Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:49

ANAR "Mən, sən, o və telefon" (Hekayə)


Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.


Vaqif Vəkilov


Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.

Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını.

Başqa rəqəmləri. Hamısını unudacaqsan.

Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.

Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.

İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.

Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir - kilometrdir, millər, parseqlər.

Mən bu məsafənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi - beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.

Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur?

Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi.

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.

Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:

- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi.

Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. hələ evdə də bir çətən külfətimiz var - oğul-uşaq.

Bəli, külfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan.

Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram.

Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı ikidin saqlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.

Hamı mənə baxırdı, külüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.

Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərii gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:

- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?

- Uzaq gələcəkdə.

- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir.

Firuz:

- Özünə layiq qız tapa bilmir, - dedi.

- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?

— Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.

— Kamal:

-Gözümün işığı, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan yəqin.

- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.

- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomat da var.

- Gözəl fikirdir, - dedim, - amma iki qəpikliyim yoxdur. Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.

- Nömrəni deyin. Firuz:

- Əşi, ağlına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımçıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.

- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən deyəsən.

- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.

Firuz:

- Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim. Firuzun arvadı:

— Doqquz, - dedi.

— Kamal:

- Sıfır, - dedi və arvadına baxdı, - sən de.

— Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.

— Murad:

- Beş, - dedi.

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.

- Nişanlım yatıb, dedim. hamı gülüşdü. Mən dəstəyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.

Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng buylara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.

Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.

- Bəli.

- Salam.

- Salam. Kimdir?

- Mənəm. Gəlin tanış olaq.

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.

- Axı tanışlıq üçün vaxt bir az gecdir.

- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.

- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?

- Yox. Bəs siz ərdəsiniz?

O güldü.

- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?

- Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.

- Bəs mənim nömrəmi hardan tapdınız?

- Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.

- Əcəbdir.

- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.

- Olur, eybi yoxdur.

- Sizinlə görüşə bilərik?

- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.

İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.

- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.

- Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.

- Doğrudan?

- Doğrudan. Gecəniz xeyrə qalsın.

- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama.

Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun.

Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız.

Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...

- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.

- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə... Firuzun arvadı:

- Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.

O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.

- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz - böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik.

Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..

Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim ki, bilmirdim.

- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?

- Hansı axşam? Nə rəqəm?

İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:

- Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.

- Allo. Salam. Mənəm.

- Salam. Kimdir?

- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.

- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu təklikdən şikayət edir. Məşğulətçin telefon macəralarına qurşanmısız.

O, sərt və kəskin danışmağı bacarırdı.

- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?

- Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.

- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.

- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.

- Siz həmişə belə kec yatırsınız?

- Hə, mən kecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.

Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.

- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?

- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə heç olmasa eşitmirəm onun çalmasını.

- Radioyla nəyə qulaq asırsınız ki?

- Efir evimin içi kimidir. Bax burda həmişə kecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını görürdüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir.

Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm.

Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərinn də eşidirəm.

Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr...

- Təyyarələr niyə?

- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?

- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.

-Hardan qohumdurlar ki?

- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.

- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.

Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə: mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım.

İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən.

Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.

Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi asdım.

Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar. Mən onun haqqında nə bilirdim? heç nə.

Bircə onu bilirdim ki, kecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.

Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər.

Bizim laboratoriya müdirimizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır.

Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksinirdi.

Yəqin ona elə gəlirdi ki, bu mina - telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...

Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir.

O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən.

Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər.

Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.

Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.

Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.

Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.

Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır.

Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.

Bir dəfə soruşdum:

- Neçə yaşındasınız?

- Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən.

Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm.

Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.

- Axı biz haçan görüşəcəyik?

- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm.

Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir.

Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər.

Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın.

O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?

- Yox. Ərizə vermişəm, gedirəm ordan.

- Hara?

- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?

O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.

Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.

Mən hamıdan kec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.

Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.

O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.

- İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət edirsən.

Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin.

Buna əmin ola bilərsən. Amma… - o, pauza verdi, - amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa.

Elə yer var gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə ketməyəsən.

- Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.

O, əlini yellədi:

- Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?

- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.

- Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.

O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından. biri idi. Birdən mənim yadıma qammalar, sonra nsə radio düşdü.

- Tost demək istəyirəm, - dedim.

Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.

- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.

- Kim, kim? - deyə ordan-burdan səsləndilər.

- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından kecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.

Rasim:

- Dinməyin, deyəsən aşnamız dəmdir, - Hamı bərkdən gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu:

- Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi Seymur?

Hamı qədəhləri qaldırdı.

- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.

- Pah atonnan. Yaxşı, de gəlsin...

- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansnyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...

Mən bir qurtuma qədəhi başıma çəkdim.

Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.

Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. «Bu da sənin yol gözətçin - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?»

Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zənk elədim. Hansı vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla.

Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.

- Sizi Atlantik yeni iliylə təbrik edirəm, - dedim. Yəqii ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.

- Sizsiz? İndicə girmişəm qapıdan.

- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.

- Rəfiqəmgildəydim.

- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.

- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.

- Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.

- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.

İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı...

- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.

- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.

- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin bu saatca gəlim ora.

- Xahiş edirəm sizdən, dedi və səsində ağrı duydum.

