Xəbərlər
Pakistan ordusuna İmran Xan tərəfdarlarına atəş açmaq icazəsi verilib
Sabiq baş nazir İmran Xanın azadlığa buraxılmasını istəyən minlərlə tərəfdarı paytaxt İslamabada yürüşü dayandırmaqdan boyun qaçırdığından Pakistan ordusu şəhərə qoşun yeridib.
Üç hərbçinin ölümünə yol açan ötəngecəki hadisədən sonra noyabrın 26-da orduya polislə toqquşan etirazçılara atəş açmaq əmri verilib. Daha öncəki toqquşmada, bir neçəsi ciddi olmaqla, onlarca polis əməkdaşı yaralanıb. Polis İ.Xanın minlərlə tərəfdaşına qarşı gözyaşardıcı qazdan və rezin qüllələrdən istifadə edib.
Paytaxta giriş bağlanılıb, mobil internet xidməti vaxtaşırı kəsilir.
İddialara görə, İ.Xanın tərəfdarları İslamabad və digər böyük şəhərlərdə ictimai önəmli yerləri tutmaq istəyir. Onların fevral seçkilərindəki saxtakarlığa və hökumətin məhkəmələr üzərində nəzarətini gücləndirməyə icazə verən konstitusiya dəyişikliyinə etiraz etdikləri bildirilir.
Güvənlik qüvvələrinin fikrincə, paytaxta 9-11 min etirazçı daxil ola bilər. İ.Xanın partiyası onların sayca qat-qat çox olacağını bildirib. Sosial şəbəkələrdə yayılan videolarda keçmiş baş nazir tərəfdarlarınin əleyhqaz və qoruyucu gözlüklər taxdığı görünür.
Ölkə rəsmiləri mümkün zorakılığın önünü kəsmək üçün İ.Xanın partiyası ilə danışıqlar aparır.
Daxili işlər naziri Möhsin Nəkvi etirazçılara aksiyalarını paytaxtdan kənarda keçirməyə icazə verməyə hazır olduğunu bildirib və əlavə edib ki, onlar şəhərə girərsə, polis kəskin tədbirlərə əl atacaq.
72 yaşlı keçmiş kriket ulduzu və populyar siyasətçi İ.Xan bir ildən çoxdur həbsxanadadır. Ona qarşı 150-dən çox cinayət işi açılsa da, rəhbəri olduğu partiya bütün işləri siyasi sifariş sayır.
Ehtiyatda olan zabitlər Bakıda etiraz aksiyası keçiriblər
Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan bəzi zabitləri Bakıda Prezident Administrasiyasının yaxınlığındakı Filarmoniya bağının qarşısında etiraz aksiyası keçiriblər.
Zabitlər deyib ki, 44 günlük müharibənin iştirakçıları olublar və yararlanaraq ehtiyata buraxılıblar.
Onların sözlərinə görə, aksiyanın səbəbi onlara ayrılan pulun verilməməsidir: "Cənab prezidentin sərəncamına əsasən, ehtiyata buraxıldığımıza görə bizə 36 aylıq birdəfəlik kompensasiya ödənilməlidir".
"36 aylıq əməkhaqqından söhbət gedir"
Hərbçilər bildirib ki, bir müddət əvvəl məsələni prezidentin hərbi məsələlər üzrə köməkçisi Fərid Seyidovun diqqətinə çatdırıblar: "Məlum olub ki, bu pul bizə şamil edilir. Aidiyyəti orqanlara tapşırıq verildi ki, məsələ təcili şəkildə öz həllini tapsın. Müdafiə Nazirliyinin tabeçiliyində olan Maliyyə-Büdcə İdarəsindən də noyabrın 17-də bizə bildirilib ki, sənədlərimiz qaydasındadır, imzalanıb və 15-20 gün ərzində hesabımıza oturacaq. Amma bu, yalan məlumat idi. Sən demə, bu idarə nazirliyin hospitalına sorğu göndərib ki, bizlərin əlilliyi yenidən təsdiqlənsin".
Aksiya iştirakçıları qeyd ediblər ki, Müdafiə Nazirliyi onların əlilliyini təsdiqləyib və buna dair bütün sənədləri var: "Amma yenə də bizdən yenidən təsdiqlənmə istəyirlər. Bu gün bizim haqqımızı tapdalayırlar. 36 aylıq əməkhaqqından söhbət gedir. Bu gün də həmin pulu mənimsəyirlər".
Aksiyada səslənən fikirlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. Azərbaycan ərazilərinin 20 faizinə nəzarəti itirsə də, 2020-ci ildə 44 günlük savaş və ötən il birgünlük hərbi əməliyyatlarla bütün ölkə ərazisində suverenliyini bərpa edib.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır.
2020-ci il 44 günlük müharibədə Azərbaycanın 3 min civarında hərbi qulluqçusunun həlak olduğu bildirilir. Yarlıların isə dəqiq sayı açıqlanmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildiyinə görə, həmin vaxt xəsarət alanlardan 4 min 100-dən çox müharibə iştirakçısına əlillik təyin edilib. Üstəlik, bəzi keçmiş hərbçilər xəsarət alsalar da, əlillik dərəcəsi ala bilməmələrindən şikayətləniblər.
İlham Əliyev Donald Trampa zəng vurub
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 25-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, İ.Əliyev deyib ki, D.Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə D.Trampın xüsusi diqqət ayırdığını söyləyən İ.Əliyev ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Vurğulandığına görə, D.Tramp da iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.
Bu il noyabrın 5-də ABŞ-da növbəti prezident seçkiləri keçirilib. Respublikaçılar Partiyasının namizədi D.Tramp Demokratlar Partiyasının namizədi Kamala Harrisi qabaqlayaraq yenidən ABŞ prezidenti olub. Bundan əvvəl 2016-2020-ci illərdə ABŞ prezidenti olan D.Tramp səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq.
2020-ci il prezident seçkilərində o, demokratların namizədi, prezident Co Baydenə məğlub olmuşdu.
D.Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra İ.Əliyev də onu təbrik etmişdi.
Xatırlatma
Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ-la münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Ötən il Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-ın yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.
ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Hərbi ekspert həbs edilib
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert həbs edilib.
Bu barədə bu gün, noyabrın 25-də Baş Prokurorluq məlumat yayıb.
Vurğulandığına görə, işğaldan azad olunan ərazilərə mediaturda iştirak etmiş Ədalət Verdiyevin Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiya yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirdiyinə dair şübhələr yaranıb: "Şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, öz qulluq səlahiyyətlərindən istifadə etməklə dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə... zərər vurmasına əsaslı şübhələr müəyyən edilib".
Ə.Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin maddələrlə şəxsə 7 ilə qədər həbs cəzası verilə bilər.
Hələlik, ittihama Ə.Verdiyevin özündən və vəkilindən münasibət almaq mümkün olmayıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. Azərbaycan ərazilərinin 20 faizinə qədər hissəsinə nəzarəti itirsə də, 2020-ci ildə 44 günlük savaş və ötən il birgünlük hərbi əməliyyatlarla bütün ölkə ərazisində suverenliyini bərpa edib.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır.
Məhkəmə Fərid Mehralızadənin şikayətini əsassız saydı
Noyabrın 25-də Xətai rayon Məhkəməsində iqtisadçı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin saxlandığı gün istintaq orqanın evində axtarış və götürülmə hərəkətindən şikayətinə baxılıb.
F.Mehralızadənin yoldaşı Nərgiz Muxtarova bildirib ki, iqtisadçı özü məhkəmə prosesində iştirak etməyib: "Fəridi məhkəməyə gətirməyiblər, halbuki gətirilməli idi. Məhkəmədə də bunu məqbul hesab etdi və bunu heç nə ilə əsaslandırmadılar".
Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib və pozuntunun olmadığına dair qərar qəbul edib: "Axtarışda iştirak edən müstəntiq məhkəməyə gəlməyib, məhkəməyə qatılan müstəntiq isə sualların çoxunu cavablandıra bilmədi".
Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Fərid Mehralızadənin saxlanması
Bu il mayın 30-da mülkigeyimlilər Mehralızadəni küçədə tutub başına torba keçirərək zorla maşına mindiriblər. Polis əməkdaşları onun evindən kompüterini, mobil telefonlarını və avtomobilini də müsadirə ediblər.
İyunun 1-də məhkəmə F.Mehralızadə barəsində həbs-qətimkan tədbiri seçib. O, korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinə qarşı valyuta qaçaqmalçılığı işi çərçivəsində ittiham olunub. Həm "AbzasMedia", həm də Mehralızadə onun bu nəşrlə əməkdaşlığını təkzib ediblər.
Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırırdı.
Avqustda Mehralızadə və "AbzasMedia" jurnalistlərinə qarşı vergidən yayınma da daxil, əlavə ittihamlar irəli sürülüb. Bu ittihamlar üzrə 12 ilədək həbs nəzərdə tutulur.
O, özünü təqsirli bilmir və həbsini peşəkar fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Azərbaycan hərbçiləri İranda təlimdədirlər
Azərbaycan ordusunun və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının xüsusi təyinatlıları "Araz-2024" birgə taktiki təlim keçirir.
Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 25-də yaydığı məlumata görə, birgə təlim İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında keçirilir: "Əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib".
ABŞ SEPAH-ı terror təşkilatı elan edib.
4 noyabr
Xəzərdə Azərbaycan və İranın birgə təlimi keçirilib
Xəzər dənizinin İrana mənsub hissəsində bu ölkə ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə "AZIREX-2024" birgə taktiki təlimi keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 4-də yaydığı məlumata görə, əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb: "Təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları, habelə gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib".
Ötən il dekabrında İran Hərbi Dəniz Qüvvələri (HDQ) Ordusunun komandanı kontr-admiral Şəhram İrani Azərbaycanda səfərdə olmuşdu. Onun Azərbaycandan olan həmkarı Sübhan Bəkirovla görüşündə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyindən bəhs edildiyi açıqlanmışdı.
Hazırda İranla Azərbaycan arasında yaxınlıq müşahidə edilməkdədir. Halbuki əvvəlki illər bu iki ölkə arasında müəyyən gərginliklər yaşanmışdı.
Xatırlatma
Bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Bu ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Rumıniyada prezident seçkisinin birinci turundan sonra Rusiyayönlü namizəd irəlidə
Rumıniyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, Rusiyayönlü namizəd Kalin Corcesku irəlidədir.
Seçki məntəqələrinin 99 faizinin açıqladığı sonuclara görə, NATO əleyhinə bəyanatları ilə tanınan Corcesku səslərin 22.65 faizini, Avropayönlü hazırkı baş nazir Marçel Çiolaku isə 19.45 faizini toplayıb.
Yekun nəticələr necə olsa da, seçkilər qatı sağcılardan ötrü uğurlu sayılır.
"Savaş qorxusu da təlaşlandırır"
Namizədlərdən heç biri 50 faizlik həddi keçə bilməsə, dekabrın 8-də ilk iki yeri tutan namizədlər arasında ikinci tur keçiriləcək. Bu tur parlament seçkilərindən bir həftə sonra gerçəkləşəcək.
Ölkə seçki komissiyasının bilgisinə görə, səsverməyə 9 milyon 440 min şəxs, yəni seçicilərin 52 faizdən çoxu qatılıb. Müqayisə üçün, 2019-cu ildəki prezident seçkilərində bu göstərici 51.18 faiz, ikinci turdasa 55.1 faiz idi.
Yerli medianın ruspərəstlikdə suçladığı 62 yaşlı Corceskunun fikrincə, əldə etdiyi nəticə Ruminiyanın gerçək qələbəsidir. "Sistemin zəngin nümayəndələri yoxsullaşdı, yoxsul rumınlarsa ən zənginə çevrildilər. Bu, şüurun heyrətamiz oyanışıdır", – o, TikTok sosial şəbəkəsindəki paylaşımında belə deyib.
Buxarest Təhlil Mərkəzinin direktoru Oana Popesku-Zamfir AzadlıqRadiosuna bildirib ki, səsvermə NATO və Avropa İttifaqı üçün çox önəmlidir: "Regional qeyri-sabitlik və savaş qorxusu da təlaşlandırır. Seçicilər namizədlərin Ukrayna, Rusiya və Trampla bağlı mövqeyindən, onların Avro-Atlantik yönümündən rahatsızdır".
İqlim dəyişikliyi ilə mübarizəyə ildə 300 milyard dollar ayrılması razılaşdırılıb
Zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə illik 300 milyard dollar vəsait ayırmağa razılaşıb. Bakıda keçirilən COP29 iqlim sammitinin yekunlarında belə deyilir.
Azı bir trilyon dollar vəsait ayrılmasını istəyən inkişaf etməkdə - gəlişməkdə olan ölkələr razılaşdırılan məbləği "alçaldıcı" adlandırıb. Onların fikrincə, bu məbləğ iqlim böhranının gerçək problemlərini çözməyə yetərsizdir.
Sammitə qatılanlar 2035-ci ildəki iqlim proqramlarının maliyyələşdirilməsinə, azı, 1 trilyon 300 milyard dollar ayrılacağına da razılaşıblar.
Qlobal istiləşmənin 1.5 dərəcə həddinin saxlanılması üçün COP29-da əldə edilən qərarların zəruri olduğunu deyən BMT baş katibi Antοnio Quterreş, bununla belə, sammitin yekunlarından daha böyük gözləntilər olduğunu deyib: "Mən qarşımızda duran çətinliyi aşmaq üçün istər maliyyələşdirmə, istərsə təsirin azaldılması məsələlərində daha iddialı nəticələrə ümid bəsləyirdim".
COP29 iştirakçıları maliyyə məqsədləri ilə yanaşı, enerji keçidinin sürətləndirilməsinə, karbon emissiyaları bazarının yaradılmasına və atmosferə tullantıların azaldılmasına dair öncəki razılıqlara sadiq qaldıqlarını yenidən təsdiqləyiblər.
Sammitin son günlərində gəlişmiş və gəlişən ölkə nümayəndələri arasındakı yekun razılığa dair danışıqlar dalana dirənib. Ən az gəlişən və balaca ada dövlətlərinin nümayəndələri danışıqları tərk ediblər.
23 noyabr
COP29 Sədrliyi maliyyə hədəfini ildə 1.3 trilyon dollara çatdırmağa çağırır
COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşməni ədalətli və iddialı rəqəm saymır. Yerli agentliklərin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
+++
Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına dair bəyanat yayıb.
Bəyanatda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək 250 milyard dolları səfərbər etmə hədəfi göstərilib. İndiki hədəf ildə 100 milyard dollardır, bu məbləğə yalnız 2022-ci ildə çatılıb.
Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) ilə bağlı qərarda tərəflər 2035-ci ilə qədər maliyyələşdirməni ildə ən azı 1.3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə çağırılır. Söhbət iqlimlə bağlı fəaliyyət üçün bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə ayrılması istənilən məbləğdən gedir.
"Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik", - bəyanatda qeyd olunub.
Xatırlatma
Noyabrın 11-də Bakıda COP29 başlayıb. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarət idi. Başqa sözlə, inkişaf etmiş zəngin ölkələrin daha kasıb ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ayırmalı olduğu maliyyə hədəfini müəyyənləşdirmək idi.
Bundan əvvəl COP28 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdi.
2015-ci ildə imzalanmış Paris Sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirməyi nəzərdə tutub. Ancaq bu il planetin havası 1.3 dərəcə istiləşib.
Tbilisidə parlamentin ilk iclası gözlənilir, etirazçılar yığışıblar
Tbilisidə Rustaveli prospektində saxlanan mitinq iştirakçısı polis əməkdaşına hücumda ittiham olunur. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Onu 4 ildən 7 ilədək həbs gözləyir. Qurum 1980-ci ildə anadan olmuş A.Q.-nın daha əvvəl oğurluğa görə mühakimə olunduğunu bildirir. 2021-ci ildə isə onun barəsində valideynlərinə qarşı zorakılıq faktı üzrə mühafizə orderi çıxarılıb.
