Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

Elxan Zal Qaraxanlı. Ay işığı sarı şifon, Çiskinli müzik


Ay işığı sarı şifon

Şərbət kimi sərin gecə,
Şərbət kimi şirin gecə,
Bədənimdən keçə-keçə
Nur çiləyir.

Ay qız, dərmə bu çiçəyi,
Bu gecədə açdı çiçək,
Əlini çək, ay işığım,
Əlini çək, tutma burax,
bir qısqanclıq sandığına
döndü yataq,
çılpaqlığın səmasında
Ay işığı sarı şifon,
Nəğmə səpən maqnitafon
Süst bədəndə kürə tapdı,
Körüklədi,
Tərəddüdlər yanğısını
Yanardağa sürüklədi.
Şərbət kimi sərin gecə,
Şərbət kimi şirin gecə,
Sübhə kimi şərqi dedi.

1982


Çiskinli müzik

Qara manto, ağ urbaşqa,
Bu şəhərin nağılları
Bambaşqadır, bambaşqa.

Daş və beton meşəsində,
Yarıməxfi bir kabare,
Şərqi deyir Zəki Müren,
Üstümüzə damcı-damcı
Axır müzik,
Neftə bulaşmış şəhərdə,
Ən duyğulu anıların
Notlarını yazan bizik.

Kokteylli söhbətlərə isti qatır
Bir az qəhvə, bir az brendi,
Duyğuların tans çağında
Aralığa toran endi,
Titrək bir an,
Utancaqlıq sınırında
Dayanmadan
Yana qoydu qolçasını,
Bir az açdı qılçasını,
Yüngül öpüş, ürkək tumar,
Çılpaqlandı xumar-xumar,
Dodaqlar üstündə boya,
Yavaş-yavaş döndü suya.

Könülləri loğmalanmaq,
Bundan şirin olurmu ya?
İstəyirəm vaxt uzansın,
İstəyirəm gəlməsin son,
Bu qapını açma qarson,
Açma qarson.

2001

Alatoran
XS
SM
MD
LG