Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:56

Seymur Baycan. Dörd romantik hekayə


Birinci hekayə

Qulağımız avtomat səsinə, gözümüz silahlı adamları görməyə alışmışdı.

Buna baxmayaraq, raket zərbələrinə çox az adam hazır idi.

Qardaşım darvazanın sağ küncündə, qaz durbasının üstündə oturmuşdu.

Bacım musiqi məktəbinə fortepiano dərsinə getmişdi.

Anam xəstəxanadaydı. Yatmırdı, işləyirdi.

Atam iki il əvvəl araqdan zəhərlənib ölmüşdü. Ya cənnətdə idi, ya da cəhənnəmdə.

İkisindən birində. Mən bazarın yaxınlığından keçirdim. Birdən raket atdılar.

Dedilər, adı “Kristaldır”. Güclü dağıdıcı qüvvəyə malik olmasa da, dəhşətli səsi vardı.

Qorxudan ağzıma su gəldi. Səhv etmirəmsə, altıncı “Kristal” bazarın qarşısına toyuq-cücə satılan yerə düşdü.

Bir az duman, tüstü qalxdı. Adamlar qışqırdı. Göydə lələklər oynadı.

Toyuqlar tut ağacının budağına yapışdı. Mənzərəni bədii təsvir etsək, sanki ağac toyuq gətirmişdi.

Müharibədən bəhs edən filmlərdəki kimi.

İkinci hekayə

O, dördyoldan üç yüz metr aralıda kəndin girəcəyində ikinci evdə tək yaşayırdı.

Atasından ona böyük həyət, çoxlu meyvə ağacları, dərin quyu, balaca ev qalmışdı.

Sovet şairləri ürəklərindən keçən sözləri despotların, tiranların sifətinə təlxəklərin, dəlilərin diliylə çırpırdılar.

O, nə dəli idi, nə də təlxək. Adam, sadəcə, xəstə idi, xəstə.

Şalvarını göbəkdən yuxarı dartıb kəmərini o qədər sıxırdı ki, deyirdin bu dəqiqə kəməri qırılıb şalvarı bir anda dizinə düşəcək.

Kənd arvadları yalandan yaşmaqlanıb pıqqıldaşacaq.

Qaloş geyinər, şalvarının balağını corabın içinə dürtərdi.

Toylarda bir ayağı üstdə oynayar, yaslarda ən azı iki boşqab aş yeyərdi. Yay-qış saqqalda gəzərdi.

Gözünə görünən, əlinə keçən dəmir-dümürü, metal qırıntılarını, dördyolda yerləşən kooperativdən deşik vedrələri, çürük “qluşitel”ləri həyətə daşıyırdı.

Yalan olmasın, həyətə 20-22 metr hündürlüyündə dəmir tayası yığmışdı. Heç kim dəmir tayasına yaxın gedə bilməzdi.

Vurub adamın başını yarardı. Zatən, onunla şit zarafat etmək istəyənin daşla vurub başını yarmışdı.

Deyirdi, “samalyot düzəldib uçub gedəcəm burdan.

Düzəltməyinə düzəldəcəm, amma bilmirəm, uçacaq, ya yox. Uçsa da düzəldəcəm, uçmasa da”. Yazdığım kimi danışırdı.

“Oxumaqdan başına hava gəlib”, – deyirdilər. Ermənilər qəflətən kəndə hücum edəndə hamı qaçdı. Təkcə o, ermənilərə əsir düşdü.

Üçüncü hekayə

Bu hekayəni mənə Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu danışıb (yeri gəlmişkən, çoxdan Reyi görmürəm):

“Bizim balaca qərargahımız sakit bir kənddə yerləşirdi.

Kənddə beş-altı qoca, kənar rayonlarda qohumları olmayan adamlar qalmışdı.

O, evdə semiçka, ştuçnu siqaret (bu sözlər dırnaqsız yazılır), İran saqqızları satırdı.

Ağır eşidirdi. Biz əsgərlər semiçka, ştuçnu siqaret, İran saqqızı almaq istəyəndə onu çağırmırdıq.

Onsuz da eşitməyəcəkdi. Göyə iki-üç güllə atırdıq, çıxırdı evin qabağına.

Belə alış-veriş həm satanın, həm də alanın xoşuna gəlirdi. Heç gözləmədiyimiz bir vaxtda ermənilər kəndə hücum etdilər.

Atışma başladı. O, güllə səslərini eşidib çıxdı evin qabağına. Elə bilirdi bu dəfə semiçka, ştuçnu siqaret, İran saqqızlarını lap çox alacaqlar.

Güllə ona elə qapının ağzında dəydi. Müharibədən bəhs edən filmlərdəki kimi.

Dördüncü və sonuncu hekayə

Mən onu şəxsən tanımırdım. Amma haqqında çoxlu lətifələr eşitmişdim.

Çox az adam onun adını bilirdi. Əksəriyyət onu familyasıyala çağırırdı. Yaslarda mollaları dolayırdı.

Gur məclislərdə rayon burjuaziyasını əyləndirirdi.

Ömründə bir dəfə də olsun rayondan kənara çıxmamışdı. Sovet dövründə əsgərliyə getməmişdi.

Söyüşlə danışar, amma onun söyüşündən heç kim inciməzdi. Onun ayaq basdığı məclislərdə hamı gülərdi.

Əsl rayon klassiki idi. Yemək pulsuz, taksi pulsuz, köynək pulsuz. Hələ üstəlik cibinə pul da basardılar.

Qısası, hər rayonun belə məşhur tipi olur. Onu axırıncı dəfə görən adamın bu yaxınlarda söhbətini eşitdim:

“Mən rayondan çıxırdım. Maşında benzin az qalmışdı. Qırmızı işıq yanırdı. Benzinli maşınların hamısı rayondan çıxmışdı.

Yuxarı tərəfdə atışma gedirdi. Gördüm oturub səkinin üstündə sakit-sakit siqaret çəkir.

Adətən şairlər qafiyə axtaranda belə siqaret çəkirlər. Heç tələsən adama oxşamırdı.

Uzaqlara baxırdı. Siqareti atıb ikincini yandırdı. Müharibədən bəhs edən filmlərdəki kimi.

- Dur ayağa. Nə oturmusan burda? Maşının benzini qurtarır. İndi gəlib səni əsir götürəcəklər.

- Görürsən o körpünü?

- Görürəm.

- Körpüdən o tərəfdə bir əclaf da məni tanımır. Mən hara gedim?

SEYMUR BAYCANIN BAŞQA HEKAYƏLƏRİ
XS
SM
MD
LG