DİN-in məlumatına görə, mitinqə qatılan həmin şəxs ərazidə keşik çəkən polis əməkdaşına hücum edib.
DİN bir neçə gün öncə etirazların 20 yaşlı iştirakçısı Mate Devidzeni də saxlayıb. Tbilisi şəhər məhkəməsi onun barəsində iki ay həbs kəsib.
Noyabrın 25-də isə yeni seçilmiş parlamentin ilk plenar iclası planlaşdırılıb. Artıq Rustaveli prospektində parlamentin qarşısına etirazçılar yığışıb.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Rəsmi məlumata görə, seçkini 54 faiz səslə hakim "Gürcü arzusu" udub. 5 faizlik baryeri dörd müxalifət partiyası da aşıb. Onlar seçkinin nəticələrini tanımaqdan, parlamentdə iştirakdan imtina ediblər.
19 noyabr
Tbilisidə müxalifətçiləri saxlamağa başlayıblar
Gürcüstanda polis Tbilisi Dövlət Universiteti yaxınlığında salınmış çadır şəhərciyini dağıdıb və müxalifətçiləri saxlamağa başlayıb. AzadlıqRadiosunun gürcü xidməti polisin çox sərt davrandığını, xəsarət alanların olduğunu xəbər verir.
DİN əməkdaşları aksiya iştirakçılarının yolu bağlamasına mane olur.
Əraziyə xüsusi təyinatlılar və suvuran maşınlar gətirilib, ancaq, hələlik, onlardan istifadə olunmayıb.
Polis müxalifətçilərə xəbərdarlıq etmişdi ki, noyabrın 17-dən bəri bağlanmış yolu açsınlar. Yolun bir hissəsi çadırlardan, quraşdırılmış barrikadalardan təmizlənib.
Yeni parlament seçkiləri tələb edənlər noyabrın 17-də Tbilisi Dövlət Universiteti yaxınlığında 30-dək çadır qurublar. Onlara adyallar, kiçik xalçalar, isti çay paylanıb, biotualetlər gətizdirilib.
Müxalifət noyabrın 18-də axşam etiraz aksiyasının davam etdiyini bildirib.
Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin, rəsmi məlumata görə, hakim "Gürcü arzusu" udub. Müxalifət isə seçkinin nəticələrini tanımır, irimiqyaslı saxtakarlığın baş verdiyini bildirir.
18 noyabr
Gürcüstanda tələbələr seçkiləri qınayır, müxalifətsə itaətsizliyə çağırır
Gürcüstanın tələbə qrupları Rusiyayönümlü "Gürcü arzusu"nun qələbə qazandığı parlament seçkilərini qınayan çağırış imzalayıb. Hökumət əleyhinə qüvvələrsə növbəti 24 saat ərzində itaətsizlik kampaniyası keçirəcəklərini deyib.
Tələbələrin çağırışında deyilir ki, "hökumətin seçkiləri davamlı saxtalaşdırması "Gürcü arzusu"nun dövlət üzərində nəzarəti qamarlamağa qaba cəhdidir".
İştirakçılar "ölkənin azadlığı naminə" mübarizə aparmağa hazır olduqlarını bildiriblər: "Buz, Gürcüstan vətəndaşları olaraq, demokratik dəyərlərə və dövlət maraqlarına sadiq qalmaqda davam edirik".
"Öz səsini qaytar"
Çağırışda təhsil sistemində, özəlliklə universitetlərə tələbə qəbulunda baş verən ayrıseçkilik və müəllimlərin tətbiq etdiyi senzura halları da yer alıb.
Çağırışı 13 qrup və azı 13 gürcü universitetinin tələbələri imzalayıb.
Noyabrın 17-də etirazçılar Tbilisi Dövlət Universitetinin yaxınlığında 30-dək çadır quraşdırıblar. Ölkənin iki müxalifət partiyası – "Dəyişikliklər uğrunda Koalisiya" və "Vahid Milli Hərəkat" "Öz səsini qaytar" adlı etiraz aksiyası keçirəcəyini açıqlayıb. Hər iki partiya seçkilərdə 21 faiz səs toplayıb. Yeni seçkilərin keçirilməsini tələb edən müxalifət indən belə şəhərdə daha çox dirəniş ocağının yayılacağını bildirib.
Seçkilərdə qələbə qazanmış hakim "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze deyib ki, "xaricdən idarə olunan qüvvələrin əks-təsiri olsa da", noyabrın 25-də yeni seçilmiş parlamentin ilk iclası keçiriləcək. O, gec, ya tez, bütün müxalifətçilərin məğlubiyyətləri ilə barışacağını və yeni parlamentin işinə qatılacağını söyləyib.
Noyabrın 16-da ölkənin Mərkəzi Seçki Komissiyası bir neçə həftə sürən etirazlar və qanun pozuntularına, Rusiya müdaxiləsinə dair ittihamlara baxmayaraq, parlament seçkilərinin nəticələrini təsdiqləyib.
14 noyabr
Gürcüstan müxalifəti yeni parlamenti tərk edib
Gürcüstanın Avropayönümlü müxalifəti deputat mandatından imtina edərək yeni parlamentin tərkibindən çıxıb. Oktyabrın 26-da keçirilən mübahisəli seçkinin sonuclarını tanımayan müxalifət genişmiqyaslı pozuntulara və seçkinin Rusiya müdaxiləsi fonunda aparıldığına diqqət çəkib.
İki əsas partiyanın – "Vahid Milli Hərəkat" və "Dəyişikliklər uğrunda Koalisiya"nın təmsilçiləri Mərkəzi Seçki Komissiyasına üz tutaraq partiya siyahılarının ləğv edilməsini istəyib.
"Burada olub, bu parlamenti legitimləşdirməklə hökumətə kömək etməyəcəyik!", - "Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nina Qvaxariyanın sözləridir.
Buna cavab olaraq, hakim "Gürcü arzusu" bir sıra müxalifət partiyasının fəaliyyətini qanundankənar elan etdirmək üçün Konstitusiya Məhkəməsinə şikayət ünvanlayacağını bildirib. "Vahid Milli Hərəkat"ı vətənə xəyanətdə suçlayan "Gürcü arzusu" bundan ötrü yetərli sayda sübuta sahib olduğunu da deyib.
Olub-bitənlər ölkənin Avropayönümlü prezidenti Salome Zurabişvilinin seçki sonuclarının həqiqiliyini qəbul etməməsindən və yeni seçkilər keçirilməsinə çağırmasından sonraya təsadüf edir.
Rusiyaya yaxınlığı ilə seçilən, 12 ildir ölkəni yönəldən "Gürcü arzusu" qələbəsini elan edəndən bəri müxalifət hər gün paytaxt Tbilisidə etiraz aksiyaları keçirir.
"Biz onların cinayətlərinin şahidiyik. Bu üzdən, onlar bizdən qorxurlar. Onlarda heç nə alınmayacaq", - "Güclü Gürcüstan" partiyasının liderlərindən Anna Natsvişvili AzadlıqRadiosuna belə deyib.
Xatırlatma
Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu isə iqtidar partiyasının 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.
Almaniya xarici işlər naziri 'Turan' agentliyində olub
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də Bakıda "Turan" İnformasiya Agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə agentliyin rəhbərliyi ilə yanaşı, iqtisadçı, hazırda polis nəzarətində olan Qubad İbadoğlu və hüquqşünas Şəhla Hümbətova da iştirak ediblər. (Q.İbadoğlu saxta pul və ya xarici valyuta əldə etmə, habelə başqa qanunsuz əməldə ittiham edilir. O, ittihami qurama sayır)
Görüşdə vətəndaş cəmiyyətinin, medianın vəziyyəti, Azərbaycan ilə Ermənistan arasında illərdir davam edən sülh danışıqlarının perspektivləri, Bakıda keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları və ekoloji problemlər ətrafında fikir mübadiləsi aparılıb.
