Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:45

Ülviyyə Tahir "Şeytanın missiyası" (Hekayə)


Bu uzaq, gözdəniraq məkanda yovşanlardan və yalnız qoyuna-mala şirin gələcək otlardan başqa heç nə yox idi.

Bu düzənlik ayda və ya da həftədə bir kərə gördüyü cip maşınlar istisna olmaqla sanki sivilizasiyadan xəbərsiz idi.

Buranın əsas qəhramanları qoyunlar idi. Onlar yeyır, yatır və nə vaxtsa öləcəklərini xəyallarına belə gətirmirdilər.

Onların burada nökərləri insanlar idi. Bir tikə çörəkdən ötrü bu qədər zülmə qatlanmaq yalnız belə doğulub, belə yaşamağa öyrənmış insanların əlindən gələ bilərdi.

Yayda günəşin yandırıcı şüaları, qışda yolların keçilməzliyi bu insanların mətanətini qıra bilmirdi.

Burada xəstələnən uşaqları ehtiyat dərmanlar olmayanda Allahın köməyi sağaldırdı.

Qarabağ əldən gedəndən sonra yaylaq görmüş çox insan arançılığa dözməyib öldü. Bəlkə də qoyunlar da öldü amma bunu heç kəs bilmədi.

Onsuzda bu düzənlikdən kimin xəbəri var idi ki?!..

Çiçək gözünü bu əcaib yerdə açmışdı. Bu yer Çiçəyə ta gedib rayonu görənəcən əcaib gəlməmişdi.

Onun oyuncaqları qoyun yunu, kəndir birdə atasının haradansa tapdığı qırıq bir maşın idi.

Çiçək heç məktəb üzü də görməmişdi. Rayona əmisigilə gedəndə əmisiuşaqları Tarzan gormüş kimi tez bütün şeylərini gizlədərdilər.

Çiçək onlarda gördüyü rəngli televizoru, başgicəlləndiri ətir iyi verən evi qoyub daim qoyun pendiri iyi verən qamış dəyələrinə dönmək istəməzdi. Amma anası yenə onu bəlkə də, Allahın da yaddan çıxardığı bu düzənliyə sürüyüb gətirərdi.

Burada yaşanılan günlərin bir-birindən fərqi olmazdı.

Beləcə Çiçək zamanın hamını sürüyüb müxtəlif şəkilərə saldığı dünyada böyüməkdə idi.Özünə üfüqlə yerin qovüşduğu, bəlkə də dünyanın mərkəzi olan bu yerdə qardaşı,anası,və atasından başqa bir şey tapmışdı.

Onun həyatına rəng qatan bu yeganə şey günün sonunda tamaşa etdiyi mənzərə idi.

Çiçək işini qurtaran kimi gedib yaxınlıqdakı təpəyə dırmaşar,günəşin üfüqün qoynuna necə girdiyinə tamaşa edərdi. Bunu hər gün etsədə bundan bezmir, hər gün günəşin zərrəsində bir rəng kəşf edərdi.

Onun üçün günəş hər gün yatmağa gedir, səhər isə oyanıb gəlirdi .Ona “günəş batmır, yer fırlanır” desəydilər o, buna çətin inanardı.

O, hər gün öz sevgilisini uğurlayan kimi qaçaraq evə gələr, yeməyini yeyən kimi toyuqların yatdığı vaxtda yatardı.

Çünki onun aid olduğu həyatda gün bu zaman başa çatır, həyat isə dan yeri ağaran kimi başlanırdı.

Və bir gün. Bir gün hər şey dəyişdi. Həmişəki kimi günəşin qürub çağı Çiçək işlərini cəld yerinə yetirərək təpəyə qaçdı. Bu gün gecikmişdi. Təngnəfəs təpəyə dirmaşanda orada adi insan boyundan boyu hündür olan bir varlıq gördü.

Bu varlıq ona tərəf dönmədən:
Çiçək, bu gün sən niyə gec gəldin ?-deyə məlahətli səslə soruşdu.

