Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:29

Aslan Quliyev "Dovşan" (Hekayə)


Dovşan qaranlıq düşəndən sonra bu adamla çayın sahilindəki bağda görüşürdü. Adam polisdə işləyirdi, nə işlədiyini ona məlum deyildi, yalnız ləqəbinin əqrəb olduğunu bilirdi.

Polisdə dovşanlar çox idi, polis zabitlərinin hamısının, rəisin, müavinlərin isə hərəyə iki-üç dovşanları var idi.

Bu dəfəki görüşlərində əqrəb ona əlli manat verdi, sabah kimi istəyirsən dəvət elə, dedi, çayın sahilindəki kababxanada yeyin-için, amma qulaqlarını sallamazsan, ayıq olarsan.

Əməlli-başlı bir iş gətir.

Səhərisi evdən çıxmaq istəyəndə anası onu saxladı, yasa getməliyəm, sən evdə qal.

Gəlinciklər qoza-fındığa daraşıblar, sağsağanlar armudu daşıyırlar, qarğalar əncirə divan tuturlar.

Mən gələnə kimi gözlə, sonra hara getsən, gedərsən. Kəsilə-kəsilə qalmışdı, ay ana, sən məni qonum-qonşu içində rüsvay eləyirsən, mənim sağsağan, gəlincik gözləyən vaxtımdı?

Sonrası da sənin deməyinin adı nədi, çölün quşları ac qalsınlar, onlar da bir şey yeməlidilər axı. «Bağı onlar üçün salmışıq! – anası hirsləndi. – Yığıb sənin üçün satıram da.

Sabah birisinin qapısına gedəndə, bir şey aparmalıyıq, ya əliboş getməliyik?». «Eh, ay ana, - yana-yana dedi, - nahaq yerə sabah durub birisinin qapısına getmə.

Qoz-fındığı gəlincikdən qoruyana, sağsağanların keşiyini çəkənə heç kim qız verməz».

Anası gedəndən sonra bağa düşüb, keçən payız kəsdikləri armud ağacının kötüyü üstə oturdu. Qanı qaralmışdı, ona iş tapşırmışdılar, o isə oturub keşik çəkirdi.

Yalnız qarğaları-sağsağanları qovurdu, zəhləsi gedirdi bu həyasız quşlardan, gəlinciklərə isə toxunmurdu, hər gəlincik beş-altı dənə qoz-fındıq yeməklə nə olasıydı?

Balaca çöl vəhşilərinin zəgəlli qozları çaynaqlarında tutub zəgəlini təmizləmələrinə, qozu sındırıb yemələrinə heyranlıqla tamaşa eləyirdi. Acı zəgəli necə təmizləyirdilər?

Bu gün gəlinciklərə də hirslənmişdi, acgözlər, qarınqulular, bir fasilə verin də! Sizin ucbatınızdan işimin dalısınca gedə bilmədim, bəsdi tıxdınız, doyun da!

Çəpərin üstündən boylanan qonşu qızı görcək qaşqabağı açıldı, ayağa qalxıb çəpərə yaxınlaşdı, əli ilə işarə eləyirdi, gəl də. Qız isə dodaqlarını bir-birinə sıxıb başını yırğaladı, bəsdi daha. Haçana kimi çəpər dibində öpüşəcəyik?

Göndər ananı, gəlsin elçiliyə. Anam deyir bir də çəpərdən o tərəfə keçsən, qıçlarını sındıraram.

- Anamı göndərərəm, amma atan mənə qız verməz. Məni görən gözü yoxdu, mən sağsağanlara nə qədər nifrət eləyirəmsə, o da mənə o qədər nifrət eləyir, hələ bir az da artıq. Onun könlündən səni azından ərəb şahzadəsinə ərə vermək keçir.

- Sən göndər! – qızsa onu eşitmək istəmirdi. – Anamla köməkləşib birtəhər yola gətirərik.

- Ona sonra baxarıq, - səbirsizliklə dilləndi, - gəl görüm.

- Yox, çəpəri bir də anan elçiliyə gələndən sonra keçəcəyəm.

- Amanın günüdü, keçmə! - hirslə dedi.

Qız ona iki əlli bir ala göndərdi. Qanı qaralmış halda qayıdıb armud kötüyünün üstündə oturdu. Fürsəti əldən verməyən qarğalar, sağsağanlar əncirə, armuda daraşmışdılar, amma daha quşları da qovmadı, cəhənnəm olsunlar.

Yeyin, tıxın, hirslə deyinirdi, haramınız olsun! Elə təpişdirirlər, elə bil dədələri bunlar üçün ağac əkib.

