Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

CAVİDAN "Zazunun anası" (Hekayə)


Biz təzə evə köçəndə ilk qarşımıza çıxan o oldu. Gözləri qaynayan, əndamı oynayan birisi idi.

Mənə “xoş gəlmisiz” desə də gözləri yoldaşımın ora-burasını ölçməklə məşğul idi.

Sonralar onu hər gün görməyə və eşitməyə məcbur olduq.

Hər səhər saat 5-6 arası onun beş yaşlı oğlu əlində batareyalı əcaib siqnal səsləri çıxaran oyuncaq maşın rulu, binanın və ətrafdakı həyət evlərinin sakinlərini oyadırdı.

Demək, bir məhəllə yuxarıda, şəhərin Kiçik Bazar məhəlləsinin başlanğıcındakı məscidin günbəzindən İran azançısının fanoqramı verildimi, bu uşaq da əlində həmin rul, dörd mərtəbə düşüb həyətdə binanın ətrafına dövrə vurar, siqnal verə-verə özü də maşın səsi çıxarar, sonra isə həyətdəki su quyusunun yanında oturub ucadan muğamat oxumağa başlayardı.

Hə, vallah, əməlli-başlı “aman, aman, yaaar, aman” deyə fəğan edərdi uşaq. Elə də gözəl səsi vardı ki…

Bu uşağa kimsə dinib bir söz deməzdi.

Mən belə başa düşdüm ki, binada artıq hamı öyrəncəlidir bu səhər konsertlərinə, çünki çox keçmədi ki, mən özüm də artıq qıcıqlanmadığımı, yuxumun qaçmadığını hiss elədim.

Uşağın adını kimsə bilmirdi. Anası başda olmaqla hamı ona Zazu deyirdi.

Zazunun daha bir sevimli məşğuliyyəti isə həyətdən yığdığı zir-zibili ümumi su quyusuna atmaq idi. Bir dəfə quyunu təmizləyəndə ordan nələr çıxmadı ki!

Qonşuların üstündə bir-birini oğru adlandırıb az qala məhkəməyə verəcəkləri zivədən “şpilka”qarışıq dartılıb götürülən pal-paltardan tutub voleybol toplarınadək, gəlinciklərədək, suçu qoca Vityanın yamaqlı kepkasınadək, quruya çıxıb özünü günə verən timsahabənzər Roza xalanın sevimli kətilinədək…

Camaat Zazunu söyür, anası da dördüncü mərtəbədən baxıb qəhqəhə çəkir, qonşuları biədəb söyüşlərə qonaq edirdi.

Günorta azanının səsi gəldi və o, əlində bir boşqab üstüqaralı plovla həyətə düşüb Zazunun dalınca hərgünkü qaçmaq əməliyyatına başladı:

- Gəl, köpəyoğlu, yeməy vaxtıdı, karsan, görmürsən azan verillər?

O, qaralı plovdan götürüb ovcunda yumrulayır və Zazunun ağzına təpişdirir, özü isə həyətdə oturub özünü günə verən timsaha bənzəyən Roza xaladan soruşurdu:

- Gəlnin dəli olub? Axırı doğmaqdan öləcəy, onçun-bunçun doğub satmaydan yorulmadı?

- Öz qarnıdı, öz əridi, öz uşağıdı, bala, özü bilər, mənə bəyəm o puldan nəsə çatır? Əy tövbəə…- timsah gərnəşib ağızdolusu əsnədi.

- Aa, yaxşı daa, yekə arvadsan, əsnəmə uşağımın üstünə görüm, əprəsyəli uşağdı, üfürə-üfürə saxlıyıram.

Zazunun anasının təkcə gözləri deyil, evi də daim qaynayırdı.

Qapıbir qonşuyduq deyə onun evinə gələnlərin hay-küyünə də dözməli olurduq.

Bəzi gecələrsə bu hay-küy ağlaşma səsləriylə müşaiyət olunurdı. Həyətə təcili yardım maşını gəlir, həkimlər onun evinə doluşur, səhərədək bu qadınla əlləşirdilər.

Onun bronxial astması vardı. Hər an öləcəynidən qorxurdu.