21 noyabr
Almaniyanın xarici işlər naziri Azərbaycanda tənqidçilərin həbsindən danışıb
COP29-da iştirak edən Almaniya xarici işlər naziri Annalena Berbok bu gün mətbuat konfransında Azərbaycanda insan haqları barədə sualı cavablandırıb: "Media fəallarının və müxalifət nümayəndələrinin həbsi çox narahatlıq doğurur".
O, xüsusi olaraq ev dustaqlığında olan Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulmasını nümunə göstərib.
Nazir həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan arasında gərginliyə toxunaraq Assambleyanın 76 üzvünə ölkəyə giriş qadağası qoyulmasını "qətiyyən qəbuledilməz" adlandırıb: "Bu qadağalar Bundestaqın üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmır".
Nazir onu da əlavə etdi ki, bu məsələ iqlim böhranı ilə qarışdırılmamalıdır: "İnsan haqlarına hər zaman toxunmaq lazımdır, amma bu konfransın nəticələri də vacibdir".
Azərbaycanın AŞPA-da səsvermə hüququ bu ilin yanvarında öhdəliklərin icrasının yetərli olmaması əsas gətirilərək dondurulub. Rəsmi Bakı isə qurumla əməkdaşlığı dayandırdığını və Assambleya üzvlərinin Azərbaycana gəlişinə qadağa qoyulduğunu açıqlayıb.
18 noyabr
Vəkil jurnalistlə görüşüb
Bu gün, noyabrın 18-də vəkil Aqil Layıc "Abzas Media" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.
Vəkilin sözlərinə görə, görüşdə məqsədi jurnalistin son günlər təcridxanada təzyiqlə üzləşməsi ilə bağlı açıqlamaları dəqiqləşdirmək olub.
Vəkilin vurğulamasına görə, o, S.Vaqifqızıdan soruşub ki, ona qarşı fiziki və verbal şiddət olubmu?: "Dedi ki, ona fiziki və verbal şiddət olmayıb. Qolundakı göyərtinin səbəbini izah etdi. Dedi ki, korpusdakı bütün hava boşluqlarını bağlayırdılar, rejim qaydalarının tələbi olaraq. Amma otaqda epilepsiya xəstəsi olub, onun özü və başqaları havasızlıqdan əziyyət çəkib. O tələb edib ki, nəfəslik açılsın".
Jurnalistin sözlərinə görə, onun barmağı nəfəslik bağlanarkən orada qaldığından xəsarət alıb: "Sevinc mənə dedi ki, indi nəfəslikləri müəyyən qədər açırlar. Sadəcə hər qapının ağzında bir nəzarətçi qoyublar".
Bundan başqa jurnalistə, deməsinə görə, hər hansı fiziki təzyiq olmayıb. "Hazırda səhhəti yaxşıdır", - A.Layıc bildirib.
Penitensiar Xidmətdən deyilənlərə cavab
Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, "Abzas Media işi" üzrə həbsdə olan jurnalistlərin son günlər təzyiqlərlə üzləşməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova Bakı İstintaq Təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Hüquqları təmin edilir və qanuni mənafeləri qorunur".
Penitensiar Xidmətdən vurğulanıb ki, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir.
17 noyabr
Yaxınları jurnalistlərin həbsdə təzyiqlə üzləşdiklərini deyirlər
Noyabrın 16-da ailəsi "Abzas Media" nəşrinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.
Ailədən AzadlıqRadiosuna verilən məlumata görə, görüş zamanı jurnalistin qolunda zorakılıq izləri görülüb: "Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb... Həmçinin, Nərgiz Absalamova və Elnarə Qasımovanın da əlində zədə olduğu deyilir".
Ailədən deyilənə görə, S.Vaqifqızı hadisənin noyabrın 15-də axşam baş verdiyini bildirib: "Deyilənə görə, Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıbmış. Bu zaman bir nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və qapının yanından getməsini istəyib. Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman nəzarətçi Nərgizi təhqir edib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də etiraz edib. Bu zaman gəlib bütün kameraların nəfəsliyini bağlayıblar".
Ailəsinin vurğulamasına görə, S.Vaqifqızı söyləyib ki, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, eyni zamanda, digər kamerada hamilə qadın var: "Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı "nəfəsliyi açın" deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar. Bundan sonra bir nəzarətçi nəfəsliyi açıb, "nə olub" deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Deməsinə görə, nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb".
Elə həmin vaxtda "Abzas Media işi" üzrə həbs edilən digər jurnalistlərdən Elnarə Qasımova və Nərgiz Absalamovaya da təzyiq edildiyi bildirilir. Yaxınlarının verdiyi məlumata görə, hələlik, vəkillərinin jurnalistlərlə görüşmək təşəbbüsləri isə nəticə verməyib.
+++
14 noyabr
Yaxınları "Abzas Media" işi ilə bağlı həbsdə olan jurnalistlərin təzyiqlə üzləşdiklərini deyirlər. Onların məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də bir nəzarətçinin təhqirinə məruz qalıb. Yaxınlarının vurğulamasına görə, həmin gün axşam vaxtı digər nəzarətçi N.Absalamovanı təhqir edib və qolundan xəsarət yetirib.
Onların həmçinin vurğuladığına görə, noyabrın 15-də bir qrup məhbus N.Absalamova və digərlərinə təzyiq etməyə çalışıb: "Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar".
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Yaxınları bundan əvvəl isə "Abzas Media" işində həbsdə olan jurnalistlərə telefon və görüşlə bağlı məhdudiyyətlər qoyulduğunu açıqlamışdılar.
13 noyabr
Həbsdə olan jurnalistlərin yaxınlarından şikayət var
"Abzas Media" işi üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışıqlarının məhdudlaşdırıldığı deyilir.
Onlayn nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın sözlərinə görə, qızı ilə telefon danışıqlarını 15 dəqiqədən 2 dəqiqəyə endiriblər: "Sevinc dedi ki, məhdudiyyət COP29-a görədir. Onlara deyilib ki, yaxınlarınız səsinizi eşidib sağ-salamat olduğunuzu bilsinlər, bəsdir".
Noyabrın 11-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
O.Məhərrəmova həmçinin qeyd edib ki, bundan əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qızı ilə görüşləri ləğv olunub.
"Abzas Media" isə bildirir ki, nəşrin həbs olunmuş digər jurnalistlərinin də telefon danışıqları 2 dəqiqəyə endirilib.
Hələlik, bu şikayətlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Abzas Media" işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Türkmənistandan Cenevrəyə uçmalı olan 75 yaşlı jurnalist zorla xəstəxanaya yerləşdirilib
Aşqabadda 75 yaşlı jurnalist Soltan Açilova Cenevrəyə uçduğu gün zorla xəstəxanaya aparılıb. Bu xəbəri "Xronika Türkmənistana" nəşri yayıb.
Noyabrın 20-də səhər saatlarında tibbi xələtdə dörd maskalı şəxs beynəlxalq mükafat almaq üçün qızı ilə Cenevrəyə uçmalı olan jurnalistin evinə gəlib. Onlardan biri Açilovaya onun yoluxucu xəstə olmasından şübhələndiklərini və müalicə üçün dərhal xəstəxanaya yerləşdiriləcəyini deyib.
Açilovaya qohumları ilə telefon bağlantısına icazə verilməyib. Zorla təcili yardım maşınına otuzdurulan qadından mənzilinin açarları alınıb. Belə davranış "o dünyada mənzilin açarları nəyinə gərəkdir" sözləri ilə əsaslandırılıb.
Jurnalisti Çoqanlıdakı yoluxucu xəstəliklərin müalicə mərkəzinə yerləşdiriblər. Həkimlər onun evə nə vaxt qayıda biləcəyi barədə bilgi vermirlər.
