Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Eyvaz Zeynalov "Bayram payı" (hekayə)


Toran qarışmışdı. Uşaqlar bayram tonqalının ətrafına yığılmışdılar. Çalıb-oynayır, oxuyur, hay-harayla ton­qa­­­­lın üstündən tullanır, şənlənirdilər.

Vaqif Mehdini kənara çəkib dedi:

- Papaq atmağa gedək?

- Gedək.

- Torba götürmək yadından çıxmayıb? - Vaqif soruşdu.

- Yox, götürmüşəm. - Göstərdi. Cibindəydi.

Onlar hələ neçə gün bundan qabaq şərtləşmişdilər ki, çərşənbə axşamı, torbaatdı günü bir­lik­­­­də torba ata­caqlar.

Daha doğrusu, papaq. Mehdinin götürdüyü yekə tor­ba­­ya evlərdə pa­paq­­la­rı­­na qoyulanları yığacaqdılar. Axırda da hamısını dədə malı kimi tən yarı böləcəkdilər.

Vaqiflə Mehdinin yaşadığı ərazidə nə az, nə çox, düz altı dənə beşmərtəbəli bina vardı.

Uşaqların papaq atdıqları birinci il deyildi. Keçən bayramda xüsusi təcrübə qazanmışdılar. Hər evə papaq atmırdılar.

Mənzilləri qapılarına görə qaralayır, dəyərləndirirdilər. Kör-köhnə, sı­nıq-salxaq, taxta qapılı, bir də qapıları bahalı, təmtəraqlı evlərə yaxın düşmürdülər.

Onlara görə, qapılar ev sahiblə­ri­nin güzgüsüydü, hamısı öz sahibinə oxşayırdı. Baxan kimi bilirdin ki, sahibi im­kanlıdı, yoxsa imkansız.

Köhnə, sınıq-sal­xaq qapıların sahibləri əksər hallarda elə sınıq-sal­xaq kasıb­­lardı. Onlardan nəsə umma­ğa dəy­məzdi. Varlıların bahalı, qala qa­pılarını xatırladan qa­pıları özlə­ri tək yenilməzdi.

Hər saat hər adamın üzünə açılmırdı. Onların arxasında ye­yilib-içilən­lər də heç adi adam­­ların yeyib-içdikləri deyildi. Hər papaq atanın papağına qoyul­murdu.

Hədlərini bil­mə­­­­­yə­cəkdilər papağına nəsə qoymaq əvəzinə söyüb qovacaqdılar. Hələ döymə­sə­lər yaxşıydı. Al­­lah bərəkət versin, nə yığırdılarsa yenə ortabab qapı­lardan yığırdı­lar...

Uşaqlar beləcə qapıları sonalaya-sonalaya xeyli papaq atdılar, torbalarını əməlli-başlı dol­durdu­lar.

Nəhayət, axırıncı bi­­na­nın axırıncı girişindəki üçüncü mərtəbəyə qalxdılar. Çox fikirləş­mə­dən sağ tərəfdəki ortabab qapını döydülər. Papaqlarını atıb qıraqda gizləndilər...

Uşaqlar bu mənzildə Xocalı qaçqınlarının yaşadığından xəbərsizdilər. Bir ana, bir balaydı. Mənzil soydaşlarının zibilinə keçən, qorxudan qoyub qaçan erməni mənziliydi.

O soydaşlarının ki, azəri türklərini Ermənistandan, dədə-baba torpaqlarından qovmuş, Qarabağda, Xocalıda qır­ğın­­lar, gö­rünməmiş vəh­şiliklər törətmiş, Qarabağ torpaqlarını işğal etmiş, qarabağlı­ları yurd-yu­valarından didərgin sal­mış­­dılar. Xocalı qırğınında ermənilər Fatma ananın ərini, iki oğlunu evli-eşikli yan­dır­­mışdılar.

Qızı Saranın ərini, qaçıb meşədə gizlənən körpələrini güllələ­mişdilər. Fat­ma ana qızı Sara ilə neçə gün meşədə qar-qiyamat­da itin zülmünü çəkmiş, bir təsa­düf nəticəsində sağ qalmışdı. Arvad o vaxtdan şə­kər, ürək xəstəsiydi. Saranın da əl, ayaq barmaqlarının neçəsini don aparmışdı.

