Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:39

NATİQ "Bütün maymaqların yükü" HEKAYƏ


Onu tez-tez universitetin həyətindən keçib gedən görürəm. Bəstə boy, beli əməlli-başlı bükülmüş, gözündə eynək qoca bir kişidi.

Həmişə sağ əli ilə içində balaca nəsə bükülmüş salafan torba tutur, torbanın titrəməyindən aydınca görünür ki, zavallı pankirsondan əziyyət çəkir.

Nə adamlara baxır, nə yan yörəsinə eləcə başını aşağı salıb universitetin prospektə açılan ala qapısından düşüb bir xeyli gedəndən sonra o biri qapısından çıxıb beşmərtəbə evlərin arasında gözəgörünməz olur.

Hər gün minlərlə insanın addımladığı küçədə nədənsə bu kişi mənə o qədər doğma, o qədər istiqanlı gəlir ki, elə bil həmyaşıdıq, ya da lap yaxın qohumlarıq xəbərimiz yoxdu.

İş orasındadır ki, mən onu tez-tez görmürəm, hərdən-bir minlərlə insanın arasında nəzərlərim nədənsə məhz onu axtarıb tapır, belə olanda həmişə ürəyimdən qəribə duyğular keçir.

Onu harda görmüşəm, dəfələrlə bu haqda düşünsəm də fikirlərimi sahmana sala bilmirəm, fantaziyama güc verdikcə isə təxəyyülüm daralır, hətta bəzən beynimi lazımsız şeylərə məşğul etdiyimə görə özümü qınayıram da.

Həm də qəribədir ki, bu qocanı nə vaxt gəldi yox, məhz onun haqqında fikirləşəndə görürəm, əvvəllər elə bilirdim ki, bu təsadüfdü amma eyni halın dəfələrlə təkrarlanması məni mahiyyətini izah edə bilmədiyim səbəblər burulğanında çaş-baş qoyurdu. Çox düşünüb-daşındıqdan sonra qət elədim ki, tay bu qoca barəsində fikirləşməyim.

Amma nə vaxt ki adicə arayışa imza atdırmaqdan ötəri sarsaq bir bürokratın kabinetinin qabağında saatlarla gözləyəm bu kişi yadıma düşür, çıxıram küçəyə görürəm budur e əlində salafan torba əsə-əsə gedir.

Böyük ümidlərlə bankomata yaxınlaşıb maaş kartımı yenə də boş görüb dünyanın bütün naz-nemətinə lənət yağdıranda, bir də görürəm həmin qoca əyilə-əyilə yanımdan keçdi.

Bir sözlə bu kişi mənim bütün uğursuzluqlarımın simvoluna çevrilib, getdikcə belə qərara gəldim ki, ondan xilas olmağın yeganə yolu uğur qazanmaqdır. Amma necə?

Uğur qazanmağın yolları barədə çox oxumuşam, insanlarla ünsiyyət, inam, etibar, komandada işləmək bacarığı, bir-iki dil bilmək, intellektual potensial və səni digərlərindən fərqləndirən ən ümdə cəhət istedad.

Amma bütün bunların bəşəriyyətin bu vaxta qədər yaratdığı hansı formasiyada işə yaradığını deyə bilmərəm, yalnız bir şeyə əminəm ki bizim zəmanədə bütün bunlar nəinki uğurun təminatıdır, əksinə ona mane olan cəhətlərdir.

Gün boyu gözüm işlədikcə baxdığım hər yerdə - küçədə, dayanacaqda, heç çox uzağa getməyək elə universitetin bir addımlığındakı Elmlər Akademiyasının bağında o qədər intellektual əbləhlər görürəm ki. Mənim əbləh sözümdən inciməyin XII əsrdə onlara mütəfəkkir, XV əsrdə filosof, XIX əsrdə maarifçi, XX əsrdə ziyalı, indisə əbləh deyirlər, mən də o əbləhlərdən biriyəm.

Lazım olmayan vaxtda lazım olmayan yerdə doğulmuş əbləh. Uğursuzluq halqasından çıxmaq, məyusluğumun simvoluna çevrilmiş o qocadan qurtulmaq üçün hər gün çarpışıram.

Döyüşsüz bir günüm də yoxdu: mənim kitab oxumağım, yazı yazmağım, çay içməyim də döyüşdü. Təki o qocadan qurtulum. Dəqiq bilirəm ki, mənim bu məyusluq və puç olmuş ümidlər halqasını yara bilməyim bütün əbləhlərin xeyrinə olacaq, onda bizi ələ salmayacaqlar, elə öz adımızla çağıracaqlar 900 il bundan əvvəl olduğu kimi.

Yenə də arayışıma imza atdırmaq üçün sarsaq bürokratın qapısının ağzında saat yarım boynubüküklü, 45 dəqiqə başıaşağı, 22 dəqiqə də əli qoynunda gözləyəndən sonra katibəsi dedi ki, kişi məruzəyə hazırlaşır narahat eləmək olmaz iki saatdan sonra gəlsəniz yaxşıdı. Mən də mədəni maymaqlar kimi arayışı səliqə ilə götürüb səssiz-səmirsiz qəbul otağını tərk elədim.