S.Açilova Türkmənistanda yaşayan tək müstəqil jurnalistdir. Dəfələrlə saxlanılan, hədə-qorxu gəlinən qadına hücumlar da olub. Açilovanın qohumlarının da təhdid edildiyi bildirilir. Hakimiyyətin jurnalistlə belə davranışı ondan qisas almaq istəyi ilə əlaqələndirilir. Açilovaya ötən il də Cenevrəyə uçmağa imkan verilməyib. Sərhədçilər onun pasportunu yararsız hala salıblar.
İnsan Haqları üzrə Türkmən Təşəbbüsü (İHTT) və İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (İHBT) təşkilatları Türkmənistan hakimiyyətinin bu hərəkətlərini qınayıb. Onların fikrincə, jurnalistin məcburi xəstəxanaya yerləşdirilməsi "plüralizmi boğmaq üçün hakimiyyətin aramsız kampaniyasının yeni təzahürüdür". Açilovanın azad olunması, ona xaricə getməyə icazə verilməsi və fəaliyyətinə görə izlənilməməsi tələb edilib.
AzadlıqRadiosunun müxbiri beynəlxalq mükafat alıb
Azad Avropa/Azadlıq Radiolarının tatar-başqırd xidmətinin jurnalisti Alsu Kurmaşeva Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi Nyu-Yorkda keçirilib.
"Bu mükafatı almaq məndən ötrü böyük şərəfdir. Onu Azad Avropa/Azadlıq Radiolarının hazırda həbsxanalarda olan həmkarlarım adından qəbul edirəm. Onlardan ikisi (İqor Losik və Andrey Kuzneçik) Belarusda, biri (Vladislav Yesipenko) Krımda, biri isə (Fərid Mehralızadə) Azərbaycandadır. Həbsxanadakı jurnalistlər – statistika deyil, onlar mənim kimi adamlardır, onları evdə ailələri, övladları gözləyir, onları azad etmək lazımdır", – A.Kurmaşeva tribunadan söyləyib.
O, Rusiya həbsxanalarında azı 20 jurnalistin həbsdə olduğunu sözlərinə əlavə edib. Jurnalist CPJ-yə onun azad olunması yönündəki səylərinə görə təşəkkür edib.
A.Kurmaşeva Rusiyada həbsxanada 288 gün keçirib. Onu Rusiya ordusu barədə saxta məlumat yaymaqda ittiham ediblər. Buna "İdel.Realii" redaksiyasının "Müharibəyə yox. Ukraynaya müdaxiləyə qarşı çıxan 40 rusiyalının hekayəsi" kitabını çap etməsi olub.
İyulun 19-da Tatarıstan Ali Məhkəməsi jurnalisti 6.5 il yarım həbsə məhkum edib. Kurmaşeva bu il avqustun 1-də ABŞ və Rusiya arasında böyük məhbus mübadiləsi çərçivəsində azad olunub.
Qarabağ ermənilərinə ödənilən mənzil müavinətləri azaldılacaq
Gələn ildən Ermənistan hökuməti bir çox Qarabağ qaçqınına mənzil müavinəti ödəməyəcək, yerdə qalanlara ödənən müavinəti də önəmli ölçüdə azaldacaq.
Hökumət ötən ilin noyabrından kirayədə qalan və ya dövlət sığınacaqlarında yaşayan qaçqınlara mənzil kirayəsi və kommunal xidmətləri qarşılanmaq üçün ayda 125 dollar ödəyir.
İddialara görə, Qarabağı tərk edən 105 minədək qaçqının önəmli bölümü dövlət proqramından yararlanıb. Əlçatımlı yaşayış yerinin olmaması qaçqınların əsas problemlərindən biri sayılır.
Gələn ilin aprelindən müavinətlər yalnız uşaqlara, universitet və kollec tələbələrinə, təqaüdçü və əlillərə veriləcək. Bu kateqoriyaya aid təxminən 54 min nəfər var. Onlara ödəniləcək yardım aprel ayında – 100 dollara, iyulda isə 75 dollaradək azaldılacaq.
Baş nazir Nikol Paşinyanın fikrincə, hökumətin bu addımı "işləmək qabiliyyətli Qarabağ ermənilərini öz əməyi ilə ailələrini təmin etməyə həvəsləndirir".
Əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın dediyinə görə, 25 mindən çox Qarabağ qaçqını Ermənistanda işləyir və ya fərdi biznesə sahibdir. Məhz onlara ödənilən müavinətlər kəsiləcək.
Müavinətlərin azaldılmasının bir səbəbi də hökumətin iyunda başlatdığı beşillik mənzil proqramıdır. Bu proqram Qarabağdan olan ermənilərə daha çox kənd yerlərində yeni yaşayış evi almaq və ya tikmək üçün maliyyə yardımını nəzərdə tutur.
Proqrama əsasən, hər bir Qarabağ qaçqını yaşayış yeri probleminin həlli üçün 5-13 min dollar arasında dövlət qrantı əldə edə bilər.
Qaçqınların bir çoxu proqramın təklif etdiyi vəsaitin yeni ev almaq və ya tikməyə yetmədiyini deyir. Bəzilərinin fikrincə, bu addımı atmaqla Paşinyan Qarabağ ermənilərini ölkəni tərk etməyə meylləndirir.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib.
2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Hazırda iki ölkə arasında sülh danışıqları gedir.
BCM Netanyahu, Qalant, HƏMAS-ın hərbi liderinin həbsinə order verir
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalant və HƏMAS radikal qruplaşmasının hərbi qanadının rəhbəri Məhəmməd Deyfin həbsi barədə order verib. Onların üçü də Qəzza sektorunda hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham olunublar.
HƏMAS-ı ABŞ və Avropa Birliyi terrorçu təşkilat kimi tanıyır.
İsrail ötən ilin oktyabrından Qəzzada ABŞ və Avropa İttifaqında terror təşkilatı kimi tanınan HƏMAS radikal qruplaşmasına qarşı əməliyyatlara başlayıb. Buna isə qruplaşma radikallarının ötən il oktyabrın 7-də İsrailə hücum etməsi, 1200 nəfəri öldürməsi, 250 nəfəri girov götürməsi səbəb olub.
Bu ilin mayında BCM prokuroru Kərim Xan Qəzza müharibəsi ilə əlaqədar iddia olunan cinayətlər üçün məsuliyyət daşıyanların həbsinə dair orderin verilməsi tələbiylə çıxış edib
İsrail müxalifəti və hökumət təmsilçiləri qərarı "utancverici" və "terrorçuların mükafatlandırılması" adlandırıblar.
Bununla belə, İsrail Roma statutunun iştirakçısı deyil və BCM-nin yurisdiksiyasını tanımır.
BCM bildirib ki, İsrailin onun yurisdiksiyasını tanıması tələb olunmur.
HƏMAS-ın nəzarətindəki Qəzza bölgəsinin rəsmiləri İsrailin əməliyyatları nəticəsində azı 40 min nəfərin öldüyünü iddia edirlər.
HRW narazı qalsa da, ABŞ Ukraynaya piyada əleyhinə minalar verəcək
ABŞ Rusiyanın bənzər silahlardan geniş istifadəsindən sonra Ukraynaya piyada əleyhinə minalar verəcək. Beynəlxalq insan hüquqları təşkilatları bu silahdan istifadəni tənqid edir.
ABŞ müdafiə naziri Lloyd Ostin noyabrın 20-də Laosda bildirib ki, sözügedən qərar Rusiya öz hərbi taktikasını dəyişdirəndən sonra qəbul edilib: "Onlar artıq tək mexanikləşdirilmiş qüvvələr ilə döyüşmürlər. İçəri girə və mexanikləşdirilmiş qüvvələrə yol açmağa çalışan piyada birliklərinin köməyi ilə döyüşürlər".
Ostinin fikrincə, rusiyalıların həmlələrini ləngitmək üçün ukraynalıların bu minalara ehtiyacı var.
"Human Rights Watch" (HRW) bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya, ən azı, 13 piyada əleyhinə minadan istifadə edib. Bu da yüzlərlə insanın ölümünə və geniş kənd təsərrüfatı sahələrinin çirkləndirilməsinə yol açıb.
