Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

Elçin HÜSEYNBƏYLI "Məzar gəlini" (HEKAYƏ)


Hadisə baş verən gün dişim ağrıyırdı. Əslində buna hadisə də demək olmaz, maraqlı əhvalat desəm, bəlkə də yerinə düşər.

Yaz havasıydı, gün günortaya yaxın olsa da günəş, sanki, təzəcə çıxmışdı. Mən şam ağaclarının dövrələdiyi poliklinikanın yanındakı məzarlıqda gəzişirdim. Ora xüsusi bir məqsədlə getməmişdim. Sadəcə, diş həkimi demişdi ki, müştəri çox olduğundan təxminən 40 dəqiqə sonra gəlim.

Belə məqamlarda mənim kimi daim narahat adamın oturub gözləməyə hövsələsi çatmazdı, ona görə də başımı qatmaq üçün qəbiristanlığı seçdim. Hər şeylə maraqlananlar üçün deyim ki, burada bekketsayağı nəsə gözləməyin.

Mən irlandlı həmkarımdan fərqli olaraq qəbiristanlığı müqəddəs məkan sayıram. Sadəcə vaxt öldürmək üçün başdaşılarındakı yazıları oxumaq istəyirdim. Başdaşı yazıları mənimçün, yəqin - həm də hər şeyi bilməyə can atan qəriblər üçün maraqlıdır.

Çünki onlar həyatın ölüm şəklidir və min illərin ənənəsini özündə saxlayır. Hər kəs həyatda qalacaq nişanəsini ölümdən qabaq görmək, onun buz kimi sifətindən öpmək istəyir. Lap xoflandım. Buz kimi sifəti kim sevər ki?!

Mən qəbiristanlığın yerləşdiyi təpəlikdə özümü qərib kimi hiss eləyirdim. Bilmirəm, bu evdən və iş yerindən uzaq olmağımla bağlıydımı, yoxsa çəkiləcək dişimin ağrısının qorxusuylamı. Uşaq vaxtı dişimi çəkdirməyə anam aparardı.

Mən də ağrılarımı və qorxumu azaltmaq üçün başımı onun allı-güllü donunun altına soxardım, süd qoxuyan dərisini iyləyərdim, ya da uzun donunun ətəyinə bürünərdim. Anam isə ətrafdakılardan ayıb eləyib, başımı donunun altından çıxarar, məni qucağına alardı.

Onda sulanmış ağzımı onun yaxalığında gizlədərdim, xırdaca əllərimlə ondan bərk-bərk yapışardım. Anamın qoxusu az da olsa, ağrımı azaldardı. İndi bütün bunlardan məhrumuydum.

Qəbir daşlarının üstündə sizin də daim rast gəldiyiniz cürbəcür yazılar vardı. Kimlərsə o dünya üçün başdaşını övladından, kimsə atasından əmanət almışdı. Başdaşının üzərində hər yaşa uyğun ağılar, bayatılar vardı.

Qoca adamların başdaşıları mənə təsəlli, cavanlarınkı narahatlıq gətirirdi. Mən bu qədər qoca ölmək, bu qədər cavan da həyatdan getmək istəmirdim. Arxada mənim əlimə baxan uşaqlarım, hələ də xoş gələcəyə ümüd bəsləyən arvadım, məndən əlini üzməyən qohum-əqrəbam, dostlarım vardı.

Əlbəttə, bu danışdıqlarımın heç birinin indi eşidəcəyiniz maraqlı əhvalata dəxli yoxdur, maraq baxımından heç ona yaxın da düşə bilməz, amma öz barəmdə nəsə deməliydim ki, danışacaqlarıma da inanasınız.

Bu, çox qəribə, bəlkə də qəribədən də qəribə əhvalatdır.

