək deyib ki, himayəsində həyat yoldaşı və iki azyaşlı övladı var: "Kirayədə qalıram. Evdə tək gəlir yeri olan mənəm. Amma işim rəsmi iş deyil. Maaşım da azdır, həm kirayəyə, həm uşaqların xərclərinə çatdıra bilmirəm".

Onun sözlərinə görə, sosial yardım üçün müraciət etsə də, imtina cavabı alıb: "Dedilər ki, haradasa rəsmi işləməlisən. Adıma gəlir yeri olmalıdır ki, yardım ala bilim. Normal gəlir yerim olsa, bu yardımı neynirəm ki? Qalmışam belə".

Qanunvericiliyə əsasən, ÜSY aztəminatlı ailələrə dövlətin verdiyi pul yardımıdır. Bu növ sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr malikdirlər. 2024-cü ildə Azərbaycanda ehtiyac meyarı 270 manat təyin olunub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ünvanlı sosial yardım almaq məşəqqəti...

Nazirlik: "2006-cı ilə nisbətən 13 dəfə artaraq..."

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a bildirilib ki, dövlət sosial yardımı proqramı ilə bağlı qanunvericilikdə son illər bir sıra dəyişikliklərin nəticəsində bu proqrama əlçatanlıq artırılıb, onun təyinat şərtləri əhəmiyyətli dərəcə yumşaldılıb: "Ünvanlı sosial yardım üçün elektron müraciət zamanı ailədən tələb olunan məlumatların sayı xeyli azaldılıb və həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur. Daha sonra bu məlumatlar elektron qaydada yoxlanılır... Əyani yoxlama da mövcuddur. Bu da saxtakarlıq hallarının qarşısını almaq məqsədi ilə edilir. Burada məqsəd ailənin həmin ünvanda yaşamasının yoxlanmasıdır".

Nazirlikdən vurğulanıb ki, ÜSY-in hər ailəyə ödənilən orta aylıq məbləğində artım dinamikası davam edir: "Hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən 13.1 dəfə artaraq 1 sentyabr 2024-cü il tarixinə 470 manata çatıb. Hazırda ünvanlı sosial yardım 77 min ailəni, 350 min insanı əhatə edir. Bu ilin əvvəlinə 65 minədək aztəminatlı ailənin 275 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı almışdı. Göründüyü kimi, burada artım var. Haqqı çatan hər bir şəxs ünvanlı sosial yardım ala bilir".

Əvvəlki illərdə ÜSY alanlarda azalma olub

Amma son illər ölkədə ÜSY alanların sayı iki dəfədən çox azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin sonunda 64 min ailə və ya 272 min 300 şəxs ÜSY alıb. Bu rəqəm 2022-ci il ilə müqayisədə 18.5 min nəfər və ya min 500 ailə azdır. 2017-ci il iyulun 1-də isə ölkədə 120.3 min aztəminatlı ailənin 498.4 min üzvünə ÜSY verilib.

Rəsmilər bunun əvəzində son illər özünüməşğulluq proqramının işə düşməsinə diqqət çəkirlər. Elə nazirlikdən də vurğulanıb ki, bu ilin sonuna qədər özünüməşğulluq proqramı çərçivəsində 92 min ailə üçün mikrotəsərrüfatlar yaradılacaq.

Amma özünüməşğulluq proqramı çərçivəsində ailələrə verilən heyvanların sağlamlığı ilə bağlı problemlərin olmasına dair də şikayətlər eşidilir. Belə şikayətlər hətta parlamentdə də sələnsə də, hökumətdən tənqidlərə sərt münasibət var.

Natiq Cəfərli

"Yardımla təklif olunan əməkhaqqı arasında ciddi fərq yoxdur"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, hökumət bu məsələdə bir tərəfdən haqlıdır: "Yəni, bu növ sosial yardım ömürlük deyil. ÜSY bir müddət verilir və dövlət həmin vətəndaşa iş təklif edir. Vətəndaş da onu qəbul etdikdən sonra, təbii ki, ÜSY dayandırılır".

Amma, onun sözlərinə görə, Azərbaycanda problem odur ki, ÜSY ilə təklif olunan əməkhaqqı arasında çox ciddi fərq yoxdur: "Xüsusən regionlarda bu, belədir. Regionlarda əməkhaqqı həddindən artıq aşağıdır. Ona görə də ünvanlı sosial yardımı alan ailələr və şəxslər düşünür ki, gedib iş axtarsam, ən yaxşı halda mənə 300-400 manatlıq iş təklif edəcəklər".

İqtisadçının müşahidələrinə görə, insan yüksəkmaaşlı iş tapa bilmirsə, sosial yardım almaqda maraqlı olur. "Bu, bütün dünyada belədir. Bu marağın isə aradan qaldırılması üçün onun əməyinin qiymətləndirilməsi artmalıdır. Yəni, ölkədə maaşlar artmalıdır və vətəndaş görsə ki bir tərəfdə 400 manatlıq ünvanlı sosial yardım, digər tərəfdə isə 1000-1500 manatlıq maaş var, təbii ki, o gedib işin qulpundan yapışacaq. Bugünkü yaranmış mənzərə hökumətin apardığı siyasətin nəticəsidir".