Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:39

FEYZİYYƏ "Konduktor" (Hekayə)


O, konduktor işləyirdi.

Avtobusun ön hissəsi və sürücünün oturduğu kabinənin arxa tərəfi qara şüşələrlə bağlı olduğundan sürücü görünmürdü.

Avtobusun qarşısında nə nömrəsi, nə də gedəcəyi istiqamət yazılmamışdı.

Qəribə rəngi olan avtobusun içi adamlarla dolu idi.

Amma buna baxmayaraq yolda nə qədər adam olsa «yer var» deyib götürürdülər.

Doğurdan da bütün oturacaqlar tutulmuş olsa da, götürdükləri sərnişinlərin sayı qədər arxa sıralarda boş yer olurdu.

Öndə oturanlara arxaya keçməyi xahiş edir, yenilər öndə oturur və beləcə yerdəyişmələr təkrarlanırdı.

Avtobusa ilk minənlər buradan qan iyinin gəldiyini deyib, əlləri ilə burunlarını tutsalar da, konduktorun bircə baxışı ilə dediklərini unudurdular.

Sərnişinlər avtobusun hara getdiyini soruşanda konduktor onlara «Sizə lazım olan yerə» deyirdi.

O, yolboyu parkda oturanları, küçədən keçənləri, hətta eyvandan, pəncərədən baxanları da avtobusa minməyə çağırırdı.

Qanın qoxusu sərnişinlərin gözlərini və beyinlərini dondurmuşdu.

Heç kim bir kəlmə danışmırdı, elə bil avtobus oturan ölüləri daşıyırdı.

Konduktorun sadəcə «siz arxa sıralara» keçin sözünə hər biri sakitcə əməl edirdi.

Necə olurdusa hər dayanacaqda arxa sıralar boşalırdı.

Qəribəsi isə o idi ki, iri avtobusun pəncərələri və arxa qapıları açılmırdı.

Açılan yalnız ön qapı idi ki, burada da konduktor dayanırdı və buradan yalnız giriş üçün istifadə edilirdi.

Ümumiyyətlə bu qapıdan deyəsən heç sərnişin çıxmamışdı.

Yolboyu sərnişin götürmək imkanı daha da məhdudlaşdı.

Çünki avtobus şəhərdən çıxmış və bu düzənlikdə insana rast gəlmək ehtimalı azalmışdı.

Ön sıraların boş olmasına və bura yenilərin gəlməməsinə baxmayaraq, konduktor nə üçünsə tez-tez sərnişinlərə arxa sıralara keçirtməkdə davam edirdi.

Və beləliklə də sərnişinlər yavaş-yavaş azalırdı.

Nəhayət kimsəsiz düzənlikdə gedən avtobusda konduktor tək qaldı.

Uzun müddət yol getdikdən sonra sürücü kabinəsinin qara şüşədən olan arakəsməsi açıldı və sürücü arakəsmədən konduktora boylandı.

Onun domba gözlərinin bəbəyi qırmızı idi. Qan yığılmış şüşəyə bənzəyirdi.

Konduktor onunla çoxdan işləməyinə baxmayraq hələ bir dəfə gözlərinin niyə belə olduğunu soruşmamışdı.

Sürücü üçkünc formada olan dişlərini göstərərək güldü və kanduktora «günü gündən daha yaxşı işləyirsən,- dedi.- Səni mütləq mükafatlandıracağam.

Sonra «düş əmanətlərə göz gəzdir»,- deyə sözünə davam etdi. Bilirsən ki, xırda bir əskiklik bizə baha başa gələ bilər.

Konduktor avtobusdan düşdü. Avtobusun arxasına keçib yük olan qapını açdı.

Bir az qurdalandı. İri kisələrə, şüşə çəllələklərə göz gəzdirdi. Canına üşütmə düşdü. Sonra tez:

- Bir kisə və bir şüşə çəllək yarımçıqdı.

Bunu eşidən sürücü özündən çıxdı:

- Mən onlara nə yarımçıq kisə, nə də yarımçıq çəllək verə bilmərəm. Sən nə danışdığını heç bilirsən?- deyə sürücü boğazının damarı qalxıb enə-enə bağırdı. Bir nəfər lazımdır.

Konduktor sarısını uddu. Xırda həşaratlardan başqa canlı olmayan bu düzənlikdə insanı necə tapa bilərdi.

Bir qədər susduqdan sonra yenidən yollarına davam etdilər. O:

- Bəlkə geri qayıdaq, buralarda adam tapmaq çətindir.

Sürücü:

- Vaxt yoxdur, gecikə bilmərəm,- deyə yenə bağırdı.

Bir müddət hər ikisi susdu. Sonra bir yamaca yaxınlaşdılar. Sürücü:

- Keç arxada otur, gecikmişik, bu yamacı sürətlə qalxmalıyıq. Bilirsən ki, mallar vaxtında yuxarı çatdırılmalıdır.

Konduktor bir-iki sıra arxaya keçdi. Sürücü güzgüdən ona baxıb:

- Arxaya, lap arxaya,- dedi. Vaxt yoxdur tez ol. Nədi, yoxsa qorxursan? Ya mənə inanmırsan?

Söz konduktoru tutdu. Qorxaq olmadığını göstərmək üçün qalxıb lap arxa sırada oturacaqlardan birinə oturdu.

Sürücü:

- Səni sınayırdım, görüm qorxaqsan, ya yox. İndi inandım ki, qorxaq deyilsən. Səninlə yaxşı işləmişik bir yerdə və buna görə də sən mənimçün əzizsən. Amma mən qorxağam, buna görə də öz canımı səndən də çox istəyirəm,- deyərək qarşısındakı qırmızı düyməni basdı.

Həmin andaca oturacaq çevrildi. Konduktor oturacaqların altında qurulmuş avtomat qəssabın bıçaqlarının arasına düşdü.

Həmin andaca həmişə olduğu kimi birinci dil çıxarıldı. Konduktor gözləri görə-görə bədən üzvlərinin necə doğrandığını və qanının şüşə çəlləyə necə axdığını gördü.

Sonda başı da ayrılaraq bir tərəfə atıldı. Artıq hər şey tamam idi, yarımçıq kisə də, yarımçıq şüşə çəllək də tamamlanmışdı.

Avtobus tələsirdi. Onu yuxarıda gözləyən var idi.

Və o, çökəkliklərə düşüb çıxdıqca dili çıxarılmış bir şəhər baş yırğalanaraq konduktorun dolmuş gözlərinə baxırdı...


Hekayə haqqında fikirlərinizi aşağıdakı şərhlər bölümünə yaza bilərsiniz.
XS
SM
MD
LG