Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:53

Azər Abdulla "Quyruq" (Hekayə)


-

Canavar insan səsinin hardan gəldiyini bilmədi.

Başını tərpətmədən bərəlmiş göz bəbəklərini oynadıb görə bildiyi yerləri gözdən keçirdi, bütün diqqətini toplayıb eşidəcəyi səsin hansı səmtdən gəlməsini bilmək istədi.

“Gəlib çıxanacan işini bitirərəm” fikirləşdi...



Azər Abdulla


QUYRUQ


Qara at kişnərtisinə yuxudan ayıldı, tələsik ayağa qalxıb çadırdan bayıra çıxdı.

Azca aralıda dəlisoy görkəmdə dayanıb qulaqlarını şəkləmiş Alapaça başını qaldırıb qarşıdakı dağın ətəyindən azca yuxarıda yaşıl qurşaq kimi uzanan palıd pöhrəliyinə sarı baxırdı.

Qırılıb boynundan sallanan qara qəzil sicimin ucu dizlərinə dəyirdi. Qaranı görcək başını oynadıb ayaqlarını yerə döyərək qırıq-qırıq kişnədi, elə bil gec göründüyünə görə Qaranı danlayırdı və yenə bayaqkı səmtə baxdı.

Qara başını qaldırıb dümdüz yaşıl qurşaq kimi uzanan palıd pöhrəliyini gözdən keçirəndə azca yuxarıda arxayın və saymazyana gedən bir şey gördü. Onun qurdmu, itmi, yoxsa tülkümü olduğunu kəsdirə bilmədi.

Alapaçaya ”Canın necə əzizdi, gözlə gəlib qarnını dağıdar” dedi, qollarını açıb ürəkdən gərnəşdi. Başdan ayağa tər içində olan atın üstündə pöhrə verən milçəyi, mığını, alabuğanı görüb azca aralıda iri gövdəli külə dağdağana sarı yollandı.

Dağdağanın koğuşundan kağıza bükülmüş DDT dərmanı çıxarıb qayıtdı, yaxınlaşıb atın boynunu yavaşca şapalaqladı, sonra sığalladı. Dərman tozunu Alapaçanın çənəsinin altında yığışıb gırnaş bağlamış at milçəyinin üstünə səpdi. Xoşagəlməz iydən Alapaça başını yuxarı qaldırıb yırğaladı.

Qara, atın quyruğunun altını, paçalarının altını da dərmanladı. Kızma-kızma at milçəkləri, atın qanını sorub şişmiş mığılar, alabuğalar dağılıb pərən-pərən oldu.

Qara Alapaçanın boynundan sallanan qəzil ipdən tutub darta-darta çaya gətirdi. Su azaldığından çayın yosunlu daşları üzə çıxmışdı, su ipistiydi. Qara şalvarını dizəcən çırmalayıb Alapaçanı çayın ortasına çəkdi, yaxşı-yaxşı sulayıb çimizdirdi, tərtəmiz yudu. “Çimizdirəndən sonra yenə dərmanlaram”- düşündü.

Kölgə uzanıb çaya enmişdi. Qara Alapaçanı çimdirəndən sonra günə çəkdi, aralanıb bir daşın üstündə oturdu, gündə qara qəhvəyi işım-işım yanan atı başdan ayağa gözdən keçirdi.

Qaranın babası Alapaçanı arana aparıb nallatdıranda at mıxa düşdüyündən bərk axsayırdı. O vaxtdan bir ay ötmüşdü, atın axsaması keçsə də, babası onu nə minməyə qıyırdı, nə də işlətməyə. Alapaça çadırın həndəvərində yaylağın allı-güllü otlarını otlayıb, səlliminə dolanırdı.

Kökəlib bitmişdi, bir cüt göz istəyirdi baxsın. Qara ata yaxınlaşdı, sıçrayıb belinə qalxdı və öz cəldliyindən xoşu gəldi. Siniflərindəki gözəl Turacı xatırladı, ona elə gəldi, qız hardansa ona baxır.