Beynəlxalq səylər əngəllənir
İnsan hüquqları və humanitar təşkilatlar mülki əhaliyə törətdiyi təhlükəyə görə çoxdan piyada əleyhinə minalardan istifadəni tənqid edir. HRW bəyanatında buna da diqqət çəkir ki, minalar fəsadları ölçülməmiş silahların istifadəsinə birdəfəlik son qoyacaq beynəlxalq səylərə də əngəl yaradır.
160-dan çox ölkə piyada əleyhinə minalardan istifadəni yasaqlasa da, ABŞ və Rusiya ona dair konvensiyanı imzalamayıb. Ukrayna həmin sənədə 2005-ci ildə qoşulub. Bu ölkə "suverenlik və ərazi bütövlüyünün bərpasınadək" savaşda yararlandığı silah növləri barədə açıqlama vermir.
Piyada əleyhinə minalar torpağın altında gizlədilir və onlara yaxınlaşınca, yaxud üstündən keçincə partlayır.
O da bildirilir ki, ABŞ minaları bəlli müddətdən sonra yararsız hala gəlir və heç bir zərər daşımır.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hücumlarını əngəlləyəcək minalarla bağlı qərarı alqışlayaraq deyib ki, bu addım ön cəbhədəki ukraynalı qüvvələri "tam gücləndirəcək".
Etiraz olaraq soyunan qıza ittiham irəli sürülməyib
Tehran universiteti yaxınlığında etiraz olaraq soyunduğu bildirilən iranlı qıza ittiham irəli sürülməyib. Ədliyyə qurumunun sözçüsü Əsgər Cahangirin açıqlamasına görə, o, xəstəxanadan evə buraxılıb: "Müayinədən sonra onun ruhi xəstə olduğu müəyyən edilib. Qadın ailə üzvlərinin qayğı göstərməsi üçün onlara təhvil verilib".
Ona ittiham irəli sürülməsə də, işə tam xitam verilib-verilmədiyi açıqlanmır.
Həmin qızın Tehran Azad Universitetinin Elm və təhqiqat fakültəsinin tələbəsi Ahu Bahari olduğu deyilir.
İran mediasının yazdığına görə, o, "ruhi xəstədir" və psixiatrik xəstəxanaya yerləşdirilib.
Bahari ilə bağlı videolar yayılandan sonra beynəlxalq insan haqları qrupları ona qarşı kobud rəftarı qınayıb və onun dərhal azadlığa buraxılmasına çağırıblar.
"Amnesty International" bir müddət əvvəl ruhi xəstəlik bəhanəsi ilə İran hökumətinin etirazçılara qarşı repressiyaları haqda sübutları paylaşıb.
4 noyabr
'Amnesty International' etirazçı iranlı tələbəni azad etməyə çağırıb
"Amnesty International" etirazını oxuduğu universitetin həyətində soyunmaqla bildirən iranlı tələbəni dərhal azad etməyə çağırıb. Həmin tələbə "Bəsic" üzvləri ilə güvənlik qüvvələrinin basqısına məruz qaldığından elə davranmışdı. "Amnesty International"ın bəyanatında belə deyilir.
İran hakimiyyəti alt paltarınadək soyunan xanım tələbəni universitetin xaricində həbs etmişdi. Olayla bağlı videonu öncə "Əmir Kabir" tələbə kanalı, ardınca kürdlərin "Hengaw" insan haqları qrupu, "Amnesty International" və digər qurumlar yaymışdı.
"Azad edilənədək hakimiyyət onu işgəncə və digər pis davranışdan qorumalı, ailə üzvləri və vəkillə görüşə şərait yaratmalıdır", - bəyanatda əksini tapan sözlərdir.
Təşkilat həbs zamanı tələbənin döyülmə və cinsi zorakılığa məruz qalması ilə bağlı ittihamları müstəqil və qərəzsiz araşdırmağa, hadisəni törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Olayın səbəbləri ilə bağlı iki versiya var
"The Associated Press"in bilgisinə görə, tələbə yarımhərbi "Bəsic" qrupunun üzvləri ilə güvənlik qüvvələrinin basqısına məruz qalıb. Onlar xanım tələbənin baş örtüyünü və paltarını cırıblar. Buna etiraz olaraq alt paltarınadək soyunan tələbə universitet ərazisini nümayişkaranə şəkildə dolaşıb və ali məktəbin həyətindəcə oturub.
İranın "Fars" xəbər agentliyi isə iddia edir ki, tələbə uyğun geyimlə dərsə gəlmədiyi üçün universitet mühafizəçilərinin xəbərdarlığına etiraz olaraq soyunub.
Xanım tələbə ilə sakitcə danışıldığı və onunla aqressiv davranılmadığı deyilsə də, "Əmir Kabir" kanalının yaydığı bilgiyə görə, həbs zamanı onun başını maşının qapısına çırpdıqlarından təkərlərin üzərində qan izləri olub.
Anar Məmmədlinin istintaqda həbs müddəti artırıldı, vəsatəti təmin olunmadı
Bu gün, noyabrın 20-i Xətai rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin istintaq gedişində həbs müddətini daha 3 ay artırıb.
Bu barədə məlumat verən vəkil Elçin Sadıqov qeyd edib ki, A.Məmmədlinin həbs müddətinin artırılması ilə bağlı Bakı şəhər Prokurorluğu təqdimat və vəsatət vermişdi.
Eyni zamanda, Xətai rayon Məhkəməsində A.Məmmədlinin həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə də baxılıb. Amma bu vəsatət təmin edilməyib.
Müdafiə tərəfi hesab edir ki, A.Məmmədlinin həbs-qətimkan tədbirinin müddətinin uzadılması da, həbsi də siyasidir.
Vəkil E.Sadıqov vurğulayıb ki, A.Məmmədlinin deməsinə görə, səhhətindəki problemlər şiddətlənməyə doğru gedir: "Anara hər hansı müalicə göstərilmir və o, müayinələrdən keçirilmir. Bizə demişdilər ki, o, müayinələrdən keçirilib, amma bu gün - noyabrın 20-də o bu məlumatları təkzib etdi və bildirdi ki, ondan hər hansı bir analiz götürülməyib. Biz bununla bağlı məhkəməyə müraciət etmişdik, məhkəmə bizim vəsatətimizi təmin etməyib. Bu qərardan da apellyasiya şikayəti veriləcək".
Müdafiə tərəfinin açıqlamasına Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
A.Məmmədli bu il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Buna qədər sonuncu dəfə avqustun 22-də Xətai rayon Məhkəməsi onun həbs müddətini 3 ay artırmışdı.
A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
SMDT rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.
Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Qaçaqmalçılıq…
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Almaniya Rusiyaya 'yumşaq' mövqeyinə görə G20-ni tənqid etsə də, raketlərini Ukraynaya göndərməyəcək
Noyabrın 19-da Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynadakı savaşa görə məsuliyyət daşıdığını birbaşa bildirməyən G20-nin ("Böyük 20"lik ölkələrinin) yekun Rio-de-Janeyro bəyannaməsini tənqid edib.
Şoltsun fikrincə, min gün boyunca havadan zərbələrə məruz qalan ukraynalılar Putinin "böyüklük maniyasından və əraziləri güclə genişləndirmək istəyindən əziyyət çəkirlər". Sənəddə Rusiyanın məsuliyyəti ilə bağlı ifadələrin yetərsiz olduğunu deyən kansler orada başqa sözlər görmək istədiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski də G20 liderlərini qınayıb. Onun fikrincə, həmin liderlər Putinin nüvə silahından istifadə hallarını genişləndirən fərmanı ilə bağlı heç bir addım atmayıblar.
Almaniya kansleri ilə razılaşan Zelenski, eyni zamanda, rəsmi Berlinin ölkəsinə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli "Taurus" raket sistemləri verməmək mövqeyini tənqid edib. O, ABŞ-ın zərbələrlə bağlı qərarından sonra bu məsələdə Almaniyanın da dəstək vaxtının yetişdiyini deyib.
