Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Kamran Nəzirli "Ağ ev" (Hekayə)


Ağ mələfədə çarpayı qorxuludur; yatırsan ölü kimi, heç nədən xəbərin olmur.

Bilmirsən duracaqsan, ya qalacaqsan orda; bayaqdan Ramin də ağappaq döşəkdə bu ağ mələfəni üstünə çəkib səssiz-səmirsiz uzanıb.

İyirmi doqquz il qoru, müdafiə elə, bəslə, nazı ilə oyna, bir əli yağda, bir əli balda olsun, sonra da uyusun bu çarpayıda.

Sən də durub baxasan kənardan, əlindən heç nə gəlməyə.

Oğlunun yatdığı çarpayının böyründəki ağ zolaqlı divanda ayaqlarını qatdayıb oturan Zinyət xanımın beynində qorxunc fikirlər dolaşırdı.

Hələ yaxşı ki, evdə tək deyildi; gəlini və altı yaşlı nəvəsi Yağmur o biri otağa çəkilmişdilər.

Çınqırlarını çıxarmırdılar, bu vəziyyətə öyrəncəli idilər.

Zinyət xanım çarpayıdan qorxmağa başladı. Bu çarpayı onun ərini də beləcə apardı; gecə yatdı, səhər durmadı.

Eşidənlər “asan və gözəl ölümdü” dedilər. Amma o, demədi; əri ilə yaşadığı otuz il ona otuz gün kimi göründü.

Otuz gün! Vəssalam. Bəs qalan günlər, aylar, illər hara getmişdi?

İndi də bu suala cavab axtarmaq zorundaydı. Az əvvəl bütün ruhunu silkələyən qorxu hissi ümidsizlik və pərişanlıqla əvəz olundu.

O, oğlunun bu vəziyyətə düşməsini nə özü, nə də mərhum əri ilə bağlamaq istəyirdi.

Əslində o, oğlunun öldürücü durumuna səbəb olmuş bu əlacsız xəstəliyin hələ özünün də dəqiqləşdirə bilmədiyi baiskarını qəzəb dolu son mühakimələrinin beşiyindəcə boğmaq istəyirdi.

Hər ötən an onun əhvalı ilə bərabər düşüncələrinə də yeni rənglər gətirirdi.

Ona elə gəlirdi ki, bu, bir yuxudu görür, ötəcək, yaddan çıxacaq; həyat onun oğlu, nəvəsi, qızı, bütün ailəsi üçün yenə əski günlərdəki kimi nəşəli və fərəhli olacaq.

Kimə pislik etmişdi? Kimin çörəyinə bais olmuşdu axı? Məgər o, övladını bu iztirablar üçün dünyaya gətirmişdi? Yox və yenə də yox!

Bu, Allahın yazdığı qismət deyil! Belə şeylər iblislərin ağlına gələr. Hə, bax, bu dəqiqələrdə ana gah da iblisləri öz qəzəbinə məhkum edirdi...

Çarpayı qəfildən çırıldadı. Oğlan böyrü üstə çömbəldi və dərindən “ah” çəkdi.

“Ahın dağlara, bala!” ana dedi. Bu anda çanında bir gizilti duydu, sonra yenə narahat duyğular oyandı içində.

Bax, indicə yenə ayılacaq, yenə başlayacaq it kimi hürməyə; gah mətbəxə cumacaq, gah çörək qabını eşələyəcək, gah da şifonerin gözlərini bir-bir çıxarıb tullayacaq döşəməyə.

Arvadına çımxıracaq, sonra da bədbəxt ananın üstünə bağıracaq; gözlərini azğın heyvan kimi bərəldib “harda gizlətmisiz?” deyə şprislərin yerini soruşacaq. Neçə dəfə belə olub.

Hər dəfə şprisləri gizlətmək istəyiblər.

Alınmayıb. “Lomka”da olan adama “yoxdu” demək olar?!

