Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:21

Nərmin Kamal. İzlər, Əlaqə, Tort, Tüfəng, Yeni azadlıq hərəkatı, Abort haqqında şeir


İzlər

Valadar fabrikindən
bir toxucu qıza danışdım olanları,
İnanmadı
O vaxt Kastamonla Bakı
eşq yaşayırdı
BDU-nun həyəti
yaxşıydı onda
Sonra Abel Məhərrəmov
hardan tapıldı yayda
İzlərin üstünə
qırmızı piltələr düzdü
bençlərin yerinə
sarı taxtalar qoydu
Gül əkdi
Gül
Biçdi bir gün
bekarlıqdan
yarpaqlarını saydığım ağacın
410 yarpağını
Əvvəl BDU-nun arxasından
alimxanaya keçmək
yanından
Nəşriyyata qalxmaq olurdu
Buludların dalınca düşüb
sərhədsiz qaçmaq olurdu
İndi
Bağlıdı
Abel müəllimin pencəyi tək
98-in payızı dönməyəcək
BDU-da təmir getdi
sevgilərin izləri itdi
İzlər -
daha yoxdu
İndi görəndə qopub piltələr
bir-bir
döşəmələr
deyirəm
Əccəb oldu!


Əlaqə

Novxanıda
üzərrik kötükləri asılmış
taxta küləfrəngidə də,
İstambulun
Koca Mustafa Paşasında da,
arada uçan təyyarədə də
qayğanaq eyni dadır
Mənim indi udduğum hava
dünən sənin
verdiyin nəfəsdir
Su istəməmin səbəbi
Sovet küçəsində kiminsə
susuzluq çəkməsidir
Əziyyətim eynən
mənə qurban kəsilən
quzuların əziyyətidir
Bu, dünyanın vəhdətidir
Egeydə balıqlar
mən tərpəndiyimdən ölür
Nə biləsən
oğlunu öpdüyün yerdən
və sənin üzündən
güllə dəyir
eyni yerinə
başqa balaca oğlanın
Sən arabanı saxladın

yubandı qaçan qız yarışda
Havadakı toz dənəsi də
bəlkə sənin izindən
qopub
gəlib buralara
fırlanır yanımda
ay daa
O qədər çox şey asılıdı ki
əsnəməyindən
Uyu, rahatlığın
hardasa ağlayan uşağın
canına keçsin
filmə çəkilən atlar
vurulub yıxılanda
inciməsin
və hər yerdə
qayğanaq bişsin
eyni dadda
üzük sarısında


Tort


bizim şəhərdə
narkotik satılan yerlər çoxdur
tort satılan yerlər də çox…
ancaq yalnız birində
bəlkə də dünyanın yalnız bir yerində
kakainli tort sifariş etmək olar
nizami küçəsi
dalan altı, ev yeddi
köhnə hamamın yanı
dadlı şirin xəmir
üzəri kivi ilə bəzədilmiş
ancaq zəhlətökən kremlər və ədviyyatlar əvəzinə
ad gününün tarixi və adın
bir aşbaz azərbaycan qadınının barmaqları arasından
kakain tozuyla səpilmiş…
qadın sifarişi tamamlarkən əllərini önlüyünə silmiş.


Tüfəng

Tüfəng satıram, əla bir tüfəng
qısalüləlidi, ağzı nikelli
on dörd kalibrli

Onu çoxları istəyib məndən
verməmişəm
yaxşı mal yaxşı adam üçündü - demişəm,
sənin kimi bir müştəri gözləmişəm

Onunla kimi istəsəz…

Gözəgörünməzləri də qadirdi vurmağa mənim tüfəngim
məsələn, az buludlu bir gündə
Allahı öldürmək fikrinə düşsən
və səmaya tuşlasan mənim tüfəngimi
masmavi göylərə… çəksən tətiyi
bir dəqiqə keçməz ki
düz yanında yerə GUPP edib bir meyit düşər…

Gerisini həll etməksə sənə düşər
ya bir çala qazıyıb gömmək onu
ya bir şoran bataqlığa atmaq
gecənin bir aləmi
dəfnə ağacları əndişə qoparacaq qəsəbədə…
ya da heç gizlətməmək: bağırmaq ki, mən
bu gecə bu tüfənglə
Allahın özünü vurmuşam, güllələmişəm Allahı
Ürəyinin nə bilim hansı mədəciyindən dəlib keçib.