Xahiş edirəm bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.

Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri.

Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.

- Vəlizadə kimdir? - deyə xəbər aldım.

- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?

Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.

Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.

Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. «Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun».

Gecə ona zəng vurdum.

- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.

- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.

Gülüşümü güclə boğaraq:

- Nə işdi ki? - deyə soruşdum.

- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.

- Təzə müdir?

- Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.

- Yox əşi, - mən yenə də gülməkdən özümü küclə saxlayırdım, Hə, necədir təzə şöbə müdiriniz?

- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...

Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlmirdi.

- Niyə xoşunuza gəlməyib ki?

- Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. hər halda özünü belə tox tutur.

Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.

İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.

- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?

Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:

- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.

Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir şeylə ayrılarından fərqlənmirdi.

Adi bir sifət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi.

Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun məna yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.

Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım görüm o bu dəyişikliyi duyurmu?

Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.

- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...

- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.

- Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım - «görəsən haçan baxıb ki, mən sezməmişəm», - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.

- Qısqanıram sizi ha, - dedim.

Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.

Artıq mən heç bir şey edə bilməzdim. hadisələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi.

Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.

İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi.

Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağıma heç ehtiyac qalmır. O özü hvvəslə Seymur müəllimdən danışır. Rüstəmlə uzun-uzadı telefon söhbətləri zamanı danışır.

Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi.

Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə kəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm.

Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışıq düşmüşdü.

Təsəvvür edin, Seymur kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni - Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.

Bir dəfə ona:

- Gəlin, - dedim, - bir-birimizə «sən» deyək. Axı çoxdan tanışıq.

- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.

- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə «sən» deyə, onunla isə «Siz deyə danışır.

Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci «Məni» haqqında özgə bir şəxs kimi düşünürəm.

- Mənə elə gəlir ki, sən bir balaca ondan gəsirsən?

- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir.

Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim.

İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:

- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü, hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.

Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:

- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.

Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.

O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.

Gecə ona zəng elədim.

- Salam.

- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə ötürdü.

- Necə? - deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.

- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.

«Daha doğrusu, mərifətsiz, gicin biridir» - deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm».

Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, Yox deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmak üçün deyirdi. - Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi?

Gümanlar, fərziyyələr nçində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.

Biz gediş-gəlişi azalmış adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:

- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?

- Evdə otururam, - dedi.

- Elə tək-tənha oturursunuz evdə?

- Bəli, nədir ki?.. Oxuyuram, radioya qulaq asıram.

Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.

- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.

- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.

- Yox, - dedi.

Amma mən geri çəkilmək istəmirdim,

- Bəlkə məni evinizə dəvət edəsiz?

- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.

- Gecdir? Siz belə tezdən yatırsınız?

- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.

- Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.

O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim.

Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim.

Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.

- Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.

Gülümsündü, cəld çevrilib qaçdı.

Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.

Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi.

Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.

Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi ona görə ki, Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim.

Axı Mədinə burda işləyirdi. Nə isə məsul katibin otağına getdim, üzrxahlıq elədim.

Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.

- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardı, - bizim Seymur bilirsən neçə mərd adamdır. Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib.

Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb.

Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.

- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nntqlər deyirlər, adamların içində basıb - kəsirlər, amma sonra təklikdə kedib üzr istəyirlər. Yəqin sənin Seymurun da iclasdan çıxıb gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.

O, kədərli səslə:

- Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?

- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.

- Çox gözəl. Hamımız bir-birimizi sevək də.

- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.

- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.

- Niyə də getməyəsən?

O güldü. Görünür bu fikir ona xoş idi.

- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.

- Axı biz səninlə danışmışdıq.

- Sən mənim haqqımda ona bir şey demisən?

- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.

Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı.

Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin.

Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük.

Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.

Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə - yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə.

Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.

Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:

- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.

Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir. Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.

Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.

O:

- Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.

Mən onu ötürdüm və dərhal zəng elədim.

Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.

- Bilirsən, - dedim. - İndi işdə də onunla «sən» deyə danışırdıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?

Mən heç gözləməzdim. Onun rəngi qaçdı, sifəti gərginləşdi. Amma tez özünü ələ aldı və dedi:

- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...

- Dünən səni yuxumda görmüşəm.

- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?

- Səsini görmüşdüm yuxuda. Bir də «Nerinqa» radionu.

- «Nerinqa»nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən necəyəm? heç məni təsəvvür edə bilirsənmi?

- Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.

- Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.

- Yəqin sən tək mənim yuxuma girmirsən...

- Yenə başladın?

- Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tiracın neçədir?

- Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığısan.

- Hədsiz dərəcədə minnətdaram.

- Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.

Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.

- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.

- Yaxşı, ürəyimi çəkmə.

- Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?

- Yox, - dedim. - Nə cavab verdin ona?

- Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.

«Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan».

- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim. - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.

O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.

- Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.

- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.

- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.

- Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm.

- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır. Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.

- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.

- Fikirləşib bir şey taparıq. Axı telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.

Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.

- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, - siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsiniz.

Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən yox deyim.

Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.

O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı.

Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış «Açar qonşudadır» sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.

«Nerinqa» radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.

- Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.

Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır.

Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı.

Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir töyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.

- O, - yəni mən.

Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.

Telefon susmuşdu.

anar.az
XS
SM
MD
LG