Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Alpay Azər "Şax yeriyənlər" (Hekayə)


Alpay Azər
Alpay Azər
Səhər hava işıqlanmamış Bakıdan çıxan təyyarə İstanbula endi. İki xanım, iki kişi Amsterdama “Qloballaşma dövründə humanitar elmlərin rolu: Avropa modeli” mövzusunda elmi konfransa gedirdilər.

İstanbulda dörd saat gözləmək lazım idi. Vaxt az olduğundan şəhərə çıxıb gəzməyin mənası yox idi, əsnəyə-əsnəyə məsləhətləşib aeroportda gözləmək qərarına gəldilər.

Sahilə və Yavər Elmlər Akademiyasının elmi işçiləri, İlhamə Bakı Dövlət İqtisad Universitetində baş müəllim, Murad BDU-nun dosentidir.

Dörd azərbaycanlı İstanbulun beynəlxalq aeroportunun nəhəng zalında yavaş-yavaş gəzişirdilər.

Dördü də əvvəlcə parfyum malları satılan mağazaya girdilər.

Sifətlərində gecəki yuxusuzluğun izləri yox olmuşdu, daha əsnəmirdilər, gözləri parıldayırdı, ora-bura qaçırdı.

Ətirlərə ən çox on ildən artıq akademiyada baş elmi işçi işləyən, hələ də əri, on iki yaşlı oğluyla köhnə, təmirsiz yataqxanada yaşayan Sahilə baxırdı.

O, İstanbul aeroportunun dyuti-frisində səksən avroluq məşhur fransız Jador ətirini götürüb burnuna yaxınlaşdıranda ondan beş-altı metr aralıda dayanmış başqa ətirlərə baxan, qoxulayan İlhamə:

- İysi gəlməyəcək, – dedi.

- Niyə?... Hmm, doğrudan iysi yoxdur.

- Götürdüyün duxinin yanında balaca ağ karton kağız var. Üstünə elə həmin duxidən vurublar, onu götürüb iyləyə bilərsən.

Sahilə ətir vurulmuş dördkünc ağ kağızı iyləyib yerinə qoydu. “Guya alacaq, gic qızı gic,” – İlhamə ürəyində Sahiləni söydü, - “Sənin kimiləri yaxşı tanıyıram, bütün maqazinləri gəzirlər, axırda bir çöp də almırlar.

Ama maqazindən şah qızı kimi dik qamətnən çıxırlar, elə bil iki yüz dollarlıq alver eliyiblər”.

- Bakıda elə bu boyda Jador əlli manata olar, Torqovıda uzağı altmış ola ya olmaya.

Səksən yevro ha, bunlar lap ağ eliyiblər, – Sahilənin əlacı olsaydı dyuti-fridəki bütün ətirlərin qiymətlərini Bakıdakı qiymətlərlə müqayisə edərdi.

- Ola bilməz, – Christian Diorun “Poison” ətirinə baxan İlhamənin səsində məzəmmət tonu o dəqiqə hiss olundu, – Bakıda gördüyünün milliqramı azdır. İkincisi də Bakıdakı Jador orijinal mal deyil.

- Deyirəm Torqovıda, İdealda öz gözlərimnən görmüşəm. İdealda geydirmə mal olmur, – bu dəfə Sahilə bir az əsəbi tonda cavab verdi.

“Guya elə İdealda sən altmış manata duxi alan zibilsən,” – İlhamə hirsini içində saxladı, başa düşdü ki, qabaqda üç gün bir yerdə olacaqlar, bir masa arxasında oturub söhbət edəcəklər, yemək yeyəcəklər, üstəlik nə vaxtsa Bakıda Sahiləyə işi düşə bilər, ona görə susmağa üstünlük verdi.

Sahilə ətir vurulmuş dördkünc kağızları iştahla iyləsə də heç nə almadı.

Arada tez-tez dərindən nəfəs alırdı ki, bir müddət burnunun ucundan getməyən bahalı ətirlərin bir-birinə qarışmış qoxusunu canına çəkməkdən ləzzət alsın.

İlhamə Sahilə ilə müqayisədə imkanlıdır, semestr imtahanlarında rüşvət almasa da, hər il stabil olaraq tam dərs yükünün maaşı üstəgəl aylıq maddi yardım otuz yaşlı subay İlhaməyə bəs edir.

Moskvada biznesmen işləyən qardaşı hərdən bacısına pul yollayır, anasına da deyib ki, dost, tanış-biliş, yaxın, uzaq qohum-əqrabanın arasında xəbər yaysın ki, kim qızı alsa, Moskvadakı biznesmen qardaşı Bakıda təzə tikilən binaların birindən evlənənlərə ikiotaqlı (təmirin pulunun yarısı verilməklə) mənzil hədiyyə edəcək.

Gözəl olmasa da diqqətiçəkən fiqurasına güvənən İlhamənin bir dərdi vardı, - qısa zamanda ürəyinə yatan, özü kimi nə çirkin, nə də qəşəng, işi-gücü olan səviyyəli bir oğlan tapıb ərə getmək.

İlhamə yüz avro verib kişiləri ehtiraslandırıb-udqunduran “Poison” ətiri aldı.

Qırx beş yaşlı Yavər institutu qurtarandan indiyə kimi akademiyada işləyir, özünə gün ağlaya bilməyib. Şöbə müdiri işləsə də neçə illərdir meşin üzlüyünün yırtığı olan köhnə kresloda oturur.

Eyni otaqda özündən savayı iki kolleqası qocalmış, heydən düşmüş stullarda oturub Sovet dövrünün məktəb partasını xatırladan üstündə paket çayı ləkələri olan masada “dejurnı” məqalələr yazırlar.

Evlənməyib, ermənilərin Bakıdan qaçdığı vaxt rayondakı evlərini satıb şəhərin babat bir yerində özünə ucuz, balaca həyəti olan ikiotaqlı təmirsiz ev alıb. Sovetin vaxtında “Yava” çəkirdi, Xalq Cəbhəsinin guruldayan vaxtlarında “Viceroy”, indi də “West” çəkir.

Tələbələrə kurs, diplom işləri yazır, ordan əlinə gələn pula özünə ət, meyvə, kərə yağı, “tolkuşka”dan pal-paltar ala bilir.