Bayaq Zinyət xanım şprisləri gizlədəndə ümid edirdi ki, heç olmasa bir gün yaddan çıxarsın bu zibili.

Yaddan çıxartmadı ki! Şprisləri ananın əlindən qapıb balışın altına qoydu. Sonra birini götürüb onun gözünün qabağındaca ehmalca damarına vurdu.

Onca dəqiqə keçmədi ki, məst oldu.

Dünya fırlandı. (Onu görüm fırlanmasın!). Otaqdakı şeylər rəqs elədi. Gözlərinə parıltı və xumarlıq gəldi.

“Mən yatıram!” deyib çarpayıya sərələndi. Bax beləcə, düz bir il idi ki, Raminin bəxtinə daş düşmüşdü; evin qara günləri başlamış və o da oğlunu ətraf aləmdən gizlətməyə qərar vermişdi...

Çarpayı yenə tərpəndi. Oğlanın gözləri növbəti dəfə dumanlandı, qızardı, parıldadı.

Gözlərinin altında qançırlar əmələ gəlmişdi. Güclə nəfəs alırdı.

Ana oğlundakı fiziki dəyişikliklərin sürətlə baş verməsini müşahidə etdikcə daha da təlaşlandı. İnan Allaha, tək olsaydı dizləri qopardı.

Axı bu bir ildə belə şeylər sezməmişdi; doğrudur, oğlu son günlər xeyli sınıxmışdı; əllərinin dərisi qupquruydu.

Dodaqları tez-tez sulanırdı; o, yarıyuxulu vəziyyətdə arabir dili ilə dodaqlarını yalayırdı; az sonra yerində bir-iki dəfə qurcalanıb yenə tərpənməz oldu.

Bu mənzərənin rahatsızlığı və qorxusu ananı yordu.

Əslində bu yorğunluğun nədən ibarət olduğunu anlamadı. Nədən yoruldu axı? Uyan oğluna baxmaqdanmı, ya oğlunun bu hala düşməsindənmi?

Bəlkə oğlunu bu yola sürükləyən həyatdan yoruldu ana? Həyatdan yorulmaq olar? Hamı onu günahlandırır; həyatı yoran yoxdu bəyəm?

Oğlanın rəngi ananın mühakimələri kimi tez-tez dəyişir, can üstündə olan adamlar kimi nəfəsi təngiyirdi.

Ana özünü itirdi. O biri otağa, gəlinin yanına yüyürdü. Gəlin qaynanasının yersiz hay-küy qaldırmasına adət etmişdi.

Ona görə də onun çılğın hərəkətlərinə bir o qədər əhəmiyyət vermədi. Zinyət xanım təşviş içində dedi:

- Qızım, artıq qorxmağa başlayıram... Nə edək?

- Bilmirəm... Mən daha bezmişəm... Uşağı da götürüb gedəcəyəm... Nə qədər gizlətmək olar, hə?

- Bəlkə Lətişə bir də zəng vurasan, Mamedi də götürüb gəlsinlər... Axı uşaq əldən gedir?!

Bayaqdan öz çarpayısında ağ bürüncəkli gəlinciyini “yatızdıran” Yağmur narahat dolu gözlərini nənəsinə, sonra da anasına zillədi.

O, atasıyla bağlı nəsə xoşagəlməz bir hadisənin baş verməsini srağagündən zənn etmişdi.

Uşaq elə srağagündən anası kimi susur, dinməzcə otağın bir küncünə çəkilib gəlinciyini oynadırdı. Yağmur gəlinciyi götürüb yavaşca atasının yatdığı otağa keçdi.

Ağ zolaqlı divanın küncündə əyləşib çarpayıda tir-tap uzanmış atasının ağ mələfə altından kəsik-kəsik gələn nəfəsini dinləməyə başladı.

