Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Süleyman Rüstəm. Vüsal həsrəti


Vüsal həsrətilə yanıram yenə,
Yoxdur əzəl gündən hicranla aram.
Şerimlə, mahnımla çəkərək nərə,
Hicran cəbhəsini mən gərək yaram.

Ey nisgilli bacım, dərdli qardaşım,
Savalan sayağı ağardı başım.
Bu tayda gülşəndir torpağım, daşım,
Sizsiz ola bilməz ürəyim aram.

Qəflətdən oyanmış görürəm sizi,
Dağ kimi dayanmış görürəm sizi,
Al qana boyanmış görürəm sizi,
Dərdiniz dərdimdir, yaranız yaram.

Halı cəlladların yamandır, yaman,
Yoxalır köləlik, dəyişir zaman.
Süleyman Rüstəməm, eşitsin cahan:
Sizə havadaram nə qədər varam!
XS
SM
MD
LG