Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Bəxtiyar Hidayət "Dəyirman" (Hekayə)


Əslən bu kənddən olan Azad təhsilini xaricdə başa vurub bir müddət Bakıda demokratlıq edəndən sonra belə qərara gəlmişdi ki, Bakıda demokratlar çoxdu və əslində öz demokratlığını gedib dədə-baba yurdunda da sübutlamalı və əhalini də demokratik dəyərlərlə tanış etməlidir.

Ən əsası isə seçki öncəsi olduğundan əhaliyə seçki mədəniyyətini aşılamalıdır.

Kənddə ən yaxın adamı uşaqlıq dostu Mənsur idi ki, o da elə ilk görüşdəcə Azada “sən dəlisən?” sualını verdi və Mənsurun bu illər ərzində təfəkküründə heç bir yüksəlmə olmadığı qənaətinə gəldi o saat Azad .

Yüksələn Mənsurun kəlləsinə çıxmış gözləri idi ki sanki bu gözlər o yüksəkliyə çıxıb Azada deyirdi:

- Ay axmaq, niyə qalmırdın Avropada? Xalx belə bir şans axtarır. Nə var ee burda? Hələ mən də hazırlaşırdım ki mənə də viza göndərəsən.

Beləcə də Mənsur həm öz kədərli sifəti ilə və həm də kədərli dili ilə Azada çox mətləblərdən söz etdi.

Azad mat qalmışdı ki əslində o özü Mənsur danışdığı kimi ardı-arası kəsilmədən danışmalı, əhalini başa salmalı və məqsədinə nail olmalı idi.

Amma indi Mənsur bir ucdan üyüdüb tökürdü:

-İnam elə ölüb ki qardaş.hər dəfə seçkiöncəsi ən doğru proqnozu elə sənin obıvatel dediklərin verirlər. Onlar deyir onsuz da xeyri yoxdu - elə də olur. Biz qalırıq pis vəziyyətdə. Oluruq yalançının kvadratı da yox ee, yalançının halqası. Sən kənddə kimi çəkib internetə verəcəksən? Dayın məntəqə sədri, əmin müavin, xalan katib, atanın müəllimləri hamısı müşahidəçi , nə bilim nə?

-Axı...

-Axısı zad yoxdu, qayıt Avropaya- mənə də viza göndərərsən.

Bu arada yanlarından 06 markalı maşın şütüyüb getdi və maşının üz aynasına “press” yazılmışdı.

Azad:

-Alə, bu Səməd deyildi? Bu ki adını yaza bilmir, hardan jurnalist oldu?

-Əşşı nə jurnalist, o vallah elə bilir ki press elə ot presi deməkdi. Sadəcə eşidib ki QAİ belə yazılar olanda saxlamır adamı- o da yazdırıb . QAİ-lər də ki qoyun - elə bilirlər Səməd jurnalistdi. Kənddə də maşallah o qədər “suka” var ki – çatdırıblar hamısına. Amma QAİ yenə ehtiyat edir ki birdən yazıb eləyər, o qədər zibilimiz var ki.

-Dəhşətdir ki.

-Ehh sən nə bilirsən dəhşət nə deməkdi?

İndi də yanlarından bir İkarus keçdi və onun da arxasına ”Keçmişini unutma” yazılmışdı.

Azad:

-Bəri bax, rayonda da belə arxasına “kemişini unutma” yazılan xeyli maşin gördüm. Hələ başqa rayonlarda da var belələri. O gün də ingilislərnən “N” şəhərinə gəlmişdik.

Tamam biabır oldum. Təsəvvür elə ki mən ingilislərə deyirəm ki bəs bizim xalq da Avropaya layiq xalqdı, heç də sizdən geri qalmırıq, amma avtobusların əksərinin arxasına yazılıb ki “keçmişini unutma”

Ingilislər də mənə deyir ki siz keçmişə bir belə bağlısınızsa bizimlə gələcəyə gedə bilməzsiniz.

-A kişi mənim ingilisdən zaddan başım çıxmaz. Amma sənə “keçmişini unutma” məsələsini tam aydınlaşdıra bilərəm.

-Buyur.

-Gedək bizə. Bu uzun haqq-hesabdı. Bir yaxşı oturaq, gülməkdən öləcəksən.

-Gedək.

***

Azadın yalnız adını eşitdiyi bir adam varmış bu kənddə-Samedov.

Qılıncının dalı da qabağı da kəsən sovxoz direktoru.

Kəndin məhkəməsi də, polisi də, ağsaqqalı da, qarasaqqalı da o imiş.

***

Elə ki Sovet hökuməti dağıldı Samedov da düşdü taxtından.

Yarı pulu “Sovetbank”da batdı, yarı pulu da Vahidbankda batdı.

Axırda kiçik bir yatağı özəlləşdirib fermer oldu.

Və eləcə də çatdaya-çatdaya öldü. Oğlu Sakit ailə hakimiyyətini keçirdi öz əlinə.

Amma çobanlar onu qoydular quru yurdda. Ölən də ondan oldu, itən də, canavara yem olan da, qısır qalan da hələ bala salan da.

Axırda yatağı qoyunlu-quzulu satıb bir ikarus aldi.

Neynəsin, baxdı ki “dünənə qədər acından ölənlərin” əksəri “adam cərgəsi”nə bu yolnan qatışıb.


Beləliklə tanış-bilişin vasitəsi ilə də Bakı marşrutuna bir qrafik də aldı.

Bir də nə görsə yaxşıdı? Əhməd İkarusunun dalina yazdırıb-“Mahmudoğlu”. Məmməd yazdırıb “Süleyman” , Dadaş yazdırıb “Hatəmxan”, Zirəddin yazdırıb “Ələddinoğulları”.