Zinyət xanım gəlinin hirsli və qəmli üzündə özünə qarşı nifrət və həqarət duydu. Gəlin və qaynana müəmma dolu qəzəbli baxışlarla səssizcə danışırdılar. Təxminən belə:

Gəlin:”Bütün günahlar səndədi... Sənin iyirmi doqquz il bəslədiyin o “uşaq” mənim ərimdir, başa düşürsənmi?

O, uşaq deyil! Ərimin mənfur taleyinin bütün məsuliyyəti sənin üzərinə düşür. Bəli, bəli, sən qəbahətlisən.

Oğula qarşı bu qədər lüzumsuz qayğımı, lütfkarlıqmı göstərmək olar?”

Qaynana: “Övladıma yaxşılıq kimi qəbul etdiyim bütün nəvaziş və mərhəmətimi qəbahətmi saymaq olar?

Buna görə məni məzəmmətmi edirsən? Qızım, bəlkə biz bu günahı tən yarı bölək? Görünür, sənin sevgin onun qəlbinin ehtiyacını ödəməyib...

Bəlkə elə buna görə bu vəziyyətə gəlib çıxdıq, hə?”

Gəlin: “Hər halda, sənin oğlunu mən doğmamışam. Onun günahları özüylə birgə doğulur.

Sənin ifrat məhəbbətin onu şıltaqlığa məhkum edib. Əgər vaxtında məhkum etmiş olduğun oğlunun şıltaqlıqlarına ciddi müqavimət göstərsəydin belə olmazdı...”

Bu anlarda evin ürək göynədən hüznlü ağırlığı altında Zinyət xanım gəlinə cavab vermək iqtidarında deyildi.

O, əmin idi ki, təqsiri yoxdu; övlada qarşı sonsuz mərhəmət və sevgi ilə yanan ana qəlbinin hərarətini hansı qüvvə azalda bilər, hə?

Əlbəttə, heç bir qüvvə, qoy nə deyirlər desinlər... Yad qızının qısqanclığı mənim üçün hakim ola bilməz. Allah özü bilən məsləhətdir.

Birdən nə düşündüsə bütün çöhrəsinə zəif ümid işığı qondu. Qapıya sarı tələsdi. Çölə çıxıb qonşunun qapısını döydü.

- Anna Nikolayevna, Raminin halı heç xoşuma gəlmir... Səhərkindən də pisdir...-deyə otuz il qonşu olduğu rus qadınına yazıq-yazıq baxdı.

- Zina, əzizim, bu saat... Bu saat gəlirəmm... -deyə Anna Nikolayevna yaşına uyğun olmayan qıvraq hərəkətlərlə çölə çıxıb öz qapısını açarladı. Sonra ananın ardınca mənzilə girdi.

Anna Nikolayevna hündürboy, arıq vücudlu bir qadın idi.

Onun qıvraq hərəkətləri, şux səsi, qeyri-sabit əhvalı və cavan qadınlara məxsus makiyajı yaşı səksəni ötmüş bir qadının əlamətləri ilə heç cür uyuşmurdu.

Anna Nikolayevna iyirmi yaşından Semaşkoda, daha sonra şəhərin müxtəlif xəstəxanalarında tibb bacısı işləmişdi.

Qəribə xasiyyətləri vardı; bir də görürdün qapandı özünə, günlərlə evdən bayıra çıxmadı; qapını da heç kimin üzünə açmadı.

Gah kimdənsə küsür, gah da həmin adamı bağrına basıb duz kimi yalamaq istəyirdi.

Bir neçə il bundan qabaq əri Mixail Petroviç sətəlcəmdən öldü. Qonum-qonşular yığışıb Petroviçin dəfnini necə lazımdı təşkil etdilər.

Ən çox da Zinyət xanımın mərhum əri Nəriman əl-ayağa düşdü.

Tabut sifariş verdi, dəfnə lazım olan digər xırım-xırda işləri yoluna qoydu. Bütün bunlardan nə Anna Nikolayevnanın, nə də qızı Tanyanın xəbəri oldu.

