Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:53

Əbdürrəhim bəy Haqverdiyev “İT OYUNU” (Hekayə)


Qapısı daldan bağlı olan bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər.

Biri N. qəzasının afət və bəlası, sabiq prokuror İvanov idi.

İkincisi, haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adıyla analar uşaqlarını qorxudurdular.

İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi.

- Qardaşım, mənim canıma Əzrayıl bəy olmamısan? Nə istəyirsən məndən?

İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə saxlayan iki qardaş quldurlar idilər.

Şəhərdə pristavdan savay keç kəsin əqrəbası yox idi. O idi ki onun evindən hər gün xörək gəlirdi.

Pristav - xörəyinin çox olduğundan prokuroru da qonaq eləyirdi.

Bəzi vaxtlar quldurlara da az-maz çatırdı.

Bir gün nahar vaxtı pristav üzünü yoldaşlarına tutub dedi:

- Həzərat, sizə bir qəribə nağıl eləyim. Bu prokuror ki görürsünüz, bir vaxt N. qəzasının bəlayi-nagəhanı idi.

Nə etməli ki, indi təqdiri-qəzadan mənim bozbaşıma möhtac olub. Mən bunun başına, osmanlılar demişkən “tam mənası ilə” bir it oyunu gətirdim. Onun indiyədək mənim o kələyimdən xəbəri yoxdur. Qoyun indi bilsin:

Mən N. qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim.

Əvvələn bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların ki bellərindən bir gün dəyənək əskik oldu, qudurub yollarından çıxırlar.

İkincisi, adam döydürməyən pristavın camaat arasında qədri-qiyməti olmaz. Deyərlər: “Ağzı yava pristavdı”.

Söhbətin şirin yerində Moltanı gəldi, - “Allah saxlasın”. Bir də gördüm hardansa, bu zalım oğlu prokuror təyin olub. Gəldi, çıxdı, bir-iki gündən sonra məni çağırıb dedi:

- Əzrayıl bəy, mənə xəbər verdilər ki, siz burada adam döydürürsünüz, təvəqqe edirəm belə işləri qoyasınız bir yana.

Yoxsa, bir də eşitsəm ki, adam döydürmüsünüz, məndən inciməyin! Sizi məhkəməyə verəcəyəm.

Əlim, ayağım kəsildi. Pristav olub adam döydürməməkdənsə, gedib əkinçilik etmək yaxşıdır.

Qardaşlar, öz başınıza gəlib. Azından hər biriniz yüz oğurluq etmisiniz. İndi insafla deyin, belinizə ağac dəyməyincə, boynunuza alırdınız, ya yox?

Quldurlar ikisi də pristavın sözünü təsdiq etdilər.

Birisi dedi:

- Papağını qoltuğuna vurub, çəpər altından oğurluğa gedən binamusun atasına gərək od vurula.

Pristav nağılına davam elədi:

- Bəli, əlim-ayağım kəsildi, arvad kimi oldum. İstədim istefa verim. Sonra qəza özü mənim qolumdan tutdu.

Bu prokurorun bir yaxşı ov tulası var idi. Yasavulları öyrətdim, tulanı oğurlayıb gizlətdilər.

Prokuror bir gün, iki gün iti axtardı, tapa bilmədi. Axır məni çağırıb yalvardı ki, onun itini tapım. Dedim: “Baş üstə axtararam!” Bir on gün keçdi.

İt tövlədə əyləşib istirahətlə hər gün, ətdən, çörəkdən yeyirdi.

Bir gün məyus bir halda prokurorun yanına gəlib xəbər verdim ki, bəs iti oğurlayan tapılıb. Yəqindir ki, iti aparan odur.

Amma əldə rəsmi dəlil yoxdur. Hərçi təkid edirəm, boynuna almır.

And içir ki, itdən xəbəri yoxdur. Amma iti aparmağı yəqindir.

Prokuror qeyzə gəlib birdən dedi:

- Belə, bas o kafir oğlu kafiri ağacın altına sal, o qədər vur, bir qat qabığı getsin! Onda boynuna götürər.

Dedim: “Baş üstə!”

Sabahdan prokurorun itini göndərdim və o gündən bunun izninə görə başladım: “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib!” Başladım sağdan sola, soldan sağa dəyənək çırpmağa.

Prokuror qulaq asıb soruşdu:

- Əzrayıl bəy, həqiqət iti sən oğurlatmışdın?

- Bəli.

- Ax tı maşennik!
XS
SM
MD
LG