Birdən qızın onun səslədyini eşitdi, geri boylandı, qız çəpərin üstündən ona əl eləyir, gülürdü.

- Nə var? – hirslə çımxırdı.

- Bilirsən kötüyün üstündə oturanda nəyə oxşayırsan?

- Nəyə?

- Dovşana!

- Necə? – diksindi.

- Dovşana! Dovşan da sənin kimi qulaqlarını şəkləyib oturur.

O hələ özünə gəlməmiş qız həyətlərində şirin səslə mahnı oxuyurdu.

Dovşanım, ay dovşanım
Küsmə məndən, ay dovşanım
Mən küssəm də eybi yoxdur,
Sən küsmə, ay dovşanım.

Sanki başından bir qazan qaynar su tökdülər, qız nəyə görə onu dovşana oxşatmalıydı?

Bəlkə nəsə hiss eləmişdi, yox, ola bilməzdi, onun dovşan olduğunu əqrəbdən və ondan başqa heç kim bilmirdi.

Ağlına gələn növbəti fikir onu kökündən silkələdi, yəqin o qədər dovşanlıq eləmişdi, dovşanın bütün xasiyyətlərini, hərəkətlərini götürmüşdü, dovşana oxşayırdı, yoxsa qız onu nəyə görə dovşana oxşatmalıymış?

Elə bu gecə əqrəblə üzülüşəcək, daha dovşan olmaq istəmədiyini deyəcəkdi.

Qonşu həyətə düşmüşdü, həyətdən acıqlı səsi eşidilirdi. Oğlanlar var, Rusiyətin bu başından vurub, o başından çıxırlar. Naharı Kitayda yeyirlər, şamı Dubayda.

Amma elələri də var, gəlincik pusur, qarğa, sağsağan qovur, balqabaq keşiyi çəkir. İtimin yeddi küçüyü ola, birini belə oğraşa vermərəm!
Buyur, bu da sənə elçilik!

Deyirsən, ay qız, atanın məndən zəhləsi gedir, neyləsəm də, səni mənə verməz, bu isə başlayıb, ananı göndər. Anamı göndərəcəyəm, arvadı evdən qovacaq.

Anası günortaya az qalmış gəlib çıxdı, qoz zəgəllərinə, dəlik-deşik edilmiş armudlara, əncirlərə baxıb, qıçlarına döyürdü. Sən burda nəyi gözləyirdin?

Yenə də başın o diringi qıza qarışmışdı? «Ay ana, başım heç kimə qarışmamışdı! – özünə haqq qazandırırdı. – Neyleyim, çoxdular, mən qovuram, onlarsa bir ucdan gəlirlər. Məni rüsvay eləyirsən, hörmətdən salırsan, sabah birinin qapısına elçiliyə gedəndə, onda sənə deyəcəyəm.

Qovacaqlar səni, deyəcəklər biz gəlincik pusan oğlana qız vermərik!» «Verərlər, başıma da dönərlər! Amma şəkini vur, o diringi qız üçün heç vaxt getmərəm!» «Amandı, gəl get!

O diringi qızın dədəsinin gözünə güllə sıxsan da, mənə qız verməz!»

Paltarlarını dəyişib, qəsəbəyə düşdü. İlk rastlaşdığı uşaqlıq dostu Səfər oldu. Səfər onun təklifini həvəssiz qəbul elədi, nə isə səndən gözüm su içmir, düşürsən polisə, hamı ilişir, bircə sən sudan quru çıxırsan.

Oların adamı olarsan, yıxarsan evimi. Səfər düz deyirdi, ara-sıra əqrəbin göstərişi ilə qara-qura alıb satır, sonra isə alış-veriş elədikləri adamları satırdı.

Hamını ilişdirir, bircə onu buraxırdılar, o da adını qoyurdu ki, pulumu verib qurtardım.

Ona inanırdılar, kimin pulu var idisə, yaxasını qurtara bilirdi, amma şübhələnənlər də var imiş. Səfərin qolundan yapışıb kababxanaya dartdı.

Çaya baxan pəncərənin qabağında oturmuşdular. Yeyib içirdilər, o özündə deyildi, Əqrəbin tapşırığını unutmamışdı, amma bu gün iş vermək fikrində deyildi.
Qulaqlarında bayaq qonşu qızın oxuduğu mahnı səslənirdi. Yox, bəsdi, daha dovşan olmayacaqdı. Elə bu gecə əqrəbə deyəcəkdi.

Dovşan axşam əqrəbə heç bir iş olmadığını deyəndə əqrəb qəzəbləndi. Necə yəni olmadı, o kababxanadan bu gün dovşanlar iki iş gətiriblər.