Yas mərasimi qurtarandan sonra Anna Nikolayevna Zinyətgilə keçib “sağ ol!” demək əvəzinə xeyli donquldandı, dedi: “Zina, sənin ərin məndən icazəsiz xeyli pul xərcləyib.

Xahiş edirəm xərclədiyi pulların təsnifatını və qaimələrini mənə təqdim etsin.

Mən bunları ödəyəcəyəm...” Zinyət xanım “narahat olmayın, Anna Nikolayevna, bu, bizim qonşuluq borcumuzdur” deyəndə arvad razı olmadı, üz-gözünü turşudub mənzilinə çəkildi.

Səhəri yenə gəldi, yenə həmin iddianı qaldırdı; axır ki, birtəhər Petroviçin tabutunun pulunu verdi.

Bu hadisədən üç ay keçməmiş Anna Nikolayevna qızı Tanya ilə nəyin üstündəsə (hələ qonşulardan indiyə kimi heç kəs bilmir ki, ana-bala nə üstündə dalaşmışlar) qızğın mübahisə etdi və iki gündən sonra Tanya şələ-şüləsini yığışdırıb köçüb getdi Ulyanovsk şəhərinə.

O vaxtdan Tanyadan xəbər-ətər yoxdu.

Görünür, Anna Nikolayevna bu gedişdən məmnun qalmışdı. Arvad çox şən, həm də gümrah görünürdü.

Tez-tez özü haqqında, keçmiş iş yoldaşları haqqında xatirələr söyləyir, bəzən öyünə-öyünə “indiki həkimlərə həkimlikdən dərs verərəm” deyirdi.

Yaşından qat-qat cavan görünən bu qadın hərdənbir zarafat etməyi də unutmurdu.

Zinyətin yadına gəlir ki, inişil onun rəhmətlik əri bir dəfə zarafatla soruşdu ki, Anna Nikolayevna, axı sizin cavan qalmağınızın sirri nədədir?

Zinyət xanım ərinin belə bir sualına xoşlanmasa da, rus qadınının cavabı onu sonradan xeyli düşünməyə məcbur etdi.

-Bilirsiz, Nəriman Qasanoviç, mən az yeyirəm, amma lazım olan şeyləri yeyirəm. Həm də çox gəzirəm...

Zinyət özünü saxlaya bilməyib mıqqıldadı:

-Anna Nikolayevna, elə biz də az yeyirik də...

-Zina, əzizim, siz çox yeyirsiniz, özü də lap çox... Olmaz! Mən otuz ildi ki, çörəkdən imtina etmişəm; bibər, badımcan, sarımsaq...

Alma, heyva, qarağat, qaragilə... kefir, tvoroq... Mənim menyum bunlardı, yenə sayımmı?

Həmin gün Zinyət də, əri də bu qənaətə gəldilər ki, Topçubaşov kimi şöhrətli həkimin əlinin altında işləyən bu rus qadınından öyrəniləsi şeylər çoxdu.

İndi oğlunu bu bəladan qurtara bilməməsi dərdindən az qala beli ikiqat olmuş Zinyət xanım bu gün ikinci dəfə idi ki, Annaya ümidlə müraciət edirdi. Anna Nikolayevna səhər bir dəfə gəlib getmişdi.

Bu dəfə də ayaqları ucunda çarpayıya yaxınlaşdı. Lap astadan, mülayim səslə:

- Ramin, mənim əzizim, sənə nooldu? Sən ki belə deyildin, Raminçik! Qoy bir sənə baxım...-dilləndi.

- Ah.... ufff... Sən niyə getdin, ay Nəriman?- Zinyət xanım köks ötürdü.

- Zina, axı niyə narkoloji dispanserə aparmırsız?.. Mən neçə dəfə demişəm... Onu məhv edərsiz... Nədən qorxursuz?.. Bu uşaq yazıqdı...

