Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:54

Balaş Azəroğlu. "Vətən məhəbbəti", "Savalan"


VƏTƏN MƏHƏBBƏTI


Mən hicranla dolu ömür sürmüşəm,
Min əzab çəkmişəm, min qəm görmüşəm.
Axıb leysan kimi gözümün yaşı,
Nələr çəkdirməmiş mənə bu aləm.
Inan ki, əyilər dağların başı
Əgər dərdlərimi ona söyləsəm.
Fəqət qurtarmışam dardan, çətindən
Tək sənin eşqinlə vətən, ey vətən.

Ömrümün gəncliyi bir çiçək oldu,
Vaxtsız tufanların əlində soldu,
Qanunlar bağladı qoluma zəncir,
Məni ayırdılar doğma elimdən.
Özüm də bilmədim günahım nədir,
Fəqət dedilər ki, müqəssirəm mən.
Dadım zəmanəni hər möhnətindən,
Sənin xətrinçin, vətən, ey vətən.

Keçdi aylar, illər, zaman da döndü,
Yüz illik bir həyat bir anda döndü.
Yenə də başlandı haqq savaşları,
Xalqım at oynatdı, silah götürdü.
Silib yanağına axan yaşları,
Insanlar yurduma pənah gətirdi,
Ölkələr danışdı rəşadətindən,
Düşdün dildən-dilə, vətən, ey vətən.

Deməyin – bunlar ki, bir xatirədir.
Yox, mənim ömrümdür, bu bir həyatdır,
Onun hər sətrində ürək qanı var,
Könlüm dincəlməyir onu anmasa.
Bunu yaxşı demiş bizim babalar:
“Gözdən yaş çıxmayır ürək yanmasa”.
Bir kədər duysan da hər söhbətimdən,
Sənin həsrətindir, vətən, ey vətən.

Qoy düşmən deməsin uzaqdayam mən,
Yox, məni böyüdən torpaqdayam mən.
Onun nəfəsilə qızınır sinəm,
Sevib əzizləyir bu dağlar məni.
Mən böyük Babəkin nişanəsiyəm,
Əyməz bu yaralar, bu dağlar məni.

Hər gün ilham alıb məhəbbətindən,
Artır qüdrətimiz, vətən, ey vətən.

Atamın səngəri məzarı oldu,
Üstünə bir qırıq kərpic qoyuldu.
Dostları süngüylə qazdı: “Mücahid”.
Mənim də “Fədai” alacaq adım.
Sabahkı döyüşə olmasam şahid,
Başqa bir ad ilə yenə övladım
O gün vuruşacam....
Bil, bu zülmətdən
Qurtaracaq səni, vətən, ey vətən.

Bakı, 1948


SAVALAN


Yenə şair kimi gedib xəyala
Nələr düşünürsən, Savalan, nələr?
Sənə yaraşmayan bu qərib hala
Söylə, heç dözərmi bu bizim ellər?
Sənin tükənməyən bir sərvətin var;
Nədir bu qəmlərə qərq edən səni,
Söylə, nə dərdin var, nə həsrətin var?

Qaldır başındakı örtüyü bir an,
Yenə qoynundakı cəlal görünsün.
Qoy el qəhrəmanı çıxsın dumandan,
Nə belə kədərli, nə lal görünsün.
Döyüş günlərimiz yadında varmı?
Indi yad önündə susmaq olarmı?
Savalan, mən sənə tapşırdım axı
Biz ayrılan zaman öz dildarımı.

Dedim: - Qoru onu, qoru vətəni.
Bilirsən pis günün ömrü azdır, az.
Ellər arxa bilir əvvəldən səni,
Indi sakit durmaq sənə yaraşmaz.
Yenə əmr edərsə bir gün firqəmiz,
Düşmənin üstünə yüriyəndə biz,
Sənin ətəyindən başlayacaqdır
Öz ilk yürüşünü əsgərlərimiz.

Sən Azər yurdunun iftixarısan,
Şahlar, atabəylər baş əymiş sənə.
Bir gün bayrağını qaldırsan, inan
Düşmən tülkü kimi qaçacaq yenə,
Necə ki, biz zaman qaçdı ərəblər.
Xalqım döyüşlərdən çıxdı müzəffər.
Xəlifə taxtında dura bilmədi
Çatınca Bağdada Babəkdən xəbər.

Indi də bu yanğın, bu zindan, bu dar
Azər övladını ayaqdan salmaz.
Fəqət unutmasın, deyin, ağalar,
Mənim qəzəbimdən qurtarmaq olmaz.
O yanan daxmalar, evlər mənimdir,
Sanıram alışan öz bədənimdir.
Onun ağrısını mən çəkirəm, mən,
Çünki o, yurdumdur, o, vətənimdir.
Savalan, uca tut daim başını,
Vətən bayrağını şərəflə saxla.
Doğma torpağını, doğma daşını
Yenə qoruyacaq el o bayraqla.
Demə öz yurdumda qərib bir dağam;
Bil ki, ölməmişəm, nə qədər sağam,
Nə qədər düşməmiş əlimdən tüfəng
Səninçin, vətənçin vuruşacağam.

1948
XS
SM
MD
LG