Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Hacı Nərimanoğlu "Barışdılar" (Hekayə)


"Qaçqınlar" silsiləsindən


Barışdılar


Qapı bu dəfə lap bərk döyüldü.

- Karsınız, görmürsüz, qapını sındırırlar, zalım oğlu lap bizim Allahverdi kimi döyür qapını.

- Səməd, bir gör kim gəlib ee!...Gələn ayaqlarına qurban olum, ay qağa!

Əvvəl üz-üzə durub bir-birinə baxdılar, gördüklərinin yuxu olmadığına inanıb səssiscə üz-üzə sıxılıb qucaqlaşdılar. İkisi də ağlayırdı, için-için, ancaq ikisi də çalışırdı ki bunu o biri görməsin.

- Qağa, nə yaman dəyişmisən.

- Heç özündən xəbərin yoxdu, sən niyə bu günə düşmüsən...qocalırıq, yaş öz işin görür.

Divanda yanaşı oturmuşdular. Əlləri bayaqdan yapışmışdı bir-birinə, day bir də ayrılası deyildi. Bu günü ikisi də ürəklərində çoxdan gözləyirdi, tək ikisi yox, çoxları.

... Doğma qardaş idilər. Elə ikisiydi, üçüncüləri yox idi, bir bacıları da olmuşdu, yeniyetməykən dünyadan köçmüşdü. Kasıbçılıqla böyümüş, oxuyub ev-eşık sahibi olmuşdular, böyüyü mühəndis, kiçiyi həkim idi.

Bir həyətdə eyni boyda, eyni şəkildə iki ev tikmişdilər, sonra püşk atıb hərəsi birin götürmüşdü, heç aralarına çəpər də çəkməmişdilər. Əvvəl yemək-içməkləri də bir yerdə olurdu, bircə yatanda ayrılırdılar.

Sonra...sonrasın heç özləri də bilmədi nə oldu, necə oldu.

Amma, arvad-uşaq sonra ha fikirləşib bircə giley-güzarın izinə düşüblər ki, deyəsən torpaq üstə oldu ilk gileyləri; Allahverdi böyük oğlun evləndirmişdi, ona ev tikdirmək istəyirdi, Səmədə demişdi sən evin arxasından çəpərini 2-3 metr qabağa çək, Vahidə bir ev tikək.

O da cavab vermişdi ki, bəs mənimki-Şahid də bu gün-sabah evlənəcək, mən də ona ev tikdirməliyəm axı, elə o vaxtdan aralarında sərinlik yaranmışdı.

Arvad-uşaq öz işindəydi, bütün günü həmişəki kimi yenə mehriban, şad-xürrəm özləri üçün yaşayırdı, ancaq iki qardaşın arasında elə bil qaratikan kolu bitmişdi.

Qəribə küsülülük idi onlarınkı.

Səmədin ayağı sınmışdı, qonşunun maşınına qoyub Bakıya aparmaq istəyəndə Allahverdi hirsindən az qala qonşunun maşınına od vura ki, onun qardaşı uşaqlarının başına daş düşüb, qırılıblar ki, sən aparırsan onu Bakıya.

Uşaqları böyümüşdü. Qızlarından ötrü onların, oğlanlarından ötrü özləri qapı açmalı olmuşdular. Bununkuların elçıliyində o, onunkularda bu qabağa düşüb sakit-səssiz ağsaqqallığın eləmişdi, xeyir-duasın vermişdi.

Nəvələri vardı, görürdün bəridə ağlıyır, kiridə bilmirlər, vay o gündən ki evdə olaydılar, öz evindəkiləri qatıb qarışdırırdılar ki, eşitmirsiz uşaq özün orda öldürür. Heç özününkülər ağlayıb çatlayanda elə eləmirdilər.

Vahid danışırdı ki, bəs keçən il əmimin ağır xəbəri çıxmışdı, onun astması var axı kimsə görüb, dili qurumuş deyib, sən onun nə günə düşdüyün göreydin, maşın göynən uçur, bu deyir elə «sür»!.-A kişi, ölək deyirsən?-Cəhənnəmə ölək. Gəldik, məhləyə çatanda, gördük heç nə yox.

Düşüb görüşməyə də qoymadı,-dönün geri. Pah, kişi nətər olmuşdu, ömrü boyu sən fikirləşərdin ki, dədəmin gözündən yaş çıxa, kişi elə bil ölmüşdü, sonra dirildi.

