Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:57

Balaş Azəroğlu. "Mirzə Ələkbər Sabirə", "Ərdəbildə Şeyx Səfi məğbərəsi üstündə"


ƏRDƏBİLDƏ ŞEYX SƏFİ MƏĞBƏRƏSİ ÜSTÜNDƏ


Beş qılınc vardı,
Onlar beş döyüşdən,
Beş zəfərdən yadigardı.
Qılınclar beş igid kimi
Baş-başa verib dururdu.
Fəxr edirdi onlarla
Şah İsmayıl yurdu.
Səhər günəşilə görüşür.
Axşam qürubunda
Şəfəqləri üfüqə düşürdü.
Bu dörd yüz yaşlı igidləri
Qocaltmamışdır zaman
Tufanlı ruzigar
Əyilib keçmişdi yanlarından . . .
Bir yurdun, bir millətin
Baş ucalığı idi, o beş qılınc
Vətənin zəfər çağı idi, o beş qılınc.
Qocalar fəxr ilə baxırdı
Igid babamız
Şah İsmayılın yadigarına
Cavanlar hörmətlə keçirdi önündən
Hər qılınc düşmənə göz dağı idi.
Hər qılınc bir döyüş bayrağı idi.
Qızılbaş ordusunun varlığı idi.
Bir gün
Xayin əllər qopartdı onları.
Ərdəbildən Tehrana apardı onları.
Bir millətin tarixi
Unudulsun deyə,
Atdılar bir muzeydə zirzəmiyə . . .
Fəqət unutdular bunu
Nə Tarix, nə də Millət unutmayacaq.
Nə igid oğlunu
Nə də Qızılbaş ordunu. . .
O beş qılınc,
O beş qəlbdən nişan
Tarix olub
Yaşayacaq zaman-zaman . . .

2000


MİRZƏ ƏLƏKBƏR SABİRƏ

“Çalxalandıqca, bulandıqca həyat nehrə kimi,
Yağı-yağ üstə çıxır, ayranı ayranlıq olur”.


Şeiri də, şairi də silkələyir dövrü zaman,
Pisi bir yanlıq olur, yaxşısı bir yanlıq olur.
Şeir var fikri dayaz, vüsəti yox, siqvəti yox,
Ömrü də, şöhrəti də, hissi də biranlıq olur.
Kimi “Millət” deyərək milləti qoymuş loğaza,
Kimi hümmət edərək millətə qurbanlıq olur.
Sabir, ey şeirmizin, əsrimizin nabicəsi,
Sözlərin çaytək axıb axırı ümmanlıq olur.
Neçə tufan yaşayır dəryaca səbrində sənin,
Lal dayanmış dənizin axırı tufanlıq olur.
Şeirimiz şurumuz üçün əgər olseydi meyar,
Mən də dəyərdim sən olan qəlbidə insanlıq olur.

2000
XS
SM
MD
LG