Bir göz qırpımında sıçrayıb atın belinə mindi, özünü saxlaya bilmədiyindən sürüşüb yerə düşdü. Beləcə bir neçə yol sıçrayıb mindi. Axırıncı dəfə aralıdan qaçaraq yaxınlaşıb Alapaçanın belinə atıldı, dabanlarıyla nə qədər dəhmərləsə də, Alapaça tezdən hörükləndiyi palıda sarı getmədi.

Qaranın kefi biraz pozuldu, yerə atılıb qəzil ipi əlinə dolayaraq arxasınca çəkdi. Alapaça qabaqca qollarını yerə dirəyib dartındı, Qara qışqırandan sonra könülsüz-könülsüz onun arxasınca addımladı.

Şaqqavatlı palıdın yanına çatanda, qəzil sicimin onun gövdəsinə sarıldığını görəndə Qara təəccübləndi və bayaq çadırın qabağında qan-tərə batmış Alapaçanın dəlisoy görkəmi, dağın döşüylə yaşıl qurşaq kimi uzanan palıd pöhrəliyindən azca yuxarıda saymaz və arxayın gedən heyvan yadına düşdü.

Dan yer söküləndə Qaranın babası Alapaçanı gətirib bu palıda hörükləmişdi. Gün çaya düşənəcən at arxayın və ləzzətlə otlamışdı. Hava sərin olduğundan atın qoxusu ətrafa yayılmamışdı, ot-ələfin, yarpağın, budaqların üstündə gecələyən mığılar, acgöz, iri alabuğalar hələ yuxudan ayılmamışdılar. Ancaq Alapaça hərdənbir vərdişlə bağlı nazlana-nazlana quyruğunu yelləyirdi. Gəlib yamyaşıl gözənin ayağına çatmışdı, nə qədər dartınsa da, biçiləndən sonra yenicə güzlək bağlamış tər, yağımsov, şirəli göylərə ağzı yetmirdi.

Alapaça gözlənilmədən hürkdü, başını yuxarı qaldırdı, qulaqları şəklənmiş halda mıxlanıb yerində qaldı.

Aralıda sıx itburnu kolunun yanında qurd başını dik tutaraq qulaqlarını şəkləmiş, quyruğunu qaldırıb alov saçan gözlərini Alapaçaya zilləmişdi.

Uzaqdan baxan olsaydı, şaqqavatlı palıd ağacı kimi, azca aralıda əyilib qurumuş, şaxtadan, yağışdan, istidən öz-özünə qabıqlanıb soyulmuş və ağappaq olmuş ulas ağacı kimi yerində quruyub qalmış bu atı da, bu heyvanı da təbiətin yüz illərdən bəri yaratdığı bir heykələ oxşadardı.

Bu anın nə qədər çəkdiyini bir Allah bildi. Alapaça uzun müddət beləcə baxmağa duruş gətirəmmədi, beləcə dayanmağa gücü, səbri, hövsələsi çatmadı. Özündən çox-çox balaca görünən bu heyvandan qorxub, hürkməsi elə bil arına gəldi.

Qarşısındakının nə olduğunu bilmək, həm də ondan qorxmadığını göstərmək istədi. Salam verirmiş kimi başını aşağı-yuxarı edib qoııarını yerə döydü. Gözlərindən alov saçan heyvan bir sıçratma vurub irəli cumdu.

Alapaça yerindən götürülüb çadıra sarı qaçmaq istədi. Ancaq boynundakı qara qəzil sicim onu hörükləndiyi palıd ağacına sarı dartdı. Gözləri böyümüş, yalmanı qabarmışdı, gur telli, uzun saçaqlı quyruğunu qaldırıb arxasına baxa-baxa palıdın başına yarım dairə fırlandı və birdən həmin heyvanla qarşı-qarşıya gəldiyini görəndə dayandı.

