Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:42

Vidadi Babanlı. A dili qurdlamış!


A dili qurdlamış, dinc qoy dilini,
Bəsdi söz gəzdirib, ara vurduğun.
Günahsız qanlarla yuma əlini,
Yetməzmi mərdlərlə tələ qurduğun?!

Dedilər, dünən də coşubsan yenə,
Açılıb "gül ağzın" çuval ağzıtək.
İnsafı isladıb səribsən günə,
Hədyanlar uydurub çənən bir ətək.

Yaman deşilibmiş zəhər tuluğun,
Bütün məclis boyu söyübsən məni.
Bir acı bibərsən, yoxdur qılığın,
Əzrayıl bağlasın o boş çənəni!

Çatdı mənə xəbər quş qanadında,
Misgincə halına acıdım qəlbən.
İblissən, Ərdovsan insan adında,
Şər üçün gəlibsən yer üzünə sən.

Əl çək bədxahlıqdan, a zalım oğlu!
Çürütmə canını deyinmələrdə.
Qəzəb ilğımında itirmə ağlı,
Salar bir gün səni sağalmaz dərdə.

7 yanvar 2008-ci il
XS
SM
MD
LG