Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Məmməd Araz. Araz axır... (Poema)















Sahildə nəfəs dərib,
Sahildə durdu qatar;
Elə bil ürəyimi
Araza tulladılar.
Qışqırdım: ay, qoymayın,
Qəlbimi su apardı.
Bu çay özündən böyük
İstək, arzu apardı...
Nəfəsim bərk təngidi,
Dartıb yaxamı açdım.
Düşüb sahil boyunca
Harasa qaçdım-qaçdım...
Bu ara dalğalarda
Batan bir qız göründü.
Elə bil ki, səmadan
Axan ulduz göründü.
Dağ-daş əriyib axdı
Qəlbimə damla-damla.
Nicat umur, əl verin,
Adamlar, ay adamlar!
Bu kimdir? Odur, odur,
Mənim Ayrıgülümdür!
Yaralanmış ürəyim,
Paralanmış dilimdir.
Çırpındı, qalxdı, batdı:
Əlini sol sahilə,
Mənə sarı uzatdı.
Bu zaman
dimdiyi qan
Bir qaraquş göründü.
Qaraquş şığıyaraq
O qızın üstə endi.
Alaraq ürəyimi
Öz əqrəb caynağına,
Uçdu, uçdu deyəsən
Lap Dəmavənd dağına.
Yer dolandı başıma,
Damarımda dondu qan.
Üfüq şimşək yaratdı
Gözlərimin odundan.
Quşa bax, hara uçur...
Mühəndisəm bil ki, mən.
Lazım gəlsə, yüz belə
Dağ qoparram yerindən.
İndi baxma uçursan,
Qanadın qırılacaq.
Qan soran dimdiyinə
Mismarlar vurulacaq.
Quşun dalınca qaçdım...
Yenəmi ürəksizəm?
Göy şapkalı bir əsgər
Qarşımda durdi bu dəm...
- Hara belə, ay adam?
Bura sərhəddir, axı!
- Məhəbbətə nə sərhəd?
Mən sevirəm, buraxın!
Bəşər yaranan gündən
Məhəbbət yaranıbdır.
Ancaq dünən, lap dünən
Bu sərhəd yaranıbdır.
Bəşər yenə olacaq
Məhəbbət olacaqdır.
Sərhədsə qalsa yalnız
Lüğətdə qalacaqdır.
- Hələ bir sənəd verin,
Nəçisiniz görək siz!
- Ev tikməyə gəlmişəm,
Mühəndisəm, mühəndis.
Ev tikməyə gəlmişəm!
Könlümdəndir bu səslər.
Öz məhəbbət evimi
Uçurublar, ay əsgər,
Gördünüzmü göylərdən
Suya şığıyan quşu;
Ürəyimi aparan
O dimdiyi qan quşu?
Əsgər duruxur bir az;
- Canım, nə ürək, nə quş...
Bu nə sayır-bayırdır?
Bəlkə bu dəli olmuş?
Bizim səmtə bir böcək,
Bir quşmu uça bilər?
Bizim sərhəddi keçsə -
Küləklər keçə bilər...
- Yox, bu taya keçmədi,
Suya qanad çaldı o.
Bu taya keçən qızı
Caynağına aldı o.
Odur hələ qaralır,
Buluda girir heyhat.
Tüfəngini ver mənə,
Nişan alım bu saat.
O bir qönçə gül idi,
Açmamış tapdalandı.
Hələ zindan sözünün
Mənasını bilməmiş,
Zindanlara salındı,
Bilirsən, o qız deyil,
Ürəyimdi, ay əsgər!..
- Bəs ürəksiz insan da
Belə dil tökə bilər?
- Sən qəribə adamsan,
Qəlbin daşdır, ya nədir?
Mən sevirəm, sevənin
Sümüyü də dillənir.
Bir də ki, bu dillənən
Yarısıdır qəlbimin,
Yarısı da deyildir,
Yarasıdır qəlbimin.
Bəli, bəli, qəlbimin
Yarısı o taydadır;
Sevinci burdadırsa,
Bil, yası o taydadır.
Saçlarıma dən düşüb,
Yenə sevirəm ancaq.
Mən onu alacağam,
Oğlumuz da olacaq.
Bir gün də deyəcəyəm:
“Ayrıgulum, hazırlaş!
Oğlum deyəcək: hara?
Oğlum, Təbrizə birbaş.
Gedək, görək babanı,
Yəqin darıxır qoca.
Nənə də nəvəsini
Bir oxşasın doyunca...”
Əsgər qəhqəhə çəkir,
Yoxsa mən gülməliyəm?
Əsgər elə bilir ki,
Doğrudan da dəliyəm.
Sonra tutulur əsgər,
Fikrə gedir bir anlıq;
Gülməli olmasam da
Keçib, gülmüşdü artıq.
Başı dikilir yerə,
Qızarır qıpqırmızı;
Çəkməsində əks olur
Şapqasının ulduzu.
Toqqasını düzəldir,
Ciddi tövr alır yenə.
Elə bil bir adicə
Tapşırıq verir mənə:
- Ağlını yığ başına,
Dünyada qız qəhətdir?!
Elə daşı sevsən də,
Məhəbbət məhəbbətdir!