Heyvan yenə Alapaçaya hücum etdi. Alapaça çaşsa da, tez arxasını ona sarı çevirdi, heyvan sürətini azaldıb yorta-yorta gəldi, üç-dörd addım qalmış yay kimi atın üstünə atıldı, dal qıçlarının üstünə düşməyi ilə atın qoşa şıllağa qalxmağı bir oldu.

Heyvanın sinəsindən itələyib yumşaqca geri tulazladı, heyvan ağrı hiss etməsə də, bir an yerində dayandı, elə bil bir az da hirsləndi, yenidən bir neçə dəfə Alapaçaya həmlə elədi, ancaq at hər dəfə vaxtında şıllağa qalxıb onu yaxına buraxmadı və artıq onun canavar olmasına şübhə eləmədi.

At sonuncu kərə qoşa şıllağa qalxanda canavar onun par-par yanan soyuq, gümüşü nallarını görüb qorxdu. Bu dəfə ata qabaqdan təpindi, o, Alapaçaya balaca, gücsüz göründü, buna görə at bu dəfə arxasını çevirmədi, əllərini yerə döydü, sonra qabaq ayağının birini irəli atıb yeri eşdi.

Canavar yay kimi yığılıb cod və boz tüklərini qabartdı, kirpiyə bənzədi. Alapaça bu əcayib varlıqdan yenə də qorxdu, onun sıçramasından ehtiyat edib yenə arxasını çevirdi, ancaq bu dəfə Alapça özünü sicimə dolaşdırdı, boynu dartılıb yana qanrıldı, başını həmişəki kimi dik tuta bilmədi və canından bir üşütmə keçdi.

Canavar onun qarşısında görünəndə Alapaça özü də bilmədən səmtinə fırlandı və dolağı açıldı, özündə bir yüngüllük hiss etdiyindən yerində oyur-oyur oynadı, sevinirmiş kimi bir neçə yol şıllağa qalxıb irəli cumdu.

Canavar Alapaçanı qovduqca qovdu, gah quyruğunu qapdı, gah da böyürdən budlarına toxundu. Bir yol sıçrayıb belinə çıxdı, özünü saxlaya bilməyib yavaşca sürüşüb yana aşdı.

Alapaçanın boynu yana dartıla-dartıla qaçdı, qaçdı, sicim ağacın gövdəsinə sarındığından palıdla onun arasındakı məsafə o qədər azaldı ki, yanı-yanı qaçmağa başladı və nəhayət boynu aşağı dartılıb palıdın gövdəsinə dəyəndə canavar bir an dayandı. Atın gözləri bərələ qaldı.

Canavar başını irəli uzadıb gözlərini Alapaçanın hədəqədən çıxmış gözündən çəkmədən addım-addım ona yaxınlaşdı. At qorxunun daha da yaxınlaşdığını duyduğundan yerində dayanmır, dal ayaqları sağa-sola hərlənir, tez-tez qoşa şıllağa qalxıb yerində dairələr cızırdı.

Canavar qovduğu səmtdən təpinib atı yenə hürkütdü. Alapaçanın boynu nəhəng palıdın gövdəsinə söykəndi. Girəvə tapa bilmədiyindən canavar hikkəsindən ot-ələfi, torpağı eşib havaya sovurdu və beləcə tozanaq qopara-qopara ata yaxınlaşdı. Alapaça dartınmağa başlayanda canavar gözlənilmədən atın ağzına sarı sıçradı.

Sıçramasıyla Alapaçanın bütün gücüylə boynunu yuxarı dartıb sicimi qırmağı bir oldu. Elə bil dənizdən çıxmışdı, tər axıb dırnaqlarını da islatmışdı. Alapaça özündə bir yüngüllük duydu, başını, quyruğunu qaldırdı, qabarmış yalmanı yellənə-yellənə çadıra sarı götürüldü. Çadıra yaxınlaşanda canavar Alapaçadan aralanıb özünü çəpəki dərəyə verdi.

