Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Seyran Səxavət "Cəhənnəm" (HEKAYƏ)


Ramiz Rövşənə
“Yer üzündə yaşayan əhalinin tam əksəriyyəti üçün nəzərdə tutulmuş Ölümə-Ucuz Ölüm deyilir”

Seyran Səxavət


- Lənət əleykə!
- Əleykə lənət!

- Hardan gəlirsən!

- Cəhənnəmdən!
- Hara gedirsən!

- Cəhənnəmə!

- Hə... Sən heç bu dünyanın adamına oxşamırsan.
- Nədən bilirsən ki?
- Görmürsən hamı sənə baxır...

- Cəhənnəmə baxsınlar... noolsun elə mən də onlara baxıram.
- Onların nəyinə baxırsan?

- A gədə, nə belə İnkir-Minkir kimi məni sorğu-suala tutursan axı?!
- Niyə qışqırırsan, sözdü də soruşduq... bəri bax, sən doğrudan Cəhənnəmdən gəlmisən?
- Doğrudan!
- Özün haralısan?

- Cəhənnəmliyəm!
- Yox eee, Cəhənnəmin harasındansan?
- Əəə, Cəhənnəmin harası olur, gic-gic danışırsan?!

- Niyə qışqırırsan, sözdü də soruşduq...
- Qışqırmayanda gözüm kəlləmə çıxmır ee...

- Hə, yaxşı, bəri bax, xeyir olsun, nə yaxşı biz tərəflərə təşrif gətirmisən? Özü də Cəhənnəmdən bura nə təhər gəlib çıxmısan bu uzunluqda yolu?
- Birincisi Cəhənnəmdən bura beş dəqiqəlik yoldu – bizə ən yaxın məmləkət sizinkidi – yer üzündəki ölkələrin içində ancaq sizinlə həmsərhədik... Hirsləndim yenə... o biri sualın nə oldu?
- Deyirəm nə yaxşı biz tərəflərə...

- Dövlət nümayəndəsi kimi gəlmişəm!
- Sən hansı dövləti təmsil edirsən?
- DACR dövlətini...

- DACR nədi?
- Demokratik Azad Cəhənnəm Respublikası... nə gözlərini bərəldirsən, belə dövlət eşitməmisən?

- Eşitmişəm... ancaq biz elə qısaca olaraq Cəhənnəm deyirik... Hirslənmə, bundan sonra biz də elə deyərik... Bəri bax, sizin ölkəyə turist kimi gəlmək olar?
- Niyə olmur, nə vaxt istəyirsən viza göndərim ailəlikcə yığışın gəlin...

- Deməzsən aldatdım...
- Nə?!
- Heç... deyirəm sizin camaat qonaqpərvər olar?

- Çoox... ona görə də bizə gələn geri qayıtmır də...
- Bəri bax, Cəhənnəmdə nə işində işləyirsən – vəzifəli adama oxşayırsan?
- Sənin bəxtin gətirib?
- Niyə ki?

- Birincisi, ona görə ki, əməli-saleh adama oxşamırsan – deməli, bizim “adamsan”, əvvəl-axır...
- Hardan bilirsən ki...
- Sözümü kəsmə... Ziyarətə hansı pulla getmişdin?

- Bir az dəmir satmışdım...
- Dəmir dədəndən qalmışdı?
- Yox...

- Dağların qoynunda məşuqənə tikdirdiyin evi hansı pula başa gətirmisən?
- Bir az nöyüt satmışdım...
- Nöyüt dədəndən qalmışdı?

- Yox...
- Qaçqınlara apardığın yardımı hansı pulla almışdın?
- Bir az pambıq satmışdım...
- Pambıq dədəndən qalmışdı?

- Yox...
- O boyda kişini hansı pula öldürtmüsən?
- Bir az...

- Aay sağ ol... Cəhənnəmə də bir az qalıb...
- Yaxşı... sən Cəhənnəmdə nəçisən?

- Demokratik Azad Cəhənnəm Respublikasında Qır Qazanları Səhmdar Cəmiyyətinin prezidentiyəm... Bütün Qır qazanlarını özəlləşdirmişəm, hamısı mənimdi... min illərdi...
- Sənin neçə yaşın var ki?

- Cəhənnəmdə ancaq günahları hesablayırlar, yaşı yox... orda kimsənin yaşı bilinməz...
- Yaxşı, mənim haqqımda dediklərini hardan bilirsən?

- Dünyanın bütün qabaqcıl və qeyri-qabaqcıl ölkələrində bizim dövlətin kəşfiyyatçıları işləyirlər... Elə sizin məmləkətdə də bizə işləyən adamlar çoxdu...
- Mənim haqqımda hər şeyi bilirsən?

- Hər şeyi... Dabbaxda gönünə bələdəm... Sən qətiyyən narahat olma... Sənin mənim kimi dostun var... İstəyirsən deyim dünən gecə harda olmusan?
- Bu lap ağ oldu...
- Deyim?

- Axı mən ora gedəndə heç kim görmədi...
- Deyim?
- De...

- Dostunu təyyarəyə mindirib xaricə yola salandan sonra getdin...
- Demə, demə, demə!

- Cəhənnəmdə sənin kimi adamlara qurumsaq deyillər – sizin ayrıca lageriniz var, müdiri mənim dostumdu, tapşıraram sənə yaxşı baxar...
- Çox sağ ol, çox sağ ol... bəlkə, mən yuxu görürəm... Hə?

- Yuxu-zad görüb eləmirsən, yanındayam, sən də mənim yanımda... Səni görən kimi qan çəkdi... yaxşı ki, özün yaxınlaşdın...
- Səni bir də nə vaxt görəcəm?
- İşim çoxdu, lap çoxdu, heç bilmirəm birinci hardan başlayım, görürsən bu sənədi?
- Bu nədi belə?

- Baxma, onsuz da sən bizim əlifbanı bilmirsən.
- Sizin özünüzün ayrıca əlifbanız var?

- Cəhənnəm Respublikasının əlifbası dünyanın ən qədim əlifbasıdı...
- Niyə?
- Çünki Cəhənnəm dünyanın ən qədim ölkəsidi...

- Yaxşı, o sənəddə nə yazılıb?
- Bu... etiraz notasıdı, bizim dövlətin sizin dövlətə etiraz notası...
- Nəyimizə etiraz eləyirsiniz ki?..

