Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:54

FEYZİYYƏ. Hıçqırtı havasına süzdünmü heç (Şeirlər)

















Kilsəyə çevrilir evim hər dəfə zəngin gələndə,
keşişə dönürəm hər dəfə səninlə danışanda.
Sən telefonun o üzündə danışırsan,
mən bu üzündə dinləyirəm -
sən tövbəkar,
mən Müqəddəs ata misalı.

Səsin kilsə zəngi kimi cingildəyir qulağımda,
Günahlarını yuyursan göz yaşında,
xaç suyunda yuyunurmuşsan kimi «təmizlənirsən»,
«Bağışla, Müqəddəs insan» deyirsən.
Əsəblərim, hisslərim çarmıxa çəkilir İsasayaq
hər bağışlanma dilədikcə.

Sən isə bağışlanacağına güvənirsən
hər dəfə yeni, tamam fərqli günahlarla dönürsən.
hər dəfə də, səni bağışlayım deyə, rəfiqələrim,
rahibələr sayaq xorla moizə oxuyurlar,
mənə and verirlər, xaç çevirirlər.

Sən danışdıqca
evimin divarlarında, tavanında
şeytanın cürbəcür şəkilləri canlanır.
Əvvəllər günahlarını bağışlayırdım
«Ulu ata və Müqəddəs Ruh naminə»
İndi səni günahlara bağışlamışam,
Bütün müqəddəs ataların və müqəddəs ruhların xatirinə.

* * * * * * *

Bozarma taleyin üzünə
bir gün qızar gözləri,
baxmaz heç nəyə,
Dönüb qatil olarsan -
özü-özünün qatili.
Kəsib-parçalayarsan,
içində nə varsa,
doğrayıb səpələrsən sapsarı sonsuzluğa.

Bozarma taleyin üzünə,
Səni quzğun eyləyər, açar leş süfrəsini
İylənmiş tikələri ləzzətlə didiklərsən,
Leş sökmüş dimdiyini silib lələklərinə,
Sonra çıxıb gedərsən leşlərin arasından,
Ağzında bir parça ət,
İçində bir ömür nifrət.
Gözlərini açanda
«yaxşı ki, yuxuymuş» deyib sevinərsən,
Gördüklərini yozmağa macal tapmamış
quzğuna dönərsən…

Bozarma taleyin üzünə.
Ömrün boyu dua etdiklərin,
Sənə lənət oxuyar, sənə qarğışlar tökər
səma qapılarının taybatay açıq vaxtı,
Bədənində nə qan var, çəkilər beyninə,
Əllərin, ayaqların bir damla qan diləyib,
Səcdə edər başına,
Sağ əlin, sağ ayağın bozarar soluna,
Sağ gözün boz yaş tökər bozarmış sifətinə.

Bozarma taleyin üzünə,
Bir iri qara dəlik açılar göy üzündə,
dənizin üzərində,
İri tonqal çatılar üzü dəliyə sarı,
dənizin üzərində.
Qırmızı-sarı rəngdə bir pilləkən
uzanar alovun dillərindən
qara dəliyə sarı,
qara dəlikdən çıxıb bir sürü əl çağırar səni
dəliyə sarı.
Ayağın yana-yana
qaça-qaça qalxarsan alovlu pillələri,
Yana-yana can atarsan o qara yüksəkliyə,
qaranlıq ucalığa,
“Bax, az qalıb”, - deyərsən,
“Daha çatdım” - deyərsən,
Suluqlamış ayağın dəyəndə son pilləyə
başına daşlar yağar,
Üz-gözünü qalxdığın alovlu pillələrin
qırmızı-sarı dilləri yalar…

Getdim:
Ağzımda danışdığım yalanın qoxusu,
Ürəyimdə körpənin yalanlara aldanmaq,
Aldanmağa alışmaq qorxusu…

və bir gecə yuxuna gələr
qatili olduğun Bir Dünya Sən,
alarlar dövrəyə,
məhbusa çevirərlər səni öz içlərində,
sonra nəsə deyərlər dönə-dönə,
Və sən hər səhər,
azandan sonra, bir səs eşidərsən:
Bozarma taleyin üzünə!