***

O haqlıdır, gərək mən
Başqasını sevərdim,
Nə kədərim olardı,
Nə hicranım, nə dərdim...
Yox, yox, hələ gəncdir o,
Sevməyibdir deyəsən.
Məhəbbət paltar deyil,
Birini bəyənmədin,
Başqasını geyəsən...

***

- Əsgər, üzümə düz bax,
Ürək satmaz varını.
O özü - öz hökmüylə
Verir öz qərarını.
Hələ sev bir, könül ver,
Gör əl çəkmək olarmı?
Əsgər, dalımca gəl bir,
Əsgər, ürəyin varmı?
Əsgərlə döndük bu dəm
Bir qanadlı yelə biz;
Aşıb illəri çatdıq
Qırx birinci ilə biz...
Qırx birinci il dedim,
Nə tez dəyişir adam!
İndi mənim özüm də
Əsgər paltarındayam.
Komandirin əmri var:
Keçməliyik Arazı!
Lazım gəlsə, bir anda
İçməliyik Arazı.
Sərhəddə təhlükə var,
Od ol, sovet insanı!
Gərək alman qoşunu
Tərk eləsin İranı!
Mənə silah ver deyir
Ağbirçəkli qarı da.
Sanki silaha dönür
Sərhəddin daşları da!..
Biz keçirik Arazı,
Bu oyun deyil ancaq.
Bu gediş bəzimizin
Son gedişi olacaq...
Vətən yaşasın, Vətən!
Mən ölərəm də, qardaş!
Bir-iki tel düşməklə
Yerindən qopmaz ki, baş.
Vətən əmr etsə, Araz
Zəhər olsa içərik.
Lap Böyük Səhranı da
Biz piyada keçərik...
Gülləmiz də qurtarsa,
Başımız güllə kimi
Toplara qoyulacaq,
Fəqət gələck bizim,
Zəfər bizim olacaq.