- Beynəlxalq normalara görə dünyanın bütün ölkələri hər ilin axırında Cəhənnəmin rəhbərliyinə rəsmi məktub yazıb öz vətəndaşları üçün müəyyən miqdarda yer sifariş verirlər. Biz bu cür bölgünü hər ölkənin əhalisinin sayına görə əvvəlcədən planlaşdırırıq. Bütün ölkələr bu prinsipə səliqə-səhmanla riayət edirlər, sizdən başqa. Məsələn, min yer istəyib üç min nəfər göndərirlər.

Nəticədə isə bizim stabil işimiz pozulur. Sizin vətəndaşlara görə keçən il mənim yeddi dənə qır qazanım sıradan çıxıb, bu gün-sabah günah mövsümü başlayır... Ancaq hələ o qırx qazanlarının təmirini başa çatdıra bilməmişəm...

Ona görə də Cəhənnəmdə belə bir etiraz notasını imzalamaq məcburiyyətində qaldılar. Birinci növbədə gərək bu etiraz notasını sizin rəhbərliyə təqdim edəm ki, bu müqəddəs işə soyuq münasibətə son qoyulsun.

Əgər bu səhlənkarlığa son qoyulmasa, Sizin dövlətə qarşı beynəlxalq sanksiyalar başlanacaq. Bu da kömək eləməsə, bütün Cəhənnəmin əhli uzanılı mitinq keçirəcəklər – əllərində isə bir plakat olacaq: - Cəhənnəmdən əlinizi çəkin! Bu da son həddə Cəhənnəmlə sizin aranızda münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Bizim rəhbərlik isə sizin respublika ilə dostluq əlaqələrini günü-gündən genişləndirmək istəyirlər.

- Bəs bu nədi?
- Bu da hazır müqavilədi – istəyirik sizin məmləkətdə Cəhənnəmin filialını yaradaq...
- Bizim məmləkətdə niyə?

- Xoşumuz gəlir burdan... oxşar şeylər çoxdu. Sizin ölkəyə az-maz maya qoysaq, çönüb olar Cəhənnəm... Bilirsən, bizim iqtisadçıların son yüz ildə apardığı hesablamalara görə belə bir qənaətə gəlmişik: ən sərfəli ölkə sizinkidir!
- Bəlkə, səfirlik demək istəyirsən?

- Yox... fi-li-al – Cəhənnəmin filialı... Nə baxırsan?
- Sənin burnunun deşikləri nə yekə imiş, hərəsində bir kolxoz yemişi yerləşər ki...

- Mən öz şəxsi tariximi yaxşı bilirəm. Mənə uşaq vaxtı fındıqburun deyirmişlər; cəhənnəmə düşəndən sonra burda gördüyüm keflərin hamısını orda burnumdan tökdülər – burnumun da deşiyi böyüdü. Görmürsən, gözlərim də elə burnumun deşiyi boydadı – burda nə eləmişdimsə, orda hamısı gözümdən gəldi... Özün gələndə görərsən də, nə deyim...

- Allah vurub səni...
- Allah məni lap çoxdan vurub, bilirəm, bilirəm, nahaq yadıma saldın... Allahın şapalağının səsi hələ də qulağımdan getməyib... yadıma düşəndə isə bu şapalığın səsi get-gedə güclənir.

- Bizimkilər özlərini Cəhənnəmdə necə aparırlar?
- Ən çox mənə ziyan vurublar... Keçən il iki dənə qıl körpümü partladıblar.

- Cəhənnəmdə bomba var ki...
- Yox...

- Bəs necə partladıblar körpünü?
- Onların gözü dəydi mənim körpümə – o qədər gözəl körpü idi ki... bir nəfər də olsun o körpüdən keçə bilməyib, sağlıq olsun, gələrsən, görərsən...
- Allah vurub səni...

- Yadıma salma də...
- Bəs niyə körpüyə gözmuncuğu asmırdın?

- Cəhənnəmdə gözmuncuğu olmur ha...
- Gedəndə burdan apar.

- Buranın gözmuncuğu orada işləməz...
- Niyə?
- Gələrsən, görərsən...

- Allah vurub səni...
- Yadıma salma da əziyyət çəkirəm... Allah öz bəndəsini bir dəfə vurar. Allah mən bəndəsini ikinci dəfə vursa, Cəhənnəm yerin təkindən yerin üzünə çıxacaq – məşhər günü olacaq.

- Başa düşmədim, niyə?
- Allah öz bəndəsini bir dəfə vurar. Allah mən bəndəsini ikinci dəfə vursa, Allah səhv eliyər – Allah da səhv eləsə, Cəhənnəm yerin təkindən yerin üzünə çıxar e – məşhər günü olar – dünya dağılar. Qoy sənə qarğış eləyim, sümüklərim od tutub yanır.
- Elə, elə, elə...

- Cəhənnəm ol!
- Yaxşı, yaxşı, sakit ol, sakit ol, bilmədim məni bağışla...
- Mən kiməm, səni bağışlayım, ay Qurumsaq!

- Yaxşı, yaxşı...
- ...
- Ay sağ ol, sakit... sakit... toxta... aha... bax belə...
- Cəhənnəmin əhalisi nə qədər olar?

- Əslində, bu dövlət sirridi, ancaq sənə deyə bilərəm. Axırıncı dəfə Cəhənnəmdə siyahıyaalma on il bundan qabaq aparılıb. Deməli, sonuncu məlumata görə Cəhənnəmin əhalisi yer üzünün əhalisindən 99 dəfə çoxdu.

- Vay dədəm vay... Tay deynən orda heç tərpənmək mümkün deyil ki... Ay maşallah, adama bax e...
- Gözlərin çıxsın, ovcuna düşsün!

- Məni niyə qarğıyırsan? Gözüm niyə çıxsın?

- Cəhənnəmə gözün dəyər... Sizinkilərin gözündə yaman var, indi arxayın oldum...
- Bəs Cəhənnəmin ərazisi nə qədərdi, neçə milyon kvadrat kilometrdi?
- Yer üzündə insanların yaşadığı sahədən doxsan doqquz dəfə artıqdı...
- Vay dədə vaayy...

- Gözlərin çıxsın, ovcuna düşsün!
- Yaxşı, onda hər kvadratmetrə neçə adam düşür?