Deməli, mən qəbirlərin arası ilə gəzə-gəzə, bədbin və nikbin sifətləri görə-görə gəlib bir məzarın önündə dayandım, daha doğrusu, sanki başdaşında təsvir olunmuş adamın özü, bissimillah, dəmir barmaqlıqların arasından əlini uzadıb, ətəyimdən tutdu və mən dayandım.

Bu, bir gəlinin şəkliydi. Bilmirəm niyə gözəl qadınlar həmişə mənə ilişir!? Gəlinin yaraşıqlı çöhrəsi, yanağında qara xalı vardı, az seziləcək dərəcədə gülümsəyirdi. O qədər sakit dayanmışdı ki, sanki mələyiydi.

Başında fatası, əynində indi dəbdən düşmüş ağ uzun gəlinlik donu vardı, əlində çiçək dəstəsi tutmuşdu. Çiçəklər bənövşəyi, ağ və sarı güllərdən ibarət idi. Sanki onu dağdan yenicə yığmışdılar.

Çiçəyi dərən isə elə mən özüm idim. Yenə də şıltaqlığım tutmuşdu və kəndimizin dağlarında-dərələrində dolaşıb, çiçək yığırdım, dombalan, yer alması, boz kəkliyin yumurtasını axtarırdım. Məndən fərqli olaraq, gəlinin sifətindən məsumluq və günahsızlıq yağırdı.

Mən ona xeyli baxdım, baxa-baxa da dişimin ağrısını unutdum, həkimə qayıtmaq fikrindən də daşındım. Deyəsən, gəlini sevdim də, hər halda onu arzuladım, yuxularımı yadıma saldım.

Gərək ki, mən onu nə zamansa yuxularımda görmüşdüm. O gəlin dağların o biri üzündəki nağıl şəhərində yaşayırdı. Bəlkə möcüzə axtaran Alisaydı, ya göyçək Fatmaydı, bəlkə də onların bacısıydı. Ən qəribəsi oydu ki, onun şəklinin altında heç nə yazılmamışdı.

Nə adı bilinirdi, nə də doğum və ölüm tarixi.
Bu düşüncələrim bir müddət çəkdi. Mən gah gəlinin sir-sifətinə, gah onun yaxalığına, daha dorusu sinəsini dombaldan döşlərinə, gah da ayağındakı ağ səndələ baxırdım.

Birdən qulağımın dibində hənirti hiss elədim, üşəndim, cəld qanrılıb arxaya baxdım. Yaşlı bir kişi arxamda dayanıb şəklə baxırdı, ağzından siqaret iyi gəlirdi: ucuz və filtrsiz siqaret qoxusu. Mən çəkməyi çoxdan tərgitmişəm, amma onun qoxusunu yadımda saxlamışam. Bu doğrudan da pis qoxuydu. Bəlkə o, dişlərini də yumurdu, ya elə protez gəzdirirdi.

Dişləri protezli kişilərin (lap elə qadınların da) ağzından pis qoxu gəlir. İnciməsəydilər, deyərdim ki, siqaret çəkməsinlər.

Saçları çallaşmış, sifəti bürüşmüş həmin kişi elə də qoca deyildi; onu ya içkiyə həddən artıq meylli olması, ya da özünü doğrultmayan ümüdləri qocaltmışdı. Son fikir xoşuma gəlir. Mən onu hansısa bir kinodan eşitmişəm.

O, mənimlə yanaşı bir müddət dayanıb gəlinə baxdı, daha doğrusu, çöhrəsi batıq və xallı gəlinin mübarək simasını seyr elədi, axırda heç nə demədən məzarı dövrələyən hasarın qıfılını açıb içəri keçdi. Gəlin məzarının yanında təxminən bir adam boyu yer də vardı.