- Anna Nikolayevna, vallah, qorxuram... abrımdan-həyamdan; adımız-sanımız var axı... Bilsələr, el içində rüsvay olarıq... Ağızlarda saqqız olmaq istəmirəm...

- Əzizim, nə ad-san?... Onlar ötəri mehdi... Gəldi, xoşhal oldun, sonra da getdi... vəssalam.... Əsas can-sağlığıdı... Can sağlığı... Uşaq əldən gedir... Siz də durub baxırsız... Lətafət hanı? Ona neçə dəfə demişəm... Bəs arvadı nə deyir, hə?

- ....

- Vayyy, vay... Bura bax, Zina, sən bunu mütləq apar dispanserə... And olsun Müqəddəs Məryəmə, o, öləcək...-Anna Nikolayevna Raminin sınıxmış sağ qolunu yavaşca qaldırarkən damarların gömgöy olduğunu və qançırların şişdiyini gördü və “öləcək” sözünü elə ucadan və təntənə ilə dedi ki, zalım qızı elə bil şad xəbər verirdi.

Bunu eşidən və bu ağır dərdli mənzərəni ürəkgöynədən nəzərləri ilə təqib edən Yağmurun üzünə məşum bir təlaş hissi qondu; bu kədərli və sarsıntılı söz uşağın zərif vücudunu üşütdü.

Qızcığaz divana söykənib ağ bürüncəkli gəlinciyini sinəsinə sıxdı; qapqara, doluxsunmuş gözlərini gah nənəsinə, gah Anna Nikolayevnaya, gah da çarpayıda hərəkətsiz qalmış atasına zillədi.

O zərif, gözəl və məhzun baxışları sanki don vurmuşdu. Otağın üzücü sıxıntısının soyuq əlləri məsum qızcığazın bütün ruhunu insafsızcasına oxşayırdı.

Nənəsi ucadan ufuldadı. Anna Nikolayevnanın sonuncu məzəmmətindən elə bil oyandı.

Sonra dəhşətli xəbər eşidən adamlar kimi mətbəxə cumdu, telefonu götürdü.

Amma heç hara zəng vurmadı. Tez də qayıtdı Anna Nikolayevnanın yanına. “Mən neyləyim, hə?” öz-özünə deyindi.

“Gəlin də Annanın dediyini deyir. Ayağı yer tutacaq köpək qızının... Nə edək, hə?”. Bu vaxt telefon zəng çaldı. Ana elə bil bu zəngi gözləyirdi, dərhal telefona cumdu.

-Alo,-səsində titrəyiş vardı.

-Necədi?

-Ah, Lətiş, qızım, sənmisən? Necə olacaq?.. Əvvəlki kimi... Yenə uymuşdur... Anna Nikolayevna deyir ki, öləcək...

-Elə oğuldansa, olmamağı yaxşıdı...

-Ah, canım mənim, qardaşındı, elə demə...

-Qardaşım olsa da, kişi deyil... Bunamus köpəyoğlu!

-Qızım, atanı söymə... Axı bizim adımız, sanımız....

-Rəhmətlik atamın başını yerə soxdu...Sənin..... oğlun!

-Qızım, axı sən hər şeyi niyə mənim üstümə atırsan?

-Çünki günahın böyüyü səndədi, ana! Əvvəldən pis tərbiyə verdin, onu tənbəlliyə öyrətdin! Sərbəstlik vermədin oğluna!

-Eh... sərbəstlik... elə bilirsən sərbəstlik yaxşı şeydi? Qızım...-Zinyət xanım göz yaşlarını saxlaya bilmirdi,- Axı, mən...

-Bəli sən, sənnn... Gül kimi arvadı var, qızı var... Onlara da əzab verirsiz... Sənə dedim axı vaxtında ayır onları, qoy öz əlləri, öz başları olsun. Demədim?
-Dedin... qızım.. axı o mənim bircə oğlumm...

-Ana, məni əsəbləşdirmə, yenə bax dəstəyi atacam yerə... Daha dözə bilmirəm...