Ölkəsinin Avropada Ukraynanın ən böyük dəstəkləyicisi olduğunu bildirən Şoltsun fikrincə, yanlış addım olmaqla yanaşı, bu qərar Almaniya ilə Rusiya arasında birbaşa münaqişəni daha da yaxınlaşdıracaq.
ABŞ mediasının çoxsaylı xəbərlərinə görə, Kiyevin bir neçə ay sürən xahişlərindən sonra Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verilib. Ağ ev yayılan bilgiləri təsdiqləməsə də, onları təkzib də etməyib.
Putin nüvə silahından istifadəni genişləndirən yeni doktrinanı imzalayıb
Noyabrın 19-da Vladimir Putin Rusiyanın nüvə doktrinasının yenilənməsi və genişlənməsi haqqında fərman imzalayıb. İndən belə nüvə silahı olmayan ölkə nüvə gücündən dəstək alıb Rusiyaya hücum etsə, rəsmi Moskva kütləvi qırğın silahından yararlana biləcək.
Kreml bu addımı Co Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verəndən bir neçə gün sonra atıb. ABŞ istehsalı olan ATACMS raketləri 300 km-dək məsafədə hədəfləri vura bilər.
Yenilənmiş doktrinada qeyd edilib ki, Rusiya özünə qarşı dağıdıcı hücum və raketlərin sərhədini keçməsi barədə "güvənli" bilgilər alandan sonra nüvə silahından istifadə etmək imkanını gözdən keçirəcək.
Rəsmi Moskva nüvə silahına sahib olmayan ölkəyə nüvə silahı olanın iştirakı və ya dəstəyi ilə gerçəkləşən hücumu özünə qarşı ortaq hücum kimi dəyərləndirəcək. Bununla belə, bu təcavüzün, avtomatik olaraq, nüvə zərbəsinə gətirib çıxaracağı dəqiqləşdirilmir.
Doktrinada nüvə silahının cavab olaraq istifadə edilə biləcəyi dövlət və hərbi blokların siyahısı genişləndirilib. Üstəlik, nüvə silahından yararlanmaqla neytrallaşdırılacaq hərbi təhdidlərin siyahısı da qeyd edilib.
Putin nüvə doktrinasının yenidən gözdən keçirilməsini sentyabrın 25-də - Güvənlik Şurasının iclasında, Rusiya ərazisinin dərinliklərinə zərbələrin endirilməsi barədə müzakirələr fonunda elan edib.
"Rusiya… harada olsalar da, cavab zərbəsi endirə bilər"
Kremlin sözçüsü Dmitri Peskov doktrinanın yenilənməsinin "vaxtında" və "indiki duruma görə" gerçəkləşdirildiyini deyib.
Ağ evin rəsmi olaraq təsdiqləmədiyi qərarın Ukraynanın sözügedən zərbələrə dair razılıq almaq üçün bir neçə ay apardığı danışıqlardan sonra açıqlandığı bildirilir.
Böyük Britaniya və Fransa da Ukraynaya 250 km məsafədə hədəflərə zərbə endirə biləcək "Storm Shadow" raketləri verib. Ancaq indiyədək Kiyevə bu silahla Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verilməyib.
Almaniya kansleri Olaf Şolts bir daha bildirib ki, ölkəsi Ukraynaya 500 km məsafədə hədəfləri vura biləcək "Taurus" raketlərini göndərməyəcək.
Rusiya Güvənlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, yeni nüvə doktrinası işə salınsa, Üçüncü Dünya savaşı qaçılmaz ola bilər: "Ölkəmizə atılan NATO raketlərini blokun Rusiyaya hücumu kimi qəbul etmək olar. Rusiya Kiyevə və NATO-nun əsas obyektlərinə, harada olsalar da, kütləvi qırğın silahı ilə cavab zərbəsi endirə bilər". Medvedev Telegram sosial şəbəkəsindəki paylaşımında həmin sözləri dilə gətirib.
İqbal Əbilovun istintaqda həbs müddəti 4 ay uzadılıb
Noyabrın 19-da Səbail rayon Məhkəməsi "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktoru İqbal Əbilovun ilkin həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib. Bu barədə vəkil Rövşanə Rəhimova bildirib. Onun sözlərinə görə, müdafiə tərəfi Əbilovun həbsdə saxlanılmasını və, ümumiyyətlə, cinayət məsuliyyətinə cəlb olunmasını əsassız hesab edir. Əbilov özü də ona qarşı irəli sürülən ittihamları rədd edib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Belarusda yaşayan İ.Əbilov bu il iyulun 22-də Azərbaycana qohumlarının yanına gələrkən saxlanıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələri ilə ittiham irəli sürülüb. Onun haqqında məhkəməsinə qədər birinci dəfə də 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Həmin müddət 4 gün sonra başa çatırdı.
Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu bildirir.
35 yaşlı İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
İ.Əbilov Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.
Keçmiş diplomatın həbs müddəti artırılıb
Keçmiş diplomat Emin İbrahimovun həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, noyabrın 19-da Nizami rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb. Onun vurğulamasına görə, məhkəmə vəsatəti təmin edərək E.İbrahimovun həbs-qətimkan tədbirinin müddətini 2 ay uzadıb.
Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir. Onlar qeyd edirlər ki, E.İbrahimovla bağlı istintaq hərəkətləri aparılmır.
Hələlik, müdafiə tərəfinin açıqlamalarına Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Keçmiş diplomat, ictimai fəal E.İbrahimov bu il iyulun 22-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. İyulun 24-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, bir şəxsi bucaqla vurmaqda ittiham edilir. Amma ittihamı qurma sayır.
E.İbrahimov Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində və başqa qurumlarda çalışıb. Onun 2020-ci ilin fevralında Azərbaycandakı parlament seçkilərini özü üçün "son damcı" sayaraq bir qədər sonra, martın 13-də ovaxtkı xarici işlər naziri Elmar Məmmədyarova istefa ərizəsi yazdığı bildirilir. E.İbrahimovun saxlanmasından sonra onun yazdığı bildirilən ərizənin fotosu sosial şəbəkələrdə yayılıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 2020-ci il seçkilərində həqiqi rəqabətin qarşısının alındığını, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə "mənalı" seçim imkanı verilmədiyini bildirib.
Rəsmilər isə həmin seçki ilə bağlı tənqidləri qəbul etmirlər.
Aİ Rusiyaya hərbi dəstək verən İrana sanksiyalarını artırıb
Avropa İttifaqı (Aİ) Ukraynada Rusiyaya hərbi dəstək göstərən İrana qarşı sanksiyaları genişləndirib. Avropa Komissiyasının bilgisinə dayanan AzadlıqRadiosu sanksiyaların İran şirkətlərinə, liman və fərdi şəxslərə şamil edildiyinə diqqət çəkir. Rusiya Ukraynada İranda hazırlanan ballistik raket və PUA-lardan yararlanır. Texnologiya və ehtiyat hissələrinin daşınmasında da İran Rusiyaya yardım göstərir.
Aİ sözügedən qərarını İranın Yaxın Şərq və Qırmızı dəniz bölgəsində silahlı qrup və təşkilatlara dəstəyi ilə də əlaqələndirib. Bu ölkənin limanlar və gəmiçilik təşkilatının başçısı Əli Səfaei Rusiyaya hərbi dəstəklə bağlı Qərb ölkələrinin dilə gətirdiyi ittihamları əsassız adlandırıb: "Amerikalılarla yanaşı, bir sıra Qərb təmsilçiləri də siyasi maraqları naminə yenidən yanlış və yalan bilgilər yayıblar".
Oktyabrın 14-də Aİ İranın yeddi fiziki və yeddi hüquqi şəxsinə qarşı eyni səbəblərdən sanksiya tətbiq etmişdi. Bunların arasında "IranAir" və digər iki aviaşirkətin də adı vardı.
Aviadaşıyıcıların maliyyə aktivləri dondurulub və onlara Aİ ölkələrinə uçuş yasaqlanıb.