Hərdən azca qabağa çıxmış qarnını sığallamağı xoşlayan, saçlarını səliqə ilə yana darayan, işə qara BMV ilə gedib-gələn BDU-nun dosenti Murad müəllim adəti üzrə ildə iki dəfə əsas muradına çatmaqçün semestrlərin sonunu səbirsizliklə gözləyir: rüşvəti ancaq pulla alır, onunla toyuq-cücə, hinduşka, qoyun, dağ, ramka balı, qaymaq, qaşıqbatmaz camış qatıığı, təmiz Lənkəran çayı söhbəti keçmir.

Bir az da xəsisdir, yəni ona nə əliaçıq demək olar, nə də xəsis.

Ovqatıyla bağlı bir də gördün heç kimi əlini cibinə salmağa qoymadı, beş-altı adamın olduğu qonaqlığın pulunu verdi. Amma bu çox nadir hallarda baş verirdi.

Yavər bir-iki ətirin yanında qoyulmuş karton kağızı qoxulayıb yerinə qoydu. Hamısı bir yerdə parfyum mağazasından çıxdılar.

- Deyirəm, vallah burdan mal alanın ağlı yoxdu, - bunu ömründə ilk dəfə Sovetin vaxtında Moskvadan savayı başqa bir şəhərdə olmayan, (bir də Moskvaətrafı vilayətdə iki il əsgərlikdə olan) ilk dəfə duty-free mağazalarını gəzən Yavər gülə-gülə dedi.

Murad dinmədi, “Əşi, ala bilmirsən sus da. Hələ bir hırıldıyır da,” – ürəyində Yavəri yamanladı.

Dördü də aeroportun zalında şax qamətli yerişlə yan-yana gedirdilər. Sahilə, kişilər ortaboylu, İlhamə onlara nisbətən hündürboyluydu.

Qıraqdan bir az təkəbbürlü görünürdülər.

Bizimkilər təkəbbürlü yerişləri ilə ətraflarında ağır-ağır gəzişən uzun əba geymiş, cürbəcür tünd ətirlərdən bol-bol vurmuş varlı, yekəqarın ərəb şeyxlərini də az qala ötüb keçmişdilər.

Sahilənin yüz on beş (maaşdan qırtıb üst-üstə yığmışdı), İlhamənin altı yüz (üç yüzü Moskvadan qardaş payı), Yavərin isə yetmiş beş avrosu, Murad müəllimin dəri portmanatında yeddi şax yüzlük vardı.

Bir saatdan çox vaxt keçmişdi, dayanmadan gəzişir, mağazalara girib-çıxırdılar, sanki yorulmaq hissini itirmişdilər, İlhamədən başqa heç biri bir çöp də almamışdı.

Zalda bir-birindən on beş – iyirmi metrdən aralıda olan kafe, restoran, fastfudların (tez hazırlanan, yeməklərin satıldığı yer) yanından keçəndə bizimkilər bəzən oğrun-oğrun, gözlərinin ucuyla, bəzən də saymazyana o tərəfə baxırdılar.

Dünyanın onlarla ölkəsindən olan müxtəlif irqli insanlar sanki onların acığına iştahla yemək yeyir, qəhvə, çay, meyvə şirələrindən içir, həvəslə söhbət eliyirdilər. Bizimkilərsə parfyum, paltar mağazasının birini də ötürmədən məğrur-məğrur girib çıxırdılar.

Kafelərin, restoranların yanından keçəndə xanımları heç olmasa bir fincan çay, qəhvə içməyə dəvət etmədiklərinə görə Muradla Yavər eyni narahatçılıq hissi keçirirdilər.

Cibində yetmiş beş avro pulu olan Yavərin kafedəki qiymətlər barədə ümumi məlumatı vardı, ona elə gəlirdi ki, bütün kafelərdə hər şey çox bahadır. Həm də fikirləşirdi ki, hamını tək keksli qəhvəyə ya çaya dəvət etsə, hardasa on-on beş avro xərci çıxacaq.

Açığı, bu adama heç mineral su almağı da qıymaq olmazdı. Yavər akademiyanın yeməkxanasında belə nador hallarda nahar eliyirdi.

Şəhərdə artıq hesab elədiyi xərc avtobusda tanışı-bilişinin yerinə gediş haqqı verməsi olurdu, “Verdim, düşərsiz,” – deyəndə, avtobusdan düşüb xeyli aralanandan sonra “Ay mərdiməzar, gərək qabağıma çıxaydın?” – dodaqaltı mızıldanırdı.

İstanbul aeroportunda şax yeriyən, akademiyanın kasıb, məğrur baş elmi işçisi Yavər kafe, restoranlara baxmadan, əllərini arxasında çarpazlayıb Muradla şirin-şirin söhbət edirdi.

Murad müəllim o birilərlə müqayisədə ən imkanlı olduğuna, bunu da yoldaşları hiss etdiyinə görə hər dəfə kafe, restoranların yanından keçəndə narahat olurdu, bir az da əzab hissi keçirirdi: hamını çay içməyə dəvət etmək ürəyindən keçirdi, amma eyni zamanda tərəddüd edirdi.

“Onlara təkcə çay, qəhvə, meyvə şirəsi, özümə isə kapuçino götürsəm, problem olmaz, uzağı on-on beş avro xərcim çıxacaq. Amma belə olmur axı, dəvət edəndə deməlisən ki, götürün menyunu, ürəyiniz nə istiyir seçin, onda da yəqin biri keks istəyəcək, o birisi Napaleon, üçüncüsü başqa şey sifariş edəcək, bu da gəlib hardasa on beş-iyirmi avroya yaxın, bəlkə də bundan artıq pul eliycək.

Akademiyadakılara nə var, ac şeylərdi, müftədi deyib, menyuya baxıb ən bahalı pirojnalardan götürəcəklər. Onda hesab lap otuzu da keçər.

Ona görə elə ən yaxşısı kafelərin yanından keçəndə susmaq, ora heç gözünün ucu ilə də baxmamaq, gəzə-gəzə vaxt öldürməkdi,” – hələ ki, bu gərara gəldi. Murada elə gəlirdi ki, vaxt “ölmək” bilmir.

Vaxtın “ölməyinə” isə iki saatdan çox vaxt vardı. Qızlar nisbətən sakit, arxayın idilər.

Bizdə qızlar, qadınlar kişiləri restorana, kafeyə dəvət etmədiyinə görə onlar hardasa geyimli-keçimli, viddi-fasonnu, mazlanmış bahalı qara ayaqqabısı olan Muraddan dəvət umurdular.