Bəs sən hara baxırdın, olmaya qulaqlarını tutmuşdun? O isə nəhayət ürəyindəkiləri dilinə gətirdi, daha dovşan olmaq istəmirəm, utanıram.

Qorxuram sonda dovşana oxşayam. Evlənmək istəyirəm. Sancmağa hazır vəziyyət alan əqrəb isə nifrətlə deyirdi, evlən də.

Dovşan olduğunu hardan biləcəklər? Bizim elə dovşanlarımız var, böyük idarələrin müdirləridi, rayonun sayılıb seçilən adamlarıdı. Onlar utanmırlar, sən utanırsan?

- Sabah çıxıb şəhərə getdim, onda nə olacaq?

- Hansı rayonun ərazisində yaşasan, ora xəbər verəcəyik, olacaqsan onların dovşanı. Dovşan bir dərədən başqa dərəyə keçməklə adınımı dəyişir? Sən bizim dovşanımızsan, ölənə qədər də dovşanımız olaraq qalacaqsan!

- Olmayacağam! – etiraz elədi.

Başından dəyən güclü yumruq zərbəsi onu arxadakı fıstıq ağacına çırpdı, yaxasından yapışıb qarnına necə vururdusa, dovşan qıvrıldı, ağrılardan ikiqat oldu. Əqrəb bir qədər də vurub əl saxladı, demək, bizim hesabımıza pul qazanırsan, qudurursan!

Neçə gündü buna görə iş gətirmirsən, xəyalın başqa yerlərdəymiş. Unutma, dovşan qudura bilməz! Dovşan qiyam eləyə bilməz, yoxsa boğazı üzülər.

Əqrəb ona iki min manat pul verdi, mal almalıydı, köhnə tanışlarından biri İrandan mal gətirmişdi. Malın alan yerdə polislər onları yaxalayıb polis şöbəsinə gətirəcək, tanışını ilişdirəcək, həmişə olduğu kimi onu isə bir-iki gün saxlayıb, buraxacaqdılar.

Etiraz eləyə bilmədi, qayıdanda diksinə-diksinə yeriyir, özünü doğrudan da qorxudulmuş dovşan kimi hiss eləyirdi. İş heç də düşündüyü kimi asan deyilmiş, ömrünün sonuna kimi dovşan olaraq qalacaqdı. Hara getsə, harda yaşasa da.

Səhər tezdən evdən çıxanda qonşu qız çəpərin üstündən onu səslədi:

- Ay oğlan!

- Nə var? – ayaq saxladı.

- Ananı haçan göndərirsən?

- Eşitmədin atan nə dedi?

- Sən göndər, işin olmasın! – qız təkid eləyirdi.

- Ay qız, verməz!

- Göndərmə, bir daha bu çəpəri o tərəfə keçməyəcəyəm.

Bu qızın da işi-gücü yox idi, ancaq onu hədələməklə məşğuldu, çəpəri bu tərəfə keçməyəcək, il uzunu keçmə, sən çəpəri keçmədinmi, dünya xaraba qalacaq.

Axtarıb Səfəri tapdı, Səfərin maşını var idi, onu yüz manata Bakıya aparmağa razılaşdı. Bakıya niyə gedirsən, deyə yolda soruşanda, dovşan uzatmadan kefə getdiyini dedi.

Kefə, qardaş, yeyib-içməyə, qızlarla kef çəkməyə. Onda Əmirin kafesinə gedərsən, yaxşı qızlar olur orda, qiymətlər də ucuzdur. Bir söz demədən razılaşdı.

Onun tanışından mal almadığını, onları yaxalamaq üçün gedən polislərin əliboş qayıtdıqlarını eşidən əqrəbin nə hala düşəcəyini təsəvvür elədikcə ləzzət alırdı.

Deyirdi, dovşan qiyam eləyə bilməz, amma buyur, dovşan qiyam eləmişdi. Boğazının üzülüb üzülməyəcəyi sonranın işiydi, lap elə boğazını üzsəydilər də, daha dovşan olmayacaqdı.

Səfər onu Əmirin kafesinə gətirdi, pulunu alıb çıxıb getdi. Düz deyirmiş, bura onun istədiyi yer idi. Qəşəng qızlar var idi, qiymətlər də baha deyildi,

Əmir müştərilərinə kafeyə bitişik balaca otaqlarda gecələməyə yer də verirdi.

Xoşuna gələn qızları seçir, yeyib içir, sonra da onlar üçün ayrılan otağa çəkilirdilər. Özündən razı qalmışdı, görürsən, qonşu qızın qarasınca deyinirdi, burda çəpəri keçirlər, keçmərəm-filan deyib adamın zəhləsini tökmürlər.