Canavar bütün gecəni də ac-yalavac dolaşdı, qabağına heç olmasa bir dovşan da çıxmadı. Özündən də qəzəbli, ac bir canavar içini gəmirib parçalayırdı. Səhər obaşdan Sarı Yalı adlayanda çadırdan yuxarıda qalın meşənin ortasındakı talada atı görcək tanıdı. Aclıq güc gəldiyindən yelin, mehin səmtinə fikir vermədi.

Bəlkə də gəldiyini qəsdən Alapaçaya bildirmək istəyirdi ki, hürküb eləməsin. Bir su içimində yalın başından talaya endi. Açıqlığa çıxmamış Alapaça onun hənirini aldı, yenə başını yuxarı qaldırıb qulaqlarını şəklədi.


Qurd meşədən talaya çıxcaq bir an yerində donub qaldı, sonra ot-ələfi iyləyə-iyləyə bir neçə dəfə talanın başına yivtəkin fırlandıqca, ata bir az da yaxınlaşdı. Alapaça da onu gözdən qoymadan yerində fırlandı, fınxırdı.

Canavar birdən yenə hücum etdi, Alapaça yerindən götürüldü, canavar kəsələmə qaçaraq onun qabağını kəsdi, at qorxusundanmı, iyrəndiyindənmi, bu əcayib heyvana toxunmaq istəmədiyindənmi qollarını torpağa dirədi, özünü saxlaya bilmədi, az qaldı qurdun üstünə çıxsın, sıçrayıb onun üstündən adlamaq istədi, ancaq ona toxunacağındanmı ehtiyat etdi, yoxsa qarnının altında xoşagəlməz nəsə olacağındanmı qorxdu, Alapaçanın sıçramağa cürəti çatmadı, şaha qalxıb kişnədi. Canavar atın qabağından partlayıb çıxdı, tez geri dönüb atın arxasına keçdi. Alapaçasa vaxtında çevrildi, təpik atıb irəli cumdu.

Günortaya az qalmışdı. Alapaça nazik palıd tinginin başına bəzən dördnala, bəzən yorğa, bəzənsə addım-addım ataraq çox dolandı. Yaxınlaşdıqca ting əyilir, sicimin sarğısı sürüşüb açılırdı. Heç nə edə bilmədiyini görəndə canavar yenə də ot-ələfi, torpağı eşib havaya sovurdu.

Küsübmüş kimi başını aşağı saldı, atdan üz dğndərib kor-peşman aralandı, gedib talanın qırağında yemşan kolunun yanında otluğa sərələndi. Alapaçanın yoğun, ətli yanbızlarına həsrətlə və yana-yana baxdı. Güclü, möhkəm qollarını, enli döşünü, par-par yanan qısa, yogun boynunu gözdən keçirdi və bildi ki, onun boğazını heç vaxt ağzına keçirib sıxmağa gücü çatmayacaq, özünün balacalığına, gücsüzlüyünə daha da qəzəbləndi.

At diqqətlə canavara baxdı, baxdı, başını yuxarı-aşağı elədi, əyilib hirsli-hirsli iki ağız ot qırpdı, başını qaldırıb yenidən canavara sarı boylandı, bərk-bərk sıxılmış ağzının yanlarından yamyaşıl, güllü yonca sallanırdı. İki yol əsəbi-əsəbi çeynəyib yenidən otlamağa başladı.

Aclıq güc gəldiyindən elə bil canavarı unutdu, otlayıb yeridikcə hörüyü yavaş-yavaş açılıb uzandı. Canavarın ata paxıllığı tutdu. “Allah səni necə xoşbəxt yaradıb, yaşamağına nə var ki, sağın, solun yemdi. Ağzını uzat, vəssalam, mənim kimi günlərlə ac-yalavac qalmırsan ha.