Sahilə susuz idi, amma özünə su almaq istəsə, gərək o birilərə də təklif edəydi. İstəyən də olsa yalandan deyəcəkdilər ki, “sağ ol, istəmirik”.

Sahilə başa düşürdü ki, su almağa özü getsə kişilərdən kimsə (yəqin ki, Murad) qabağa düşüb əlini cibinə salacaq, qabağa düşən istər-istəməz o birilərdən soruşacaqdı: “Sizə nə alım?”

O birilər də əvvəlcə nazlanıb mızıldanacaq, sonra fanta, sprayt ya da başqa bir şey istəyəcəkdilər. Əlini cibinə salan da məcbur olub özü daxil hamıya fantadan, koladan-zaddan almalı olacaqdı.

Bunları fikirləşən Sahilə heç kimi narahat eləmək istəmədi, susuz qalmağa üstünlük verdi, “təyyarədə öz yerimdə oturanda stüardessadan su istəyərəm,” - qərara gəldi.

- Gedək bir siqaret çəkək. – Yavər Murada dedi.

- Gedək.

Onlar siqaret çəkənlər üçün xüsusi ayrılmış yerə, qadınlarsa fürsətdən istifadə edib tez tualetə tərəf götürüldülər.

- Deyirəm, qiymətdər burda od tutub yanır, – deyib Yavər Murad müəllimin qonaq elədiyi Marlboro siqaretinə dərin qullab vurdu.

- Məllim, vallah, elə Bakıda da qiymətlər yanır, tüstütüsü hələ gedib kosmosa çıxır, – öncə parfyum mağazasında Yavərin “Burdan mal alanın ağlı yoxdu” sözünə içində əsəbiləşən Murad bu cür tonda reaksiya verməklə bir növ ürəyindəki tikanı çıxartdı.

- Demə qardaş, maaş alırsan, ayın başına neçə gün qalmış cibin boş olur.

- Yavər müəllim, sizdə maaşla dolanmaq çətin məsələdi, başqa yerdə işdəmirsiz ki?

- Yox, əvvəl saathesabı Tusidə dərs deyirdim, iki ildir saat vermirlər day, indi kurs, diplom işləri yazmaqla dolanıram. Yeri gəlmişkən, sizdə tələbələrdən diplom ya kurs işi filan yazdırmaq istəyən olsa mənə deyin, zəhmət olmasa.

- Olar, olar. Bizdə kurs, əsas da diplom işi yazdırmaq istəyənlər çox olur. Belə baxanda subay adamsız, bir cansız, aldıqlarınız bəs edər.

Yəqin ki, subaylıq sultanlıqdı, – Murad göz vurdu, istədi söhbəti bazlıq mövzusuna gətirib çıxarsın.

- Yox əşi, sultanlıq vaxtı keçdi, – Yavər ağlına gələn ilk fikri dedi, peşman oldu, başa düşdü ki, elə deməzlər. Necə yəni sultanlıq vaxtı keçdi, kişilər var qırx beş nədi, yetmiş-səksən yaşında iki arvad saxlayır.

- Əvvəlki kimi olmasa da, olanda olur, – Yavər azca qızarsa da tez “səhvini” düzəltdi, – İşdər o qədərdi ki, çatdırmaq olmur, papam da son vaxtlar...

Yavər kənddə qoca xəstə papasından, papasına baxan mamasından, sonra kənddəki ağır vəziyyətdən, iki ayda bir dəfə onlara pul göndərməsindən danışdı ki, Murad artıq suallar verməsin, ən əsası, bazlıq mövzusuna qayıtmasın.

- Məllim, cavan deyilsiz ki, məsləhət verim. Qırx beş yaş, day özünüz məndən də yaxşı bilirsiz, – Murad müəllim bunları ağsaqqalsayağı tonla söylədi. - Heç olmasa bir uşaq olmalıdı ki, qocalanda ....

“Pah, elə bircə sən çatışmırdın.” – Yavər ürəyində deyindi.

Murad Yavərin “hərdən bir olur” sözlərindən anlamışdı ki, Yavər bazlıqdan uzaq adamdı, dərinə getmədi, söhbəti ənənəvi olaraq məlum öyüd-nəsihətə gətirib çıxartdı: “...Sən evlən, Allah ruzini göndərəcək, o qədər ərə getməyən qızlar var ki, sənin kimi intelligent bir kişidən ötrü....”

Siqaretlərini çəkib zala çıxdılar, qızları tapdılar, onlar şirniyyat mağazalarına girib çıxır, paxlava, rahat lukum, şokolad qutularını götürür, o üz bu üzünə baxıb yerinə qoyurdular.

Sonra hamısı cins paltarlar satılan Levis şirkətinin mağazasına girdilər, əlləri ilə cins şalvarlara, jiletlərə, köynəklərə toxundular, qiymətlərə baxıb axırda heç nə almadan mağazadan çıxdılar.

Gah bir-birinin ardınca, gah da yan-yana yenə də şax, məğrur-məğrur, ağır-ağır, yeriyirdilər. Nəinki su almaq, heç olmasa boş oturacaqların birində oturub dincəlməyi təklif etmək heç birinin ağlına gəlmirdi.

Murad isə hər dəfə kafelərin yanından keçəndə yenə də “Dəvət eliyim ya yox?” – tərəddüd içində fikirləşirdi.

Bayaq diqqət edəndə özü üçün müəyyən elədi ki, kafelərin birində ancaq çay, qəhvə, şirniyyat verirlər. “Heç yaxşı çıxmaz, uçuşa hardasa iki saatdan çox vaxt var.

Qızlar olmasaydı yanımdakı yetimi çaynan-keksnən yola verərdim. İşi korluyan qızlardı, hiss olunur ki, üzlü adam deyillər, dəvət etsəm yox deyəcəklər, amma təkid etsəm yəqin ki, razı olacaqlar. Vabşe başa düşmürəm, bunları evdən tək yad ölkəyə niyə buraxıblar.

Hələ bu birisinin əri də var...” Murad arada qol saatına baxdı, bu dəqiqə o, elektron tabloda Amsterdama uçan təyyarəyə qeydiyyatın başlanması elanını görməyi çox istəyirdi.
Murad gəzişə-gəzişə iki il əvvəl tələbəsi ilə bağlı kafedə baş verən hadisəni xatırladı.

