Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:49

Elnarə Şəms. Adsız avtobioqrafiya, Yollar


ADSIZ AVTOBİOQRAFİYA


O, Çılpaq dağların ətəyində
Ağacsız, çiçəksiz bir məkanda
Qız bürcündə, Öküz ilində doğuldu.
Səfasını az çəkdi.
Başı çətirsiz qaldı.
Bunu görən günəşin ölümcül şuaları
Saçlarında çaldılar serenadalarını,
Sonra yağış, sonra qar…
O, yağışı sevirdi…
Telləri bu nəğmələrin ahəngi ilə oynayarkən,
Alnından salxım-salxım tər axdı gözünə.
Gözü gilələri damla-damla bəbəyinə topladı.
İndi damarlarında çağlayan qan deyil,
Göz bəbəyindən süzülən göz yaşlarıdır.
Doğulduğu çılpaq dağların ürəyindən axan bulaqlar kimi…
Cəfasını çəkdi ömür deyilən səfanın.
Hər kəsə inandı,
İnancının atəşində yandı.
Bir kimsəni kürəyindən vurmadı,
Çörəyini əlindən almadı…
Ocağına su çiləmədi.
Onun ocağına isə
su çiləyən də oldu, od atan da.
Ancaq yansa da, yanmasa da ocağı hər an
Ürəyindən dilinin ucuna süzülən kəlmələr
Bunlar oldu:
- La İlahə İlləllah,
Mühəmmədən Rəsul Allah..
Bir neçə ölkədə oldu,
İşıqlı, təmtəraqlı,
güllü, çiçəkli evlərə qonaq oldu.
Etibarına sınaq oldu.
Vətənə dönərkən
neft qoxan qoca şəhərinin ətri bihuş etdi onu.
Heç sevgi şeiri yazmadı,
Sonsuz və ölümsüz ayrılıqlardan yazdı.
Ayrılıqlar ölkəsinin vətəndaşıdır indi.
Sevdiklərini itirdikcə arxalarınca qaçan əlləri
Qorxu içində yaşadı hər zaman.
Beləcə qovdu bir-birini aman və güman…
İnsanlığı satın alan gördü,
Gördükcə daşlaşmağa başladı.
Tamamən daşlaşdı,
Hər gecə onun üstündə yatdığı üçün.
Bircə sağ qolu hələ ki daşlaşmayıb
İndi vətəninin torpağında yeriyən bir daşdır O.
Belə bir nağıl var idi:
Çiçəkləri toplayıb məlhəm hazırlardı təbib,
Daş əridən məlhəm… İnansınmı nağıllara?


Yollar

Bu yollar qəsdimə durublar nədir,
Elə addımbaşı yıxırlar məni.
Yollarda tələlər qurublar nədir,
Canımın içini sıxırlar mənim.
Yol var ki,küçənin başından keçir,
Məzar daşı kimi cansız,soyuqdur.
Yol var ki,gözümün yaşından keçir,
Elə qəlbim kimi oyuq,oyuqdur.

Kor yolçu olmuşam,əlim göydədir,
Bir işıq ucunun sorağındayam.
Əlimin içini arzu göynədir,
Dilin tənəsində,qınağındayam.
Dəli şeytan deyir dur bu yolların,
Üstünü üstdə qoy,altından yeri.
Hardasa ümidi kəsən qolların,
Bir deyil,yeddinci qatından yeri.
Ya Rəbbim,qoyma ki özümdə itim.
Pisə pislik edib pislikdən bezim.
Ağ yolu bunlara ver ki,mən yetim
Qara yollarımda asudə gəzim.


***


Biri var, biri yox, hər ikisinə,
Nəmli baxışlarla baxıram bu gün.
Yarı ac, yarı tox, hər ikisində,
Dişə saman çöpü taxıram bu gün.
Nə olsun gülürəm, güldüyüm zaman,
Güldüyüm şeylərə gülməyim gəlir.
Hər nəsə örgənib, bildiyim zaman,
Bildiyim şeylərdən ölməyim gəlir.
Boz bulud tər kimi çöküb alnıma,
Əl atıb silməyə taqətim qoca.
Bu fələk bir ağac əkib alnıma,
Onun da kölgəsi kölgəmdən qoca.
Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.
Dünya, sən həm varsan, həm də yox kimi,
Səni danmaq yasaq,danmamaq yasaq.
Sən Allah gözümə girmə ox kimi,
İmkan ver, heç yoxsa bir şeir yazaq..
XS
SM
MD
LG