Mənim kimi mədəni, ancaq qıvraq maymaqlar isə özlərini elə göstərdilər ki, guya heç katibənin sözlərini eşitmədilər. Necə boynubükük, başıaşağı, əli qoyunlarında dayanmışdılarsa, eləcə də yerlərində qaldılar. Bilirəm onlar niyə belə edirlər, yəqin ümidləri var ki, sarsaq bürokrat birdən ayaqyoluna getmək üçün kabinetindən çıxar, onlar da fürsətdən istifadə edib ona salam verərlər.

Bu salamlaşmaq əslinə qalsa böyük siyasi, ideoloji, mən deyərdim ki, mənəvi məna daşıyır. Bu o deməkdir ki, cənab bürokrat, görürsünüz də üç saata yaxındır sizi gözləyirik, sizin bir imzanız görün nə qədər qiymətlidir, məruzəyə hazırlaşırsınız hazırlaşın, tualetə gedirsiniz buyurun, nə qədər istəsəniz sizi gözləyərik...

Nə gizlədim bəzən salamlaşmaq ritualı öz işini görür, bir istədim geri qayıdıb maymaq yoldaşlarıma qoşulum, ancaq yenə də o qoca yadıma düşdü. Ürəyimə dammışdı ki, ayağımı küçəyə qoyan kimi qabağıma çıxacaq.

Deməli, bu gün də uğursuz gündür. Elə dediyim kimi də oldu, kölgəliyin altındakı təkəmseyrək skamyaların birinə oturmuşdum ki gördüm budur e sağ əlində salafan torbası əsə-əsə gəlir...

Bu dəfə lap ağır-ağır yeriyirdi, taqətdən düşmüş beli bir az da əyilmişdi, ilk dəfə onun qozbel olduğunu sezdim.

Yəqin cavanlığında çox oxuyub, ya da çox yazıb hər halda qocanın belinin əyilməsi təkcə yaşı ilə bağlı ola bilməzdi. Mən elə qocalar tanıyıram ki, hətta ondan da yaşlı, elə dik gəzirlər, elə şux, təravətli görünürlər adam öz yaşından utanır.

Amma bu, sanki dünyanın bütün maymaqlarının yükü bunun əldən düşmüş, heyi kəsilmiş çiyinləri üzərindədir, addımlarını da elə asta-asta atır birdən yükü yerə düşər. Düz mən oturduğum skamyanın qənşərində dayanıb bir balaca nəfəs dərdi, adətən bundan sonra yoluna davam edər, az keçməz beşmərtəbə evlərin arasında yox olardı.

Ancaq indi yaxınlaşıb yanımda əyləşdi, sanki ürəyinə dammışdı ki, bu dəfə beşmərtəbələrin arasında gözdən itəndə bir də görünməyəcək, bəlkə də bu, sonuncu gedişidi.

- Tələbəsən, ya müəllim? – qocanın salamsız-kəlamsız sual verməsi məni o qədər də şaşırmadı, qəribə bu idi ki, o sanki mənim səsimlə danışırdı, səsimin kimin səsi iləsə bu qədər həmahəng olması heç ağlıma da gəlməzdi.
- Müəlliməm – dedim.
- Tələbəyə oxşayırsan – dilləndi.

Əvvəllər mənə belə deyəndə buna kompliment kimi yanaşırdım, sonralar niyə insanların belə fikirləşməsi bir qədər mənə toxunurdu. Axı müəllimdən nəyim əskikdi, gözümdə eynəyim, əlimdən qovluğum, sifətindəki ciddilik də öz yerində. İndi də bu qoca elə oturan kimi müəllimliyimə şübhə ilə yanaşdı.
- Adın nədir?

- Natiq.
- Adaşıq ki. Mən də müəllim olmuşam, 38 il dərs dedim, indi tay əldən düşmüşəm. Müdafiə eləmisən?
- Hə.

- Mən də eləmişəm 1968-ci ildə. Sonra başın buraxdım, çox süründürdülər, adamım olmadı.

Arada fürsət tapıb onun toz basmış eynəyinin arxasından qalın qaşlarının altında gizlənən çuxura düşmüş gözlərinə baxa bildim. Boz bullanlıq gözlərdən elə şəffaf işıq süzülürdü ki, saatlarla ona baxıb qocanın keçdiyi bütün ömür yolunu varaq-varaq oxumaq olardı.

Yenə təəccüb doğuran bu gözlərin nə üçün mənə bu qədər doğma, əziz olması idi, elə bil hər gün onları güzgüdə görürəm öləziyən, çuxura düşmüş gözlər...

- Əlindəki kağız nədi elə?
- Arayışdı, qol çəkdirmək istəyirəm.
- Hə, mənim də belə bir arayışım var idi, əgər imza atsaydılar bəlkə də həyatım dəyişəcəkdi.

- Bəs imza atmadılar?
- O imzanı almaq üçün gərək əclaflıq eləyəydim...

