Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:34

Xuraman Hüseynzadə. Yeni şeirlər
















Mən bir çinar ağacıyam


“Mən bir ceviz ağacıyam
Gülhanə parkında...”
N. Hikmət

Mən bir çinar ağacıyam
Heydər parkında.
Sən də bunun fərqindəsən,
polis də fərqində.
Köküm bu torpağa bağlı mənim,
küləklər sığal çəkir budaqlarıma.
Polisin dəyənəyinin gücü çatmır
budaqlarıma.
Buranın havası boğur məni,
Yarpaqlarımda şeh kimi
düyünlənir qəhər.
Burda məni
yabançı çiçəklər salamlayır
hər səhər,
yabançı otlara düşür kölgəm...
Şaxələnmiş kökümün
üstünü ağ mərmərlə
məzar kimi örtsələr də,
məni ölü, kimsəsiz zənn etsələr də
mən bir çinar ağacıyam
Heydər parkında.
Yarpaqlarım budaqlarımda,
budaqlarım bu parkda
əsir olsa da,
təbiət məndən bu cür qisas alsa da
mən bir çinar ağacıyam
Heydər parkında...
Ətrafım körpə fidanlarla dolu,
kökümüz kəsilməz!
Boyumuz ucadan uca,
Ayaq altda tapdanmaz, əzilməz
mən bir çinar ağacıyam!
Kim bilir,
bəlkə də...
dar ağacıyam!...


Yağış

Yaxaladın yenə məni küçədə,
Şıltaqlığın bəla oldu başıma.
Soyuqladım, üşüdüm gör necə də,
Damlaların qarışdı göz yaşıma.

İslanmağım tamam başqa gözəllik,
Düşünmə ki, bir gün səndən bezərəm.
Sən payıza yandırılan “üzərrik”,
Hər işvənə, hər nazına dözərəm.

Damlaların həyatıma bir naxış,
Çətin, özgə gözəlliyə meyl edim.
Narın-narın, asta-asta yağ, yağış,
Qoy mən səni pəncərədən seyr edim...


Son görüş

Bu da son görüş...
Çatdı nağılın sonu.
Beləcə
bitirdik bu oyunu.
Günlərimiz sevmək ilə ötüşdü,
indən belə
girmə mələk donuna.
Göydən üç alma düşdü
bu yarımçıq
şeirimizin sonuna
üç nöqtə kimi...


Ayrılıq bu...

Ayrılıq bu, ölüm deyil,
Dərdi, əzabı hədərdi.
Ayrılıqdan başlayan yol
Yenə sevgiyə qədərdi.

Hər yolun sonudu sevgi,
Hər yolun başlanğıcıdı.
Mən də sevgiyə təşnəyəm,
Ürəyim sevgi acıdı.

Sevmək nə gözəldi, dostum,
Ayrılığa sevgi qənim.
Dinimdi, həm imanımdı,
Sevgi allahımdı mənim.
XS
SM
MD
LG