- Bizdə hər kvadratmetrə orta hesabla on beş ton adam düşür – cəhənnəmdə belə bölgünü tonla hesablayırlar.
- Sən bilərsən – Marsda Cəhənnəm var?
- Marsda Cəhənnəm olub, ancaq indi işləmir...

- Niyə?
- Nə bilim, bağlayıblar...

- Sən bilərsən, heyvanlar üçün cəhənnəm var?
- Yox.
- Bəs niyə?
- Heyvanlar günah eləmirlər ha...

- Cəhənnəmə ailəlikcə düşənlər olur?
- Lap yeddi arxa dönəndən belə var; nəsillikcə kök salıblar, onların avtoriteti böyükdü... Hələ dalı gəlir...
- Bəri bax, Cəhənnəmdə doğub-törəmək olur?

- Yox!!!
- Niyə?
- Bizim konstitusiya ilə qəti qadağandı!!1

- Konstitusiyaya dəyişiklik etmək olmaz?
- Bizim konstitusiya ilə konstitusiyaya dəyişiklik eləmək qəti qadağandı.
- Cəhənnəmdə nəqliyyat məsələsi necədi?
- Bir-birimizi minirik.
- Zarafat eləyirsən?

- Cəhənnəmdə zarafat olmur – bu dünyada haqsız at oynadanları orda at yerinə minirlər.
- Görəsən, Cəhənnəmin ilkin ərazisi nə qədər olub?
- İndikindən dəfələrlə kiçik olub, sonra tələbat çoxaldıqca, Cəhənnəmin ərazi bütövlüyünü saxlamaqla yanaşı, günü-gündən böyüdüblər... Bu gün Cəhənnəm dünyanın ən böyük dövlətidi...

- Ərazinizi necə qoruyursunuz?
- Sizin kimi qorumuruq.

- Bəs necə böyüdürsünüz ərazinizi?
- Yerin təkindən Yer üzünə doğru... Artıq dünyanın bir sıra ölkələri ilə bizim aramızda beş-on illik qazma işləri qalıb – Sizlər üzüaşağı qazırsınız, biz isə üzüyuxarı... nə vaxtsa siz yuxarıdan, biz də aşağıdan qaza-qaza birləşəcəyik.

- Olmaz ki, heç birləşməyək?
- Başqa çarə yoxdu, birləşməliyik, əvvəl-axır, çünki yer üzündən cəhənnəmə axın çoxdu. Dünyanın məşhur cəhənnəmşünasları hələ on min il bundan əvvəl bu nəticəyə gəliblər – bizdən asılı heç nə yoxdu.

- Cəhənnəmdə ağac-zad var?
- Orda ağac bitmir...
- Bəs orda nə bitir?
- Adam sümüyü...

- Adam sümüyü necə bitir?
- Lap sizdəki böyük ağaclar kimi bitir, yüz ildə bir dəfə çiçəkləyir də... çiçəklərindən qan tökülən kimi torpağa dönür...
- Cəhənnəmdə körpə uşaqlar çoxdu?

- Heç bir nəfər də yoxdu... onlar hamısı cənnətdədi...
- Cəhənnəmdə işıq var?
- Yox...
- Qaz var?
- Yox...

- Gün çıxır?
- Yox...

- Niyə?
- Orda gün çıxsa, hamını kor eliyər...
- Niyə?

- Çünki Cəhənnəmin sakinləri işıqda görmür, qaranlıqda görürlər...
- Bəs indi sən məni görmürsən?
- Yox...

- İndi sənin gözün kordur?
- Hə...
- Bəs adamların sənə baxdığını hardan bildin?
- Mənə xəbər verdilər...

- Kim?
- Çox dərinə getmə, Cəhənnəmə gedərsən...
- Cəhənnəmə canın getsin...
- Mən Cəhənnəmsiz yaşaya bilmərəm.

- Cəhənnəmdə müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayır, yoxsa ayrı-ayrı?
- Cəhənnəmdə, demək olar ki, millət yoxdu. Sizin ölçülərlə götürəsi olsaq, Cəhənnəm ən böyük beynəlmiləl dövlətdi.
- Arvad-kişi hamı bir yerdədi?
- Hə...
- Kefdəsiniz ki...
- Qurumsaq-qurumsaq danışma, Qurumsaq oğlu Qurumsaq!

- Hirslənmə... İndi bax, sən Cəhənnəmin sayılan-seçilən kişilərindənsən, istəsən bir-iki günlüyə Cənnətə ekskursiyaya gedə bilərsən?
- Yox!
- Niyə?

- Cənnətə ancaq qanadı olanlar gedə bilər, mənim də qanadım yoxdu...
- Bəri bax, qanad yeri bilmirsən?

- Yox...
- Nə pis oldu bu...

- Gərək qanad özü adamın çiyinlərindən çıxa... Cənnətdə bir Tubu ağacı var, gözünü yumub uzanırsan onun altında, arzu eləyirsən ki, məsələn, Allahın fransızı olaydım, özü də heç olmasa, Jak Şiraknan qohum olaydım-gözünü açırsan, görürsən ki, heylədi.
- Bəri bax, fransız dedin erməni yadıma düşdü. Cəhənnəmdə erməni də var?

- Doludu...
- Nağayrıllar orda?
- Hamısının keyfi kökdü, Cəhənnəmin ən varlı adamı ermənidi, hamısı sayılan-seçiləndi.
- Bəri bax, nə qoyurlar, nə deyirlər?

- Deyirlər, Qarabağ bizimdir.
- Tay nə deyirlər?
- Deyirlər, dünyanın ən qədim milləti bizik... ona görə də dünya əvvəl-axır bizim olmalıdı.
- Tay nə deyirlər?

- Deyirlər, ingilislər, fransızlar, almanlar, ruslar, italyanlar, yaponlar... hamısı bizdən törəyib...
- Yaponlar da...
- Hə...
- Nə abırsızdılar əə, bunlar, pah!

- Bir də tez-tez deyillər ki, öldü var, döndü yox. Başa düşmürlər ki, Cəhənnəmdə “nə öldü var”. Deyirlər ki, Cəhənnəm də qədim erməni torpaqları olub... Cəhənnəmin qədim bir xəritəsini də hardansa tapıb düzəldiblər. Deyirlər ki, Adəmlə Həvva bizdən iki min yeddi yüz əlli il sonra yaranıblar. Hamısının da cibi doludu sənədinən - dinən kimi çıxardıb soxurlar adamın gözünə – Qarabağ məsələsində bütün Cəhənnəm onları müdafiə eliyir. Öz dillərində məktəbləri var, qəzetləri var...