Üstəlik də insan kimi, it kimi amansız dostların, havadarların var...” Elə bil Alapaçanın otlamasını canavarın gözü götürmədi, qalxıb tənbəl-tənbəl ata sarı gəldi. Alapaça yenə başını qaldırıb qulaqlarını şəklədi. Canavarın gözlərindəki əvvəlki qorxu, vahimə, atın ürəyinə, bütün bədəninə işləyən, vicvicə salan sehr yox idi, az qala gözü tutulmuşdu.

Canavar yerişini dəyişmədən o qədər yaxınlaşdı ki, aralarında həmişəkindən də az bir məsafə qaldı. Atın hürkmədiyini görəndə təccübləndi, bir an ayaq saxladı, otların arasında nəyisə axtarırmış kimi iyləyə-iyləyə iki addım da ataraq lap yaxınlaşdı.

Atın hürkəcəyindən, yaxud arxasını ona sarı çevirəcəyindən ehtiyat elədiyindən özü arxasını ona sarı çevirdi, yerə sərildi, çömbəlib burnunu quyruğunun dibinə dayayıb, balaca görkəm aldı.

Çəmənliyin sərinliyini canına çəkir, yarıyumulu gözlərinin arasından atın tez-tez nəfəs aldığını, ayaqlarını yerə döydüyünü, başını oynatdığını, narahatlıq içində darıxdığını görürdü.

Canavarın uzun müddət qımıldanmadığını görən Alapaça sanki bir az arxayınlaşdı, gur, uzun saçaqlı quyruğunu yellədərək yanbızına qonub qanını soran alabuğanı qovdu, diqqətlə qurda baxdı, elə bil azca aralıda çöməlib yarı qapalı gözləriylə onu gözdən qoymayanın qurd olduğunu unutdu, bir anlığa ata elə gəldi qarşısındakı qayadır, kötükdür.

Alapaça aşağı əyilib üst dodağıyla bir neçə yol yumşaq otları qanırıb qırpdı, yenə boylanıb qurda sarı baxdı. Bu vaxt Qoşa qayadan qopub gələn bir əlçim mehə təzə bir qoxu qarışdı.

Bu qoxu havada üz-üzə gələn seyrək dumana bənzəyirdi və bu dumana bənzəyən qoxunun aşağı sallanmış ətəyinin ucu canavarın burnuna toxunub keçdi. Canavar burnunu qırışdırıb boynunu yuxarı uzadaraq havanı qoxladı, ancaq Qoşa Qayanın qarnında gizlənmiş Qaradan qopub gələn qoxu artıq canavarın üstündən ötüb alçaqboylu yemişan kollarına dəyib dağıldı.

Bu təzə, yad qoxunun dalısınca, tərli Alapaçanın tünd, gözəl qoxusu ac-yalavac canavarı vurdu və onu məst etdi.

Canavar qalxıb havanı iyləmək istədi, ancaq atın hürküb qaçacağından ehtiyat etdiyindən ayağa durmadı, belüstə aşıb dayandı, biləkdən əydiyi əllərini, ayaqlarını suda üzürmüş kimi havada oynatmağa başladı, guya müvazinətini saxlaya bilmədiyindən bir dəfə də ata sarı aşırıldı.

Alapaça əllərini yerə döysə də, yerindən tərpənmədi. Qurd yenə arxasını ata sarı çevirib, başını əllərinin arasında otun üstünə qoydu. Elə bil canavarın bütün hirsi, qəzəbi, aclığı, hikkəsi canından axıb quyruğuna yığılmışdı, üz-gözündən, qulağından, bütün görkəmindən mehribanlıq, sakitlik yağsa da, quyruğu bir an yerində dayanmır, əsəbi-əsəbi oynayırdı...

Elə bil quyruq canavarınkı deyildi, sözünə baxmırdı. Canavar içindəki aclığın, hikkənin sakitcə dayana bilməyən tünd boz quyruğunda görünəcəyindən ehtiyat edib, ata sarı deyil, əks tərəfə yombalandı ki, Alapaça hürküb uzağa qaçmasın. Ayağa durdu, bir az da aralanıb yerində atılıb-düşdü, oynamağa başladı. Alpaça bir az arxayınlaşsa da, onun otlamağında, başını qaldırıb boylanmağında yenə də əsəbilik duyulurdu.