Pulu bir həftəyə bəs elədi, yalnız cibində yol pulu qalandan sonra rayona qayıtdı.

Anası onu təşvişlə qarşıladı, a bala, hardasan, gündə evə azından on dəfə zəng eləyirlər, iki-üç dəfə polisdən gəlib səni soruşublar.

Deyirəm, hara getdiyini bilmirəm, inanmırlar, cib telofonunu da evdə qoymuşdun, yoxsa zəng eləyərdim.

- Ana, başqa soruşan olmadı? – qızararaq soruşdu.

- Oldu, oldu, - anası mənalı tərzdə başını yellədi.

- Kim?

- Kim olacaq, o diringi qız!

Anası onun qızarmağını başqa yerə yozdu, a bala, görürəm sənin əl-ayağını bir yerə yığmayınca, quşun evə qonmayacaq. Ürəyimcə deyil, amma könül sevən göyçək olar, gedərəm o qızı istəməyə.

İstədi desin, ana, getmə, o bizə qız verən deyil, amma sözünü dilinin ucundan qaytardı. Qız demişdi, təki sən ananı göndər, atamı yola gətirərik, bəlkə elə yola gətirə biləcəkdi.

Hədsiz yorğun idi, isti, yol onu əldən salmışdı.

Üz-gözünə soyuq su vurub evə keçdi, yatağına uzanan kimi də dərin yuxuya getdi. Ayılıb artırmaya çıxanda gözlərinə inanmadı, qonşunun çəpərindən ta onların çöl qapısına kimi balta, mişar, rəndə, çəkic səpələnmişdi. Ay ana, bu nədi, heyrətlə soruşanda, qadın qıçlarına döydü.

A bala, getdim qızı istəməyə, neçə ilin qonşusuyuq, amma nədən bilim bu dəliymiş. Sənin adını tutmağımı gördüm, ağzı köpükləndi, gözləri yerindən çıxdı.

Üstümə cumur, məni öldürmək istəyirdi. Güc-bəla qaçıb canımı qurtarmışam. O gördüklərinin hamısını o atıb arxamca.

Dilxor oldu, ay ana, sənə dedim getmə, o bizə qız verən deyil, inanmırdın, başına dönəcəkdi, qıçlarını qucaqlayacaqdı. Gördün də, başına dönmədi, qıçlarını qucaqlamadı.

Həyətə düşüb qonşunun atdığı alətləri yığışdırdı, aparıb hamısını tövlənin banına yığdı. Qonşu həyətində ucadan danışırdı. Bəzi oğraşlar elə bilir day mənim diləylərimi yığıb gəzlətdimi, işi düzəldi, qızımı verəcəyəm.

Vermərəm! Heç itimin yeddi küçüyü olsa, birini də vermərəm! İndiyə qədər dinmirdi, amma daha dözə bilmədi. «Bəzi oğraşlar elə bilir, day qızını vermədi, mən subay qalacağam!

Qalmayacağam, nə çox başıma dönən! Heç biri özünü dəliliyə vurmayacaq, heç birinin də ağzı köpüklənməyəcək, anamın arxasınca balta-çəkic atmayacaq!»

Yenə də qoşnunun ağzı köpüklənməyə başladı, nəsə deyirdi, amma nə dediyi məlum deyildi, söz əvəzinə adamın boğazından qatma-qarışıq səslər çıxırdı, elə bil boğazında su qaynadırdı.

Həyətdə polsi maşını dayandı, ona ağzını açmağa imkan vermədən qollarından yapışıb maşına mindirdilər.

Yalnız maşınla polis şöbəsinə gedəndə onu şöbədə nələr gözlədiyini təsəvvür eləməyə başladı.

Dərisinə saman təpəcəkdilər, nəinki işi əldən çıxartmış, hələ üstəlik polisin iki min manatının da başına daş salmışdı.

Gözlədiyinin tam əksinə olaraq onu əqrəbin yox, rəisin yanına apardılar. Rəisin kefi saz idi, gözləri gülürdü, dovşan, demək, qayıtdın. Bizim pulumuza kef çəkdin. Bir şeyi unutdun, biz xəyanət eləyənləri bağışlamırıq.

Bakıda 3-cü mikrorayon bazarında bizim rayondan bir nəfər dalaşıb, onu tutmaq istəyən polisi bıçaqla vurub, aradan çıxıb. Polisi xəstəxanaya çatdıra bilməyiblər, yolda keçinib.

Səni yola salırıq Bakıya, get və polisi bıçaqlayan həmən adam olmadığını sübut elə. Ağzı açıla qalmışdı, nə bazar, nə polis, mən heç kafedən çıxmamışam.