- Cəhənnəmdə qəzet də çıxır?
- Bəs nədi...
- Qəzet çoxdu?

- Hər millətin özünün qəzetləri var də... sayını-hesabını bilən yoxdu.
- Bəri bax, bizimkilərin də qəzeti var?
- Yox...

- Niyə?
- Deyirlər, biz qəzet istəmirik...
- Bizimkilərdən çox adam var orda?
- Doludu...

- Nağayrıllar orda?
- Çürüyürlər...
- Nə qoyullar, nə deyirlər?
- Deyirlər, Qarabağ da bizimdi, Naxçıvan da bizimdi, Sumqayıt da bizimdi, Cəlilabad da bizimdi... belə deyə-deyə axıracan gedirlər...
- Hara?

- Vallah bilmirəm, mənim onlardan başım çıxmır... Özün gələrsən görərsən...
- Allah vurub səni...
- Dodağının altında nə pıçıldayırsan?
- Heç...

- Bəs onda mən niyə bir təhər oldum?
- Nə təhər oldun?
- Sümüklərim gizildədi, yəqin nə isə dedin yenə, yoxsa...

- A kişi, nə danışırsan, biz sənnən dostuq...
- Burda əlimdən heç nə gəlmir, sənə yaxşılıq eliyə bilmirəm, gələrsən, görərsən...
- Allah vurub səni...
- Ürəyindən nə keçirtdin, ürəyində nə dedin?

- Heç nə...
- Allahın bəlasına gələsən...
- Eşitmədim ee...
- ...
- Bəri bax, Cəhənnəmdə amerikalılar özlərini nə təhər aparırlar...
- Yaxşı...
- Nə təhər yaxşı?

- O günü Cəhənnəmdəki ərəblərin başına daş yağdırırdılar – arvad bilmədilər, uşaq bilmədilər – qırdılar, tökdülər – ermənilərnən də qardaş kimidilər...
- Yaxşı, buna deyirsən?
- Cəhənnəmdə yaxşı, buna deyirlər də... adamların sümükləri qırılanda Cəhənnəmin siması daha da gözəlləşir...
- Siz də bu gözəllikdən feyziyab olursunuz, hə?

- Hə...
- Bərəkalla...
- O, başqa bir gözəllikdi, sən onu qanmazsan!
- O gözəlliyi qanmaq üçün indi mən neyləyim?

- Öl!
- Niyə, canın ölsün!
- Ölmüşəm də, neçə dəfə öləcəm...
- Onda belə çıxır ki, sən bizim məmləkətdə darıxırsan...
- Hə, burdakı gecə ağacları, gecə quşları, elə gecənin özü də gözümü deşir...
- Bədbəxt adamsan.

- Görürəm, sən çox xoşbəxtsən...
- Deməli, mən bayaqdan ölü ilə danışıram?
- Hə...
- Axı, mən ölü dilini bilmirəm.

- İnsanın ölümü yaxınlaşanda ona vəhy gəlir və insan ölü dilində bülbül kimi cəh-cəh vurur.
- Cəhənnəmdə bülbül var?
- Cəhənnəmdə qanadlı bir canlı da yoxdu...

- Deməli, sən meyitsən?
- Meyit təzə ölənə deyirlər, ay Qurumsaq, mən min ilin ölüsüyəm!
- Mən də öləcəm?
- Yooox... Sən Allahın olmayan bacısının oğlusan!
- Deyirlər, insanlar öləndən sonra təzədən dirilir, düzdü?
- Hə, düzdü.

- İndi sən təzədən diriləcəksən?
- Yox.
- Niyə?
- Mənim şansım yoxdu.

- Bəs, mən ölsəm, dirilə bilərəm?
- Yox.
- Niyə?
- Sənin də şansın yoxdu!

- Niyə?
- Cəhənnəm niyə, gor niyə! Niyə? Niyə? Elə bilirsən hər ölən dirilir?
- Deməli, orda da ayrıseçkilik qoyurlar?
- Bəs nə bilmişdin!
- Bu, ədalətsizlikdi! Bu, haqsızlıqdı! Bu, insan hüququnun pozulması deməkdi! Yaşasın bərabərlik!
- Yaşasın!

- Nə?
- Bərabərlik!
- Ucuz ölüm nədi?

- Yer üzündə yaşayan əhalinin tam əksəriyyəti üçün nəzərdə tutulmuş ölümə ucuz ölüm deyilir.
- Başa düşmədim.
- Ucuz ölüm kasıblar üçündür, yəni rusca desək, “şirpotreb”.
- Ölümün də ucuzu, bahalısı olur?

- Bəs nədi.
- Ən bahalı ölüm neçəyə olar?
- Gic-gic danışma, Gədə!

- Niyə qışqırırsan, sözdü də soruşuruq... Cəhənnəmin isti guşəsində olmusan?
- Hə, olmuşam, çox böyük bir göldü, min illərdi pıkka-pık qaynayır. Adamlar girib orda...

- Cəhənnəmin sanatoriyasından bizdə də var. “İsti-su” – Masallıda. Kəlbəcərdə də vardı, indi ermənilər çimir orda... Müalicəvi əhəmiyyəti də var.
- Elə Cəhənnəmin İsti guşəsindəki o qaynar göl də, coğrafi cəhətdən Masallının altına düşür... Coğrafiyanı yaxşı bilirsən?
- İki diplomum var.
- ...
- Deyirəm, təbiətin möcüzəsinə bax e... Bəri bax, burda adamların başında qoz sındıranların vəziyyəti nə təhərdi orda?
- Yaxşıdı. Gedən kimi hamısını tutub axtalayırlar.

- Niyə?
- Onlara etibar eləmirlər. Cəhənnəmdə namus məsələsi çox ciddidi.
- Bizdə də bu məsələ çox ciddidi.

- Sizdə...
- Hə, ağzını niyə əyirsən ki...
- Yaxşı, bilirəm yer üzündə namus məsələsinin nə dərəcədə ciddi olduğunu, adam ölüyə yalan deməz, Qurumsaq!
- Niyə qışqırırsan, sözdü də deyirik...
- ...
- Bəri bax, Cəhənnəmdə qəbiristanlıq olur?
- Yox.
- Niyə?

