Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

Vidadi Babanlı. Utandım


Utanmağı ayıb sanır arsızlar,
Mən yaltaqlıq yarışından utandım.
Yada qalıb tapdalanan torpağın
Çərəyindən, qarışından utandım.

Hanı köçü dumanların, sislərin,
Niyə yoxdu haqq divanı pislərin?
Qeyrətinə güvəndiyim kəslərin
Bədxahlara barışından utandım.

Heyranıyam incə mətləb qananın,
Özgəsinin qəm oduna yananın.
Döyüşlərdə oğlu itkin ananın,
Alnındakı qırışından utandım.

Çox gözlədik arzulanan zəfəri,
Yağı düşmən üzərinə səfəri.
Çatışmadı ordumuzun təpəri,
Qarabağda vuruşundan utandım.

Az olmayıb xalqın sitəm gördüyü,
Çul - çuxanı yuyub günə sərdiyi.
Bazarların kitabıma verdiyi
Qəpiyindən - quruşundan utandım.

Sus, Babanlı, ağ elədin sən daha,
Giley-güzar gələr sənə çox baha.
Yazıq-yazıq əl uzadıb Allaha,
Haqq-ədalət sormağından utandım.

25 sentyabr 2007-ci il
XS
SM
MD
LG