* * * * * * *

Sən demə, sevgilər öləndə ruhları
canın ağrıdığı yerə sığınarmış,
Sən demə, canı aldanmağın qorxusu üşüdərmiş,
Mənə bax, caan, çoxmu üşüyürsən, çoxmu....

Sən demə, yayın ən qızmar vaxtı
Taykeş çəkmələrin dərisi,
Dodaqlar şaxtadan çatlayantək, catlarmış,
qabararmış burunlarının ucları
sahibinin ayaq qoxusunu xatırlayıb.

Nə biləsən axı,
qatlanmış vərəqdə sahibsiz yazılar
ağzıyaşmaqlı dul qadıntək
elə hey kimisə axtarar,
əldən-ələ gəzər, oxunar, oxunmaz,
sahibi bilinməz,
yiyə duran tapılmaz,
ovunmaz, ovunmaz.

Sən bilməzsən, sahibsiz paltarlar
necə qorxarlar qaranlıq bağlamalarda,
Ölümdən öncə istənən bir içim su tək
bircə dəfə geyilmək istərlər,
bircə dəfə tər qoxlamaq keçər içlərindən,
bircə dəfə, son dəfə,
amma...
bircə darıxma,
bu qədər vurnuxma,
Bulanıq suya boylananın üzü gözəl görünməz,
Bataqlıqda heç nəyin əksi bilinməz.

Yenəmi darıxırsan, birdənəm, yenəmi,
Amma bax, ordan -
Göyün sən olan qatından
bircə qat yuxarıdan bir körpə keçir,
Özü bulud rəngində,
Gözləri gümüşü,
Çiynində paltar,
əlində bir tay çəkmə,
Içində bir içim su...

* * * * * * *

Küçədə balaca bir oğlan uşağı
qabağıma qaçıb qollarını açdı,
qarşımda dayanıb, yolumu kəsdi,
«Qomayacam cetməyə» - deyib, güldü.
Səbəbini soruşanda
Çiyinlərni çəkib,
burnunu köynəyinin qoluına sildi.
Sağa çəkildim, sağı kəsdi,
Sola yönəldim, solu tutdu,
Arxaya getdim, irəli gəldi.
«O nədir elə?»- deyib,
barmağımı irəli uzatdım,
Bir anlıq özünü unutdu,
Tifili aldatdım.
O, arxaya dönən kimi
Ordan uzaqlaşdım,
Qaçdım, uşaqdan qaçdım.
Danışdığım yalandan qaçmağa çalışdım.
Arxamca qaçıb, yenə də yolu kəsdi.
Yenə mənə baxıb güldü,
Yenə burnunu köynəyinin qoluna sildi.
Yenə də sağa çəkildim, olmadı,
Yenə də sola üz tutdum, qoymadı.
Dayandım…
İrəli getdim bir addım,
Geri durmadı.
Saçlarını barmaqlarımın arasından keçirdim,
tutduğundan vaz keçmədi.
yalvardım,
inadından dönmədi.
Sonda «Burada gözlə, indi qayıdıram»,- dedim,
«Qayıdanda yolumu kəsərsən» - dedim,
Getdim:
Ağzımda danışdığım yalanın qoxusu,
Ürəyimdə körpənin yalanlara aldanmaq,
Aldanmağa alışmaq qorxusu…
Xeyli uzaqlaşmışdım
Dönüb arxaya baxdım.
Baxışları getdiyim yolu
körpə nəvazişi ilə əzizləyirdi,
Geri dönməyəcək yolçunun
yolunu gözləyirdi…

* * * * * * *

Bütün sualların cavabı
bir qağayının dlmdiyindəymiş, demə,
Demə, olanlar kabusmuş,
oyanib “bismillah” deyəcəm,
Bir də deyəcəm, məni bağışla,
butun kabuslara bağişla məni.
Hər şey birdən oldu:
əvvəl bir burulğan göründü uzaqdan,
lap uzaqdan,
qara, kabus kimi qorxulu.
Sonra gözlərimi qum tutdu,
O tutdu gözlərimi.
Yuxularıma süd sızdı o gecə,
O gecə bütün kollar
kəklikotu qoxuyan lalələr açdı,
bütün ağaclar balıq qoxuyan gilaslar gətirdi.
Bağışla,
o gecə qırmızı yağmurluqdan savayı
əynimə heç nə gəlmədi,
Bağışlama məni,
Göyqurşağı rəngində yağan bağıq yağışından
qaçmağa yer tapammadım.