İsti yay günlərinin birində işdən çıxandan sonra BDU-nun yanındakı kafelərin birinə girəndə Əhəd adlı tələbəsi ilə rastlaşmışdı. “Məllim necəsiz?”, “Yaxşıyam,” – soyuq cavab vermişdi, quşbaşı pidesi yeyən tələbəsinə “Nuş olsun.” – demədiyi bir yana, etika xatirinə ”Bəs sən necəsən?” - soruşmamışdı.

“Kaş ki, səni burda görməyəydim”, – düşünmüşdü. Murad boş masaların birinin arxasında oturandan içində bir gərginlik yaranmışdı: kim kimin pulunu verəcək?

Murad müəllim bir az xəsis təbiətinə uyğun qəti olaraq özünə söz vermişdi ki, dünya dağılsa əlini cibinə salmayacaq. “Nəyə görə?

Gündə bir tələbə görəcəm, durub hamısının hesabını verəsi deyiləm ki?” Özünə söz vermişdi ki, tələbəsi ofisiantı öz yanına çağırıb “Məllimdən pul götürmüyün,” - pıçıldasa, tələbəsinə mədəni şəkildə etirazını bildirəcək. “Heyif deyil alman kulturası, hərə öz yerinə pul verir.

Day alman ürəyini yemir ki, növbəyə duranda arxamda duran tanışımın, iş yoldaşımın da pulunu mən verim ya yox?” Əhəd öz tanışı ilə oturmuşdu, “Necəsiz?” sualını verəndən beş dəqiqə sonra iki dəfə “Məllim gəlin, biznən oturun,” – demişdi, Murad da “Çox sağ ol”-dan, güclə də olsa gülümsəmiş, amma öz yerindən durmamışdı. “Hmm, işə düşdük də, öz stoluna dəvət edirsə, mənim hesabımı da vermək fikrindədir. Axx, Azərbaycanın mundar adətləri.

Yerimə pul versə, yüz faiz umacaq ki, imtahanda beş yazım”.

Bir azdan Murad müəllimin sifariş etdiyi lavaş dönəri, ayran gəlib çıxmışdı. “Hər halda bunlar məndən əvvəl durub gedərlər.

Mən hələ çay da içəcəm, bunlar koladan sonra çətin ki, çay içsinlər, yəqin indilərdə durub gedərlər,” – səbirsizliklə tələbəsinin tanışıyla bir yerdə getməyini gözləmişdi.

Elə də olmuşdu, yeməklərini yeyəndən sonra tələbəsi tanışı ilə Murad müəllimə “Sağ olun, nuş olsun,” – deyib kafedən çıxmışdılar.

Murad yavaşca çönüb onlara tərəf baxıb görmüşdü ki, tələbəsi tanışı ilə kassaya yaxınlaşmadan (öncə yediklərinin pulunu ofisiantın gətirdiyi çekin üstünə qoymuşdular) kafedən çıxdılar. “Nə yaxşı, sağ olsun hesabımı vermədi,” – Murad rahat nəfəs almış, arzu etmişdi ki, Azərbaycanda kaş bütün insanlar tələbəsi Əhəd kimi olaydı.

Amma Murad kafeyə girəndə tələbəsinin onun fikirlərini sifətindəki narazı ifadədən oxuya bilməsini anlamışdı: hətta Murada elə gəlmişdi ki, tələbəsi onun sifətindəki narazılığın səbəbini biləndən sonra ürəyində müəlliminə qayıdıb bunları deyib: “Məllim, narahat olmayın, istəmirsizsə, hesabınızı özünüz verin.

Mənimçün lap yaxşı, pulum özümə qaldı”.

- Hə dostlar, deyirəm gedək oturaq bir az dincimizi alaq, – Murad müəllim ucuz hesab etdiyi kafelərin birinin yanında dayandı, qol saatına baxıb təntənəli şəkildə elan etdi. - Vaxta hələ var, oturaq çaydan-zaddan içək, – Murad elektron tabloda İstanbul-Amsterdam reysinin gecikməsi elanını oxuyanda dilxor olsa da, nəhayət əlini cibinə salmaq qərarına gəlmişdi.

- Sən yorulmusan? – Yavər, açığı, qəribə sual verdi, bir az da çaşan kimi oldu, Muradın onları kafeyə dəvət edəcəyini gözləmirdi, nədənsə ona elə gəldi ki, otursalar, hərə öz yerinə pul verəcək.

Yavərə qalsaydı bu dəqiqə başqaları bir yana, heç özünə beş avro belə xərcləməzdi.

- Mən heç nə istəmirəm vallah, çox sağ olun, – İlhamə quru, soyuq tonla dedi, qıraqdan elə göründü ki, sanki onu kafeyə zorla dəvət edirlər. Sahilə “Nə əziyyət çəkirsiz Murad müəllim”, – dedi, halbuki susuzluq onun boğazını qurutmuşdu. Muradın yüngül təkidi ilə onlar kafedə boş masanın arxasında əyləşdilər.

- Hə, nə istiyirsiz seçin, – Murad masanın üstündəki menyunu könülsüz ortaya itələdi.

Masaya yaxınlaşan ofisiant qıza Yavər çay, Napaleon pirojnası, Sahilə bir stəkan qazsız su, Murad özünə bir fincan kapuçino qəhvəsi, şokoladlı pirojna, İlhamə isə yaşıl çay və kişmişli keks sifariş verdi.

Murad sonda on səkkiz avro ödədi, “Heç iyirmiyə çatmadı, mən otuzdan qorxurdum,” – ürəyində sevindi.

O birilər sifariş verəndə gözünün ucuyla menyuya baxmışdı, görmüşdü ki, kolleqalarının götürdükləri şirniyyatlar o biri pirojnalarla müqayisədə elə də bahalı deyil. (Ofisianta isə təbii ki, çay pulu vermədi).

Amsterdamda konfrans öz qaydasında keçdi, Yavər ingilis dilində kobud səhvlər buraxa-buraxa, ləhcə ilə, İlhamə cüzi səhvlərlə öz mühazirələrini oxudular. Debatlarda iştirak elədilər, mühazirəçilərə bir-iki sual verdilər.

Murad müəllim bir dəfə də olsun ağzını açmadı, konfransın birinci gününün yarısını demək olar ki, tez-tez mürgüləməklə keçirdi, çıxışlara etika xatirinə qulaq asdı.