Çiçək bu ətrafda kiminsə yaşadığını bilmirdi. Onun bu ucsuz-bucaqsız düzənlikdə indiyə kimi gördüyü yeganə yad adam bu fermanın sahibi Moran kişi idi.

Bu yekəpər və özündən razı kişi bəzən iki həftədən bir bəzən də ayda bir dəfə

bura gəlir, dünyanın ən pis sözlərini onlara deyərdi. Amma atası bir dəfə demişdi ki, “onun burada xoruzlanmağına baxmayın,

O heç buranın sahibi deyil.” Amma Moran nə qədər pis olsada, Çiçək onun gəlişini gözləyərdi ,çünki onun parıldayan cip maşını, tərtəmiz paltarı uzaq bir həyatdan xəbər verirdi.

Ikinci bir yad Çiçək üçün sürpriz idi. Bu tanımadığı varlığın onun adını da bilməsi Çiçəyi təəccübləndirdi. Qadın marağı qorxusuna üstün gəldi.

Bir az irəlillədi.Varlıq ona tərəf döndü. Varlığın əynində yayın istisinə baxmayaraq qara uzun bir plaş var idi. Bir neçə yerindən cırıq olan bu plaş sanki min il idi ki , onun əynində idi.

Onun üzünü uzun buruq saçları qapamışdı. Bu ona daha da əsrarəngiz bir hal verirdi.

Çiçəyə ən çox qəribə gələn isə onun qaranlığın içində gah yox olması gah da yaxınlıqda peyda olması idi.

Çiçək cəsarətini toplayıb ondan:

Sən kimsən? –deyə soruşdu.

Varlıq elə o an qulağının yanında peyda olaraq pıçıldadı:

Sən məni tanıyırsan, Çiçək . Mən hər gün burdayam.

Onun pıçıltısı isti nəfəsə çevrilib Çiçəyin boynunu, boğazını qarsdı. Bu isti nəfəs onu elə hərarətləndirdi ki, bir anlıq bunun əbədi davam etməsini istədi.

Bundan sonra Çiçək ondan heç nə soruşmadı. Çiçəyin artıq on dörd yaşında ikinci sevgilisi peyda oldu.

Bu sevgilisi əvvəlki sevgilisi tək uzaqda deyildi. Birinci sevgilisi onu hər gün ikinci sevgilisinin qucağına verərək yatmağa gedərdi.

Çiçək sehirli bir aləmdə idi. Bu sehirli aləm onun titrətməli qızdırmaya düşməsi ilə dağıldı. Çiçək yatağa düşdü.

Hər gecə sayıqlayır, paltarlarını cırıb tökürdü. Bu cırıq paltarlarla da həmin təpəyə qaçardı.

Təpədə isə onun bir gördüyü min olardı. Üstünə tökülən bu əcaib varlıqlar ona zövq verən varlığa bənzəməzdilər. Üzü- gözü şırımlanmış qızdan artıq evdəkilər də qorxurdular.

Onun bu xəstələyi ciddiləşdikcə, atası daha da ,başını itiridi.Bir gün uzaqdan-Çiçəyin də heç vaxt olmadığı yerdən babası onlara gəldi. Çiçək babasını heç vaxt görməmişdi. Yalnız bir dəfə anası ağlayanda atası: “Zırıldama! Onlar səni daha axtarmazlar. Atan səni gərək bağışlayaydı”-deyəndə bu sözləri Çiçək də eşitmişdi.

Hələ o vaxtı Çiçək uçaq ağlı ilə anasının nə isə səhv bir iş tutduğunu başa düşmüşdü. Indi isə babasının bura necə gəlib çıxdığını başa düşəcək qədər sağlam beyinə malik deyildi. Gələndən səssiz oturan qoca nəhayət dilləndi:

-Mən gedim Ağanı gətirim. Bizim belə işlərdən başımız çıxmaz.