Canavarsa gah yombalanır, gah qaçıb atdan uzaqlaşır, gah göyə sıçrayır, sonra yenidən ata yaxınlaşıb əllərini yerə uzadaraq sinəsini otluğa sürtüb min bir hoqqadan çıxırdı.

Beləcə oyunlar çıxara-çıxara canavar Alapaçaya lap yaxınlaşdı, arxasını ona sarı çevirdi, başını aşağı salıb quyruğunu qısdı, dalı-dalı iki addım atıb bir az da ata yaxınlaşdı və yerə uzandı, aralarında özü boyda məsafə qaldı.

Alapaça yenə də ayaqlarını yerə döydü, ancaq at bunu daha qorxudan eləmirdi, qurdun belə yaxında olması elə bir onu dalayır, yaxud qıdıqlayırdı. Bu dəm belinin ortasına qonmuş alabuğa atı sancdı, neçə dəfə quyruğunu yellətsə də, alabuğanı qova bilmədi, dalbadal iki dəfə ağzını uzadıb alabuğanı qovaladı.

Bu an canavar ovuna sarı gizlicə sürünən pişik kimi iməkləyib ata bir az da yaxınlaşdı. Alapaçanın daha otlamağı gəlmirdi, qorxusu bir marağa çevrilmişdi, başını qurda sarı uzadıb çəkir, aralıdan imsinirdi.

Qurd anladı ki, atın daha ona qarşı qəzəbi-zadı yoxdu. Canavar quyruğunu uzadıb yavaşca Alapaçanın qabaq ayağının qarnına qənşər tərəfinə toxundurdu.

Canavarın yarıyumulu gözü bayaqdan iri bir alabuğanı və onun başına yığışmış mığı, milçək topasını almışdı. Atın ağzı həmin yerə yetmirdi. Alabuğa atın həmin yerini necə sancmışdısa Aalapaça bayaqdan qolunu iki dəfə qaldırıb yerə döymüşdü.

Birinci dəfə qurdun quyruğunun ucundakı ağ tüklər həmin həşarat topasına yavaşca toxundu, tükdən də nazik xortumunu hələlik batıra bilməyən mığıların bəziləri uçub yuxarılarda hərləndi.

Atın tərpənmədiyini görəndə canavar quyruğunu bir az da bərkdən sürtüb həmin topanı dağıtdı və qandan qarınları şişib tuluğa dönmüş mığıların bəziləri partladı. Qurdun qartmış quyruğu uzanıb Alapaçanın dizindən yuxarılara çatmışdı. Alabuğalar, mığılar uçub dağıldıqca həmin yerlər qaşınırdı. Quyruq həmin yerlərə sürtüldükcə Alapaça xoşallanır, elə bil yuxu görürdü.

Neçə il qabaq dayça, lap qulun olduğu çağlar ilxıçının itiylə dostlsşıb yaşıl-yaşıl çəmənlərdə qaçdığını, soncuqlayıb şıllaq atdığını yaz, yay, payız aylarında həmin itlə bir yatıb, bir durduğunu, çölü, düzü birgə dolaşdığı günləri, ağız-ağıza imsinib yalaşdığı anları xatırladı.

Neçə illərdi it yoxa çıxmışdı, Alapaçanın yadında itin nə rəngi qalmışdı, nə qoxusu, nə də boyu. Düzdü, dünəndən bəri bu heyvan Alapaçanı bərk qorxutmuş, çox incitmişdi, ancaq bugünkü mehribanlığı, günortadan bəri qorxu və alov saçan baxışlarını gizlətmək üçün gözlərini yarıyacan örtəndən sonra çıxartdığı oyunlrın hamısı, o itin oyunlarına, zarafatlarına oxşayırdı.