Hərdən də xaricdən gəlmiş yaraşıqlı qadın iştirakçılara gözlərini zillədi, ingilis dilini pis bildiyindən kofe fasilələrində, naharlarda xəyalən sevişdiyi qadınlara girişmək fikrindən vaz keçdi.

İkinci gün Murad konfransa gəlmədi, oteldən çıxıb birbaşa Amsterdamı təkbaşına gəzib dolaşdı, ən əsası, çoxdankı arzusuna çatdı: ağzı sulana-sulana qırmızı fənərlər küçəsindəki vitrinlərdə uzun stullarda oturmuş, ayaq üstə dayanmış yarımçılpaq qızlara doyunca baxdı.

Alış-verişə də vaxt tapdı, iki yüz əlli avroluq alver elədi, bir də axşam oteldə qırx nəfərlik konfrans iştirakçılarına gündəlik xərclər (hər adama qırx beş avro) veriləndə o növbədə beşinci adam idi.

Yavər qırx beş avrosunu alan kimi şəhərə çıxıb ən ucuz mallar satılan yerlərdən birində müdiri üçün on avroya suvenir aldı.

Kənddə yaşayan atası, anası üçün də bir şey almaq istədi, dərhal bu fikrindən vaz keçdi: əşi, qoca adamlardı, Bakıda hər şey var, bu yaşlarında suvenir nələrinə gərəkdi, qayıdanda bir az pul göndərərəm.

Konfransda Yavərin əsas qazandığı şey qırx beş avro idi, on avro suvenirə getdi, otuz beşə də min bərəkət.

Bakıdan yetmiş beşlə gəlmişdi, üstəgəl otuz beş, eliyir yüz on avro. Sevindiyindən ona elə gəlmişdi ki, yüz on avronu elə Amsterdamda qazanıb.

Tək buna sevinməmişdi, ilk dəfəydi Avropa ölkəsinə səfər edirdi, dördulduzlu oteldə qalırdı, restoranlarda pulsuz səhər, günorta, axşam yeməyi, üç-dörd cür pendir, (məşhur pendirlər ölkəsində!) cürbəcür salatlar, kolbasalar, şorbalar, hər növ ət yeməkləri, meyvələr, meyvə şirələri (əsas da sevdiyi Qreypfrut şirəsi), şirniyyatları, - bütün bunlar onunçün cənnət təamları idi, mütləq də hamısından yeməli idi.

Güzgüyə baxanda hətta ona elə gəlmişdi ki, oteldə qaldığı üç gündə bir az kökəlib.

Hər səhər yeməyindən sonra otelin restoranından çıxanda meyvələrin qoyulduğu ümumi masadan alma, armud ya da banan götürüb otağına aparır, Bakıya aparmaq üçün çemodanına atırdı. Amsterdama gəldiyi günün axşamı saat on birdən sonra televizorda porno, heç olmasa erotik film axtarmağa başladı.

Pultla kanalları gəzəndə porno film tapdı, sevindiyindən ürəyi döyünməyə başladı, gözləri parıldadı, ağzı sulandı, amma sevinci uzun çəkmədi: kadrların altındakı – PAY TV 12 EUR per hour, yəni ödənişli kanal, saatı 12 Avro yazısını oxuyanda dilxor oldu, beş dəfə yaşıl düyməni “Yes” sözünə tuşlayıb “basım ya basmayım?” – sualına cavab tapanacan, bir dəqiqə keçdi, kanal yox oldu.

“Onnansa on iki avronun üstünə on-on beş də qoyub Bakıda özümə qız çağıraram,” - düşündü. Kanalları axtara-axtara nəhayət iyimi üçüncü düyməni basıb erotik bir film tapdı.

Murad müəllimin dedikləri yadına düşdü, subaylıq sultanlıq məsələsi, bəlkə əlinə kurs-diplom işlərindən pul gələndə bir hərəkət eləsin. “Harda?” – özünə sual verdi, tez də sualı beynindən qovdu ki, cavab tapmasın.

Arada reklam olanda yenə PAY TV-yə qayıtdı, bir dəqiqəni də qənimət bildi, hər halda yeni kadrlar görürdü, yaşıl düyməni basmadığından kanal yox olan kimi iyirmi üçüncü kanala qayıtdı.

Film qurtaran kimi televizoru keçirdi Xəyalən özünü əvvəlcə erotik, sonra isə cəmi iki-üç dəqiqə gördüyü porno filmin kişi qəhrəmanının yerində təsəvvür etdi, şirin və əzablı xəyallar içində yuxuya getdi.

Yeri gəlmişkən, o birilər də bir-iki dəfə gecə bu cür kinolara baxmışdılar, hətta Murad iyirmi dörd avro verib PAY TV-yə iki saat baxmışdı.

İlhamənin də ürəyindən bu kanala baxmaq keçmişdi, amma oteldən qeydiyyatdan çıxacağı gün otağın açarını qeydiyyatda oturan qıza verəndə, çekdəki PAY TV sözünü Muradın, Yavərin görəcəyindən qorxmuşdu.

Ona görə Sahilə kimi erotik filmlərlə kifayətlənmişdi.

Filmlərdən enerji toplayan Sahiləni Bakıda əri gözləyirdi, tələbə vaxtı bulvar, dağüstü park sevgi macəralarından başqa heç nə görməyən İlhaməni isə Bakıda gözləyəni yox idi...

Onlar İstanbul aeroportundadırlar, Baklya qayıdırlar, uçuşa üç saat var. Yenə də ağır-ağır, şax yeriyirlər.

Yerişləri, görkəmlərindəki razılıq, məmnunluq gözə çarpır. Bu dəfə şax yerimələrinin başqa səbəbi var: hər biri konfransdan pulla, aldıqları hədiyyələrlə vətənə qayıdır.

Hələ Amsterdamda gündəlik cib xərci üçün otelin lobbisində növbəyə dayananda hər biri öz sifətindəki sevinci gizlətməyə çalışsa da, bu alınmamışdı: bir-birilərinin ürəyindəki sevinci asanlıqla oxumuşdular.