İndiyədək insan haqlarının pozulmasına, nüvə silahını yaymaq fəaliyyətinə və Ukraynaya müdaxiləsində Rusiyaya hərbi dəstəyinə görə İranın 227 fiziki və 42 hüquqi şəxsi Aİ-nin sanksiyaları ilə üzləşib.
'PEN America' Nobel mükafatçısı Nərgiz Məhəmmədiyə yardım göstərməyə çağırıb
Söz və yaradıcılıq azadlığını qoruyan "PEN America" İranla digər ölkələrin 42 beynəlxalq insan haqları təşkilatı ilə birgə BMT-nin İnsan Hüquqları Şurasına (İHŞ) açıq məktub ünvanlayıb.
Məktubda həbsdə olan iranlı Nobel mükafatçısı Nərgiz Məhəmmədinin təcili tibbi yardıma ehtiyac duyduğu vurğulanıb.
"PEN America"nın fikrincə, Məhəmmədiyə xəstəliyi üzündən "insani səbəblərlə bağlı" məzuniyyət verilməlidir. Bu səbəbdən insan haqları təşkilatları İHŞ-ni təcili İran hakimiyyətinə üz tutmağa çağırıb.
Son 20 ilini bəlli bölümünü həbsxanada keçirən etnik azərbaycanlı - 52 yaşlı N.Məhəmmədi "təbliğat yaymaq" ittihamı ilə 12 illik həbs cəzasını çəkir. Nobel mükafatçısının özü və qohumları bu ittihamı rədd edir.
Bu yaxınlarda ayağındakı xərçəng şişini götürmək üçün mürəkkəb əməliyyat keçirən N.Məhəmmədini həmin əməliyyatdan cəmi iki gün sonra yenə həbsxanaya qaytarıblar.
Rusiya Sumı bölgəsinə havadan zərbələr endirib: ölü və yaralılar var
Rusiyanın noyabrın 19-da Ukraynanın Sumı bölgəsinə hava zərbəsi nəticəsində biri uşaq, altı nəfər həlak olub, 12 nəfərsə yaralanıb.
Yerli hərbi administrasiyanın bilgisinə görə, havadan zərbənin hədəfi bölgənin Qluxov şəhərindəki yataqxana olub. Xilasedicilər dağıntılar altında hələ sağ qala bilənlərin olduğunu düşünürlər.
Bir gün öncə - noyabrın 18-də də Rusiya Sumıdakı bir başqa yaşayış sahəsini havadan bombalamışdı. Nəticədə ikisi uşaq, 11 nəfər ölmüş, 89 nəfər də yaralanmışdı.
15 noyabr
Ukrayna Krasnodara çox sayda dron zərbəsi endirib
Noyabrın 15-də səhər saatlarında Ukrayna Rusiyanın Krasnodar bölgəsinə dronlarla hücum gerçəkləşdirib. Bu bilgini bölgənin qubernatoru Veniamin Kondratyev dilə gətirib.
Zərbənin Krımsk və Krasnoarmeysk şəhərlərinə tuş gəldiyini deyən qubernator bəlli zərər dəysə də, insanlar arasında tələfatın olmadığını söyləyib.
Hücumun mümkün hədəfinin Krımsk şəhərindəki hərbi hava qüvvələrinin bazası olduğu deyilir.
Rusiya Müdafiə Nazirliyi öz ərazisində və işğal edilmiş Krımda düşmənin 51 PUA-sını məhv etdiyini açıqlayıb. Bunların 36-sı Krasnodar bölgəsi üzərində vurulub.
Ukrayna rəsmiləri hücumla bağlı heç bir açıqlama verməyiblər.
Ukraynanın gerçəkləşdirdiyi bu hücum rusiyalıların Odessaya zərbə endirməsindən sonra baş tutub. Həmin zərbə nəticəsində biri qadın və biri uşaq olmaqla, azı, 10 nəfər yaralanıb. Üstəlik, on minlərlə sakin, doğum evi və məktəblər istiliksiz qalıb, bir yaşayış binası tam dağıdılıb, bir neçəsi də zədələnib.
Ukrayna havadan müdafiə sistemləri ölkənin üç bölgəsinə göndərilən 29 drondan 25-ni vurub.
Abxaziya lideri istefa verib
Gürcüstanın separatçı Abxaziya bölgəsinin prezidenti Aslan Bjaniya və baş naziri Aleksandr Ankvab istefa veriblər.
Bjaniya qərarını ölkədə sabitliyi və konstitusiya quruluşunu qoruyub saxlamaq istəyinə bağlayıb. Onun səlahiyyətlərini keçici olaraq vitse-prezident Bandra Qunba yerinə yetirəcək. Baş nazir postuna Valeri Bqanba təyin edilib. Bjaniya və müxalifət arasında çoxsaatlı danışıqlardan sonra əldə olunan razılığa görə, yeni prezident səlahiyyətlərini icra etməyə başlayanadək hökumət öz işini davam etdirəcək.
Noyabrın 15-də Moskvanın dəstəklədiyi bölgənin paytaxtı Suxumidə etirazçılar yerli parlament və prezident administrasiyasına basqın ediblər. İzdiham Moskva ilə qalmaqallı sərmayə sazişinin ləğvinə çalışıb.
Saziş bölgədə inşaat layihələrinə sərmayə yatırmaq hüququnun Rusiya şirkətlərinə verilməsini nəzərdə tutur.
Parlament sözügedən sazişin ratifikasiyasına dair iclasını ləvğ edib, prezident administrasiyası da sazişin geri çağrılmasına söz verib.
Xatırlatma
Abxasiyada prezidentin istefası ilk dəfə baş vermir. 2014-cü idə bölgənin şərqində yaşayan gürcülərə Abxaziya pasportları verən prezident Aleksandr Ankvab etirazlar fonunda vəzifəsini tərk etmişdi. 2020-ci ildə separatçıların Ali Məhkəməsi 2019-cu il prezident seçkilərinin nəticələrini ləvğ edəndən sonra ovaxtkı prezident Raul Xacimba istefa vermişdi.
Abxaziya və Cənubi Osetiya Sovet İttifaqının çöküşündən sonra - 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrıldığını elan edib. Moskva 2008-ci ildə beşgünlük müharibədən sonra bu iki separatçı bölgənin müstəqilliyini tanıyıb.
Ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanısa da, onun iqtisadiyyatı Moskvadan asılıdır, dövlət qulluqçularının maaşları, sakinlərin sosial ödənişləri Rusiyadan gəlir.
15 noyabr
Abxaziyada etirazçılar parlament binasına basqın edib
Gürcüstanın separatçı, Moskvanın dəstəklədiyi Abxaziya regionunda etirazçılar paytaxt Suxumidə yerli parlament binasının darvazasına basqın ediblər. Müxalifətin başçılıq etdiyi izdiham Moskva ilə qalmaqallı sazişin ləğvinə nail olmağa çalışır. Saziş bölgədə inşaat layihələrinə sərmayə yatırmaq hüququnun Rusiya şirkətlərinə verilməsini nəzərdə tutur.
Yerli media yazır ki, noyabrın 14-də baş verən etiraz sazişin ratifikasiyasını əngəlləyib.
Ancaq izdiham bununla dayanmayıb, qanunverici orqandan sazişin tamamilə ləğvinə səs verməsini tələb olunur.
"Qarşıdurma böyüyür, qan axıdılması riski yaranır", – "Nujnaya Qazeta" Telegram kanalı yazır.
Son həftələr regionda gərginlik artıb, müxalifət fəalları Rusiyanın region və onun iqtisadiyyatı üzərində dominantlığına son qoyulmasını tələb edirlər.
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılandan sonra Gürcüstandan ayrıldığını elan edib. Moskva 2008-ci ildə beşgünlük müharibədən sonra bu iki regionu tanıyıb.
Ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanısa da, onun iqtisadiyyatı Moskvadan asılıdır, dövlət qulluqçularının maaşları, sakinlərin sosial ödənişləri Rusiyadan gəlir.