Mən balkonda paltar sərəndə yaxud bekarçılıqdan dənizə tamaşa edəndə ondan heç bir şey soruşmayıb sadəcə etika xətrinə salamlaşsam da, o, özü haqda o qədər məlumat verirdi ki, sanki bütün bunları ən məhrəm bir adamına danışırdı.

Deyirdi, onu uşağı olmayan bir qadın uşaq evindən götürüb saxlayıb, sonra ərə verib, sonra özü ölüb, sonra onun özünün də uşağı olmayıb deyə əri onu boşayıb, sonra o, gəlib bura, onu böyüdən qadının evinə sahib durub, sonra bir oğlanla görüşüb, ondan Zazunu doğub, sonra oğlanın ailəsi mane olub deyə ondan da ayrılıb, lap, lap, lap sonra isə cavan bir uşağa aşiq olub.

Bu cavan uşaq isə heç demə "oğraşın dal ayağı" imiş, bunun hesabına kef çəkirmiş, hələ qıraqda özünə qız da saxlayırmış bunun puluna…

- Neynim, sevirəm də bu oğraşı. Pul verirəm, İranda qazandıqlarımı gətirib başından tökürəm, o isə namərdlik eliyir, məni mal kimi çırpır, oğlumu təpikləyib həyətə qovur, ya da mən olmayanda dimidrol verib yatırdır, mən İranda olanda evimə fahişə gətirir…eehhh, nə bilim, ay bacı…

Küçədən maşın siqnalları eşidildi. Gəlin aparırdılar. O, balkondan aşağı tullanacaqmış kimi dartınıb qışqırdı:

- Heeyyy…mənçin olsun! Mənçin olsun, ay camaat! Amin deyin, amin…!

Küçədə, balkonlarda nə qədər adam vardısa, hamısı ona baxdı. Kimi güldü, kimi “amin “ dedi, kimi başını buladı, kimi də “kül başına” deyib əlləriylə qapaz göndərdi…

O biri balkondan Nərgiz xala dilləndi:

- Doğrudan ərə getmək istəyirsən, ay Kamalə?

- Əlbəttə, sən bəyəm istəmirsən? Hay arvaddar, guyam ki, siz hindi hər şeyə tüpürüb təzdən yaşamay istəmirsiz?

Guyam ki hindi Kamalə dəlidi, özündən fokus çıxardır? Köpəyoğlu dədəmin goruyçun, istiyirsiz, canıvız da çıxır, amma o yanlarızdakı qartımış kişilərizdən qorxursuz..

- Ay qız, yaxşı, – Nərgiz xala acıqlandı, – adam peşmandı səndən bir şey soruşa.

- Nə yaxşı e, yox sən mənə di görüm nə yaxşı? Bax, camaat, üçə kimi sayıram, kim həyatını təzədən başlayıb yaşamay isdiyirsə əlini qaldırsın, bax mən qaldırdım ujey…

Heç kim əlini qaldırmadı, 25 yaşında vərəmdən ölən yeganə oğlunun nişanlısının ərə getməsiyçin səhər-səhər qapısına gələn qonşu Adilə xalaya “həri” verməyini aşağıda arvadlara söhbət edən Şahrud xala səsini qaldırdı:

- Bəs yanındakı qurumsağı neyləyəssən? Bəs yetimin necolar, hə? Şaddığına şittiy eliyirsənaaa…

- Əşşi..! Qurumsağı bir sözümlə basdırram gedər ömürrüy xoşbəxt olar. Bir dəfə polisə desəm ki, nəyşə satır, işi bitəcəy. Yetimi də ki aparıb verrəm Ədalət Şükürova.

Deyərəm, əkmisən, indi zəhmət çək saxla. Görüm necə sübut eliyicəy ki, ondan döyür. Heç gör öz oğlu ona bu cürnə oxşuyur?

Doğrudan da bu Zazu Ədalət Şükürovun balacalaşdırılmış modeliydi sanki, insan insana bu qədər bənzəyərmiş, Allah…

Həmin gecə o, az qala qapımızı sındırırdı:

- Açın! Açın qapını!

Yoldaşım qapını açdı.

Onun əlləri, çiyni, sinəsi bıçaq yaralarından kəsik-kəsik idi.