- Cəhənnəmdə heç kim ölmür.
- Nə yaxşıdı ee... Sən bilən yerin altı yaxşıdı, yoxsa üstü?
- Altı.

- Doğrudan?
- Çünki yerin üstü müvəqqətidi, altı isə həmişəlikdi...

- Sənin ayağının biri hanı?
- Niyə elə təəccüblənirsən, mənim bir ayağım gördüyün kimi burda, biri də Gorda – Cəhənnəmdədi. İşlərimi qurtarandan sonra bu ayağım məni o ayağımın yanına aparacaq – bizdə həmişə belədi...

- Alnındakı o möhür nədi?
- Onu da gördün, kor qalasan səni?

- Hə...
- O möhür deyil, damğadı.
- Bəs alnına niyə vurublar?

- Cəhənnəmdə möhür əvəzinə damğa işlədirlər. Ona görə alnıma vurublar ki... alın yazısını rəsmi surətdə təsdiq eləyirlər ki, mən mütləq Cəhənnəmə getməliymişəm... Əlini alnına sürtmə, səndə hələ yoxdu, çünki sənin alın yazın hələ təsdiq olunmayıb.
- Cəhənnəmə gedəndən bəri heç yalan demisən?

- Bircə dəfə dilimə yalan gəlib, onu da bayaq sənə demişəm. Bayaq dedim ki, Cəhənnəmdə uşaqlar yoxdu, görünür, yer üzünün havasınnandı. İyirminci əsrin lap əvvəllərindən uşaqlar da Cəhənnəmə ayaq açmağa başladılar. Sonra onların sayı get-gedə çoxalmağa başladı... İndi əsrin axırıdı – nə qədər desən uşaq var Cəhənnəmdə...

Yadımdadı, təxminən yüz il bundan qabaq ilk uşaq Cəhənnəmə ayaq basanda bütün Cəhənnəm bir-birinə dəymişdi... Yer üzündə əgər uşaqlar da günah eliyirsə, Cəhənnəmlik olursa, deməli, dünyanın axırına bir şey qalmayıb...
- ...
- ...
- Dünya deyəndə Cəhənnəmdə nəyi nəzərdə tuturlar, axı?

- Allahdan uzaqlaşıb ona qarşı çıxan insanların qurduğu sistemə və yaşadığı məkana Dünya deyirik. Cəhənnəmdə Dünyanı belə tərif eləyirlər.
- Bəs Allahdan uzaqlaşan və ona qarşı çıxan ilk insan kim olub, Cəhənnəmdə bu barədə məlumat varmı?

- Var. Allahdan ilk dəfə uzaqlaşan və ona qarşı çıxan Adəmlə Həvva olub. Bütün insanlar onların cəzasını çəkir...
- Yəni iki nəfərin cəzası nə qədər ağırdı ki, milyardlarla insan min illərdi o cəzanı çəkib qurtara bilmirlər?

- O çox ağır cəzaymış ki, çəkib qurtara bilməyiblər də... Allah cəza verəndə də, Allah kimi verir. İnsanların min illərdi dağıtmağa çalışdığı, lakin dağıda bilmədiyi Dünyanı Allah altı günə yaradıb – özü nə vaxt lazım bilsə, bir göz qırpımında məhv eliyəcək... Nə fikrə getdin?

- Allahın Adəm və Həvva ilə arası nə üstə dəyib?
- Oğurluq üstündə.

- Bahooooo! Mən batdım!
- Sən niyə batırsan?

- Niyə nədi, özüm oğurluq doğulmuşam, oğurluq boya-başa çatmışam, bu gün də işim-peşəm elə oğurluqdu, oğurluq... Görəsən, insan düz yaşaya bilməz?
- Yox!!!
- Qışqırma... niyə?

- Çünki əslində yaşamaq yol getmək deməkdi – yolçuluqdu ki, yolların da hamısı əyridi, əyri! Heç ömründə bir düz yol görmüsən?
- Görmüşəm.
- O hansı yoldu elə?

- Dəmir yolu.
- Sənin beynin təmiz boşdu, boş!
- Düz deyirəm də!

- Düz demirsən, Qurumsaq!!!
- Niyə hirslənirsən, sözdü də deyirik... Hirslənmə, sən hisrlənəndə mən xoflanıram... bax, belə yaxşısan, hə... Cəhənnəmdə bazar var?
- O boyda Cəhənnəmdə bircə bazar var, adına da erməni bazarı deyirlər...
- Orda... o bazarda nə satırlar ki?

- Adam sümükləri...
- Adam sümükləri?
- Adam sümükləri...
- Adamlar onu alıb neynillər?

- Çənəsi çürüyən özünə çənə sümüyü alır, qol, qılça, fəqərə sütunu...
- Fəqərə sütunu da çürüyür?
- Bütöv çürüməsə də, görürsən ki, bir-iki həlqəsi əvvəldən zədəli olduğuna görə, çürüyür də, o hissəsini alıb dəyişdirirlər.
- Bəs məqsəd nədi?

- Məqsəd məhşər ayağına qədər Allahın yaratdığı kimi qalmaqdı... elə baxma... belə lazımdı...
- Cəhənnəmdə göy var?
- Cəhənnəmin göyü sizinki kimi deyil, hər kəsin boyu boydadı.

- Cəhənnəmdə ulduzlar var?
- Var, ancaq sizin ulduzlar kimi işıq vermirlər, elə bil yanıb, yanıb qaralıblar. Bizim ulduzların hamısı qap-qaradı.
- Siz göyə baxanda ulduzları...

- Bizə göyə baxmaq qadağandı.
- Niyə?

- Bax, bunu heç kəs bilmir... Heç istəsək də, oğurluq baxaq, yenə baxa bilmərik – çünki Cəhənnəmdə bizim göyümüz kəlləmizə dirənib.
- Cəhənnəmdə neçə fəsil var?
- Bir!

- Bir?
- Bir!
- Adı nədi?
- Qara fəsil.

- Yer üzündə yeddi rəng var, Cəhənnəmdə neçədi?
- Cəhənnəmdə bir rəng var: Qara rəng! Qara rəng! Qara rəng!
- Yenə niyə hirslənirsən ee?