Qoca özü kimi qoca olan yabısını rəhimsizcəsinə qamçılayaraq uzaqlaşdı. Çiçəyin isə saatbasaat sayıqlamaları artırdı.

Belə bacarıqlı bir adamın işini atıb, ucqar bir fermaya gələcəyini nə evdəkilər nə də baba gözləyirdi. “Hər halda getməklə nə itirirəm ki,”-deyə baba özü-özünə düşündü.

Şər qarışan vaxtı rayona çatan baba, yarıümüd halda Ağanın evinə yollandı. Bu adamı hamı Ağa adı ilə tanıyırdı.

Onun əsl adını xatırlayan tək-tük adam qalmışdı. Ona el arasında inam o qədər qüvvətlənmişdi ki, xəstələnən insanlar birinci həkimdən öncə onun yanına baş çəkərdilər.

Sovet rejiminin domokl qılıncı belə Ağanın nüfuzuna xələl gətirə bilməmişdi. Ağanın evdə olduğunu bildikdə babanın sevincinin həddi-hüdudu olmadı. Ağanın otağına girib, elə salamdan sonra nəvəsinin xəstəliyi barədə olan –bitəni nəfəs belə almadan doğrayıb tökdü. Babanı ağ saqqalını tumarlaya-tumarlaya dinləyən Ağa : -Dur! Dur gedək. Deyəsən məsələ ciddidir.-deyərək rəfdən qəhvəyi rəngli bir kitabı götürüb balaca bir çantaya atdı.Həyətə çıxanda babanın atına baxaraq, azca nə isə düşündü və üzünü evə tərəf tutaraq səsləndi: --Ay uşaq, mənim atımı çıxarın. –Ağa, sənin üçün gecə getmək çətin olmayacaq? Baba ürkək-ürkək onun üzünə baxaraq soruşdu. –Çox qoca görunurəm?-deyə Ağa gulumsəyərək suala sualla cavab verdi.

Gecəyarı fermaya çatdılar. Ağa yeməkdən və yatmazdan da öncə xəstəni görmək istədi.

O, Çiçəyə və bədənindəki ləkələrə baxaraq dodağının altında anlaşılmayan dildə nə isə dedi. Qayıdıb xalçanın üstündə yerini rahatlayan Ağanın üzündə çox sakit bir ifadə var idi.

O, qabağındakı ala-bəzək sufrənin iplərini dartışdıraraq qoyunu, malı və fermaçılıq işlərini soruşurdu.Dəyənin küncündə hıçqıran qızına;

Ay qız, dur! Dur bura qulluq elə! –deyən babanın səsində rəhm qarışıq qəzəb var idi.

-Heç nə lazım deyil –deyə Ağa etiraz etdi: Gecənin xeyrindənsə, sabahın şəri yaxşıdır Yataq! Sabah durub bir qərar verərik.

Düzənliyin altı nəfər sakini gündüzün verdiyi həyacan və yorğunluqdan sonra şirin yuxuya getdi. Səhərin gözü açılan kimi Ağa işinə başladı.

O, qarşısına qoyulmuş çayı birnəfəsə başına çəkib köhnə çantasını qurdaladı. Oradan vərəqləri tökülən bir köhnə bir kitab çıxardı.

-Bu nə vaxtdan başlayıb?

Ağanın qətiyyətli səsi dəyədəkiləri diksindirdi.

- Yazbaşı. Hə deyəsən yazbaşı idi. Ağa, vallah bu qız elə sakit uşaq idi ki....-səsi boğulan ata daha danışa bilmədi.

-Sizdə də günah var. Uşağın şər vaxtı nə işi var orada?!..-deyərək sözünə davam etdi: mən əlimdən gələni edəcəm, təki Allah səbəb salsın. Qıza elə bir şeylər müsallat olub ki.mən özüm belə belələrini on ildən bir görürəm. . Kitabını qatlayıb kənara qoyaraq Ağa çantasından çıxartdığı ətirli kağıza sürətlə nə isə yazmağa başladı.Yazdığı kağızı büküb patron şəklinə saldı:

-Bunu onun üstündən asın. Gecə sayıq yatın. Evə ehtiyat su qoyun.