Zinyət xanım göz yaşları içində dəstəyi yerə qoydu. Otağa dərdli sükut çökmüşdü. Anna Nikolayevna ayaqları ucunda necə gəlmişdisə, eləcə də çıxıb getdi. Düşündü ki, artıq burda qalmağın mənası yoxdu.

Bu dəqiqə Zinyət yalnız mərhum əri haqqında düşünürdü. “Kişi sağ olsaydı...” Bəli, bəli, kişi sağ olsaydı, heç onun oğlu narkomanlıq edərdimi?

Heç gəlin uşağın yanında ona söz qaytarardımı? Kişi sağ olsaydı, onun qızı bu tonda danışardımı? Kişi sağ olsaydı...

Hə, kişi sağ deyildi və sağ olsaydı da bilmək olmazdı bu dünyanın işlərini. Zinyət xanım ona əzab verən bu ikibaşlı düşüncələrlə gəlib nəvəsinin yanındaca dirsəkləndi.

Oğlu yerində qurcalandı, nəsə mızıldadı. Qəflətən dik atıldı. Zinyət xanım diksindi, qorxa-qorxa:

-Oğlum, noldu, yuxu gördünmü?-soruşdu.

-Hə, yuxu gördüm... ağ ev gördüm yuxuda...-deyib yenə mələfəni başına çəkdi.

-Bismillahirr-rəhmanirr-rəhim...-ana əlini dizinə çırpdı. –Heç yaxşı deyil, heç yaxşı deyil!... “ağ ev” məzar deməkdi...-deyə qeyri-ixtiyari böyründə oturub ona heyrətlə baxan nəvəsinə pıçıldadı.

Sonra durub çarpayıya tərəf yeridi, ağ mələfə altında ağır-ağır nəfəs alan oğluna sarı əyildi. -Oğlum, Ramin, yatdınmı? Şpris lazımdımı yenə?-ehtiyatla soruşdu.

Səs gəlmədi. Elə bil indicə yerindən dik atılan oğlu deyilmiş. Daş yuxusuna getmişdi yenə... Bu hal ananı lap hövlləndirdi. Telefona tələsdi.
-Alo... qızım... Lətiş...

-Nə var, ana? İndi nə istəyir, heroini qurtarıb?

-Yox, ay qızım, qardaşının halı xoşuma gəlmir... İndicə yerindən dik atıldı, dedi yuxuda ağ ev görüb?

-Ağ ev? Bəlkə Buşu da görüb yuxuda? Bax, ana, bir daha bizdən pul istəməyin... Mən daha ərimin üzünə baxa bilmirəm... Anna Nikolayevna zəng vurmuşdu mənə, istəyirsiz aparın narkoloji dispanserə... qurtarsın getsin... Özünə niyə bu qədər əzab verirsən axı?

-Qızım, qulaq as, heç nə istəmirəm... İynələri var... O gün sırğalarımı aparıb satıb...

-Bir azdan evi də satacaq...- dəstəkdən əsəbi səs gəldi.

Telefon susdu...

Gecəyarı işıqlar söndü. Mətbəxdəki soyuducudan həmişəkindən fərqli olaraq elə bir tırıltı gəldi ki, Zinyət xanım dik atıldı.

Ondan çox uşaq qorxdu. Mətbəxdə əlləşən gəlin dodaqucu nəsə pıçıldadı, sonra hirsli-hirsli şkafın gözlərini eşələdi. Aşağı gözdən lampanı çıxarıb yandırdı. Yataq otağına apardı. Ramin xoruldayırdı.

Az sonra xorultusu kəsildi. Sağ əli ilə mələfəni üstündən tulladı.

-Oğlum, işıqlarımız sönüb, qorxma. Lampa var...-Zinyət xanım ehtiyatla dilləndi.

-Ana, nəfəsim kəsildi... Bu nədi, məni kimsə ağ evə sürükləyir...