Heç inanmağım gəlmir ki, nə vaxtsa insan həyatını dəyişmək üçün belə bir dilemma qarşısında qalsın: ya yerində saymalısan, ya da irəli addımlamaq üçün əclaf olmalısan. Hansı seçimin daha yaxşı olması haqqında çox baş sındırmağa, qatma-qarışıq düşüncələr dəryasında qurdlanmağa lüzum yoxdu, çünki hər ikisi əclaflıqdı.

Həyatın sürətlə dəyişən ritminə – onun adına bəzən inkişaf da deyirlər, biganə yanaşmaq, vaxtın verdiyi fürsətləri saya salmadan yerində saymağa başqa nə ad vermək olar? Biri də var axara düşüb gedəsən, söhbət irəliyə və ya geriyə doğru hərəkətdən getmir, sadəcə axara düşməkdən gedir, bunun üçünsə əclaf olmaq təklif edilir.

Görəsən mən hansını seçərdim, nə gizlədim ürəyimdən əclaf olmaq keçdi.

Qoca çuxura düşmüş gözləri, ya da hansısa telepatik hissiyyatı ilə elə bil ürəyimdən keçənləri duyurmuş kimi dilləndi:

- Elə bilirsən hamı əclaf ola bilir, hamıya belə şans verilmir. Bu, dünyanın ən çətin işlərindən biridi - əclaf olmaq üçün də şans lazımdır, oğul.
- Yəni deyirsiniz ki, heç mənim əclaf olmaq şansım da yoxdu?.. – aman Allah bu nə sualdı verdim.

Dediyim sözlərdən o qədər utandım ki, qızarıb-qızarmadığımı bilmirəm, amma əsil xəcalət təri məni basdı. Dərhal özümə haqq qazandırmağa başladım: bir anlıq elə bildim ki, dünyanın axırıdır və yalnız əclaflar xilas ola bilər, bəs onda mən niyə geri qalım? Axı mən bütün əbləhlərin yerinə onların 900 il bundan əvvəlki adlarının qaytarılması uğrunda döyüşmək istəyirəm.

Buna görə əclaf olmaq lazımdırsa olum da, kiməsə oxumuş, savadlı əclaf lazım deyil?

Qoca bu dəfə heç başını qaldırmadan kitab oxuyurmuş kimi monoton sələ dilləndi:

- Bəzən adama elə gəlir ki, bütün yolları bağlanıb yalnız bir yolu qalır: yeganə bağlı qapıdan əyilib keçmək.

Əvvəl deyəcəksən ki, gərək o qapıdan keçəydim, onda hər şey başqa cür olardı, sonra fikirləşəcəksən ki, hər şey başqa cür oldu, amma əyildim. Bəlkə də böyük ideyanın yolunda hardasa əyilməyə oxşar nəsə etmək olar, amma ortada heç bir ideya-filan yoxdursa, sadəcə özün əyilmək istəyirsənsə, onda heç qapını döyməyə ehtiyac yoxdu elə əyilə-əyilə get qapı özü açılacaq.

Amma sonra peşman olmayasan...
- Bunları kim deyib?
- Bunlar mənim şəxsi qənaətimdi. Sənin neçə yaşın var?

Bayaqdan təəccüb doğuran fikirləri ilə bütün düşüncə sistemimi tərksilah edən qocanın birdən-birə yaşımı soruşması məni bir az ürəkləndirdi, istədim mən də onun yaşını soruşam:

- 32, bəs sizin?
- 79.
- Heç demədiniz, o vaxt sizin arayışın üstünə imza atdılarmı?
- Yox mən əclaf olmadım.

- Bəlkə bunun üçün şans vermədilər?
- Bəlkə də... hər halda mən əclaf olmadım.

Qoca salafan torbasını götürüb həmişəki yolu ilə getməyə başladı, bir neçə dəqiqədən sonra beşmərtəbələrin arasında görünməz oldu. Sözlərindən elə təsirlənmişdim ki, bu qədər vaxtda heç olmasa bircə dəfə ona yaxınlaşıb söhbətləşmədiyimə təəssüflənirdim.

Saatıma baxdım həyatımı dəyişəcək arayışa imza atdırmaq üçün sarsaq bürokratın yanına qalxmaq vaxtı idi. Kağızı büktələyib zibil qabına tulladım, qocanın artıq təfəkkürümə hopmuş fikirləri məni əclaflığın bir addımlığında saxladı.

...Yenə hər gün gözüm onu axtarır, minlərlə insanın addımladığı küçələrdə, parklarda elə-hey onu görmək üçün gəzişirəm.

Bəzən bir vaxtlar bütün uğursuzluqlarımın baiskarı hesab etdiyim qocanı görməkdən ötrü dönə-dönə onun haqqında düşünürəm, onun gəzdiyi yolları neçə dəfə o baş-bu başa gedirəm. Amma o, gələcəkdən xəbər verən övliyalar kimi sanki qeybə çəkilmişdi.

İndi bütün maymaqların yükünü öz çiyinlərimdə hiss edirdim, onu isə sadəcə bir sualıma cavab almaq üçün axtarırdım – belə yüklə bundan sonra 47 il yaşamağa dəyərmi?
XS
SM
MD
LG