Ümumiyyətlə, konfranslarda növbədə durub gündəlik xərclər alarkən özlərini tox tutmaq, sifətlərinə süni ciddi ifadə vermək qafqazlıların çoxuna xas olan haldır, bir növ ətrafdakılara, onlara göz qoyanlara çatdırmaq istəyirlər ki, biz məğruruq, gündəlik xərclər elə də böyük pul deyil, özümüzdə bundan da artığı var, amma veriləni cibişdanımıza qoyuruq.

Ruslar, ukraynalılar belə vəziyyətdə özlərini daha təbii aparırlar, üzlərinə yalançı ciddi ifadə vermirlər, sevinc hisslərini rahatca biruzə verirlər: hələ görürsən, Vasili Petroviçin, Moskva Dövlət Universitetinin professorunun növbəsi yaxınlaşanda həmkarı dosent Yelena Petrovnaya tərəf çönüb əllərini bir-birinə bərk vuraraq deyir:

“Yelena Petrovna, əsas məsələ puldur, bu gün yeyib-içmək vaxtıdır.” Yelena Petrovna da bunu təsdiqləyərək: “Vo, vo imenno,” – deyir.

Əslində qırx beş avro böyük pul deyil, amma baxır kimin üçün.

Kiməsə elə gələr ki, Bakıdan portmanatında yeddi yüz avro ilə gələn Murad üçün qırx beş avro heç nədir. Amma o elə fikriləşmir, ürəyində özünə deyir ki, “Həə, kak-raz Bakıdan gələndə aeroport kafesində on səkkiz avro şyot (hesab) verdim, qırx beş çıx on səkkiz eliyir iyirmi yeddi avro.”

O düşünür ki, bu səfərdən itirməyib, əksinə iyirmi yeddi avro qabağa düşüb.

İlhamə bir o qədər də sevinmir, deyəsən, konfransın birinci günü otelin lobbisində gündəlik xərc aldığı belə yadından çıxıb. Akademiyamızın məğrur Yavərlə Sahiləsi isə qırx beş avroya sevinirlər, ürəklərində “min bərəkət” deyirlər, xırda-xuruş, suvenirlər, kremlər alıblar, yenə bu pul heç olmasa suvenirlərə çatıb.

İstanbul aerportunun zalında Muradla Yavər gəzişə-gəzişə gördüklərindən, liberal demokratiyadan, öz dərdlərindən, qızlarsa Avropa qadınlarının zövqsüz geyimlərindən, ordakı kişilərin yaraşıqlı olub-olmamasından danışırdılar.

Yavər tualet bəhanəsi ilə Muraddan aralanıb getdi, kabinədə əlini rəngi getmiş məxmər pencəyinin döş cibinə saldı, şax qırmızı onluqları çıxardıb burnuna yaxınlaşdırdı, dərindən ləzzətlə iylədi, təzə avroların özünəməxsus, sərt, amma xoşagələn (bəlkə də avro olduğuna görə) ətri sinəsinə yayıldı, pul ətrinin ləzzətini içində saxlamaq üçün nəfəsini bir az saxlayıb sonra buraxdı.

“Dolların, avronun ətrində də bir əzəmət, cazibə var.” – düşündü.

Pulları səliqə ilə, çıxartdığı kimi qatlamadan pencəyinin döş cibinə qoydu, heç bir şey eləmədən tualetdən çıxdı. Bir də rahat oldu ki, yerliləri onun cəmi yetmiş beş avroyla səfərə çıxdığını bilmədi, bunu bilsəydilər, sözsüz ki, qızarardı.

O ki, qaldı Muradın “cavanlıq eləmək lazımdır” atmacasına, açığı, oteldə qaldığı üç gündə qoz-fındıq üstəgəl baxdığı filmlərdən sonra ehtiras baş qaldırmışdı. “Bakıya qayıdanda tanış uşaqlara deyəcəm babat bir şey tapsınlar mənə, aldığım pulu qoy bir dəfə də kefə xərcləyim.

Otuz beş avro otuz beş manatdan çox eliyir, üstünə on beş manat da əlavə eliyib babat, babat niyə, lap elə yaxşı bir şey tapmaq olar,” – ürəyindən bazlıq eləmək keçdi.

Fantaziyalara uyan Yavər birdən şüuraltı anladı ki, fiziki cəhətdən hər şey qaydasında olsa da, bədən artıq qadınsızlığa öyrəşib, qadınsızlıq adi bir şeyə, bir növ uzun illərin həyat tərzinə çevrilib. (Yeri gəlmişkən, dedi-qoduçular tərəfindən akademiyanın qeyri-rəsmi “oğlan uşağı spisokuna” daxil edilib).

Düzdür, hərdən yuxuların, xəyalların nəticəsində bədən öz təbii siqnallarını, impulslarını göndərir, amma təcrübəli Yavər ehtiraslı vəziyyətdən on-on beş dəqiqəyə çıxıb adi vəziyyətə qayıda bilir.

Həftədə bir ya iki dəfə Yavərin şirin yuxularında xoşuna gələn aktrisalar, qadın-qız iş yoldaşları peyda olanda, fürsəti əldən vermir, sonda günlərlə yığılan əsəb, ehtiras dolu enerji iki-üç saniyənin içində bədənindən çıxır.

Sözün düzü, bu fizioloji proses az-maz (xüsusilə, bir gecədə iki ayrı-ayrı yuxularda təkrar olunanda) onun əsəblərinin sakitləşməsinə müvəqqəti də olsa kömək edir. Səhərlərsə boşalıb-rahatlanmış halda yuxudan oyanan Yavər gözlərini tavana zilləyir. “Kaş ki, bunlar həyatda olaydı,” – arzulayır.

Oğullu-uşaqlı iş yoldaşları Nəsir, Yaqub, Gülzar, Sahilənin ildə üç-dörd dəfə ona “Nə vaxt evlənirsən?” - ənənəvi-bezdirici sualı verəndə, ürəyində onları söyə-söyə “Yaxşı, ürəyimə yatan bir qız tapa bilmirəm”, “Papamın (ya mamamın) vəziyyəti pisdi, başım onnara qarışıb.” – kimi cavablarla onları başından eliyir.

Bir də liftin yanına siqaret çəkməyə çıxanda ildə iki dəfə Nəsirin göz vuraraq “Yavər, boş vaxtında neyniyirsən?” – soruşması Yavəri əsəbiləşdirsə də, cavabında o, hirsini cilovlayır, “Hamı nə eliyir, mən də elə,” – sakitcə deyir.

