Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:39

Əliağa Kürçaylı. Yadıma sən düşürsən


Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.


Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.


Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.


Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban...
Onları belə xöşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.
XS
SM
MD
LG