Artıq canavarın quyruğu bərkiyib ağaca dönmüşdü, qarınları şişib qan tuluğuna dönmüş mığıların bəziləri partlamışdı.

Yarıyumulu gözləriylə atın xoşallandığını görən qurd quyruğunu bir az da bərkitdi, yiyə dəryaza çəkilən kimi, bir neçə kərə quyruğunu atın ayağına sürtdü, yavaşca çevrilıb ağzını yuxarı uzadaraq atın tərli və seyrəkcə qana bulaşmış diz büküyünü, dizindən yuxarıları yaladı. Qanın qoxusunu, dadını duycaq hərisliklə yalamağa başladı.

Yavaş-yavaş dikəlib ayağa qalxdı, indi Alapaça gözlərini açıb baxsaydı, canavarın quyruğunu görə bilərdi. Elə bil bu, qurdun da ağlına gəldi, keçən qış dəyənin damını söküb əlləri ilə asılaraq quyruğunu aşağı sallamış, fərşin alçaq olduğunu bilib arxayın olduqdan sonra dəyəyə yenib on yeddi qoyunu xirtdəkləyib boğmuşdu.

Başa çatdırdığı bir çox uğurlu əməliyyatın iştirakçısı olan quyruğunun sanki tanınacağından ehtiyat edərək, paçalarının arasından sıxıb qarnının altına uzatdı, quyruğunun bərkiyib sümüyə döndüyünü özü də hiss etdi. Atın qolunu yalaya-yalaya döşünə çatdı, bir-birinə söykənmiş qarınları qanla dolu mığılar, qırmızı səpkiyə oxşayırdılar. Toxunanda belə tənbəlliklərindən uçub getmək istəmirdilər.

Canavar atın döşünü həvəslə, böyük bir ehtirasla yalayır, dilinin, burnunun altındakı isti ətin yumşaqlığını duyur, atın döşünü gəmirib parçalamaqdan özünü, bir Allah bilir, hansı dözümün, hansı səbirin, ümidin hesabına saxlayırdı.

Alapaçanın ömründə döşünü belə ləzzətlə sığallayıb qaşıyan olmamışdı. O xumarlanır, xumarlandıqca özündən asılı olmayaraq gözləri qapanır, başı aşağı sallanırdı.

Ağzı canavarın belinə toxundu, qurdun cod tükləri gəvən kimi daladığından at diksindi, başı azca yuxarı qalxdı, ancaq xumarlığı keçmədi, canavar ehmalca boynunu uzadıb Alapaçanın ağzını qoxuladı, alt dodağını yaladı. Və yalaya-yalaya dal ayaqları yarım dairə hərləndi, atla qabaq-qabağa dayandı.

Alapaçanın gözləri qapanmışdı, canavarınsa açılmış həris gözləri alışıb yanırdı. At birdən diksindi, gözləri bərəldi, başını yuxarı qaldırmaq istədi, ancaq heç yana tərpəşə bilmədi, qımıldandıqca dodaqları, dişlərinin dibi, damağı göynədi.

Canavarın qolları güclə yerə çatırdı, o, atın ağzını, burnunu ağzına alaraq bərk-bərk sıxıb yavaş-yavaş aşağı dartırdı. At bircə dəfə sola qımıldananda dodaqları parçalanıb ağzından çıxmasın deyə, qurd da həmin səmtə meyilləndi. Alapaçanın bərəlmiş gözlərinə qaranlıq çökdü, boğulub titrəməyə başladı, qabaqca dizləri büküldü...

Səhər tezdən talada canavar Alapaçanı qovanda şoraqəcələlər hay həşir saldılar, səsləri talanı başına götürdü. Canavar talaboyu qaçdıqca onun üstüylə dövrə vurub uçuşdular.

Günortaya yaxın səsləri azaldı. Ancaq bir neçəsi bütün günü səsini kəsmədi, budaqdan-budağa uçub narahat-narahat cikgildəşdilər. Axşamüstü canavar Alapaçaya yxınlaşıb onun dizindən yuxarıları, döşünü yalamağa başlayanda onların həyəcanlı səsi yenə çoxaldı.