Nəsir isə onun suala sakitcə, üstəlik könülsüz cavab verməyindən anlayır ki, yalan deyir. Dərd də orasındadır ki, Bakıda işə çıxan kimi Nəsir bilə-bilə yenə yersiz sual verəcəkdi:“Holland qızları nətəər şeydilər?

Bir şey eliyə bildin?” “İtoğlu it, korsan? Görmürsən, mən heç Bakıda heç nə eləmirəm, Hollandiyada neyniyəsiydim ki! İndi buna nətəər deim ki, iki il Podmoskovyede əsgərlikdə oldum, bir dəfə də olsun diskotekaya getmədim!” – Yavər ürəyində Nəsiri söysə də cavabında mızıldana-mızıldana bir şey tapıb deyəcəkdi.

Oteldə gecələr baxdığı kinolardan sonra heç olmasa bir dəfə, birgecəlik macəra eşqinə düşən Yavər eşitmişdi ki, fahişə narkotik kimi şeydi, bir dəfə dadına baxdın, sonra əl çəkə bilmirsən.”Bəlkə dividi disk alım, işdən sonra komyuterdə baxım kinolara?” – sualına tez də “Yox” cavabı verdi, anladı ki, belə filmlərə baxmaq yanğına benzin tökmək kimi bir şeydi. Fahişəyə isə pul çatdırmaq olmaz.

Lap pul da olsa, belə işlərə başlasa sabah qohum-qonşu arasında, o biri gün akademiyaya xəbər yayılacaq, deyəcəklər buna bax e, düşük, qırx beş yaşı var, evlənmək əvəzinə arsız-abırsız işlərlə məşğuldur.

Özünə daimi məşuqə də tapmağa təpəri yoxdu, bunu fikirləşən kimi özünə bəraət qazandırmaq üçün hər şeyi o dəqiqə atırdı pulun üstünə.

Bir az da etibarlı övlad olmağıyla özünə təskinlik verirdi. “Atam-anam qocalıb, sabah birisi ölsə, yasa filan qədər xərc gedəcək...”

Ona elə gəlirdi ki, sabah fahişə çağırıb pul xərcləsə, birisi gün ata-anasından birinə mütləq nəysə olacaq. “...Tak şto, hər şey elə olduğu kimi qalsın, necə deyərlər status-kvo.

Yaxşısı budur Bakıya qayıdan kimi otuz beş avronu Zaminbankda dəyişim.

Evdə səhər çayla içməyə kərə yağ qurtarıb, kak raz Valio yağı alaram. Ət də qurtarıb, kilo yarım dana əti alaram. Qaldı on manat, onun da üstünə kurs işindən mənə çatacaqdan on da qoyub iyirmi manat kəndə, mamamgilə göndərərəm,. – nəhayət ki, son qərara gəldi və rahat nəfəs aldı.

Onlar İstanbul aeroportunda gəzişirdilər, səbirsizliklə Bakıya uçan təyyarəyə minəcəkləri vaxtı gözləyirdilər. Yenə də vaxtı öldürmək üçün duty free mağazalırına girib-çıxırdılar.

Bu dəfə kafelərin, restoranların yanından keçəndə Murad heç gözünün ucu ilə də o tərəfə baxmırdı.

“Qonaqlıq bir dəfə olar, bəsdir, getsinlər özlərinə nə istiyirlər alsınlar,” - fikirləşdi, amma özü də onlardan ayrılıb tək kafeyə getməyə cəsarət etmədi.

Əsəbiləşməyinin ikinci səbəbi arvadıydı, Bakıdan çıxmamışdan qabaq dönə-dönə ərinə, Hollandiyadan “mənə layiq” bir hədiyyə almağı tapşırmışdı. İndi də fikirləşirdi ki, Bakıda arvadı “Xoş gəldin, necə uçdun? Səfərin necə keçdi?” kimi suallardan sonra acgöz baxışları ilə əsas sualına keçəcəkdi: “MƏNƏ NƏ ALDIN?”

Arvadına dəri timsah dərisindən çanta almışdı. Sadəcə, yadına düşəndə ki, Bakıda arvadının dörd ya beşinci sualı hədiyyə ilə bağlı olacaq, istər-istəməz arvadına nifrət edirdi.

İlhamə, açığı, Bakıya dönmək istəmirdi, nə olsun ki, Amsterdamı gəzdi, çoxlu şəkillər çəkdirdi, gəmiyə minib dənizdə gəzdi, dost-tanışa hədiyyələr aldı. Nə olsun ki, qəşəng fiqurası var, indi də aeroportda şax qamətlə yeriyir, amma fakt budur ki, hələ də ərə getməyib:

Bakıya otuz yaşında subay qayıtmaq ona ağır gəlirdi. Belə baxanda, üç gün idi Bakıdan çıxmışdı, uzun vaxt da keçməmişdi, amma xarici ölkədən qayıdırdı deyə, ona elə gəlirdi ki, yeni səfərdə şəxsi həyatında yenilik olmalıymış.

Məsələn, İlhamə yüz faiz əmin idi ki, rəfiqələri “Xaricilərdən sənə ərə getməyi təklif edən olmadı ki?” - soruşacaqdı.

O da cavabında yalandan “Simpatiçnı bir fransız professoru mənə vurulmuşdu, amma evdən xaricə qoymazlar məni,” – deyəcəkdi. Anasının sifəti yadına düşdü, İlhamə qohum-tanış namizədləri müxtəlif səbəblərdən rədd etdikcə, anası daha da əsəbi olmuşdu.

Sözsüz ki, qızından “Sizinlə gedənlərin arasında subay kişi varıydı?” - soruşacaqdı.

İlhaməylə Yavərin münasibətləri əvvəldən alınmamışdı, hələ Bakıda aeroportda tanış olanda ani baxışmada heç birinin qəlbində cüzi də olsa qığılcım, yəni aralarında evliliyin birinci şərti olan qarşılıqlı seksual simpatiya yaranmamışdı.

Üç gün Amsterdamda olduqları müddətdə onlar adi söhbətlərdən o yana keçməmişdilər, bir də bir masa arxasında oturub yemək yemişdilər.

İyirmi beş yaşından “Poison” (ingilis dilindən “zəhər” kimi tərcümə olunur) ətiri vurur.