Duyğularından qara kağız gəldimi,
o qara kağızı pul kimi barmağının arasına alıb
hıçqırtı havasına süzdünmü heç?

Daha heç nə gözləmirəm,
məni gözləyən bircə sabahlardı,
onlar da gözləri qumla dolu,
qara-qorxulu.
Gecələr işığı yanılı qalan pəncərələrin
yozumu çox olar, bilirsən,
bilirəm, sən hər şeyi bilirsən...

Bağışla, bu yelləncəyin
bir ipi qırıqmış, demə,
Bağışla, o yelləncək
ağaca etdiyi dualarda yellənir,
ona toxuna bilmərəm.
Qorxma, qorxma, ay ömrüm-günüm,
Kuzənin çatının əksidir,
ildırım deyil göydə çaxan.
Mənsə saymağı öyrənirəm hələ,
hələ də on birdən başlayıram.
Dördüncü dəfə iyirmidə saxla məni.
Bu dəfə saxla məni
tut əlimdən, gir qoluma, saxla məni.
De ki, evimizə getməliyik,
Nolar, dilə tut məni.
Sən bilirdin, sən bilirdin,
O hər şeyi bilirmiş,
həmin o qağayı.
Günah məndədir,
hər şeyi bilirmiş o qağayı.

* * * * * * *
sən heç duyğuların əsgər getdiyini
gördünmü, dost, gördünmü?
hisslərinə çağırış vərəqəsi gəldimi,
onlar ön cəbhəyə aparıldımı?
ümidlərin sərhədboyu təngənəfəs qaçdımı?
arzuların mühasirəyə alındımı,
başlarına güllələr yağdımı?
xəyalların ölüm qorxusu ilə
səngərin bir küncündə qıvrılıb
əlləri qulaqlarında hönkürdümü?
istəklərinin gicgahı əlindəki silahın
son gülləsinə sığındımı,
tətiyinə sıxıldımı?
nifrətin düşmənə təslim oldumu,
düşmən ordusuna qoşulub,
özünə qarşı çıxdımı?
həm ordusunu, həm gözlərini itirən
general-sevginin ürəyinə bıçağı
öz nifrətin vurdumu,
sonda özü də bir mərmi partlayışından
parça-tikə oldumu?
duyğularından qara kağız gəldimi,
o qara kağızı pul kimi barmağının arasına alıb
hıçqırtı havasına süzdünmü heç?
hisslərin şəhid olduğunu gördünmü heç?
duyğularına yas saxladınmı?
hər adsız məzar görəndə
qaçıb başdaşını qucaqladınmı, dost, qucaqladınmı?
hər yatdığında yuxunda necə öldüklərini,
qorxunc meyitlərini görəndə
qışqırıb yatağından qalxdınmı,-
özün öz duyğularından qorxdunmu, dost, qorxdunmu?
belin büküldümü, havalandınmı,
bunca itkilərdən,
məsxərəyə qoyuldunmu heç?
bir baxımsız parkda,
bir qara kötüyün üstündə oturub
yaşıdlarına baxdınmı?
şəhid duyğularının sağ anlarını xatırladınmı, dost?
gözlərində sıxmağa yaş,
sinəndə ah çəkməyə nəfəs axtardınmı, dost, axtardınmı?
sonra bu qorxunc görkəminlə
qovuldunmu hər yerdən,
yerdən, göydən, varlığından, yoxluğundan
qovuldunmu, dost, qovuldunmu?
sən heç duyğuların şəhid olduğunu
gördünmü, dost, gördünmü?
XS
SM
MD
LG