- Can bala, səni qara basır... Qorxma...Yavaş, ehtiyatlı ol! Yıxılarsan...

-Yenə ağ ev gördüm, ana... – oğlan bir də təkrar etdi...

Zinyət xanım əllərini iki dəfə dizlərinə çırpdı...

Dan yeri söküləndə Ramin yenə hövlnak oyandı, ağ mələfəni üstündən atıb “offf, nəfəsim çatmır!” mızıldadı, böyrü üstə çömbəlib ağzı köpüklənə-köpüklənə “ağ ev, ağ ev gördüm yenə” deyə qırıq-qırıq səslər çıxartdı; bir qədər çömbəldiyi yerdə qurcalandı, sonra eləcə çarpayıya yıxıldı.

Yarımqaranlıq otağın ölü sükunətindən qopan bu pozuq səslərə nənəsinin böyründə bayaqdan bəri mürgü vuran Yağmur da oyandı; qızcığaz divandan yerə düşmüş gəlinciyini götürüb yenə bərk-bərk sinəsinə sıxdı, heyrət içində dizlərinə döyən nənəsini çaşqın nəzərlərlə süzdü.

Ağ mələfəli çarpayıdan xırıltı gəlirdi. Gəlin az qala yüyürə-yüyürə içəri keçdi.

Zinyət xanım “Allah, mənə yazığın gəlsin, allah, mənə səbr ver!..” deyə səsini bir qədər də qaldırıb hıqqana-hıqqana Anna Nikolayevnanı çağırmağa getdi.

Yağmur nənəsinin həyəcanlı hərəkətlərinə göz qoyduqca düşünürdü ki, nəsə pis bir şey baş verəcək.

Görəsən atası doğurdanmı öləcək? Onda bəs onun atası kim olar?

O, lampa işığında atasının gözlərinin bərəldiyini görüncə canında soyuq bir gizilti duydu. Sinəsinə bərk-bərk sıxdığı ağ bürüncəkli gəlinciyinin belində çarpazladığı zərif əlləri və toppuş barmaqları əsməyə başladı...

Hava işıqlanmaq üzrəydi. Sübhün sərin havası bu balaca otağın pəncərəsindəki açıq nəfəslikdən yavaş-yavaş içəri dolurdu. Bununla belə, otaqdan validol qoxusu da gəlirdi.

Balaca Yağmur atasının üzüqoylu yatdığı çarpayıya düşən zəif lampa işığında təcili yardım həkimlərinin bir-biri ilə pıçıltılı söhbətlərinə və gətirdikləri dava-dərman çantasından nə isə axtardıqlarına göz yetirirdi.

Hamı ayaq üstə durmuşdu. Bibisi Lətafət, onun əri, nənəsi, anası, Anna Nikolayevna, təcili yardımdan gələn kişi həkim və tibb bacısı dinməzcə atasını müayinə edən hündürboy, yaşlı, o biri kişi həkimə baxırdılar.

Təkcə o, Yağmur, əvvəlki kimi divanın küncündə dizlərini qatdayıb sakitcə oturmuş, gəlinciyi də böyrünə qoymuşdu. Qızcığazın bütün siması təsvirəgəlməz gərginlik içindəydi.

Görəsən nə baş verəcək?

Qızcığazın təşviş dolu gözlərində şimşək çaxırdı, göy guruldayırdı, qapqara qalın buludlar gah sürətlə nizamsız hərəkətlər edir, gah da bir-birinə toqquşub gurultu ilə şaqqıldayırdılar.

Qızcığazın qulaqları da uğuldayır, şaşqınlıqdan heç nə eşidə bilmirdi. Anna Nikolayevna həkimlərə ərkyana göstəriş verdi:

- Dispanserə aparın!

Həkimlər etiraz etmədi. Atası bunu eşidən kimi nərilti ilə üzü üstə çevrildi. Əlləri ilə ağ döşəkçədən möhkəmcə yapışdı. Yəni ki, aparın, görüm necə aparırsınız.