O, əlindəki dolçanı həmin yerə qoydu, tələsmədən məzarın ətrafındakı ot-alağı yolub atmağa başladı, qanqal onun barmağını yaralasa da əhəmiyyət vermədi. Qanı eləcə üstünə sürtdü. Deyəsən, o, ağrı da hiss eləmirdi. Görünür, ümüdləri ölmüş adamın hissləri də onu tərk edir: dinməz-söyləməz, sahibini belə incitmədən. Hisslərin də sahibi olur axı, ya elə əksinə: hisslər adamın sahibidir, zamanı gələndə aradan çıxır. Ay səni!

Kişi başdaşının böyürlərində özünə yer eləmiş daş güldanlara da əl gəzdirdi, qurumuş çiçəkləri götürüb kənara atdı, qoynundan bir cüt qərənfil çıxarıb, hərəsini güldanın birinə qoydu, su tökdü. Mən nədənsə oradan aralanmaq istəmirdim, bəlkə də ağlıma gəlmirdi, ya da elə hansısa qüvvə məni saxlayırdı. Bu qüvvə gəlinin görünməz əlləri də ola bilərdi. Ah, kişini qucaqlayan qadın əlləri!..

Kişi cibindən dəsmal çıxarıb, şəklin üstünü təmkinlə sildi, üzünə su vurdu. Sonra mən tərəfə baxmadan, sanki öz-özünə pıçıldayırmış kimi:
-Çox cavan idi,-dedi, dili topuq vurdu, kəkələdi.

-Allah rəhmət eləsin!-Mən ona təsəlli üçün: - yəqin, qızınızdır?- deyə soruşdum.

Kişi:

-O mənim nişanlım idi,-deyə yenə də kəkələyə-kəkələyə, məyusluqla cavab verdi.

Biz bir müddət susduq. Gəlinin həyatdan nakam getməsi onu daha da gözəlləşdirirdi, ürəyimi ağrıdırdı. Onun sifətində qəmlə sevinc əkiziydi. Sanki məharətli rəssam şıltaq bir adamın müxtəlif ovqatını bir sifətdə birləşdirmişdi. Bədbinlər həyatda ölüm, nikbinlər ikinci həyat axtarırlar.

Sirli bir üçlük yaranmışdı: gəlin-kişi və mən. O da, sanki, bunu duydu, bəlkə də danışmağa ehtiyac hiss eləyirdi və belə bir əhvalat söyləməyə başladı:
-Biz qonşuyduq. O, mənim kiçik bacımla yaşıdıydı. Mən ondan yeddi yaş böyük idim, az qala qucağımda böyümüşdü.

Onu sevmək heç ağlıma da gəlməzdi, amma həyatı nə bilmək olar. Adama əvvəlcə dərd, sonra sevinc verir. Eşq dərdlə başlayır.

-Eşq qədim insanın kədəridir,-deyə onun fikrilərinə şərik çıxdım. Amma o, mənim bu müdrik sözlərimə məhəl qoymadı.

-Mən ona vurulduğumu ilk dəfə ot tayasının başına çıxanda hiss elədim. Əsgərlikdən təzəcə qayıtmışdım, iyunun əvvəlləriydi. Otu təzəcə həyətə gətirmişdim və indi onu tayaya vururdum, dostum otu yaba ilə götürüb, yuxarı qaldırırdı, mən də onu alıb, yerbəyer edirdim.

Qız isə yerdə dayanıb mənə əl eləyirdi. Qız, sanki məni hansısa uzaq səfərə yola salırdı. Bu, çox mərhəm hissdi, onu sözlə demək olmaz…

Söhbətin bu yerində hardansa bir sərçə uçub gəldi, gəlinin baş daşına qondu. Mənə elə gəldi ki, bu, gəlinin ruhudur. Bəs göyərçinlər necə oldu?

Nakam gözəllərin ruhu göyərçinlərdə olur axı. Yəqin elə o da belə düşündü və quşa ötəri bir nəzər saldı, heç nə demədi. Sərçə fındıq başını o tərəf-bu tərəfə döndərdi, buğda boyda bəbəkləri göz yuvacığında çalxalandı, sonra rəfiqələrini, dostlarını çağıra-çağıra uçub getdi.