Rəis sifətini turşutmuşdu, bunları orda danışarsan, mən sənə inanmıram, amma bəlkə orda inanan tapıldı.

Rəisin kabinetindəcə qollarını qandalladılar. Otaqdan çıxarıb polis maşının arxasındakı kameraya saldılar.

Kamerada istidən boğulur, havası çatmırdı, amma dəmir qapını nə qədər döysə də maşını saxlamır, heç olmaya bir az hava dəyişsin deyə kameranın qapısını açmırdılar.

Bakıya çatanda huşunu itirmək üzrə idi, polis şöbəsinin həyətində onu maşından düşürdəndə sudan çölə atılmış balıq kimi ağzını açıb yumur, gözləri axırdı.

Onu az qala sürüyərək içəri apardılar, geniş, işıqlı otaqdı. Burda ona su verdilər, suyu acgözlüklə içir, çənəsiylə su axırdı.

Özünə gələndən sonra özünü müstəntiq kimi təqdim eləyən cavan oğlan onu sorğu-suala tutdu. 5 sentyabrda Bakıda olubsan? Niyə gəlmişdin, kimlə gəlmişdin?

O da suallara cavab verir, hər şeyi olduğu kimi deyirdi, yalnız necə gəlməsini gizlətdi. Səfərin maşınıyla yox, avtobusla gəldiyini dedi. Sonra isə əcaib suallar başladı.

- Balıq satanı çəki daşıyla niyə vurdun?

- Balıq satanı? – gözlərini döyürdü.

- Hə.

- Çəki daşıyla?

- Hə.

- Nə balıq satan, nə çəki daşı?! Siz nə danışırsız?!

Müstəntiq işarə elədi, orta yaşlı, paltarları əzik-üzük olan birisini gətirdilər, adam balıq qoxusu verirdi, boğunuq, isti kabinadan sonra qoxumuş balıq qoxusu ona lap pis təsir eləyir, ürəyini bulandırırdı.

Çəki daşıyla vurulanın məhz bu adam olduğuna heç şübhəsi qalmadı.

Adama qarşı qəlbində nifrət hissi baş qaldırmışdı, adam bu nə qoxusudu, indiyə kimi nə qədər balıq satıbsansa, hamısının qoxusunu canına çəkibsən, qoxudursan aləmi.

- Səni vuran buydu? – müstəntiq soruşdu.

- Yox, mən bunu ilk dəfədi görürəm.

Müstəntiq işarə elədi, adamı apardılar, amma balıq qoxusu çəkilmirdi.

Bir azdan balıq satanı gətirdilər, baş-gözü qızarmışdı, saçları dağınıq idi, gözlərində vahimə ifadəsi var idi. Heç müstəntiqin soruşmasını gözləmədən sözləri bir-birinə qataraq onu çəki daşıyla vuranın məhz o olduğunu təsdiqlədi.

Mənə dedi, balıq qoxuyub, sən niyə qoxumuş balıqları adamlara sırıyırsan? Mən də dedim, kişi ol, böhtan atma, mən heç vaxt qoxumuş balıq satmaram.

Dedi, tfu sənin sifətinə, sən nə həyasız, oğraş adamsan! «Orasını düz deyib! – müstəntiq onun sözünü kəsdi. – Çox da dərinə getmə, qısa elə». «Sonra da çəki daşını götürüb başıma vurmaq istədi, başımı əydim, daş çiynimə dəydi. Səs-küy düşdü, bu qaçdı, polis də arxadan onu qovurdu».

Sonra qarpız satanı gətirdilər, adam qarpız yox, biyan qoxusu verirdi, dovşanın gözləri önündə intəhasız Muğan çölü canlanır, bu çöldə səhra küləkləri əsir, biyanlar soyuqdan üşüyürmüş kimi titrəşirdilər.

Biyan qoxulu adam da əvvəlcə onu ilk dəfə gördüyünü dedi, sonra beş-on dəqiqəliyə harasa aparıb, baş-gözü qızarmış halda qaytarıb gətirəndən sonra, tutquşu kimi ötməyə başladı.

Bu qaçırdı, arxadan da polis qovurdu. Mən qarpız kəsmək üçün istifadə eldiyim iri bıçağı piştaxtanın üzərinə qoymuşdum.

Gəlib mənim bərabərimə çatanda əl atıb bıçağı götürdü və geri dönüb arxadan gələn polisin sinəsindən vurdu. O danışdıqca Muğan çölündə külək daha sərt əsir, biyanlar tir-tir titrəşirdilər.