Hələ heç bir məcəllədə yoxdur
yazılmayıbsa da cəzası belə cinayətin
sənin azadlığın,
mənim tüfəngim.


Yeni azadlıq hərəkatı

Doktor Mahmudəli, sən yadımıza düşürsən tez-tez oturanda dostlarla
deyinirik arxanca: necə bir azadlıq lideridir, niyə dönmür Avropadan
casus deyildisə əgər, niyə tənha buraxdı Cənubu - deyirik
2003 marta möhlət qoymuşdu, hanı hanı hanı
niyə azdırdı coşan ehtirasları…

…90-cı illərin sonunda
burda
Piruz Dilənçi adlı bir nümayəndən yaşayırdı, xatirində varsa
fotosu əksik olmurdu qəzetlərdən
arvadı "Yeni Müsavat"a onun alçaq adam oldugundan bəhs edir
hansısa kasetlər verirdi
o isə 19 yaslı bir qıza aşiq oldu
şer və mahnı yazmağa başladı o sıralar, tutuldu getdi
Savalanlı casus arkadaşınız Aslan Xalidi də düşür yadımıza
ondan-bundan borc yığıb çıxdı aradan…
niyə belə olduğunu anlatma bizə
həvəsin varsa belə
bundan sonra
bizim kafelərdə ədəbsizcəsinə masaya dişqurtdalayan çöplər qoymaq
adəti qədər ikrah doğuracaq hər cıxışınız
və CAMAH deyəndə son iki hərfi xüsusi vurğuyla söyləyəcəyik…
və DAK-ın da yeganə gördüyü iş üç yerə parçalanmaq oldu…

Bizim türmələrdə telefon jetonunun qiyməti 1 sirvandır
bilmirəm sizdə neçəyə…
O içəri düşəndən sonra,
açıq danışmaq olmur
bilirsən kimi deyirəm, -
bizim qezətlər elə hey elan cap edir:
"Bir it itib, tapanı mükafat gozləyir:
bir ayağı yoxdur,
gozləri kordur
bir qulağı və quyruğu kəsikdir
bədəni elədir ki su içəndə və yeyəndə yıxılır, adı Xoşbəxtdir"
insanlar Allahı "allahcığım, allahcığazım
bojenka, milinkiy" çağırmağa başlayıblar
İqtisad Məhkəməsinin önündə aldanmış iranlı tacirlər quyruq oluşdururlar
İsrail səfirliyinin zirzəmisilə birinci mərtəbəsi arasında
aşağı-yuxarı ekşn edən eskalatoru sökürlər,
özü də insanlar yarıyolda olarkən sökürlər
keçən gün Xoleyni canına qıydı
tinlərdə rus lotosu oynanılan və sədası mikrofonla ətrafa yayılan
axşamçağılar harda qaldı
gözləmə salonlarında vağzalların baş dizə qoyan qocalar ölümü unutmadı,
gor-kəfən pulu qismində boş araq şüşələri ehtiyatı yığdı
bilirsənmi harda gizlətdi?
Fialetov stansiyasının zirzəmisində, oğurlamayın ancaq
Təbrizdə konsulluqsa açıldı, saçıldı və soldu
mənsə hələ də gəncəm
necə uzun çəkdi bu gənclik…

