Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:41

Musa Yaqub "Un işığı" (Poema)


Birdən-birə şimşək çaxdı,
Tufan qopdu evimizdə.
Mis kasalar
Cingildədi rəfımizdə.
Elə bil ki, bir bombalıq
Barıt yandı bir gilizdə.
Öz-özünəqısaldımı,
Birdən boyu qısaldımı?
Anam bir az yazıqlaşdı,
Yumaqlandı...
Atamınsa gözlərində
qəzəb yandı,
Hirsi daşdı dönə-dönə:
Араr qaytar, dedim sənə...
Apar qaytar lap indicə!
Lар bu saat!
Lap bu axşam!
Yox, hələ ki
Quzğun Zəki deyiləm mən,
Namusumu itə atıb,
Nəfsimə qul olmamışam.
Durub indi
Bir yazığın, naəlacın
Xalçasına qalmamışam.
Qara qanı qaynadıqca
damar-damar,
Atam yenə nə dedisə,
Cingildədi mis kasalar.
Bu qəzəbi
Əllər dedi, gözlər dedi;
Anam yazıq
Qırıq-qırıq sözlər dedi...
- Sən şahidsən, sən de, bala.
Elə bu vaxt
Gözlərimdə gəlib durdu
Səhər-səhər bizə gələn
Güllü xala, -
Gözlərində giley-güzar,
Dilindəki yalvar-yaxar.

Güllü xala
Dayanmışdı artırmada,
Ətəyindən yapışmışdı
Oğlu Səlim
- Zərif bacı,
Heç deməyə gəlmir dilim,
Amma çarəm yoxdu daha;
Gümanım yox
Nə bu günə, nə sabaha.
İki gündü...
Birdən qəhər boğdu onu,
Çox yanğılı sözü qaldı.
Bu yanğıdan
Od götürdü kiprikləri,
Yanağında közü qaldı.
Pıçıldadı handan-hana,
Bir də dedi yana-yana:
- Bircə sənə qalıb güman,
Olanından bir nimçə dən,
Bir az arpa, bir az darı,
Unun varsa, olanından,
Nəyin varsa kömək elə.
Hər adama demək olmur,
Bura gəldim bilə-bilə.
Mən tək olsam nə var axı,
Darıxmaram bircə gilə;
Bu uşağı neyləyim bəs,
Bu balamı neyləyim bəs?..
Sənə baxma, Zərif bacı,
Eh, evində necə olsa
Yenə kişi nəfəsi var,
Köməyindir səndən əvəz.
Sirdaşın var, necə olsa,
Boyunduruq yoldaşın var,
necə olsa...
Dərd deyil ki,
Mən də çəkim təkbaşına,
Mən neyləyim bu uşağı,
Uşaq «yoxdu» bilmir axı.
Zərif bacı,
Çox köməyin dəyib mənə,
Başqa fikir
Qoy gəlməsin ürəyinə.
Dən yerinə, un yerinə
demirəm, yox;
Bu xalçanı
elə-belə gətirmişəm,
Oğlun üçün pay demişəm,
Alıb dilə gətirmişəm –
Öz malındı,
Halalındı.
Güllü xala xalçasını
Bərk sıxmışdı qoltuğuna.
Mən adımı eşidəndə
Dörd göz ilə baxdım ona.
Bəh, nə gözəl xalça idi,
Gülü xonça-xonça idi.
Bu xalçanı toxuyanın
Yəqin evi çörəkliymiş,
Yəqin könlü baharlıymış,
Yəqin əli çiçəkliymiş.