- O elədi. O alçaq. Mən onu tutduracam. Yox, heç nə lazım deyil, heç yana zəng eləmiyin. Nə polisə, nə də skorıya…- o, yoldaşımın telefona uzanan qolundan bütün ağırlığı ilə sallanıb yalvardı, – mən bura Zazunu qoymaya gəldim. O, nəyşəlidi, uşağa da bir şey eliyər…Ay Allah. Mən bu oğraşı niyə belə istiyirəm axı…- deyə zarıyırdı.

Zazu əlində rul, mənə baxıb hırıldayırdı:

- Mən bilirəm sənin qarnın niyə o boydadı. Ora uşaq soxublar.

- Kəs səsini, itin belindən gələn! – anası qanlı əlinin arxasıyla onun ağzına tərs bir şillə çəkdi və Zazunun fəryadı binanı başına götürdü.

Biz onların ikisinə də bizdə gecələməyi və ilk tibbi yardım göstərməyi israrla təklif etsək də, o, qəti surətdə imtina etdi:

- Yox, yox, mən başa düşdüm, o məni qorxuzmay isdiyir ki, mən evdən çıxım, olan–qalanımı da oğurruyub aparsın fahişəsiyçin.

Zazunu da götürüb yenidən evinə getdi.

Onun səhərə salamat çıxacağına ümidim yox idi. Amma…

Səhər Zazunun siqnalına və muğamatına oyanıb ürəyimdə Yaradana şükür elədim…

Bir azdan isə dənizə baxdığım zaman onun yenə də binanın balkonlarından boylanan-sallanan qadınlarına “son xəbərlər”i verdiyinin şahidi oldum və içimdə dəqiq əmin oldum ki, bu qadın dünya durduqca duracaq…heç vaxt ölməyəcək də, itməyəcək də, batmayacaq da…

Məktəbdən iki ibtidai sinif müəlliməsi gəlibmiş ki, Zazunu birinci sinfə yazsınlar.

- Zazudan şeir istədilər. Zazu da onlarçun bir dənə “daragiye duruzya”nı oxudu…ay Allah…- Kamalə gülməyini saxlaya bilmirdi, – ayyyy…məllimələrin gözü çıxdı kəlləsinə…ay allah…əşşii, olarda kəllə nə gəzir?

Biri odey, o toyda oxuyançılarnan yatıb-duran Gülnarəydi də, onnan məllimə çıxar?

Arvadların yenə kimisi gülür, kimisi başını bulayır, kimisi də “kül başına” deyib qapaz göndərirdi.

Onunsa dünya- aləm vecinə deyildi və məhz bu məqamlarda mən düşündüm ki, yoox, bu qadın dünyanı tutub durmayacaq, səhv edirmişəm, bu qadın bir gün mütləq öləcək, özü də gülməkdən…

- Ay Allah….mən öldüm gülməydən, aaa ….saxdıyın daa məni…yoxeyyy gərəy görəydiz o səhnəni…hindii, guyam ki, şəstlərinə dəyib uşağın biədəb şeir deməyi, məni dannıyıllar ki, utan e, bir damcı uşağın gör nələr oxuyur…sən də gülürsən…ayy, öldüm gülməydən, Allah…Zazu…Ayyy…Zazu bilirsiz neynədi?

Oxlovu götürüb gəldi ki, ay fayşələr, bu dəyqə burdan…o söz…yoxsa mən sizi bu dəyqə elə o …o söz…ay Allah…öldüm mən, öldüm…
Kamalə özü deyir, özü də gülürdü.

Küçədən yenə siqnal səsləri gəlməyə başladı. Yenə gəlin aparırdılar.

- Odeyy, apardılar birin də xoşbəxt eləmiyə…guyam ki, dünyanı verəcəylər bussaatdarım ona…Heeyyy…! Mənçin olsun.” Mənçin olsun, ay camaat! Amin deyin, Aminnn…!!!

Kamalə balkonunda hoppanı, qışqırır, qəhqəhə çəkirdi. Zazu isə key-key gah anasına, gah da küçədən keçən bəzəkli toy maşınlarına baxıb “ amin, amin” deyirdi…

O, doğrudan da Ədalət Şükürova oxşayırdı…
XS
SM
MD
LG