Yenə dilləndim ki, vallah sonra gec olacaq, 30 il də küsülü qalmaq olar, day sizin də barışmaq vaxtınızdı, görürsən, olmadı elə, oldu belə, el içində biabır olasıydıq, elə o vaxtdan gördüm day dözə bilmir.

Qaçqın düşəndən Allahverdi Saatlıda yaşayan bacanağıgilə düşmüşdü. Səməd eşidir ki, vəziyyəti ağırdı.

Durub Sumqayıtdan bir maşın tutub sürdürür ora, həkimin tapır, özünün də bir həkim tələbə yoldaşın qoşur ona, aparıb evi göstərib bərk-bərk də tapşırır ki, mənim gəldiyimdən xəbəri olmasın, yaxşı yoxla, vəziyyətin mənə doğru-düzgün de, baxır, kardiaqrammasın, analizlərin götürüb bir yerdə oturub yoxlayırlar, müalicə yazırlar, dava-dərman nə lazımsa alıb tapıb verir, qayıdıb gəlir, heç kəsə də hara getdiyin demir.

Səhəri gün qardaşı uşaqların şəhərdə yaş yuyub quru sərir ki, sizin qeyrətiniz nətər qəbul eliyir özünüz rahat oturmusuz burda, ata-ananız qalıb orda.

Yarıxoş, yarızor köçürdüb gətirdirlər Bakıya. Əlqərəz, bunların küsülülüyü bir özgə aləm idi.

...Bu xəbəri mənə Mingəçevirdə olanda Şahid verdi, özü də bir hay-küynən ki;- bəs sən bu xəbərdən niyə xəbərsiz qalmısan, televizor, radio hamısı bundan danışır. -Ayə nolub? Telefonda üyüdüb tökür -Əvvəl qulağıma inanmadım, nətər tələsik gəlmişəmsə mağazanın da qapısın bağlamamışam, gəldim ki çıxıblar.
Gedəndə də deyib ki, gecə iki qardaş bu dəmir karavatın üstündə yatacağıq, yəqin uşaq vaxtları yadlarına düşüb, zalım uşağı bilmirdiniz heylə mehribançılığın axırı 30 illik küsülülüyə gətirib çıxardacaqdı.

- Ayə, bəs indi hardadılar?

- Bizim Qubadlıda qonşumuz var idi, Mehdi kişi, ölüb, allah rəhmət eləsin, səbəbkar deyəsən elə o olub, indi gediblər ora, dedim yox e gözlərimlə görməsəm inanmaram, gedəm görəm nə, yazıq kişininn meyidi qalıb ortada millət yığılıb bu iki qardaşın başına, heç əlləri bir-birindən qopmamışdı hələ, göz aydınlığı verən kim, təbrik eliyən kim, gördüm ki dürüst xəbərdi, döndüm bazara bir saz erkək alıb gətirib bağlamışam qapının ağzına, onların ayaqlarının altında qurban kəsəcəm, kababçı da bütün həməssalahıynan mil dayanıb eşikdə.

Heyf, qonşu rəhmətə getməsəydi, S dayını da zurnaçı dəstəsiynən çağıracaydım, dost-tanış bir ucdan gözaydınlığına gəlir e...

Özün bil, bu tarixi günün iştirakçısı olmaq istəyirsənsə, özünü yetir.

Amma doğrudan yaman xəbər oldu bu, elə mən də ikisindən də yanıqlıydım.

Çünki bir neçə dəfə də mən cəhd eləmişdim onları barışdırım. Cavabımı alıb oturmuşdum yerimdə, əlimi üzmüşdüm onların bu dünyada barışmağından.

- Onların barışmağından ötrü qaçqın düşməyə dəyərmiş, mən ölüm, bunu qələmə almasan, inciyərəm səndən,- Şahid dedi.

...Üstündən bir ay keçmişdi. Səməd həkim səhər tezdən iş otağındaca keçinmişdi. Evdən şad-xürrəm çıxıb, 2 xəstəyə baxıb, dava-dərman yazıb, 3-cü içəri girəndə görüb əli ürəyinin üstündə başın söykəyib stola.

Uşaqları, qohum-əqrəbanı ən çox ağrıdan, yandıran bir də Şahidin:-”Dədəm idi, dostum, qardaşım, sirdaşım idi”- deyib hönkürməsiydi, bir də Allahverdinin üzün torpağa sıxıb «qardaşım, mənim qaqam»-deyib əzizləməsi, «yol mənim idi, günahlarımın cəzasın çəkəcəm ölüncən»-deyib için-için uçunmasıydı...
XS
SM
MD
LG