- Adam Ölüyə yalan deməz, Adam oğlu Adam!!!
- Yooox, belə getsə, bizim dostluğumuz tutmayacaq.
- Yoox! Bizim dostluğumuz mütləq tutacaq, çünki bu, bizdən asılı deyil... Əslinə qalanda isə biz, min illərdi dostuq, görüşümüz ilk dəfədi - qandın, Adam oğlu Adam?!

- Qandım...
- Nə qədər tez qansan yaxşıdı.
- Allah bilir səni bir də nə vaxt görəcəm. İnkir-Minkir deyirdin eee, bayaq...

- Hə...
- Bax, o İnkir-Minkir Cəhənnəmdə nə işində işləyir?
- Cəhənnəmin sərhədini keçən kimi İnkir-Minkir gəlib səndən intervü alacaq – sorğu-suala tutacaq.
- İnkir-Minkir redaksiyada işləyir ki?

- Yox. Sənə ən qəliz sualları verəcəklər, sən istəsən də, istəməsən də bütün günahlarını açıb söyləyəcəksən.
- Niyə ki?
- Çünki İnkir-Minkirin iş üslubu elədi ki... düzünü deməkdən başqa adamın çarəsi qalmır...
- Bu, lap dəhşətdi ki...

- Yox... dəhşət bundan sonra başlayır.
- Sonra nə olur ki?
- Boğazın niyə qurudu – gələrsən, görərsən.

- Sən İnkir-Minkiri tanıyırsan?
- Niyə tanımıram, elə mənim özümü də birinci onlar qarşıladı də...
- Onu demirəm ee... deyirəm İnkir-Minkirnən də dostsan?

- Həəə... A kişi, sən qəti narahat olma, qəti... bildim nə deyirsən... bildim. Əgər istəyirsən ki, Cəhənnəmdə işlərin yaxşı getsin, nə günah eləmisənsə, özün hamısını aç danış... səmimi olanda cəza da nisbətən yüngül olur...

- Hamısını açım danışım?
- Hamısını...
- Ona bilirsən nə qədər vaxt lazımdı...

- İndi mən sənə dost kimi belə yol göstərirəm, sən mənə qulaq as, qalanı mənim boynuma...
- Hə?
- Hə...
- Bəri bax, Şeytanla aran nə təhərdi?

- Qardaş kimiyik.
- Belə yaxınsınız?
- Nə belə sevinirsən?.. Yaxın olmağına çox yaxınam, intəhası o məni bəyənmir...
- Niyə?

- Mənə deyir ki, sən adamsan. Şeytan adamları bəyənmir ha.
- Niyə?
- Deyir siz palçıqdan əmələ gəlmisiniz...

- Bəs, özü nədən əmələ gəlib?
- Oddan!
- Onçun düşdüyü yeri yandırır də... Bəri bax, deyirlər Şeytanı da Allah yaradıb, düzdü?

- Düzdü... Sən Şeytana barmaqarası baxma ee, Şeytan əvvəlcə Mələk olub...
- Doğrudan?
- Sözümü kəsmə...

- Bəs sonra necə olub ki, Şeytan olub?
- Ay kəmhövsələ, Adam oğlu Adam, qulaq as də, əvvəl mələk olub, özü də deyəsən birinci mələk, sonra sarsaqlayıb, Allah ona heylə cəza verib.
- Niyə sarsaqlayıb, neyniyib?

- Adəmin qılığına girib, onu yoldan çıxarıb. Adəm də oğurluq eləyib... sonra da Allahın qəzəbinə gəlib, Allah da götürüb atıb onu Yer üzünə – Cəhənnəmə – Həvvanı da qoşub ona...
- Həvvanın günahı nəydi ki, yazıq...

- Onu yazıq ilan vursun... Elə Adəmi yoldan çıxaran Həvva olub də... Arvadların tamahı mərd Murtuza Əlinin qılıncından da iti olur...
- Bəs deyirsən Adəmi Şeytan çıxarıb yoldan?

- Çıxarmağına Şeytan çıxarıb... İntəhası Həvvanın əliynən, yoxsa Adəm buğda oğurlamaq istəmirmiş...
- Deməli, bütün bəşəriyyət o arvadın zibilinə düşüb də...

- Belə çıxır!... Qaranlıq düşdükcə gözüm yavaş-yavaş görür, bax, o yekə şeylər nədi?
- Onları deyirsən? Evdi, evlər...

- Yenə günah eləyirsiniz... Cəhənnəmin qanunlarına görə, hər adamın evi öz qəbrindən 7 dəfə böyük ola bilər – bu evlərin hərəsində bir qəbiristanlıq yerləşər ki... Tamaha bax e... Bura gələndə “Cəhənnəm” qəzetində çox maraqlı bir məqalə oxudum...
- Ver mən də oxuyum də...

- Ay Adam oğlu Adam, sən bizim əlifbanı bilmirsən, axı...
- Nə yazıblar, onda özün de...

- Məqalənin adı belədi, “XX əsrdə adamlarda kütləvi quduzluq xəstəliyi”. Yazının əsas qayəsi budur ki, əgər adamlar bir-birinin ətini yeyib, qanını içməyi tərgitməzsə, onlar üçün müasir tipli yeni bir Cəhənnəm təşkil eləyib, istifadəyə verəcəklər. Cəhənnəmşünasların son dərəcə dəqiq apardığı hesablamalara görə, köhnə Cəhənnəm təzənin yanında Cənnət kimi bir şey olacaq.

- Dəhşətdi ki, lap...
- Dəhşətdi!
- Bəs deyirlər ki, filankəs öldü, canı qurtardı – deməli bu söz yalandı?

- Ağ yalandı.
- Bəri bax, Cəhənnəmdə neçə cür yalan olur?
- İki cür: ağ yalan, qırmızı yalan...

- Bəs bunların fərqi nədir?
- Fərqi odur ki, ağ yalan – kiminsə yalan dediyini kimnənsə eşidərsən, ikinci bir adamdan. Bir də var ki, durub üzünə qarşı yalan deyir – bu, qırmızı yalandı... Sizdə neçə cür yalan var?

- Bizdə elə hamısı qırmızı yalandı – qəzet də, radio, televiziya, böyük padşah da, balaca padşah da, bacı-qardaş da, dost-tanış da, arvad-uşaq da hamısı qızıl-qırmızı yalan deyir...
- Sən özün də yalan deyirsən?
- Mən də deyirəm... bəs sən?