***

Düşmən geri çəkildi
Yad torpaqdan yad kimi.
Hanı baş apardığı
Yüyənsiz bir at kimi?
Gəmirçəyi kəsildi
Burnu-başı ovuldu.
O, sürətlə gəlmişdi,
Sürətlə də qovuldu...
Biz Qərbə dönməliyik,
Bitməmişdi dava-qan.
Ovçu yaralı qurdun
Gedər yuvasınacan...
Qurdan son ulartısı
Kəsiləndə əbədi
Son güllənin səsiylə,
Sanki dağlar, dərələr
Alqışlayar ovçunu
Əks-səda nidasiylə!
Biz Qərbə dönməliyik,
Əlvida, qoca Təbriz!
Komandir dedi: “Beş gün
Dincələcək hissəmiz”.
Orda bağlandı, bəli,
İlk peymanım, ilk andım.
Mən orada döyüşsüz
Gülləsiz yaralandım...
Bir geniş xiyabanda
Qarşıma çıxdı o qız.
Harasa tələsirdi
Əlində bir top kağız,
Məni görüb duruxdu
Ürkək bir maral kimi.
Sonra soruşdu məndən:
- Söylə, sən kommunistsənmi?
- Bu nə söz, kommunistəm!
Biletsiz kommunistəm!
Göstərdi bir varağı:
- Sizdən yazılıb baxın:
“Həqiqət bizimkidir,
Yayın, hər yana yayın.
Kommunistlər kafirdir,
Onlara inanmayın,
Gəlişləri bəladır,
Gülüşləri zəhərdir.
Ayaqları dəyən yer
Kommunizm göyərdir”.
Xanımanlar uçuran,
Evlərdən qız qaçıran
Faşistləri buradan
Sizlər qovdunuz ancaq.
Onların izini də
Bir yük sanırdı torpaq.
Kommunistlər adına
Çox böhtanlar dedilər;
Gedəndə də şüarla
Yaşamaq istədilər.
O böhtançı şüarlar
Hər yerdən qoparılmış
Kommunizmi gətirən
Sizsinizsə, min alqış!
- Biz deyilik, - dedim mən, -
Kommunizmi gətirən;
Kommunizm yağış deyil
Yağıb gələ!
Şimşək deyil çaxıb gələ!
Kommunizm hər torpaqdan
Göyərir bir çiçək kimi.
Kommunizm sinələrdə
Dil açır bir ürək kimi...

***

Keçdi iki gün, üç gün;
Sözdəki bağlı düyün
Açıldı, çözələndi.
Gözlərə nur ələndi...
Ürəklər varaqlandı,
Biz yad deyildik artıq.
Sanki bir-birimizi
Yüz ildi tanıyırdıq.
İndi başqa insanam,
Duyuram, sevmək nədir.
Görünür ana vətən
Bizə sevmək öyrədir,
Onunçün sevimlidir.
Mən onun gözlərindən
Qəm oxudum bir səhər.
- Nahaq sevirsən məni,
Məni sənə verməzlər.
Atamın bir ərbaba
Neçə dinar borcu var;
Borcu verə bilməsə
Məni aparacaqlar.
Danışmağa dili yox,
Satılmağa malı yox, -
Belə əmr edir atam.
Amerika şallağıyla,
İngilis caynağıyla
Qoz kimi soyulubdur
Min adam, milyon adam.
Həyatın bu sirrini
Anlaya bilmirəm mən:
Niyə biri hökm edən,
Niyə biri qul olsun?
Kaş, insanlar hamısı
Birdəfəlik ya varlı,
Ya da ki, yoxsul olsun...
Dedim: gülüm, qəm yemə,
Göz yaşıyla gül ancaq.
Zamanın öz hökmünü
Öz hökmü dağıdacaq.
Hər “mənəm” deyənləri
Axır bu torpaq udur.
Yaxşı düşünsə atan,
Ərbab sizə borcludur.
Arzunun göylərində
Söküləcək qızıl dan.
Mən sənə söz verirəm
Gələcəyin adından!
Keçmişi, gələcəyi
Unutduq da bəzən biz,
Dindi öz varlığımız,
Dindi öz aləmimiz..
Mən də duydum, eşitdim
Qız dili, sevgi nazı.
Bunları danışmıram,
Danışmıram nə lazım...
Biz açıqca söz açıb,
Əhd-peyman bağladıq.
Ayrılığın pəncəsi
Məni dartırdı artıq..
Ayrılıq bir dağ olsa,
Vulkan olacaq sinəm.
Salamat qal, sevgilim,
Salamat qal, gedirəm.
Ölsəm - qara torpağın,
Qalsam - yalnız səninəm.
Gəl görüşək, sevgilim,
Gəl görüşək, gedirəm...

Göz yaşın gilə-gilə
Hicran yazsa dalımca.
Mən yığıb hər giləni
Mərmi edərəm ancaq.
Göz yaşı deyil indi.
Bizə silah gərəkdir.
Vətən dardadır, gülüm.
Onu almaq gərəkdir.
Əlini qoy sinəmə,
Yanar görərsən onu,
Qatım döyüş oduna
İlk məhəbbət odunu...