Kişi söhbətinə davam elədi:

-Həmin gün otu tayaya vurandan sonra o, vedrədə su gətirdi, əl-üzümü yumaq üçün su tökdü, çiyninə atdığı dəsmalı mənə uzatdı.

Balaca bacım həmin vaxt evdə yoxuydu, bəlkə də bu bir oyun idi, deyə bilmərəm. Amma 13-14 yaşlı bu qız elə gözəlləşmişdi ki, sanki, boynumda gəzdlirdiyim dünənki uşaq deyildi.

Onda cəzbedici nəsə vardı. Maqnit kimi məni dartırdı, əlimə tökdüyü su, sanki qanıma qarışırdı, içimə hopurdu.

O, doqquzuncu sinifdə oxuyanda Qarabağ müharibəsi başladı və mən könüllü cəbhəyə gedəsi oldum, amma ondan əvvəl nişanlandıq.

Arabir ona məktub yazırdım, ondan da cavablar alırdım. Biz bir-birimizi ölənə kimi sevəcəyimizə söz vermişdik. Mən onu sevdiyimi evlərinin yanındakı yarğanın başında gəzərkən demişdim.

O, isə dünyagörmüş qadınlar kimi susmuşdu, mənə şübhəli və qıyğacı bir nəzər salmış, çəkələyini sürütləyə-sürütləyə evlərinə tərəf qaçmışdı.
Müharibə qəsəbəmizdən elə də uzaq deyildi, adamlar gecələri səksəkə içində keçirirdilər. Qorxularını yaddan çıxarmaq üçün gecəni uydurma əhvalatlara qulaq asa-asa başa vururdular.

İmkan düşəndə komandirdən icazə alıb evə gəlirdim. İki il bir aydan sonra sağ ayağımdan yarlandım və geri qayıdası oldum. Toyumuzu ləngitmədim. O özü belə istədi…

Kişi dayandı, gəlinin üzünü dəsmalı ilə sildi, sonra barmaqlarını onun dodaqlarında, yanaqnlarında gəzdirdi.
-Toy günü səhər…-O sözünün arxasını gətirmədi.

-Yəqin qəzaya düşüb?-soruşdum.
Bir müddət pauza verəndən sonra:

-Hə, qəzaydı,-dedi, susdu və bu dəfə başını qaldırıb qızarmış gözləriylə üzümə baxdı. -Özü də elə bir qəza ki…

Mən özünü kişi sayan heç kəsə bunu arzu eləmirəm…O, toy günü, zaqsdan çıxandan sonra mənim dostuma qoşulub qaçdı, təzəcə şəkil çəkdirmişdik…
Bir anlıq pauza verəndən sonra heç nə olmayıbmış kimi:

- Mən onu öldürdüm,-dedi. Sonra mənim təəccübümü görüb:-O mənada yox, mən onu mənən öldürdüm. Qəbrin altı boşdur, çünki mən onu bura qədər sevirdim,- dedi və birdən, gözləmədiyim halda ürəkdən qəhqəhə çəkib güldü və qəbrin altının boş olduğuna məni inandırmaq üçün başdaşını döyəclədi. Mən elə başa düşdüm ki, həmin adam ruhi xəstədir.

-Bura isə mənim yerimdir,-o mən tərəfə baxmadan, boş yerə işarəylə dedi,- axı ölənə kimi, hətta o biri dünyada da bir yerdə olacağımıza söz vermişdik. Mən sözümün üstündə durmaq istəyirəm…

Hava dəyişmişdi, yağış iyi gəlirdi. Dişimin ağrısı tamam kəsmişdi. Deyəsən, dişim də ağrıyana kimi mənim olmuşdu, indi mən nə onu, nə də ağrısını xatırlamaq istəyirdim. Dişim mənimçün ölmüşdü…

"Ulduz" jurnalı
XS
SM
MD
LG