Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:44

“Bizim yazıçılar Azərbaycan pulu kimidir...”


“Bizim yazıçılar Azərbaycan pulu kimidir, yalnız öz ölkəmizdə dövr edir.

Əsas məsələ dollar olmaqdı ki, bütün dünya birjasına sahib olasan.

Dollar olmaq üçünsə Orxan Pamuk olmaq lazımdır.”

Bunu özünün "21 hekayə" kitabının imza günündə gənc yazar Nahid Hacıyev dedi.

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda onun ilk kitabının - "21 hekayə" adlı hekayə və novellalar kitabının imza günü keçirildi.

Qələm dostlarının qarşısında çııxış edən gənc yazar oxucu diqqətsizliyi, kitaba olan marağın azlığından şikayətləndi.

Səlim Babullaoğlu və başqa qələm dostları çıxış edib Nahidə uğurlar arzuladılar.

Nahid tədbirdən sonra "Oxu zalı"na müsahibəsində deyib:

“Bu kitab 7 ilin məhsuludur.

Nahid Hacıyev
Kitab gözlədiklərimi yerinə yetirməsə də, sevinirəm ki, fikirlərimi, düşüncələrimi 21 rəqəminin əhatəsində canlandırmışam.

Milli Kitab Mükafatına təqdim etmək üçün nəşriyyat bunu tez bir zamanda çap elədi”

“10 ildən sonra cəsarətlə deyə bilərik ki, o yazıçıdır, yoxsa yox...”

"Ulduz" jurnalı baş redaktorunun müavini Qulu Ağsəs Nahid Hacıyevin hekayə janrını seçməsini üstün bir cəhət hesab edir:

“Nahidin qəlbində yazmaq yanğısı var. Prozada hekayə, poeziyada şeiri sevən adamam. O da hekayədən başlayıb.

Nahidin sözü korrektcəsinə demək bacarığı xoşuma gəlir. Ədəbiyyat arxa plana keçdiyi vaxtda o ədəbiyyata qədəmlərini qoyur.

Siyasi söz ədəbi sözü qabaqlayıb. Belə vaxtda yazıçı ömrü yaşayıb o adı sona qədər daşımaq üçün Nahid bütün ömrünü buna həsr etməlidir.

Qulu Ağsəs
Nahid haqqında 10 ildən sonra cəsarətlə deyə bilərik ki, o yazıçıdır yoxsa yox.”

"Bu kitabı 30 yaşında çap etdirsəydi..."

Qulu Ağsəs bu kitabın qüsurlarını da qeyd edir:

"Redaktə işi demək olar ki, yoxdur. Hekayələrində dil xətaları var”.

Nahidə hələ ki həvəskar yazıçı kimi yanaşan Qulu Ağsəs onun ilk kitabını uğurlu debüt hesab etməklə yanaşı Nahidin kitabı nəşr etməkdə tələsdiyini də söyləyir.

O, hesab edir ki, qüsurlara indilik çox sərt yanaşmaq bəlkə də düzgün olmazdı.

"Amma 30 yaşında çap etdirsəydi bu xətalar cinayət kimi qəbul ediləcəkdi". İndi isə onu əfv etmək olar".

GÜLNAR

Kitaba daxil edilmiş bir hekayəni oxu:
Nahid Hacıyev "Yumulmayan sözlər" (Hekayə)
XS
SM
MD
LG