Avropaya qayıtdıq,
Olduq döyüşlər quşu,
Arazın palçığını
Yudu Karpat yağışı...
Mən onu unutmadım
Qanlı döyüş çağında.
Məktub da yazdım ona
Tüfəngin qundağında.
Elə hallar olurdu:
Ölümə can verməyə
Bir saniyə qalırdı;
Özüm yaddan çıxırdım,
O çıxmırdı yadımdan.
Ölüm ayağında da
Sevə bilərmiş insan.
Biz getdikcə irəli
Ölüm həyat olurdu.
Ən qocaman bir qitə
Yenidən doğulurdu.


***

Avropa, xəritəndə
Bu rəng çay yoxdu, axı!
Şırım-şırım sinəndən
Nə qanlı çaylar axır!
Yuxuma da girməzdin.
Bohemya meşələri!
İndi odlardan alır
Səni sovet əsgəri...
Petefi, torpağına
Əsərmi yazır tanklar?
Mürəkkəbi alovdur,
Qələmi çarpanaklar...
Motsartın məzarını
Qanlar yuyub apardı.
Bethoven dursa, Hitlerə
Ölüm marşı yazardı.
Avropa, ayağa dur,
Nəfəs gətirdik sənə.
Əbədi batmayacaq
Bir səs gətirdik sənə.
Sən yenidən dil açdın,
Sən yenidən boy atdın.
Sən, Avropa, dünyaya
Süngümüzlə qayıtdın!


***

Sol, gözümün önündə
Berlinli meşşan qadın,
Sol ki, sən
Ukrayna gözəlinin
Rəngiylə bəzənmisən.
Yanağını qızardan
Qan onunkidir.
Səni insan göstərən
Don onunkidir!
Ver onları, ver bəri,
Qal bir sümük, bir dəri!

Düşmən diz çökdü, bəli!
Salam, Doqquz may günü!
Biz əsgər badəmizdə
O gün içdik Berlini...


***

Döyüşlərdən sağ çıxdım,
Bəxtim mənə yar oldu.
Bəlkə məni sağ qoyan
İki ürəkdən qopan
Şirin arzular oldu...
Necə baxım üzünə,
Oğlu dönməyən ana!
Güllə mənə dəyəydi,
Dəyməyəydi oğluna.
Yar soruşan, ay gəlin,
Gözlərimə baxma sən;
Orda, yad eldə neçə
Nakam ölən görərsən.
Sevgilin qayıtmadı,
Vətən qayıtdı ancaq.
Biz bəzən ölməklə də
Gərək onu yaşadaq.
Vətəndaş ulduz qədər,
Vətən birdir, Vətən bir;
Onsuz bir an ömr edən
Min can olsa - ölüdür!
Nə deyim, müharibə
Kef məclisi deyildi.
Çox atalar ağladı,
Analar yas saxladı, -
Bellər vaxtsız əyildi,
Torpaq da yaralandı,
Daşlar da şan-şan oldu;
Gözlərimin önündə
Bir saatda, bir gündə
Neçə şəhər, neçə kənd
Dağılıb heşan oldu.
Nur çeşməli evləri
Elə viran görəndə,
Neçə yetim uşağı
Çöldə yatan görəndə,
Ürəyimlə qəm-kədər,
Gözümlə od yedim mən.
Vətən çağırdı bizi.
Vətən qurulsun deyə,
Qayıdaraq geriyə,
Tikinti mühəndisi
Olacağam dedim mən...
Salam, Vətən torpağı!
Salam, təhsil illəri!
Mən adi bir gənc gedib,
Əsgər qayıtdım geri.
Davaya nifrət edən
Sülh əsgəriyəm ancaq.
Batmaz topların səsi
Sülh əsgəri olmasaq...

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, -
Müharibə olmasa!

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, -
Müharibə olmasa!
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr ollam, -
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər;
İnsanın saçlarına
Yüz yaşında dən düşər, -
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi söz,
Sözü məhəbbət olar, -
Müharibə olmasa!