Həmişə dik qamətlə yeriyib, bir müddət dəbə uyğun hər iki çiyninin üstünə çiyinliklər qoyurdu, sonra anasının təkidiylə atdı (“Ay qız, onsuz da çiyinlərin ennidi, üstəlik də voyennilər kimi paqon vurmusan.

Çıxart paqonnarını!”). Gəzəndə də başını dik tutub, üstəlik sifətinə saymazyanalıq, azca təkəbbür ifadəsi verir.

İndi, otuz yaşında da kişiləri ehtiraslandırıb udqunduran ətirdən vurur, şax yeriyir, amma daha əvvəlki kimi başını dik tutmur, üstəlik insanlarla söhbət edəndə özünü gülümsəməyə məcbur edir.

Hər dəfə potensial, namizəd ərlə söhbət edib gülümsəyəndə uğura ümid edir. Uğursuzluğa düçar olanda sifətindəki süni təbəssümə daxilindən zəhər qatılır.

Sifətinə diqqətlə baxanda dəri kremi ilə gizlətdiyi az-maz qırışları görmək olur. Qırışları, sağ qulağının altındakı balaca sızanaqların səbəbi güman ki, “Mənim taylarımın məktəbə gedən uşaqları var”, “Filankəs də ərə getdi”, “Mən də kişi istəyirəm!” kimi tez-tez beynini deşən hikkəli fikirlərdir.

Bir ara Freydin libido-sevgi enerjisi nəzəriyyəsi ilə maraqlanırdı, amma tezliklə başa düşdü ki, nəzəriyyə-filan onluq deyil.

Dissertasiya işini demək olar ki, вырезать вставить, копировать вставить (kəsmək qoymaq, kopyalamaq qoymaq) əməliyyatları ilə yazıb başa çatdıran İlhamə öz qabında nə olduğunu yaxşı bildiyindən anlamışdı ki, o, öz libidosunu yaradıcılığa yönəldə bilməz, - ona əsl, normal eşq lazımdır.

Qısası, İlhaməyə ərə gedib, əsl sevgi həyatı yaşamaq, uşaq doğmaq lazımdır ki, süni təbəssümü təbii olsun, sızanaqları yox olsun, nəhayət, sifətinə təravətli rəng gəlsin.

Sahilə ərinə Hollandiyanın futbol komandasının maykasını, on iki yaşlı oğluna isə bu ölkənin milli simvollarından olan dəyirman maketini alıb.

İllərlə yataqxanada yaşasa da, Yavərlə İlhamə kimi subay deyil, özəl litseydə riyaziyyat müəllimi işləyən, babat maaş alan ərindən hər cəhətcə razıdır.

Oğlu dərslərini yaxşı oxuyur, əsas məsələ ingilis dilini tez qavrıyır.. Bircə problem, - ev məsələsidi, növbədədirlər, o da alınmasa ipoteka krediti götürmək fikrindədirlər.

Hələ ki, ikinci uşaq istəmirlər, razılaşıblar ki, uşağa qalsa “həmən aborta” qaçacaq. Əri üç-dörd şagird götürüb instituta hazırlaşdırar, onların sayını artırmaq olar, ehtiyac olsa özü də bir-iki uşaq götürər, növbə məsələsi çox uzansa ipoteka krediti ilə ikiotaqlı mənzil alarlar.

Ev olandan sonra bir qız da doğsa (“Qocalanda anaya baxan elə qız olur”), bir də nəvəsinin toyunu görsə “dərdim olmaz” - deyir. Səfər vaxtı İlhaməyə qaynanasından, baldızlarından qeybət elədi, “amma ərimdən yerdən göyə qədər razıyam“ – dedi, “Allah sənə də yaxşı bir oğlan qismət etsin”, - İlhaməyə guya canı-dildən arzu etdi.

İlhamə isə adətinə uyğun məcburən gülümsədi, qırışları göründü.

Sahilə də deyəsən onun ürəyindəkiləri oxudu: “Pah, bircə sən çatışmırdın. Sənin kimi ərə gedib yataqxanada çürüməkdənsə, elə evdə otursam yaxşıdı”.

“Kənddə doğuldum, ölmədim Amsterdamı da gördüm,” – Sahilə özündən razı halda düşünürdü. Bakıya çatan kimi qonşularına, iş yoldaşlarına, bir də kəndə “varıf gedəndə” qohumlarına gördüklərini həvəslə danışacaq.

Qırx beş avrodan əlində qalan iyirmi beş oldu, on beş ərinə, on da oğluna aldığı suvenirə getdi, qalan pula Bakıda ağarmış saçına qara boya, dəri üçün krem, bir də pomada alacaq, hələ deyəsən artıq da qalacaq.

Gəzişirdilər, işıqlı mağazalar, bahalı butiklər, səliqə ilə düzülmüş mallar, böyük hərflərlə yazılmış rəqəmlər və avro işarəsi €.

Biri dəri üçün kremə baxıb yerinə qoyur, o biri ətir vurulmuş dördkünc kağızları iyləyir, Yavər isə əlini heç nəyə vurmadan kədərlə mallara, qiymətlərə baxırdı.

İkisi pedaqoq, ikisi elmlər namizədidi. Onlar nəinki İstanbul aeroportunda, heç Amsterdamda konfrans iştirakçılarının çıxışlarını öz aralarında müzakirə etmədilər.

Özləri ilə Bakıdan nə kitab gətirdilər, nə də Amsterdamda aldılar. Aeroportun zalında birinin qəzetə bir avro verib oxumaq həvəsi belə yox idi.

Konfransda onlara verilən məqalələr olan kitabları isə özləri ilə yük eliyib gətirmək dərdindən kimisi onları oteldə qaldıqları otaqlarda zibil yeşiyinə atdı, kimisi isə eləcə yazı masasının üstünə qoyub otaqdan çıxdı.

(Amma konfrans zamanı onlara verilən içində qələm, karandaş, pozan, bloknot, konfrasın adı yazılan döş nişanı, ən əsası bir qeqabaytlıq fləşkart olan çantanı özləri ilə götürməyi unutmamışdılar).

Bakıya uçan təyyarəyə qeydiyyat başladı. Təkərli yekə, kök çamadanlar baqaja getdi, şax yeriyənlər nəhayət ki, pasport nəzarətindən keçib Bakıya uçan təyyarəyə məxsus 74-cü qapının stullarında oturdular.

31 may – 3 iyun 2010
Oldenburq (Almaniya) - Bakı
XS
SM
MD
LG