Sonra da başladılar onu dindirməyə, bircə tələbləri var idi, polisi niyə və necə vurduğunu etiraf eləsin. Danmağın mənası yoxdur, deyirdilər, onsuz da şahidlər məhkəmədə üzünə dirənəcəklər.

Dindirir, amansızcasına döyür, aparıb qaranlıq, dəmir qapılı, divarları beton olan balaca otağa atırdılar. Qaranlıq otaqda sümükləri sızıldayır, azadlıqda olduğu günləri həsrətlə xatırlayırdı.

Nə qədər qəribə olsa da, məhz bağda armud kötüyünün üzərində oturub meyvələri gəlinciklərdən, quşlardan gözlədiyi anların həsrətini çəkirdi.

Oturursan kötüyün üstündə, yağışlardan sonra göyərmiş çəmənliyin üzərində ilıq payız havası ilğımlanır, havadan yağış qoxusu gəlir, torpaqdan buğ qalxır, yaşıl otların arasından utancaq payız çiçəkləri boylanır. Ara-sıra da qonşu qız çəpəri keçir, yasəmən kolunun dibində oturub öpüşürdülər.

Dovşan onuncu gün birdən sanki yuxudan ayıldı, düz deyirdilər, danmağın mənası yox idi, nahaq yerə özünü şikəst elətdirirdi.

Onsuz da məhkəmədə şahidlər üzünə dirənəcəkdilər, günahını boynuna almadığı üçün məhkəmə ona daha ağır cəza verəcəkdi.

Elə həmən gün polisi öldürdüyünü etiraf elədi, müstəntiq nə yazırsa, qol çəkir, kamera qarşısında dayanıb polisi necə öldürdüyünü ətraflı təsvir eləyirdi.

İndi ona münasibət tamam dəyişmişdi, dəmir çərçivəli, geniş pəncərəsi bağa baxan işıqlı, tərtəmiz otaqda qalır, normal yemək yeyirdi, daha onu döymür, incitmirdilər.

Düzdür, burda da iş rəvan getmirdi, bəzən müstəntiqin ona kəlmə-kəlmə əzbərlətdirdiklərini qarışdırırdı.

- Mən onu nəylə vurdum?

- Kimi? – müstəntiq sifətini turşudurdu.

- Əşşi, bu qoxumuş oğraşı da.

- Ay quşbeyin, çəki daşıyla!

- Çəki daşıyla niyə?

- Vuran sənsən, özündən soruş!

- Elədir, - nəhayət yadına salırdı. – Vuran mənəm, çəki daşıyla vurdum.

Bəzən də gözlərini döyüb yazıq-yazıq soruşurdu:

- Mən onu bıçaqla vurdum, hə?

- Hə.

- Bıçaqla niyə?

- Biz nə bilək, vuran sənsən.

- Elədir, - təsdiq eləyirdi, - mən bilmirəmsə, siz hardan biləsiz.

Son dindirmə protokoluna qol çəkmək üçün dovşanı müstəntiqin otağına apardılar. Müstəntiq başdakı yazı stolun arxasında oturub əllərini sinəsində çarpazlamışdı.

Sifətində özündən razılıq ifadəsi var idi. Sən günahını vicdanlı, namuslu vətəndaş kimi səmimi qəlbdən etiraf eləsən də, bizi aldadıbsan.

Dovşan isə and-aman eləyirdi, aldatmamışam, necə olubsa elə də demişəm. Əvvəlcə qoxumuş oğraşı çəki daşıyla vurdum…

- Deyirdin avtobusla gəlibsən? – müstəntiq onun sözünü kəsdi.

- Hə də, - duruxdu.

- Yalan deyirsən! – müstəntiq əlini aparıb stolun altında nədənsə yapışıb yuxarı qaldırdı və onun heyrətdən gözləri kəlləsinə çıxdı. Müstəntiqin saçlarından yapışaraq yuxarı qaldırdığı bu adam Səfər idi, Səfərin gözləri axırdı, üz-gözü qançır idi. – Bu adamsa elə olmadığını deyir. Səni Bakıya o gətirib. Amma nəyə görəsə Bakıya satmağa qara-qura gətirdiyinizi boynuna almaq istəmir.

- Qa…ara-qura…a?!

Hər şey aydın olmağa başlayırdı, təkcə bir cəsədi ona sırımaqla kifayətlənmək istəmir, nəşədən-tiryəkdən də əlavə eləmək istəyirdilər. Özünü elə itirmişdi, deməyə söz tapa bilmirdi. Haçandan-haçana yana-yana dedi:

- Allahınız olsun!

- Bizim allahımız var, - müstəntiq istehzayla dilləndi.

- Va…ar?!