***

Bu günü axtarırdım
Hərbin alovlarında.
Bu günə keşikçiyəm
Tələbə paltarında...
Deyirlər, qayğısızdır
Tələbəlik illəri;
Mən fikirsiz, xəyalsız
Açmadım bir səhəri...
Oxudum, qulağıma
O gəldi səda kimi;
Yazdım, sətrin sonunda
O durdu nida kimi!
Bir qız adı eşitcək,
Yadıma düşdü adı;
Qızlara məhəbbəti
Qəlbimdən oğurladı.
Bir kəsi sevmə, - dedi.
O ilk vədəm, ilk andım.
Mən qızların yanında
Bir “qara daş” tanındım.
Bəzən söz atdılar da:
“Nə qəlbi, nə hissi var.
Bircə yaylığı çatmır,
Bizim birimiz olar...”
Tənə də olsun, nə qəm,
İlk eşqin xatirinə;
Ölümə ilk gedərəm
İlk eşqin xatirinə!

Xəyalım qanadlanıb
Hey keçirdi Arazı.
Kəsilmişdi o qızın
Məktubunun arası...
Məktub aldım bir səhər,
Könlüm güləcək dedim.
Son məktub niyə gəldi,
Qırıldı son ümidim?!
O yazırdı “Əlvida,
Unut məni bir təhər;
Bu gün məni Təbrizdən
Sürgün eləyəcəklər...
Deyirlər ki, satqınam,
Getməliyəm Təbrizdən.
“Şübhəli məktub gəlir
Mənə bir kommunistdən”
Deyirlər, mən satqınam,
Nəyi, kimi satıram?
Varım ürəkdir, yoxsa,
Ürəyimi satıram!
Bilmirəm Vətən hanı,
Olam Vətən satqını.
Daşı-dağı sevirəm!
Varı çoxdan satılıb!
Bağça-bağı sevirəm,
Barı çoxdan satılıb.
Bəs hanı, hanı vətən?
Düşmən olub, satam mən?!
Allahın çayından da
Su götürsək əgər biz
Gərəkdir rüsxət verə
Amerikalı, ingilis.
Bəs hanı vətən, hanı?..
Olam vətən satqını!
Vətən dedim - ac, yoxsul,
Gah dilənçi, gah da qul.
Çiynini gün yandıran,
Ürəyini ehtiyac,
Dağ və düyün yandıran
Vətənsiz insanları -
Vətən sanmaq olarsa,
Mən sevirəm onları!
Sevmək! Mənim bəxtimə
Xəzan yazılıb bu yaz!
Bəlkə kasıb qızıyam,
Məni sevmək yaramaz?
Neyləyim, ürəyimin
Günahıdır bu bəlkə...
Görəsən ana olmaq,
Düşmən olmaq deyil ki?..
Axı, bala uçurmaq
Sevgisidir hər quşun.
Əgər “sevmək” sözünü
Eləyərək qurğuşun -
Boğazıma töksələr,
O “sevməmək” sözündən
Mənə artıq xoş gələr...
Eh, asılı qoydular
Hanada toy xalımı.
Hər çeşnidə dil açan
Nakam könül xalımı
Aparıb yana-yana,
Yazaram dırnağımla
Məhbəslər divarına...”
O çox şeylər yazırdı,
Lap başımı itirdim...
Məktubun son varağı
Bu sözlərlə bitirdi:
“Sən isə evlən artıq,
Puç etmə həyatını
Qızın olarsa əgər
İradə qoy adını.
Sevəcəyəm bu adı
Nə qədər ki, mən sağam.
Mən dəyişib bir polad
İradə olacağam...
İndi o qız deyiləm,
Ağlım-gözüm başqadır.
Bilirəm kim ayaqda,
Bilirəm kim başdadır...
Zülmətlərin qoynundan
Doğulmurdu hər sabah?
Zindanlardan çəkinsək,
Zindanlar uçmayacaq”...

***

Gözlərə tikan oldu
“Kommunist eşqi” deyən!
O bir insan sevirdi,
“Kommunist sevmə” deyən!
Mən də sevirdim onun
Bir insan olduğunu:
Bəlkə düşmən qızı da
Olsa sevərdim onu.
Hicran taxta çıxıbdır,
Məhəbbət güllələnir.
Böhtan taxta çıxıbdır,
Həqiqət güllələnir.
Niyə bu cinayətə
Müharibə deyilmir?
Eşqi zindana salmaq
Dava salmaq deyilmi?

