Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

Məktəb və çadra


Seymur Baycan

Hər şeydən əvvəl ateist yoldaşlardan yazılarında "hicab" sözünü işlətməməyi xahiş edirəm.

Dindarlar "çadra" sözünü "hicab" sözüylə əvəz etməklə çadraya qarşı illərlə aparılan mübarizəni heçə çıxartmaq, bizi böyük bazadan, mənbələrdən uzaqlaşdırmaq istəyirlər.

Hicab deyilən bir şey yoxdur, çadra var. Hansı rəngdə olmasının fərqi yoxdur, çadra qara rəngdədir. Çünki çadranın fəlsəfəsi qaradır.

Çadra - qadınların azadlığını boğmaq, onları on dörd əsr əvvəl yazılmış qadağalarla, tabularla sıxmaq, əzmək deməkdir. Daha əlavə dastan açmağa ehtiyac yoxdur.

Əgər kim qara çadrada özünü rahat hiss edirsə, buyursun. Amma özünü mələk kimi hiss edib, lütfən, başqalarının həyatına müdaxilə etməsin. Mən dinə vurulan xanımlara bir sual verirəm: "Sən bir kişinin dördüncü arvadı olmağa razısan?" Cavab bəllidir.

Əlbəttə, yox. Çünki bir kişinin dördüncü arvadı olmaq məsələsi guya çox əvvəllərdə olubdur. İndi elə şey yoxdur.

Əgər belə olubsa, bəs, biz niyə on dörd əsr bundan əvvəl yazılan kitabla idarə olunmalıyıq? Həmin kitab yazılandan sonra bəşəriyyət xeyli tərəqqi edibdir.

İxtiralar olubdur. Kəşflər edilibdir. Fransızlar Bastilya qalasını alıblar. Kralların boynu vurulub. Ağıllı xalqlar dini dövlətdən ayırıblar. Volter, Russo, Axundov doğulub.

Türkiyədə qızların çadrayla məktəbə getmək məsələsi müzakirə olunanda köşə yazarlarından biri belə bir sual vermişdi dindarlara: "Əgər Atatürkün sərt islahatları olmasaydı, ümumiyyətlə, qızlar məktəbə gedə bilərdilərmi?"

Çox maraqlı, yerində verilmiş sualdır. Axı din, konkret olaraq islam dini qızların təhsil alması üçün heç bir təşəbbüsdə bulunmayıb.

Təsəvvürünüzə gətirin ki, bir adam Qori Seminariyasını bitirərək, öz xalqının və başqa xalqların mədəni səviyyələrinin necə fərqli olduğunu anlayır. O anlayır ki, inkişaf yalnız kitabda, elmdə, təhsildədir. İnsanlar maariflənməlidir.

O bilir ki, məktəb məsciddən daha önəmlidir. Məktəb ən müqəddəs yerdir. O anlayır ki, qızlar məktəbə gedib təhsil almalı, oxumağı, yazmağı öyrənməlidirlər.

O, adamlara oxumaq, yazmaq öyrətmək istəyir, amma mollalar, hacılar, məşədilər, din xadimləri onu lənətləyir, kafir elan edir, adamları onun üstünə qaldırıb, daş-qalaq etmək istəyirlər.

İndi isə həmin o hacıların, məşədilərin, din xadimlərinin davamçıları deyirlər ki, qızlar məktəbə çadrayla gedə bilərlər.

Guya çadrayla məktəbə getmək qızların hüququdur. Axı qızların təhsil almasında, oxumasında dinin, din xadimlərinin heç bir rolu olmayıbdır.

Əksinə, hər cür vasitə ilə mane olmağa çalışıblar. İndi isə qızların məktəbə çadrayla getməsini tələb etmək nə dərəcədə doğrudur?

Ötən əsrin əvvəllərində müsəlman ziyalılar (şərti olaraq Azərbaycan ziyalıları) ailə qurmaq üçün oxumuş qız tapa bilmirdilər.

O vaxtlar müsəlmanların cəmisi üç faizi oxuyub-yazmağı bacarırdı. Hətta vərəqə qol çəkə bilmirdilər, barmaqlarını mürəkkəbə batırıb, vərəqə toxundururdular.

Tağıyev ağıllı kişi idi. Ona görə qızlar seminariyasının açılması üçün xeyli əziyyət çəkdi.

O bilirdi ki, savadlı kişiyə gec-tez savadlı qadın lazım olacaq. Əgər öz xalqının içindən savadlı qız tapmasa, gedib başqa xalqın savadlı qızını tapacaq.