- Hə.

- Onda o mənim allahım deyil! – dovşan dedi və yanaqlarıyla göz yaşları süzüldü.

Birdən qapı açıldı və cavan bir leytenant içəri girdi. «Polisi bıçaqla vuran özü şöbəyə gəlib, - dedi, - hər şeyi etiraf elədi. Rəis tapşırdı bunları buraxaq getsinlər». «Bunların işi belədir də! – müstəntiq narazı qalmışdı. – Bir aydı üstlərində işləyirik, bu qədər əzab-əziyyət çəkmişik».

Həmən gün onları buraxdılar, heç yerə dönmədən birbaşa avtovağzala gəlib rayona gedən avtobusa mindi.

Evdə onu qarşılayan anasına nəsə demədən bağa qaçdı, ağacların başına fırlanır, onu heyrətlə süzən, neyləmək fikrində olduğunu öyrənmək istəyən gəlinciklərə, armud ağaclarının başı üzərində süzən qarğalara əl eləyir, otların arasından boylanan payız çiçəklərini sığallayır, torpaq və yağış qoxulu payız havasını acgözlüklə ciyərlərinə çəkirdi.

Qoz ağacının dibində oturub yerə tökülən qozlardan yığdı, elə burdaca daşla əzərək yedi, qozun belə ləzzətli olacağı ağlına da gəlməzdi.

Anası deyirdi, oğlum, mən getdim ora, polis şöbəsinə, üzümü cırdım, yaxamı yırtdım, dedim, Allah evinizi yıxsın, sizi də balasız qoysun, neynədiniz mənim balamı?

Biri gəldi, sapsarıydı, deyir, ay arvad, az hay-həşir sal, oğlun bizim dovşanımızdı, neçə illərdi çörəyimizi yeyirsən, sağ ol demək əvəzinə, gəlib bizim üçün yaxa açırsan, qarğış eləyirsən. Anası danışıb qurtarandan sonra:

- Ana, heç məni soruşan olubmu? –xəbər aldı.

- Yox, - qadın başını yırğaladı.

- Heç kim?

Hə, bildim, qadın sanki yuxudan ayıldı, o diringi qızı soruşursan, sən gedəndən sonra bircə həftənin içində nişanlandı, toyu oldu, gəlin köçdü. Deyirlər bundan sonra əriylə birlikdə şəhərdə yaşayacaq.

Kədərlənsə də, bu xəbəri o qədər də ürəyinə salmadı, onsuz da qonşu qızını ona verən deyildi, amma nədənsə hirslənmişdi. Elə yaxşı olub gedib, dedi, ortalıqda heç nə yox ikən yazığa diringi ayaması yapışdırmışdın, day şəkindən düşdün.

Neçə əsrlərdi bildiyinizi eləyirsiz, yer göyə qovuşar, amma siz iki sevənin bir-birinə qovuşmasına imkan verməzsiz! Siz deyən olmalıdı, biz sevəni yox, öz sevdiyinizi almalısız!

Həyətdə də qonşu deyinirdi, guya mən zalımam, qara keşişdən də pisəm, qızı verməmişəm. Mənlik olmadı, mən çox dedim, dedim, hər nədi, söz ağzımızdan çıxıb, neçə illərin qonşusuyuq. Mənə qulaq asan olmadı.

Qız dedi, o hərdəmxəyalın birisidi, armud kötüyünün üstündə oturanda dovşana oxşayır.

Qismətdi, hər nə olsa, buna gedəcəyəm. Mən neyləyə bilərdim? Bəzi oğraşdar isə elə bilir mən eləmişəm, balta-çəkici gizləyir.

Tövlənin banından qonşunun balta çəkicini götürüb çəpərdən o yana atdı.

Al, dedi, sənin dərdin balta-çəkic dərdidi. Bunluq olmayıb, bəs kimlik olub? Sən itinin yeddi küçüyü də olsa, birini mənə verməzdin, qalıb qızını verəsən.

Birdən qayıdıb çəpərin üstünə gəldi, yerdən diləylərini yığışdıran qonşunu səslədi.

- Düz deyirmiş.

- Nəyi? – qonşu döyükdü.

- Dovşana oxşamağımı.

- Oxşayırsan?

- Hə. Mən dovşanam axı.

- Dovşansan? Sən?

Kişi bir şey başa düşə bilmir, başını silkələyirdi, dovşan bağa gedib armud kötüyünün üstündə oturdu.

Çayın üzərinə, qəsəbənin o tayındakı döşə səpələnmiş evlərin arasına duman çökmüşdü, dumanda evlər xəyal kimi görünürdü, payız dumanına düşmüş evlərin qərib, tənha görkəmləri var idi.