Tərslikdən Bakıdakı axırıncı zəlzələdə mənzillərinin divarları həyatları kimi çat vermiş, qə­za­lı vəziyyətə düşmüş­dü.

Çox get-gəldən, süründürməçilikdən sonra onlara şəhid ailə­ləri üçün ti­kil­miş təzə beş­mərtə­bə­li binada birotaqlı mənzil ayırmışdılar.

Mənzilin açarını Fatma anaya pre­zident şəxsən təq­dim etmişdi. Lakin aradan xeyli keçməsinə baxmayaraq həmin mənzi­lə köç­mək Qarabağa qayıtmaq kimi çətin problemə dönmüşdü.

Ala ba­­şına-kül ba­şına tə­ləm-tələ­sik binanın üç mənzilini hazırlamış, təmtəraqla prezidentə qırmı­zı lentini kəsdirmiş, təpili-tıxalı mənzilləri çəkib görk kimi televizorda aləmə göstər­mişdilər. İçə­risini hansı bazar-dükan­dan gəti­rib müvəqqəti doldurmuşdularsa sabahısı elə həmin bazar-dükan sa­hibləri də gəlib ha­lal mal­­­ları­nı geri daşımışdı­lar.

Çölü bəzək, içi təzək binada hələ də iş gedirdi...

Sara kommunal təsərrüfatı idarəsində süpürgəçi işləyirdi.

Gündəlik it yerinə də buyu­rurdu­lar, qurd yerinə də.

Ana-bala tulapayı pensiya və maaşla dolanırdılar. Bu gün qaçqınkomun xətti ilə bay­rama görə on­lara iki kilo un, iki kilo qənd, iki kilo düyü, bir litr günəbaxan yağı, bir də bir donu açılaraq iylən­miş, bir dəri bir sü­mük toyuq vermişdilər.

Sara da bazar-dükandan bayramlıq üç-dörd dənə qo­ğal, şəkərbura, bir ki­lo ucuz konfet, bir kilo alma, yarım kilo qoz, yarım kilo fın­dıq, bir kilo qo­vur­ğalıq buğ­da almışdı. Buğdanın bir ovucunu nəlbəkidə səməni göyərt­miş­­di.

Qa­la­nını qazın üstünə dəmir qoyub qovurmuşdu ki, iyi çıxsın, bayramdı. Guya iyi çıxma­­say­­dı, bay­ramın bayramlığı, gəlib-gəlmədiyi bilinməyəcəkdi...

Qapı döyüləndə Fatma ana ermənidən qalma ağ-qara televizora baxırdı.

- Gör kimdi, ay bala? - Mətbəxdə əlləşən qızını səslədi.

Gözlükdən baxan Sara geri çönüb astadan dedi:

- Məhlə uşaqlarıdı, papaq atıblar. - Bilmirdi qapını açsın, açmasın.

Səbirləri bayram fındığından da balaca olan uşaqlar qapını bir də döydülər. Sara qeyri-ixti­ya­ri açıb papaq­ları götür­dü.

- İndi mən bunlara nə qoyum, ay ana? - Boynunu büküb papaqları arvada göstərdi.

- Qorğadan-zaddan qoy də, ay bala, daha nə qoyacaqsan? Yoxdan allah da bezardı, bəndə də.

- İndiki uşaqlar qorğanı bəyənmirlər, ay ana. Pilləkənə dağıdıb gedəcəklər.

Papaqlar əlində quruyub qalmışdı. Stolun üstündəki bayramlıqları iki papaqlıq deyildi. Bir pa­pağı doldura-doldurmayaydı. Özləri heç, yəqin ki, hələ bunlardan sonra da papaq atan olacaq­dı. Qadağa qoyacaqdı?

Dədə-baba adətiydi. Bir zaman, dünyanın yaxşı vaxtlarında onlar Nov­­ruz bayram­larında qonşu-qonuma indikilər kimi papaq yox, torba atardılar. Bayrama bir ay, ay yarım qalmış elliklə hazırlaşardılar.