- Heç uşaqlıqdan dilimə düz söz gəlməyib.
- Görəsən, adamların dili niyə düz söz tutmur?

- Düz sözün qaməti Düzdür. Adamın dili isə getdiyi yol kimi yüz yerə əyilir. İnsan övladının düz sözə ehtiyacı yoxdur. Yalan Bəşəriyyətin himnidir!
- Bəs oğurluq?

- Oğurluq da peşədi. Bəşəriyyətin yeganə peşəsi oğurluqdu, yerdə qalanlar xobbidi!
- Ayaqlar nə üçündü?
- Oğurluğa getmək üçün!

- Əllər nə üçündü?
- İstədiyi şeyi oğurlamaq üçün...
- Bəs gözlər neynir?

- Göz də nurdan düşənə qədər oğurluğa gedən adamın yoluna işıq salır, boş vaxtlarında isə, əgər kişi gözüdürsə, başqasının arvadına oğrun-oğrun baxır, yox əgər arvad gözüdürsə, başqalarının kişisinə baxır – buna göz oğurluğu deyirlər.

- Sən dünya görmüsən, neçə cür oğru var?

- Üç cür... Diqqətlə qulaq as. Birinci: O kəslər ki, oğru olduğunu bilmir və bilmir ki, oğru olduğunu bilmir – bunlar o qədər də istedadlı oğrular deyil! İkinci: o kəslər ki, oğru olduğunu bilir və bilmir ki, oğru olduğunu bilir – bunlar çox istedadlı oğrulardı!

Üçüncü: o kəslər ki, oğru olduğunu bilir və bilir ki, oğru olduğunu bilir – bunlar dünya əhəmiyyətli, müdrik və dahi oğrulardı! Bir Allah ili min adi ilə bərabər olduğu kimi, üçüncülərin də bir Oğurluq İli birincilərin və ikincilərin birlikdə min Oğurluq İlinə bərabərdir!

- Cəhənnəmdə nağıl var?
- Var – bircə nağılımız var!
- Sizin də nağılın axırında göydən üç alma düşür?

- Düşmür.
- Bəs nə düşür?

- Bizim nağılı bircə dəfə eşitmişik – ikinci dəfə eşitmək olmaz – onda da göydən buğda tökülüb, onu da Adəmnən Həvva gözünə təpib.
- Sən Adəmnən Həvvanı görmüsən?
- Mən görməmişəm, ancaq görənlər var.

- Kim görüb?
- Ermənilər. Adəmnən Həvva cıqqılı uşaq olanda Ermənilər yekə kişiydilər.
- Deyirsən, ermənilər nə deyir orda?

- Deyirlər ki, Qarabağ bizimdi – öldü var, döndü yox!
- Deyirsən, bizimkilər nə deyir?

- Sizinkilər deyir ki, Qarabağ da bizimdi, Naxçıvan da bizimdi, Lənkəran da bizimdi, Zəngilan da bizimdi, İrəvan da bizimdi... Sizinkilər demir ee, oxuyurlar... oxuya-oxuya da harasa gedirlər...
- Hara gedirlər?

- Vallah onların işlərindən mənim başım çıxmır. Hələ bir iki il bundan qabaq oxuyurdular ki, Çin də bizimdi – deysən ora bayraq-zad da taxmaq istəyirdilər... nə bilim, vallah, sizinkilərdən başım çıxmır – özün gələrsən, görərsən...
- Allah vurub...
- Nə?!

- Heç nə... deyirəm bəs Cəhənnəm ictimaiyyəti nə deyir bu işlərə.
- Cəhənnəm ictimaiyyəti deyir ki, ermənilər haqlıdı.
- Niyə?!

- Deyirlər ki, ermənilər deyir ki, ancaq Qarabağ bizimdi. Sizinkilər isə həm Qarabağı, həm də deyirlər ki, nə bilim Naxçıvan da bizimdi, Zəngilan da bizimdi. Ona görə də Cəhənnəm ictimaiyyəti ermənilərin tərəfindədir – deyirlər ki, yazıq ermənilər bircə yeri istəyir, ancaq sizinkilər gör neçə yeri sadalayırlar ee... bax belə...
- Allah vurub onları!

- Onlar da deyir ki, Allah sizi vurub.
- Onda de görüm, sən mənim yaxın bir dostum kimi, bizimkilərə nə məsləhət verərdin?

- Məsləhətim odur ki, axmaq-axmaq oxumayın – filan yer də bizimdi, bəhmən yer də bizimdi... Əlinizdən bir iş gəlirsə, eləyin, yox gəlmirsə, qoyun camaat işini görsün.
- Cəhənnəmdə kazino var?

- Var!
- Hamı oynayır?
- Sizdə hamı oynayır?
- Yox!

- Bizdə də hamı oynamır.
- Cəhənnəmdə vətən xaini var?

- Sizdə var?
- Var deyirlər...

- Bizdə də var.
- Cəhənnəmdə dağıdıcı müxalifət var?

- Sizdə var?
- Var.
- Bizdə də var. Barmaqlarıma bax – deməli, sayıram qulaq as: dağıdıcı müxalifət, yırtıcı müxalifət, adamdöyən müxalifət, səriştəsiz müxalifət, ləçər müxalifət, bədbəxt müxalifət...
- Tay bəsdi, bəsdi, bildim... sizdə dağıdıcı iqtidar var?

- Yox!
- Yırtıcı?
- Yox! Yox! Yox! Cəhənnəmdə heç iqtidar yoxdu, hamısı müxalifət, müxalifət!
- Bəs onda siz kimə müxalifətdəsiniz?
- Bir-birimizə...

- Biz də... Bəri bax, sən məni o tərəflərə çəkmə, de görüm Cəhənnəmin tarixində ən böyük mitinqlər nə vaxt olub?

- Bir-iki il bundan qabaq. Bütün uzanılı Cəhənnəm ayağa qalxmışdı, hamı bir nəfər kimi etiraz mitinqində iştirak edirdi. Sizdə biri var ee, özün bilirsən, o, bərk xəstələnmişdi – bütün Cəhənnəm bu münasibətdə ayağa qalxmışdı ki, əgər ölsə, onu bura göndərməsinlər, yoxsa Cəhənnəmin altını üstünə çevirəcək..
- Bəs axırı nooldu?

