Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Tapdıq Yolçu. YOLDU


KİMSƏ YOXDU...


Kimsə varmı bu kimsəsiz dünyada,
Ağız açam, deyəm, tökəm dərdimi?!
Tək bircə kəs arxa ola, yan dura,
Qamarlayam, əzəm, bükəm dərdimi.

Arzum vardı...
Arzu bağı hardadı?
Bağ deyilən bir əlçatmaz dağdadı!
Vaxtmı çatır, ömür-mənzil yarıdı,
Qoyacaqmı yığam, çəkəm dərdimi?!

Ay beyqafıl, sən nə gendən güdürsən,
Kefindəsən, nə qanır, nə bilirsən?
Sevinc sanıb bölməyəmi gəlirsən,
Qoysan özüm çözəm, sökəm dərdimi.

Qış günüydü mən göz açıb gələndə,
Nə Gün gördüm, nə gülmədim gülənlə.
Nə qazandım, əyləyim nə - gedəndə,
Son pay kimi səpəm, əkəm dərdimi?!

...Kimsə yoxdu, deyəm, tökəm dərdimi...


AĞRILI SUAL

Ağrılı deyilmiş “ata yetimi”
“Ana yetimi”ymiş yetimlik bircə!
Hökmüdür—Allaha ağır getməsin,
Atalar öləydi Ana ölüncə!

Atalar öləydi...çaşıbmı ağlım?
Ölümün yüngülü-ağırı varmı?!
Hansı tərəziylə ölçülür bu qəm,
Ölüm tərəzidə yan qoyularmı?!

Canımdan can çıxır dediyim sözə,
Allahın işidir – qarışmadım mən.
Ata ölümüylə barışdım bəlkə,
Ana ölümünə barışmadım mən...

Hansı ciyərimdi, hansı qanımdı,
Harda cavab gəzim mən daşa dönmüş?!
Öyəndə deyirlər:
--Atana rəhmət;
Halına yananda:
--Anası ölmüş!

...Yenə Haqq biləndi, Haqqı var olsun!
Hökmüdür—ölümlük, itimlik bircə.
...Ağrılı deylmiş “ata yetimi”,
“Ana yetimi”ymiş yetimlik bircə!


YOLDU...

Yoldu...
Yolumnan gedirəm,
Görüb çox adam, gedirəm.
Doğmayam, yadam...
Gedirəm,
Tanıyırmı kimsə məni?!

Mən adamam, ya ağacam,
Müqəvvayam, ya qaxacam,
Hansı kürsüyə qalxacam,
Söyləyərmi kimsə mənə?!

Nə olsun ki, söz yazıram,
Sözü yozub düz yazıram,
Guya kəsək, toz yazıram,
Dinləyirmi kimsə məni?!

Yoldu...
Gedənlər çoxalır,
Yol daralır, yol yuxalır.
Hamı ələkdə yoxlanır,
...Kimdi yoxlayan o məni?!


BOŞDU SEVİNC VƏRƏĞİM

Dolubdu dərd dəftərim,
Qoy bir görüm hara yaz:
Boşdu sevinc vərəğim,
Gəl, o dərdi bura yaz!

Yenə məni haqladı,
Dərd halımı yoxladır.
Göyün üzü bağlıdır,
En, bunu da yerə yaz.

“Yar” deyilən hardadı?
Vüsal dəmi sardadı.
Hamısı niyə burdadı,
Yarısını yara yaz.

Taleyim nə?
Mən bilməz,
Haqq yazanı sel silməz.
Dərdin məni öldürməz,
Cəhənnəmə, gora yaz.

Boşdu sevinc vərəğim,
Gəl, o dərdi bura yaz!


BİLƏYDİM, TANRIM...


Çoxdu dərd-sərin Sənin də,
Təksən...
Bir dünya əlində...
Nə var fikrində, zikrində -
Biləydim, Tanrım, biləydim.

Haqq gəzirəm, Haqq – yerində,
Vaxtım itir Vaxt heyində.
Baxt verəydin Baxt ilində,
Güləydim, Tanrım, güləydim.

Ömür verdin – ölmək üçün?
Göz – görənək görmək üçün?
Hüzuruna gəlmək üçün,
Öləydim, Tanrım, öləydim?


XƏYANƏT

Xəyanət etmişəm ilk andıma mən,
Əzəl dil deyəni danıb ürəyim.
Dostluğun ömrümə sanki bəs deyil,
Sevgilim olmağın olub gərəyim.

Bilmirəm, bu sevda hardan doğubdu,
Bu töhmət başıma yağıbdı hardan?!
Sənə «bacı» kimi baxan gözlərim,
«Qardaş cızığından» çıxıbdı harda?!

Mənə demişdilər: «Öyünmə çox da,
Bu dostluq sevgiyə dönəcək, axır!»
Məhəbbət mərdanə gəlsin, deyərdim,
Aldatmaq adına yaraşmır, axı!

Bəs indi nə deyim, bağışlayasan,
Üstümdə adın var – aləmə haqdır.
...Bəlkə də, nə bilim, səni sevməyim,
Payızda bənövşə arzulamaqdır...
XS
SM
MD
LG