Həkimlər onu dilə tutmağa çalışdılar. Anna Nikolayevna bir qədər səsini ucaltdı. Zinyət xanım və qızı bunun əleyhinə olsalar da, dinmirdilər. Ramin söyüş söyməyə başladı.

- Əl çəkin, getmirəm, alçaqlar!-dedi.

Vəziyyətin ciddiliyini və təhlükəli olmasını dərhal anlayan Lətafətin əri inamlı addımlarla irəli yeridi.
Başı ilə o biri həkimlərə işarələdi ki, ona kömək etsinlər. Gərginlik bir qədər də artdı. Raminin düyünlənmiş yumruqları zərbə vurmağa hazır idi.

Məmməd Raminin sümükləri çıxmış qollarını bərk-bərk tutdu.

O biri həkimlər də xəstənin ayaqlarından yapışdılar. Ramin dəli kimi müqavimət göstərməyə başladı. Bu balaca otaqda kobud kişi səsləri həyəcanlı qadın səslərinə qarışaraq əsəbi bir səhnə yaratdı. Bu nədir, Ramin dünyaya müharibə elan etmişdimi?

Ona elə gəlirdi ki, bu dəqiqələrdə dünya, bax bu otağın içindəki düşmənlərdən ibarətdir. O, nifrət bəslədiyi həmin düşmənlərə deyirdi:

-Buraxın, əclaflar! Məni hara aparırsız, getmirəm...

Ramin döşəkçədən ikiəlli yapışmağa cəhd etdi. Balaca qızcığaz atasının necə müqavimət göstərməsini, onun əzablı çırpıntılarını sonsuz həyəcanla izləyirdi; onun zərif və məsum siması pəncərədən düşən sübh işığında qara bulud kimi tutuldu.

Gözlərinin içindəki qapqara buludlar daha gur şaqqıldadı, şaqqıldadı və...

Və... birdən... uşaq içini çəkə-çəkə zarımağa başladı; qızcığazın solğun yanaqlarından göz yaşları axdı; ürkək hıçqırtıları xəfif yalvarışlarla əvəz olundu:

-Ataaaa! Yooox.... aparmayın! Buraxın onu! Ataaaamla işiniz olmasın! Atacan... mənnn.... səni sevirəm...

Qızcığaz dünyanın ən gözəl yalvarışlı hönkürtüsünü vururdu. Bu anlarda kimsə burda, ətrafa qeyri-adi kədər çiçəyi səpələyən gözəllik barədə düşünərdimi heç?!

Uşağın hönkürtüsünü eşitmədilər ki!

Və necə oldusa, Ramin müqavimətini qəflətən dayandırdı, amiranə pıçıldadı:

-Buraxın, özüm gedirəm!

Otaqdakılar məəttəl qaldılar.

Ramin ağlı başında olan adamlar kimi yerindən qalxdı. Stulun başında sallanan yaşıl jiletini çiyninə atdı, həkimləri aralayıb ağ zolaqlı divana tərəf yeridi.

Diz üstə çöküb yanıqlı-yanıqlı hıçqıran qızının yanaqlarındakı yaş damcılarını əlinin arxasıyla sildi, uşağın qatdanmış və titrəyən dizlərindən astaca öpdü, onun eşidə biləcəyi pıçıltıyla:

- Mənim gözəl qızım, mələk qızım! Ağlama... mən ölməyə getmirəm, inşallah sabah qayıdaram,-dedi.

Heç kəs bunun fərqinə varmadı. Balaca Yağmur bir qədər toxdadı. Atası gedəndən sonra o, rahatca yuxuladı.

Səhər açılanda Anna Nikolayevna Zinyət xanıma və Yağmurun anasına deyirdi ki, narkomanlar gah ciddi və yalançı, gah da mülayim və təcavüzkar olurlar...

2008
XS
SM
MD
LG