Həyətlərdə sac asar, teştinən qovurğa qovurar, neçə gün sə­ra­sər şə­kər­bura, paxlava bişirər, yu­mur­ta boyayardılar. Bayram axşamlarında stollarının üstündə bar­maq bas­ma­­ğa yer tapılmazdı.

Nə qədər torba atılsaydı, hamısını ürəkaçıqlığı ilə bol-sal doldurar­dılar. Sara özü də uşaqlara qoşulub çox qapı pusmuş, tor­ba atmışdı... Nişanlısıgilə necə tor­ba atdığı bu­günki kimi yadındaydı.

Onunla zarafat etmək fikrinə düşən rəhmətlik boş qaytardığı torbasına bir barmaq kağız yazıb qoymuşdu ki, bəxtini bir də sına­...

Sara hər papağa bir qoğal, bir şəkərbura, beş-altı ucuz konfet, üç-dörd dənə də qoz qoydu. Duruxa-duruxa papaqları geri qaytardı. İşığı söndürüb gözlükdən uşaqların papaqdakı ayın-oyu­nu görəndə necə hərəkət edəcəklərini izləməyə başladı.

Vaqiflə Mehdi üzə çıxıb papaqlarını götürdülər. Qapının ağzındakı işıqda içindəkilərə bax­dılar. Vaqif dedi:

- Bura nahaq papaq atdıq. Bir gör nə qoyublar.

- Yəqin kasıbdılar... - Mehdi dedi.

- Bəlkə də qaçqındılar...

Papaq atmaq fikrindən daşınan uşaqlar pilləkənə sarı yönəldilər. Sara da xəcalət çəkə-çəkə qapıdan aralandı.

Axırıncı mərtəbəyə çatanda Mehdi ayaq saxladı. Vaqif soruşdu:

- Nədi, niyə dayandın?

- Bəlkə onlara bir papaq bayram payı verək?

- Nə deyirəm, verək, yazıqdılar. - Vaqif dostunun kimləri nəzərdə tutduğunu o dəqiqə başa düş­dü.

Uşaqlar bayram şeyləri ilə doldurduqları torbanın ağzını açdılar. Papağın birini şəkərbura, pax­lava, yumurta, qoğal, qoz-fındıqla təpələmə doldurdular. Geri döndülər. Hürkək-hür­kək qapı­nı döydülər. Dolu papağı yerə qoyub daldalandılar.

- Ay allah, mən neyniyim? - Sara ayaqlarını sürüyə-sürüyə qapıya yaxınlaşdı. - Yəqin yenə papaq atdılar...

Qapının dalında durub dinşədi, gözlükdən baxdı. Lakin kimsə gözünə dəymədi. Qapını ara­­ladı. Bayaqkı papaqlardan birini qapının ağzında dolu görəndə çaşıb qaldı. Başını bir az çıxardıb qapının yan-yörəsinə nəzər salanda uşaqları gördü.

- Bu nədi, ay uşaqlar? - soruşdu.

Onlar daldalandıqları yerdən çıxıb utana-utana yaxınlaşdılar.

- Sizə bayram payı gətirmişik, xala, - dedilər.

- Nə danışırsınız, uşaqlar, elə şey olar? - Sara lap özünü itirdi.

- Niyə olmur, ay xala? - Uşaqlar yalvarışdılar. - Siz allah, götürün. Bax, götürməsəniz, pa­paqlı-zadlı qoyub gedəcəyik.

Sara daha nəsə demək istədi. Lakin hiss etdi ki, səsini çıxartsa, hönkürüb ağlayacaq. Uşaq­­ların hərəkəti onu riqqətə gətirmiş, bərk kövrəlmişdi.

Dinməzcə papağı aparıb stolun üstünə bo­şaltdı. Qaytarıb uşaqlara verdi. Geri qayıdanda:

- Nədi, ay qızım, yenə papaq atıblar? - deyə anası divanda qurcalandı.

Sara cavab verə bilmədi. Göz yaşları yanaqları aşağı axırdı...
XS
SM
MD
LG