Gün əyiməyə başlayanda Ağa atına minib getdi. Lakin o məşum gecəni uzun zaman nə Çiçək nə də evdəkilər unuda bildilər.Qızının təkidlərinə baxmayaraq baba qonaq yatağına keçmədi.

-Heç nə olmaz. Elə burada qıvrılıb yatacam- deyən baba nəvəsinin ayaqtərəfini göstərdi.

Günün həyacanından hamı yorğun düşərək bir tərəfə yıxılıb yatdı.Qaranlıq öz qanadını yerin üzərinə çəkdikcə babadan başqa hamının şirin mışıltısı dəyəni başına götürdü.Baba qaranlıqda cibini eşələyib tütün qabını tapdı.

Kibrit tapmaq üçün yavaşca qalxıb ehtiyatlar saxlanılan dolaba tərəf getdi. Yenicə yerindən aralanmışdı ki, arxasında hənirti duydu. Geri döndükdə qarşısında üç-dörd dənə əcaib varlıq gördü.

Onların üzü qaranlıqda görünməsə belə baba nə baş verdiyini anladı.

Bu varlıqlardan biri Çiçəyin yatağına doğru getdikdə baba ona mane olmaq istədi lakin buna ehtiyac qalmadı. O, Çiçəyə yaxınlaşan kimi bir topa alova döndü. Bu alov əvvəlcə Çiçəyi sonra isə bütün dəyəni alışdırdı.

Səhərin nurlu üzü qaranlığın qoynundan doğulmağa başladı. Günəşin dünən salamat qoyub getdiyi balaca şenlikdən, yerdə bir topa qara kül qalmışdı.

Şehli otların üzərinə uzanan adamların hərəsinin bir yeri yanmışdı. Gecə yarıyoldan qayıdan Ağa da onların arasında idi.

- Ağa, başına dönüm, nə yaxşı qayıtdın?! Sən olmasaydın indi Çiçək yox idi.-deyə baba gücü çatdığı qədər ona minnətdarlığını bildiməyə çalışırdı. Baba daha gecə heç kəsin suya əl atmadığını, hər kəsin can hövlü ilə bayıra qaçdığını söyləmədi. Onsuzda bunların hamısını Ağa öz gözü ilə görmüşdü.

Çiçəyə dayanmadan dualar oxuyan Ağanın boğazı qurumuşdu. Gecədən huşsuz yatan Çiçək nəhayət ayıldı. Son iki aydakı sərsəm səsindən fərqlənən ayıq bir səslə su istədi. Ona su verən anası onun yanında yerə çökərək ağlamağa başladı:

-Biz indi nə edəcəyik?

-Arvad, səsini kəs!-deyə ata hiddətlə söylədi.

-Siz buralardan getsəniz yaxşı olar.İşin bir hissəsi başa çatdı.

-Mən Çiçəyi özümlə apara bilərəm-deyən baba bunula həm Ağaya cavab vermiş oldu həm də kürəkənindən cavab gözlədi.

-Hə. Əmi sən uşaqları götür get, mən də bir neçə gündən sonra gələrəm.

Atadan başqa hamı toplanıb yola çıxdı. Onların bir daha dönməyəcəyi bu düzənlik onlar uzaqlaşdıqca onların arxasında okean kimi böyüyürdü.

Çiçəyin aşiq olduğu təpə isə getdikcə kiçik bir nöqtəyə dönürdü.Hər kəsin yadından çıxmış bu düzənlik təkcə şeytanın yadından çıxmamışdı.

Şeytan iki gün sonra puldan başqa Allahı olmayan Moranın Çiçəyin atasını öldürməsindən də ayrıca zövq alacaqdı.
XS
SM
MD
LG