yekə bir hamburger istəyirəm
içində şirin fayner yarpaqları və istiotlu Boston sosisi olsun
cıxıb Avropa mehmanxanasının damında oturmaq
ayaqlarımı aşağı salladib yellədə-yellədə
onu dişləmək istəyirəm
yanımda yetər ki bir radioqəbuledici olsun
və yalnız 102 FM-ə tuşlansın frekası
onsuz da Xəbərlər'də danışılmayacaq Çehrəqani…
Səninlə son musahibəmizi unutma
yeni tikilmiş hələ istifadəyə verilməmiş
altmış mərtəbəli bir binanın
ən gözəl yeri harasıdır, soruşmuşdun…
yalnız indi tapmişam cavabını
santexnika borularıdir ən gözəl yeri, doktor
evində başına yığışmışdıq
o başın ki içinə su dolduğunu deyirdin bir neçə il öncə
və bizim gözlərimiz yaşarırdı o vaxt bunun üçün
məsxərəyə qoyurmuş səni cənublular
uşaq da inanmaz, getməzmiş ardınca
sənsə sayğılı lideri olduğunu deyirdin cənublularin
eybi yox, eybi yox ki, aldatmisan bizi
mən yenə sevirəm səni
özünə yaxşı bax, doktor,
trenajorda məşq elə
B 1 vitaminləri vurdurmamış olma
saatı elə hey 20 dəqiqə qabağa çək
sanki vaxt sənə qarsı amansız deyil
yalnız sənin
qıpqırmızı qaraltdığın ölkədə qalıbmış azərbaycanlılıq
qurban bayramlarında kimsəsiz bizim və
kimsəsiz rus qarılarına yardim edir Xomeyni Imdad Komitəsi
bil ki, bilirik, nəymiş sizin istiqlal hərəkatı
restoranlarda indi Iran təranələrini sifariş edirlər
və öz aramızdı, bizim təranələrdən daha gözəldir, sən də bilirsən
deyəsən cənublularçün muxtariyyəti amerikanın alacağı günü gözləyirsən
O isə deyir ki, guya sənin casus olman haqda
bir qovluq sənəd tapıb
təxəllüsün "Naturalist" imiş gizli kanallarda…
və guya sən özün də casus imişsən Aslan kimi
Lənət şeytana! mən inanmıram, doktor, mən inanmıram
Cenevrədəki bütün dostlarına salam yollayıram.


Abort haqqında şer

Abortun dövlət qiyməti otuz min manatdır bizim ölkədə
mənsə anamın qarnında yarımçıq bir döləm hələ vur-tut dörd həftəlik
bu gün sovuracaqlar məni Omeqa alətilə
zatən anama məsləhətlərini eşidirdim qadınların
Əzizə, deyirdilər,
abort günah deyil, o sadəcə bir ingilis sözüdür
mənası nəyisə yarıda kəsmək, saxlamaq.

Hər bir qadının böyük arzusu "fəvqəlinsanı doğsaydım mən"dirsə
abortqabağı ilahi tərəddüdlər keçirməsi bundandır onların
dahi anası olmaq ehtimalını əldən buraxmaq istəməzlər
bir vedrə sabunlu suyu döşəməyə əndərib
ayaqlarının baş barmağının ucuyla müxtəlif fiqurlar cızırlar
adam adları yazırlar, adlardan biri elə uzun olur ki şpaqat açıb yıxılırlar
və ağlayıb İncilin 35-ci ayəsini düşünürlər
abortsa öz növbəsində günah deyil
o sadəcə bir ingilis sözüdür mənası nəyisə yarıda kəsmək, saxlamaq
indi mən anamı sakitləşdirməkdə toxtaqlıq verməkdəyəm
onunsa Allahın səsi gəlir qulaqlarına abort saatı yaxınlaşdıqca
Yeri gəlmişkən, görəsən basdır, yumşaq tenordur, yoxsa sapranadır Allahın səsi?

O gündə əlli səvini sovuran, qanlı əllərini yuyan
və çek uzadan ağ xalatlı qadına bax
müdrikdir səndən fərqli olaraq, ana, bilir ki
anaların övladlara verdiyi ən böyük xoşbəxtlikdir abort
artıq doğulmuş insanlar borclu deyillər analarına
onlara verilən həyata, çalınan laylaya görə
nə boclusu, canım? Yarımçıq döl kimi son verilən bizlərik əsl borclu analarımıza.
Sadəcə yarımçıq döllər dünyasında itməmək üçün gərək bizə də ad qoysunlar.
amma Sevda deyil, Ehtiras kimi adlar
zira sevmək getdikcə daha çox vermək və vermək
ehtirassa getdikcə daha çox almaq və almaqdır
az qalıb, sənin məndən, mənimsə həyatdan azad olacağım saat yaxınlaşmaqda
Səni ağrıdacaq bu əməliyyat, bilirəm ana,
ancaq hazır olmalısan övladının səadəti yolunda bütün fədakarlıqlara
bəzən zamanı məkandan boşatdırmağa.
Eşitmişəm abort tör-töküntülərindən kosmetika düzəldirlər
eşitmişəm bu səbəbdən daha parlaq və qalıcıdır "Lankome" dodaq boyaları
"Pupa" firmasının saxta kiprikləri bu səbəbdən daha ürəkoxladıcıdır
gülümsə, ana, mən sənin üzündə ənlik və kirşan kimi yaşayacağam!

Alatoran, 2004
XS
SM
MD
LG