***

Sevib, zindana düşdü,
Gülüm, qoy olsun, nə qəm;
Mən gözümün yağından
Şam-çıraq düzlədərəm;
Quşlarla göndərərəm
Sənə bu hədiyyəmi.
Mən sənin görüşünə
Gələrəm işıq kimi.
Görünür ki, hələlik
Görüşə bilmərik biz;
İnsan tək qucaqlaşıb,
Öpüşə bilmərik biz.
Ondasa, bir əlac var:
Sən ağac ol, mən külək!
Küləyə sərhəd yoxdur,
Əsim, gəlim görüşək.
Tufana dönsün bir an
Ürəyim də, canım da,
Səni alım qaçırım
Mən öz burulğanımda...
Səsi dağlar titrədən
Prometey olaram,
Sənə zülmət kəsənin
Göylərindən əbədi
Günəşi oğurlaram...

***

Təhsili başa vürdüm,
Nə tez keçir vaxt-vədə.
İllər istəklə gəlmir,
Dayanmaz istəklə də.
Əlvida, tələbəlik!
Əbədi ayrılırıq.
İlk eşqim kimi sən də
Uçdun əlimdən artıq.
Yox, siz ayrılmadınız,
Sən əl oldun, o ürək,
İndi qəlbim düşünüb,
Əllərim də tikəcək...
***
Tikinti mühəndisi
Salamlayır zəhməti.
Mənə təsəlli verdi
Taleyim bu sənəti.
Eşqimi nəqş edirəm
Hər daşda, hər divarda
Gənclər vüsala yetir
Mən tikən binalarda.
Heç bir eşqin binası
Uçub viran olmasın.
On il yuxusuz qallam,
Evsiz qalan olmasın.
Bəzən qonaq gedirəm
Öz tikdiyim evlərə;
Mən təklik düşməniyəm,
Tək gedirəm hər yerə.
Görüsən ki, arabir
Arvadlar piçıldadı:
- Yazıq bunun arvadı!
- Ər tapıbdır bəxtəvər!
- Şorgöz kişi həmişə
Qonaqlığa tək gedər...
Qocalar sual verir:
- Ay oğul, evlisənmi?
Uşaqlar da dillənir:
- Uşağın var, ay əmi?
“Bəli, bəli” deyirəm!
Belə də olmalıdır.
Hamısı var, hamısı
O qızın xəyalıdır...
Xəyal bəzən insantək
Kömək olur insana:
Hava olur, su olur,
Çörək olur insana.
Şöhrəti xəyal ilə
Tapsa əgər hər adam,
Bəlkə də bu dünyada
Birinci yer tutaram...
Xəyal səyyar yaranıb
Topa buludlar kimi.
Onsuz qəlb, nəğməsizdir
Yarpaqsız çinar kimi.
Mən onunla, vaxt olub,
Dağ keçib, dağ aşmışam.
Xəyal insana döndü
Otağımda bu axşam, -
Tanış gəldi o deyən,
Soruşdum: söylə, kimsən?!
- Mən sənin gəncliyinəm,
Beş-on illik qonağam.
İnsan kimi gəlmişəm,
Quş kimi uçacağam.
Subaylığın daşını
İstəyirəm atam mən.
Dartırsan yüyənimi;
Cilovlanmış atam mən.
Fikirdən dərman olmaz,
Doxsan il də düşünsən.
Cansız daş da üstündə
Ot bitirir, düşün sən!
Mən həyat istəyirəm,
Mən uşaq istəyirəm;
Birisinə bağlanıb,
Yaşamaq istəyirəm...
- Razıyam, bu şərtlə tək,
Onu unudam gərək,
Bu dəm döyüldü qapım,
Bu kimdir belə vaxtsız?!
Yarı insan, yarı gül -
İçəri girdi bir qız.
Harda görmüşdüm onu?
Qabardı, endi sinəm.
Soruşdum ki, “sən kimsən?”
- Mən sənin ilk eşqinəm!
Eşitdim evlənirsən,
Gəldim deyəm: “Mübarək!”
Bir ömrün tamlığıcün
Ev gərək, uşaq gərək.
Sənə olan eşqimi
Bağışlaram o qıza
Mən də bacı olaram,
Dost olaram o qıza.
- Elədir... yox, nə dedim?!
Sənsiz necə ömr edim?
Sən bir qızsan, təbiət
Qocalmaz yaradıbdır.
Sən bir gülsən, təbiət
Saralmaz yaradıbdır.
Saralıb, qocalmasan
Evlənməyim... Bu zaman
Gəncliyim adlı oğlan
O qızı qucaqladı:
- Qal, gülüm, mənə həmdəm,
Səndən başqa heç kimə
Könül verə bilmərəm.
-Xeyr, qala bilmərəm,
Başqadır dövrüm mənim;
Arazın o tayıdır
Hələlik yerim mənim.
Zindanlardan çıxmışam,
Bu gün xəyal tək ancaq.
Bəlkə bu xəyal dönüb
Mənim özüm olacaq...
Bu ara pəncərəmi
Titrədib açdı külək.
Xəyal tək gəlmişdilər,
Onlar itdi xəyal tək...
Bir mən qaldım, bir otaq;
O varlıq yoxmu oldu?
Yuxusuzluq bu gecə
Sübhəcən yuxum oldu...
Yollandım idarəyə
Səhər açılan kimi.
Ərizə yazıb, dedim:
- Dəyişin iş yerimi!
Daha dözə bilmirəm,
Araz yadıma düşüb.
Hər teli min havalı -
O saz yadıma düşüb...
Vətən - hər yerdə vətən,
Hər yerdə də, daş, torpaq...
Üstəlik Araz üstə
Təsəllim də olacaq:
Baxacağam Araza -
O dağlar yaran çaya.
Altdan birləşən yeri
Üstən ayıran çaya.
Gərəkdir sol sahildə
Elə evlər tikəm mən;
Ordan Aya, Marsa da
Daş pillələr çəkəm mən.
Ordan baxam o taya,
Ordan baxam Təbrizə.
Baxam zindan küncündə
Solan ayna bir üzə.
Baxam lap dərinlərə,
Baxam lap uzaqlara;
O yurdu satanlara,
O yurdu udanlara...
Araz yadıma düşüb,
Araz çay deyil yalnız:
Araz neçə milyonluq
İnsanlardır, eldir o.
Göy kişnədən gürşaddır,
Dağ yıxacaq seldir o,
O axır, qabağına
Bənd də çəksən axacaq.
O axır, dağlar yarıb
Məcrasını tapacaq.