- Ölmədi... sağaldı Cəhənnəm əhli də hələlik sakitləşib. O günü kimsə şayiə yayıb ki, o yenə xəstələnib – yenə bütün Cəhənnəm bir-birinə dəydi. Sonra rəsmi surətdə elan elədilər ki, sağ-salamatdı – sakitləşdlər.

- Kimdi ee, o?
- Qulağını bura gətir... Şeytan deyir ki, o, Cəhənnəmə gəlsə, min illərin vəzifəsindən istefa verəcəm.
- Şeytanla onun nə əlaqəsi?

- Şeytan deyir ki, mənə daş atıb...
- Atıb atıb də... Şeytan da hər şeyi ürəyinə salır.
- Hədyan danışma, Adam oğlu Adam!

- Niyə hirslənirsən, sözdü də deyirik...

- Bilirsən, Adam oğlu Adam, Şeytan son dövrlərdə çox əsəbidi; bu yaxınlarda brifinq keçirdi, orda dedi ki, ümumiyyələ, mən adamlara, mənə daş atmağı qadağan eləyirəm, mənə daş atmaqdansa, öz nəfslərini daş-qalaq etsinlər, əgər adamlar məni daşa basmağı tərgitməsələr, tezliklə onların axırına çıxacam – istəsəm günü bu gün onların axırına çıxaram, ancaq mən o iyrənclərə əlimi bulamaq istəmirəm – onsuz da özləri öz axırlarına çıxacaqlar və mənim sözüm Allahın hüzurunda ikiqat sübuta yetəndən sonra Allah məni təzədən Baş mələk elan eləyəcək...

Mən oddan yaranmışam, palçığa əl bulamaq istəmirəm! Hə... Belə... Sən ziyarətə gedəndə Şeytana daş atmışdın?
- Həəə...
- Bu, çox pis oldu...

- Niyə?
- Deməli, sən də onun qara siyahısına düşmüsən... Bikefləmə, hələ ona çox var... bir şey fikirləşərik ona qədər. Sən mənə Cəhənnəmə aid xeyli siyasi sual verdin; mən də səndən bir şey soruşum – Sizdə neçə partiya var?

- Rəsmi qeydiyyatdan keçmiş otuz partiyamız var...
- Yazıq sizin millətin gününə...
- Niyə?

- Niyə nədi, hər partiya beş il bu xalqın başında dəlləklik öyrənsə, yüz əlli il eləyir, yox, sizin işiniz qalıb Allaha... bir yandan da bu Şeytan...
- Kimə inanasan, a kişi, başına haranın daşını salasan...
- Sən narahat olma, sənin başına daş çoxdan düşüb, özün də qalmısan altında xəbərin yoxdu.
- Çox ağırdı daş?

- Baş daşı ağırlığında...
- Görəsən, bütün Yer üzünü tər-təmiz eləyib müqəddəs bir şəklə salmaq, sonra da hər şeyi təzədən başlamaq olmaz, sən bilərsən?
- Niyə olmur?

- Necə?
- Bu barədə Şeytanın çox müdrik bir planı var – ikinci bir çıxış yolu yoxdu!
- Şeytanın planı necədi ki?

- Kainatdakı planetlərin içində Şeytanın ən çox iyrəndiyi Yerdi – elə mənim də; o deyir ki, Yer kürəsi-iylənib, üfunət qoxuyur – ona görə də təmizləmək istəyir.
- Nəynən, suyunan?

- Yox, Yerin suyu ilə heç nəyi təmizləmək mümkün deyil – çirkabdı.
- Bəs onda başqa yerdən su gətirəcək?

- Yox. Yeri Cənnət bulağının suyu ilə də təmizləmək mümkün deyil... Şeytan deyir ki, ən murdar şeyləri yalnız odla təmizləmək mümkündür – bilirsən də, qədimlərdə adamın yarasına kösöv basırmışlar – od.
- İndi Şeytan neynəmək istəyir?

- Yeri yandırmaq istəyir – bəzi yerlərdə ölünü yandırıb külünü göyə sovururlar, ee – bax elə... Şeytan deyir ki, Kül Varlıqda ən təmiz şeydi, deyir ki, Kül Odun övladıdı, Od Külü köynəyindən keçirdib...
- Tutaq ki, Yeri yandırıb Külə döndərdi, sonra?

- Sonra da külək qalxır, tufan qopur, Yerin Külü kainata yayılır...
- Bəs sonra?
- Sonra bütün Kainat dərindən nəfəs alıb Yer kürəsinin külünü ciyərlərinə çəkir...
- Sonra?

- Sonra Kainat öskürməyə başlayır və qan qusur; son nəticədə Kainatın ciyərlərinə hopmuş Kül cücərə-cücərə göyərməyə başlayır...
Sonra?
- Sonrasını da özün fikirləş...

- Mən fikirləşə bilmirəm – fikirləşmək yadımdan çıxıb...
- Günahlarını əzbərlə ki, sonra yadından çıxmasın.
- Əzbərləyirəm...

- Əzbərlə, yaxşı-yaxşı... Günahları yaddından çıxartmaq ən Böyük Günahdı.
- Yadımdan çıxmışdı az qala, dedin ki, hardan gəlirsən?
- Cəhənnəmdən!
- Hara gedirsən?

- Cəhənnəmə!
- Niyə tələsirsən, gedək qonağımız ol.
- Olmaz, sizinkilər məni görsə, qorxar, günahdı...

- Bu nədi belə, göydən iynə yağır ki...
- İynə deyil, qaynar yağışdı.. aha... dayan!
- Noooldu belə sənə?

- Mənə xəbər gəldi ki, bütün Cəhənnəm yenə ayaq üstədi – hər yanı etiraz mitinqləri bürüyüb – nə eşidiblərsə... Sizin ucbatınızdan Cəhənnəmdə də bizə rahatlıq yoxdu. Bu ağır gündə gərək özümü Vətənə yetirəm. Mən getdim, görüşərik.
- Hara?
- Cəhənnəmə!

- Məndən Cəhənnəmdəkilərə lənət deyərsən!
- Lənət göndərən sağ olmasın!

1998, 31 dekabr – 1999, 1 yanvar
XS
SM
MD
LG