***

Hər bir məkanın özünə uyğun geyim forması var. Belə olmasaydı, "çimərlik paltarı" sözü yaranmazdı.

Çimərlik paltarında restorana getmək olmaz. Kostyumla çimmək olmaz. Özünə hörmət edən gecə klubları idman forması geyinənləri içəri buraxmır. Bu qədər bəsit və sadə bir şey. Vəssalam.

Çadrayla məktəbə getmək olmaz. Məktəb müqəddəsdir. Necə ki, məscidə girənlərdən əyin-başını qaydaya salmaq tələb olunur, eləcə də məktəbə çadrayla getmək olmaz.

Ən əsası ona görə ki, qızların məktəbə getməsində İslam dininin heç bir rolu olmayıb. İndi durub qızların məktəbə çadrayla getməsini tələb etmək üçün insanın mənəvi haqqı olmalıdır.

Doğrudan da əgər Atatürkün sərt islahatları olmasaydı, Türkiyə kimi feodal ölkədə qızların məktəbə getməsi mümkün olmayacaqdı. Türkiyəni az-çox başqa müsəlman ölkələrindən seçdirən Atatürkün islahatları oldu.

Hazırda Molla Ərdoğan çox böyük ustalıqla Türkiyəni cəhalətin ağuşuna itələməkdədir. Gör, Türkiyə nə günə qalıbsa, ölkənin Baş naziri Molla Ərdoğan operaya getməyi günah sayır.

Bir ölkədəki kənd məktəbi, qəsəbə məktəbi kənd məscidindən, qəsəbə məscidindən üç, dörd, beş dəfə balacadırsa, o ölkənin axırı yoxdur.

Yaxud tam tərsinə. Bir ölkədəki kənd, qəsəbə məscidi kənd, qəsəbə məscidindən üç, dörd, beş dəfə böyükdürsə, o ölkənin axırı yoxdur.

Əziz Nesinin yaşadığı ölkədə Baş nazir operaya getməyi böyük günah sayırsa, bunun bir adı var: biabırçılıq. O Əziz Nesin ki, demişdi: "Birdən dilimə Allah kəlməsi gələr.

Bilin ki, huşumu itirmişəm. Sayıqlayıram". Belə bir yazıçının yaşadığı ölkədə indi Baş nazir operaya getməyi böyük günah sayır.

Mən Türkiyənin dünyəvi düşüncəyə malik insanlarının Molla Ərdoğana görə necə xəcalət çəkdiklərini çox gözəl anlayıram.

***

Ümumiyyətlə, artıq özünə yer etmiş, dayaq tapmış inkişafa özünü tam hüquqlu şərik etmək İslam dininin çoxdankı xasiyyətidir. Müsəlmanların fikrincə, hər bir elmi kəşfə Quranda işarə vurulubdur.

Olsun, amma nədənsə mobil telefonu, televizoru, radionu, təyyarəni, soyuducunu, maşını, qatarı ən çox xaçpərəstlər və bütpərəstlər ortaya çıxarmışlar.

Çox adi sual doğur. Əgər hər bir elmi kəşfə Quranda işarə vurulubsa, bəs nədən hər şeyi xaçpərəstlər və bütpərəstlər ortaya çıxarıblar? Məntiqlə tam tərsinə olmalı idi.

Müsəlmanların ən böyük yalanlarından biri odur ki, guya islamdan əvvəl qadınların heç bir hüququ yox imiş. Qızları diri-diri torpağa basdırırmışlar. Çox əsassız söhbətdir.

Əgər islamdan əvvəl qadınların heç bir hüququ yox idisə, bəs Xədicə ticarətlə necə məşğul olurmuş?

İkincisi, o vaxtlar UZİ aparatı kəşf olunmamışdı. Kişilər dünyaya gələcək uşaqların cinsini heç cür müəyyən edə bilməzdilər.

Elə indinin özündə də bir çox kişilər uşağın cinsindən xəbər tutduqda "abort"a üstünlük verirlər. Bu, ibtidai cəmiyyətə xas bir addımdır.

Sual doğur: qız uşağını diri-diri torpağa basdırmaqla, qız uşağını ana bətnində öldürməyin arasında mahiyyətcə ciddi bir fərq varmı? Fərq yoxdur.

Qız uşağını indi diri-diri ona görə torpağa basdırmırlar ki, UZİ aparatı kəşf olunubdur. Məhz elə buna görə də bəyənmədikləri xaçpərəstlərə və bütpərəstlərə minnətdar olmalıdırlar. Bu qədər...

MİA
(Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir)

Həmçinin oxu
Seymur Baycan. Post-Ramazan düşüncələri
XS
SM
MD
LG