Xülasə hərə öz avtobusunun dalına öz dədəsini adını yazdırıb.

Sakiti od götürdü nə götürdü. Axı kim olmuşdu bu Əhmədin dədəsi Mahmud? Sakitin dədəsini tövlə təmizləyəni.

Axı kim olmuşdu Məmmədin dədəsi Süleyman?- Sakitin dədəsinin xəbərdaşıyanı.

Süfrəsinin artığı ilə külfətini saxlayanı. Axı kim olmuşdu Hatəm? Hələ bir bunun “xan”ına zada bax. Ölənə kimi erməniyə mal otarmişdi.

Dədəm heç onu mal otarmağa da layiq bilməmişdi. O da getdi erməniyə malagedənlik elədi.

Adını da qoydu ki onlarda donnuq çoxdu.

Axı kim olmuşdu qırmızı Ələddin, hə? Adi bir qoruqçu. Öldü getdi, dədəmə 500 manat da borcu qaldı.

Yaxşı oğlan dədəsinin borcunu qaytarar ki rahat yatsın o dünyada-yoxsa avtobusun dalına adını yazmaz.

Tanımayan da elə bilir düz əməlli adam olub. Axx, hardasan ay Savet hökuməti, gorun çatdasın ay Lenin.

Və beləcə də Sakit qərara gəldi ki bu rəqiblərini başa salsın. Avtobusun arxasına “Keçmişini unutma” yazdırdı.
Sonra bu yazı çoxlarının xoşuna gəldi. Hətənpərvər sürücülərin hamısı Sakitdən plagiatliq etdilər. Beləcə də millət çevrldi keçmişin əsirinə.

Azad bir xeyli güldü. Və sonra belə dedi:

- Alə bunu ingilis bilsə daha da biabır olarıq. Bu tayfa bağlılığıdı nəinki keçmişə bağlılıq. Bu təfəkkür ilə Avropaya yaxınmı buraxallar bizi. Sən canın o araqdan birini də gətirt.

Beləcə də adama bir araq içdilər.

***

Axşamüstü kəndi dolaşmaq qərarına gəlmişdilər. Indi də Azad üyüdüb tökürdü:

- Insanın heyvanla oxşarlığı odur ki hər ikisi bioloji varliqdır. Hər ikisi doğulur, böyüyür, nəsil artırır, yeyir, içir, nə bilim axırda da ölür. Fərq isə insanın həm də ictimai varliq olmasındaddır. Əgər bir insan yalnız yemək, içmək, nəsil artırmaq, barədə düşünürsə heyvandan da pisdir. Çünki heyvan bunları düşünmədən edir, o insan isə heyvanın düşünmədiyini düşünür və deməli heyvan düşünməyə-düşünməyə onun düşüncəsinə bərabər düşünmüş olur. Gərək insan da heyvandan fərqlənmək üçün özgə şeylər də düşünə-ölkənin gələcəyi, azadlıq, və sair barədə. Insan özünü cəmiyyətin bir vacib orqanı kimi hiss etməlidir.

- Sən canın burax bu fəlsəfəni. Ləzzətli kayfim var, korlama. Sən öz əminə, dayına, xalana , xalan oğluna, əmin oğluna necə başa salaacqsan ki siz heyvan kimisiniz? Çix get Avropaya vəssalam. Bu camaat qoyun kimi bir şeydi.

Bu vaxt artıq dəyirmanın yanına gəlib çatmışdılar. Azad dəyirmanda növbə görəndə bir az sevindi:

-Hə bu yaxşı oldu bax, demək dəyirman işləyir. Kəndli öz halal zəhmətinin bəhrəsini görür. Biz elə eləməliyik ki kəndli öz məhsulunu sata bilsin, öz zəhməti ilə yaşaya bilsin. Daha bürokratik əngəllər filan olmasın. Bununçün də normal bir parlament formalaşmalıdır ki normal qanunlar qəbul edilsin...

-Sən nə sayaqlayırsan? Camaat pres üyüdür burda.

-Nəə? Pres nədi, ot da üyüdülərmi, dəlisənmi?

-Hə də ot presi üyüdülür burda. Taxıl nə gəzir üyüdələr də.

-Bə presi niyə üyüdüllər ki?

-Nə bilim ot itkiyə getməsin deyə edirlər. Nə var çör-çöp hamısı üyüdülür. Deyilənə görə üyünmüş ot kəpəyi də əvəz edir. Nə bilim, indi də bu mod düşüb kəndə.

-Alə, mən burda qala bilmərəm. Olan qalanımı da bu dəyirman üyüdəcək. Dəyirmanı insana yox heyvana xidmət eləyən ölkə- heç yatsam yuxuma da girməzdi. Bu bədbəxtləri indi necə başa salasan? Bütün ömürləri, günləri itgiyə gedir, amma bunlar otun itkiyə getməsinin qabağını almaqla məşğuldurlar.

Daha sonra bağıra-bağıra davam etdi:

- Bunlar niyə itən haqlarının qeydinə qalmıllar, itən torpaqların qeydinə qalmıllar, itən mənəviyyatlarının qeydinə qalmıllar, həəə?

-Nooldu?

-Sənin canıva azar oldu. Bundan artıq noolasıdı ki. Dəyirmanda ot üyüdülür. Sən bunun alt qatını tuta bilmirsən?

-Heyvan özünsən, sənə adam kimi deyirəm ki çıx rədd ol buralardan.
XS
SM
MD
LG