Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:26

Kamran Nəzirli. Yorulmadın camaata nağıl danışmaqdan?


Kamran Nəzirli
Kamran Nəzirli

- "Uşağı yenə qoyub getmisiz! Vaxt tapdınız da toya getməyə! İşıqlarımız sönüb, evimiz damır... Di qayıdın gəlin."

Kamran Nəzirli

Yarpaqlar töküləndə

İşıqlar qəfil sönmüşdü. Qaranlıq otağın sükutunu pozan təkcə üzücü taqqıltılar və çöldəki yağışın səsi deyildi, həm də nəvənin babasının böyrünə qısılıb maraqla qulaq asdığı nağıl idi.

Bayaq yağış təzəcə yağmağa başlamışdı ki, ev yenə damdı. Ev sahibəsi dilxor oldu, deyinə-deyinə vedrəni gətirib qoydu otağın ortasına, sonra yaşıl donunu geyib qara çətirini götürdü, ərinə:

-Uşağı yatızdır, - deyə gözlərindən yuxu tökülən nəvəsinə işarə elədi, küskün və ümidsiz baxışlarını qapıya dikib əlavə etdi:

-Gedim görüm Anaxanımın oğlu evdədi? Çağırım, çıxsın dama, görsün yenə harda dəlik var...

Əri könülsüz yatağa girdi. Arvadı əliboş qayıdıb gələndə o, artıq nəvəsiylə yorğana bürünmüşdü. Mətbəxdən arvadının səsi gəlirdi, telefonda oğluyla odlu-odlu danışırdı.

-Uşağı yenə qoyub getmisiz! Vaxt tapdınız da toya getməyə! İşıqlarımız sönüb, evimiz damır... Di qayıdın gəlin..- deyə giley-güzar edirdi.

Baba və nəvə bir anlıq susdular. Birdən uşaq babasını qucaqlayıb sakitcə yalvarmağa başladı:

-Baba, nolar, mənə yenə nağıl danış...təzə olsun! Kitabda olmayan nağıl!

Babanın təzədən nağıl danışmağa həvəsi yox idi. Axır vaxtlar hövsələsi daralmışdı. Tez-tez yorulurdu, ruhdan düşürdü. Dindirməsən dinməzdi.

Hərdən nəvəsi gələndə yadında qalan köhnə nağılların qol-qıçını sındırıb söyləyərdi. Təqaüdçü olmaq belədi - heç nəyə həvəsin olmur, elə bütün günü tənha qalmaq, keçmişlə yaşamaq istəyirsən. Fəqət keçmişlə, xatirələrlə yox...

"Axı nə qədər "Qırmızıpapağın", ya da "Məlikməmmədin" nağılını danışarlar? Hər dəfə də süjetdən bir balaca kənara çıxanda uşaq Domokl qılıncı kimi başımın üstünü kəsdirib deyir.

"Elə deyil, belədir. Dünən bu cür danışdın!". İndi gəl, yadına sal görüm, dünən necə danışmısan!.." Baba düşünürdü.

Birdən elə bil ovqatına can, üzünə qan gəldi; fikirləşdi ki, yeni bir şey uydursun, lap təzə, lirik bir şey danışsın uşağa.

Əslində uşaq özü bunu istədi. Beyni lap keçmişdəki soyuducu mühərrikləri kimi işə düşdü, danışmağa başladı:

"...Mən ona yarpaqlar töküləndə rast gəldim. Baxışdıq, baxışlarımız gülümsədi, üz-gözümüzü sahil bağının soyuq küləyi sığalladı. Sonra qeyri-ixtiyari qoşa addımladıq, susduq, baxışdıq, yenə susduq, yenə addımladıq.

Hərdən baxışlarımız öpüşdü, hərdən kirpiklərimizin arasına sığınıb gizləndi, hərdən də od-alov saçdı. Qoşa addıımladıq, yorulmadıq, ayaqlarımız altında xışıldayan sarı yarpaqlar da əzilib-büzülməkdən yorulmadı.

Payız yaz ömrümüzü sevgiylə oxşayırdı. Birdən o, dedi:

-Mən yağışı sevirəm, bəs sən?

-Mən də günəşi sevirəm..."

-Baba, "o"... kim idi?- uşaq tələm-tələsik soruşdu.

-Nənən!

-Nənəm?- uşaq dirsəklənib daha böyük maraqla qulaq asmağa başladı.

"...Göy guruldadı, yağış tökdü. İkimiz də islandıq. Üst-başımız su içində oldu, yaxında daldalanmaq üçün yer də yox idi, ürəyimizdə buna ikimiz də sevinirdik. Olsaydı, bəlkə də qaçıb durardıq orda, islanmazdıq. Amma ikimiz də yağışda addımlayırdıq, inanırdıq ki, yağış kəsəcək, gün çıxacaq, buna görə də yol gedirdik, baxışırdıq, gülümsəyirdik, yenə addımlayırdıq, asta-asta, sevinə-sevinə, sevə-sevə... Yanımızdan ötüb keçən çətirli yaşlı bir qadın ağız-burnunu əyib mızıldadı:

-Dəlilər!

Hə, biz dəli olmuşduq, düz deyirdi, dəliydik, dəli! Biri-birimizin dəlisi!.."

Oğlan bu yerdə özünü saxlaya bilmədi, deyəsən, söz onun damarına toxunmuşdu, ağlamsına-ağlamsına ucadan qışqırdı:

-Dəli özüdü!

Baba susdu, xeyli susdu. Daman tavana baxdı. Birdən nəvəsi onun böyrünü dürtmələdi, soruşdu:

-Bəs sonra? Sonrası nooldu? Üst-başınızı harda qurutdunuz?

-Heç yerdə!

-Niyə?

-Çünki gün çıxmadı, indiyə kimi su içindəyik... Görmürsən, paltarlarımız hələ də yaşdı?

Uşaq xeyli fikrə getdi. Əvvəlcə əlini babasının üst-başında gəzdirdi, sonra durub yavaşca paltar dolabını açdı, əllərini nənəsinin yaşıl donuna sürtdü.

Qupquruydu. Qayıdıb gəldi, yenə babasının böyrünə girib yorğanı üstünə çəkdi. Bu dəfə arxasını çevirdi babasına, ağır başlı kişilər kimi yüngülcə çəmkirdi:

- Yorulmadın camaata nağıl danışmaqdan?

Hər ikisi bir müddət susdu. Baba mətbəxdə lampa işığının oynayan kölgəsinə tərəf baxırdı. Uşaq isə mışıl-mışıl yatmışdı.

2015

XS
SM
MD
LG