Hardasa toy idi, gitaranın, müğənninin səsi ara-sıra dumanın, payız ilğımlarının arasından süzülüb gəlirdi.

Qəhərləndi, birdən-birə qüssə qəlbini didməyə başladı.
Hava artıq soyusa da, gecə pəncərəni açıq qoyub yatağına uzandı.

Öz doğmaca evində, öz doğmaca yatağında uzanıb, sirli kölgələrin, ay işığının oynaşdığı payız baxına baxaraq yatmaqdan daha gözəl nə ola bilərdi!

Bağdan çürüyən almaların, payız güllərinin və qoz zəgəllərinin kəsif qoxusu gəlirdi.

Bayaq ağacların üzərində dövrə vuraraq süzən quşları həsədlə xatırlayırdı, quşlar azad idilər, hara istədilər, ora da uçurdular, kimsə onları zorla dovşan eləmirdi. Yatanda yerin içində azacıq dikəlib:

- İlahi, məni quş elə! – dedi.
……

Dovşan elə zənn eləyirdi daha polisdə ondan əl çəkiblər, amma axşam əqrəb zəng eləyib onu çağırdı, getmək istəmirdi, amma əqrəb gəlməsə arxasınca maşın göndəriləcəyini deyəndə, getməli oldu.

Həmən bağda görüşdülər, payız bağı soyumuşdu, ağacların arasında ürək sıxan payız qüssəsi dolaşırdı. Bizdə xəyanət eləyənləri bağışlamırlar, əqrəb dedi.

Amma səni bir də sınamağı qərara aldıq. Al bu min manatı, tanışın mal gətirib, sabah onu klubun arxasındakı bağa çağırıb mal alırsan, elə ordaca polislər sizi yaxalayacaqlar.

Səni bir-iki gün saxlayıb buraxacaqlar. Razılaşmırdı, məndən əl çəkin, deyirdi, daha dovşan olmaq istəmirəm.

Özün bil, əqrəb etinasız halda dedi, bizim yerlilərdən biri bir qadının başını kəsib, evdə olan iki az yaşlını da öldürüb qaçıb. Səni göndərərik Bakıya, həmən adam olmadığını sübut elərsən.

Bədəninə titrətmə düşdü, bu bir ayda çəkdiyi işkəncələr, təhqirlər bir yana, təkcə o dəmir kamerada təzədən Bakıya getməmək üçün nəyə desən razı olardı. Pulu almalı oldu.

Səhərisi klubun arxasındakı bağda pulu verib malı alanda polislər kolların arasından çıxıb onların üstünə atıldılar. Həm də bunlar bu rayonun polisləri deyildilər, hardansa gəlmişdilər. Hərəsinə iki-üç dənə vurub qollarını qandalladılar.

- Məni niyə vurursuz? – heyrətlə soruşdu.

- Niyə də vurmamalıymışıq? – yekəpər əl saxladı.

- Mən dovşanam axı.

- Necə?

- Polisin dovşanıyam! – ümidlə dedi.

Gözlərindən amansızlıq yağan yaşlı polis başını yırğaladı. Dovşan idin, artıq deyilsən, səndən imtina eləyiblər, işdə özünkülər olanda bizi əvvəlcədən xəbərdar eləyirlər. Səninsə adını tutan olmayıb.

Hər şeyi başa düşdü, əqrəb onu bağışlamamışdı, qisas alırdı, bu onun son işiydi, ondan son dəfə istifadə eləmişdilər.

Bir həftədən sonra ona anası ilə görüş verdilər, anası ağlayır, göz yaşları qadına sözünü deməyə imkan vermirdi. Dedim, dörd yol ayrıcına gedib sizin üçün yaxamı cıracağam, saçımı yolub küləyə verəcəyəm.

Bir balam var idi, onu da əlimdən alırsız, məni kimin ümidinə qoyursuz? Bəs sizin dovşanınızdı, nə oldu, niyə tutduz, dovşanı da tutarlar?

- Yox, ay ana, dovşanı tutmurlar.

- Bəs kimi tuturlar.

- Dovşan olmayanları.

- Onda sən də dovşan olurdun.

- Mən ola bilmədim.

Qadın nəsə demək istəyirdi, amma nəzarətçi daha görüşün başa çatdığını bildirərək qadının qolundan yapışıb apardı.

Qapıdan çıxana qədər qadın arxaya boylandı, dörd yol ayrıcına gedəcəyini, balasını bu günə salanlar üçün yaxa açacağını deyirdi.

Dovşan əlləriylə üzünü tutub ağladı.
XS
SM
MD
LG