***

Budur Araz qırağı,
Araz həmin Arazdır.
Gülüm, indi qəlbimdə
Sənin qəmin Arazdır.
Qatar gedir sürətlə,
Dərə keçir, düz keçir.
Dolayları qıvrılır,
Tunelləri düz keçir.
Bir vaxt getdim bu yolu -
Yurduma od tökənin
Yurduna od vurmağa.
İndi gedirəm ancaq
Ev tikib. ev qurmağa.
Araz həmin Arazdır,
Neçə illər ötüşüb;
Bircə mən dəyişmişəm,
Saçlarıma dən düşüb.
Araz həmin Arazdır,
Sol sahillə gedirəm.
Yoluma pərdə çəkir
Sağ sahildən axan qəm.
Qulağıma səs gəlir;
Dinən torpaqmı, sumu?
Yoxsa nakam bir qızın,
Bir gəncin arzusumu?
Bir kiçik şəhərcikdə
Dartınıb durdu qatar.
Elə bil ürəyimi
Araza tulladılar.
Bax buradan keçmişdim
Mən Arazı o zaman.
Heç özüm də bilmədən
Ağlım çıxır başımdan...
On dəqiqə içində
Dönürəm o günlərə.
Xəyal olur önümdə
O tay, bu tay, dağ-dərə.
Qatar qopur yerindən
Tutmayıram mən xəbər.
Görürəm ətəyimdən
Dartır sərhədçi əsgər:
Yubanırsan, vətəndaş!
Yatma, oyan, vətəndaş!

Moskva-Bakı
1959-1960

http://www.memmedaraz.az/?menu=226
XS
SM
MD
LG