Canavar Alapaçanın ağzından tutanda atın bədənindəki göynərtini sanki öz canlarında duyurmuş kimi, şoraqəcələlərin hay-həşiri yenə də talanı, meşəni başına götürdü. Bəziləri budaqdan-budağa, ağacdan-ağaca uçaraq özlərini yeyib tökür, bəziləri atla qurdun üstündə hərlənib hay- küy qaldırır, bəzilərisə alçaqdan uçub qurdu dimdikləmək, caynağıyla cırmaqlamaq istəyirdi.

Qara səhər obaşdan Alapaçanı talanın ortasındakı nazik palıd tinginin lap aşağısına, torpağa dəyən yerinə bağladı, ona elə gəldi ki, talaya gec gəldiyindən, yamyaşıl qurşaq kimi uzanan palıd pöhrəliyindən azca yuxarıda saymazyana gedən heyvan hardansa ona baxır, ona görə qoşalüləni yerdən götürcək yanına sıxdı, onu güdən heyvanı azdırmaq üçün tala boyu Şiş Qayanın əks tərəfinə addımladı, özünü qalın ormanlığa vercək uca, qollu-budaqlı ağacların arasıyla yenidən qayıdıb Şiş Qayaya dırmaşdı, iri bir daşın qarnında gizləndi.

Buradan tala ovuc içi kimi görünürdü. Qara bütün günü ac-susuz, maraqla canavarın çıxartdığı oyuna baxdı. Bir neçə dəfə qoşalüləni tuşlayıb vurmaq istədi “birdən canavar olmaz” düşündü.

Gün hər yerdən çəkilib getmişdi. Qara qayanın qarnından çıxıb talaya düşmək istəyəndə şoraqəcələlər yenə hay həşir saldılar. Bu vaxt Alapaçanın arxası Şiş Qayaya tərəf idi, canavarsa onunla üzbəüz dayandığından yaxşı görünmürdü. Alapaçanın qabaqca qollarının, sonra dal ayaqlarının yatdığını görəndə sanki Qaranı ildırım vurdu. Bir an dondu.

Qışqırmaq istəsə də, səsi çıxmadı, əyilib daş axtaranda qayaya söykədiyi qoşalüləni gördü və dili açıldı, gücü gəldikcə “Ay kafır!”- deyə qışqırdı, bir an bədənindəki bütün tükləri biz-biz oldu. Qoşalüləni qapıb Alapaçadan azca aralı otluğa bir-birinin dalısınca iki güllə boşaltdı.

Canavar insan səsinin hardan gəldiyini bilmədi. Başını tərpətmədən bərəlmiş göz bəbəklərini oynadıb görə bildiyi yerləri gözdən keçirdi, bütün diqqətini toplayıb eşidəcəyi səsin hansı səmtdən gəlməsini bilmək istədi. “Gəlib çıxanacan işini bitirərəm” fikirləşdi. Ancaq onlardan azca aralıda nəsə tappıltıyla yerə düşdü və bircə an sonra dalbadal qopan gurultudan bərk qorxdu.

Qəzəblə dartıb atın dodaqlarını, ağzını cırıb parçaladı və özünü yaxındakı ağcaqayınların yanına çatdırdı, dayanıb başını arxaya çevirdi, ağzını-burnunu yalaya-yalaya sağına-soluna baxdı, özünü qalın ormanlığa verdi. Şoraqəcələlər onun üstüylə ağacdan-ağaca, budaqdan-budağa uçaraq hələ də səs-küy salmaqdaydılar.

Alapaça özünə gəldi, Qara onun yanına çatanda yorğun və gücsüz halda ayağa qalxdı, görkəmində yazıqlıq, pərtlik vardı. Sakitcə baxırdı, parçalanmış ağız-burnundan qan axırdı.
XS
SM
MD
LG