İstədim ki bu naxışlar
mənim olsun,
İstədim ki gül baxışlar
mənim olsun.
Dedim birdən anam deyər
istəmirəm...
Bir də baxdım,
Naxışlarda sevinc vardı,
gözlərdə qəm...
- Eh, a Güllü, bu nə sözdü,
Bu evim, bu palazımdı,
Mənə xalça nə lazımdı.
Durum görüm nəyimiz var...
- Zərif bacı,
Götür belə, lap yadigar,
Bu undu ki, çörəkdi ki...
Bəs mənə nə gərəkdi ki...
Cəfər dönüb gəlsin təki,
Balamızın
Eh, atası dönsün təki.
Deyirlər ki,
Qurtaracaq dava bu yaz,
Qazılacaq
Nemislərin qəbri bu yaz.
Belə getməz, belə qalmaz.
Bax, yazıb ki, gələcəyəm... –
Əri yazıb,
Üç il əvvəl yazıb bunu,
Güllü xala
Onun əsgər məktubunu
Çıxarıb göstərir yenə.
Üç ildir ki, bu məktubu
Kənd oxuyub dönə-dönə,
Kiçik görüb dönə-dönə,
Böyük görüb dönə-dönə.
Çıxarıb göstərir yenə:
- Bax, yazıb ki gələcəyəm,
Sizinlə bir güləcəyəm.
Var nəyimə gərəkdi ki...
Cəfər dönüb gəlsin təki;
Dörd divarım bəsdir mənə,
Əynimdəki
Bu paltarım bəsdir mənə,
Gözümüzdə
Təki həyat gəlib görsün.
Balasını
Sağ-salamat gəlib görsün, -
bəsdir mənə.
Belə getməz, belə qalmaz...
Güllü xala
Yenə də kövrəldi bir az:
- Zərif bacı,
Görürsən də yaz ağzıdı,
Çıxarıq bostana, bağa,
Cincilimdi, qulançardı
çıxar üzə,
Tərə olsa,
Daha nə var dolanmağa.
Lap bir batman buğda verə
Mən getmərəm Zəkigilə;
Dur, mənə bir çarə elə.
Anam ağır-ağır qalxdı yerindən,
Rəfdən mis nimçəni götürdü əvvəl;
- Güllü, indi sənə bəs nə deyim mən,
Dərdimə bir dərd də sən artırma gəl.
Çəltik unumuz var iki xamırlıq,
Bir az sənə verim,
daha neyləyək.
Bir az bizdə qalsın,
Sonrasın görək.
Üzünə gün düşdü Güllü xalanın,
Sanki ortalığa zər xonça gəldi.
Sevinc, ümid gəldi, bir nimçə gəldi.
Bayaqdan daş olan Səlim balanın
Elə bil açıldı əli-ayağı.
Bir evin yenidən yandı çırağı.
Aldı Güllü xala bir nimçə unu,
Min göz gərək idi görəydi onu.
Səlim heç qayıdıb baxmadı dala,
Yaman xoşbəxt oldu bu ana-bala.
Getdilər,
Bir anlıq susdu ev-eşik,
Anam şad oldu ki,
İmdada yetib.
Gör onlar
Sən demə biz görməmişik,
Qoyub astanaya xalçanı gedib.
Gözlərimdən
İtib getdi о sifətlər.
Birdən atam
Şimşək olub çaxdı yenə:
- Apar qaytar, dedim sənə!
Lap indicə,
Lap bu saat
Durub-durub
İmdada yet, insafı sat...
О xalçanın hər ilməyi
Günah kimi taleyinə yazılacaq,
Hər saçağı ilan olub
Boğazından asılacaq.
Onun əri
Оd ağzında, cəbhələrdə,
Biz də burda
Alhaalda, sathasatda.
Bir gecə də
Saxlamaram bu dam altda,
Daş yarılar, evim yanar,
qaytar geri!
Anam daha danışmadı,
qaldı naçar.
- Qarğıdalı gətirmişəm,
Bir kasa da ondan apar...
Bu axşam çox qəribə kənd axşamıydı,
Günbatan sapsarı beçə şanıydı.
İşıq yavaş-yavaş əriməyində,
Zülmət yavaş-yavaş yeriməyində...
Bir cığır keçirdi kəndin dalıyla,
Cığır gah ağarıb, gah da itirdi.
Mən bir qovurğalıq qarğıdalıyla,
Anam qoltuğunda xalça gedirdi.
Deyirlər durnalar tez gəlib bu yaz,
Kəndimiz üstündə о qərib avaz
Yenə həzin-həzin dalğalanırdı.
Bahar ümidindən yapışıb, tutub,
Bir çox ürəklərdə işıq yanırdı.
Bəzi pəncərələr işıldaquştək
Bir az işarırdı, sonra sönürdü.
Nağıl içindəydi bütün kənd-kəsək,
Tüstülər qovzanıb çarxa dönürdü.
Evlər bir-birini səslər yardıma,
Bu nağıl bir nağıl salar yadıma:
Deyirlər çox qədimdə
Bir ana gəlib cana
Yoxsulluqdan bezarmış.
О ocaqda hər axşam
Bir qazan daş asarmış.
- Balalarım, - deyərmiş, -
Ocaq körük-körükdü,
Bax, qazanda qaynayan
Yağlı, ətli sümükdü.
Dözün, indi bişəcək,
Hamıya pay düşəcək.
Mürgü döyən balalar
Yatıb, durub dözərmiş,
Gözləməkdən bezərmiş:
- Bəs nə oldu, ay ana?
Bir bizi doydursana!
- Qazanım, qayna, qayna,
İçində əti oyna.
Dözün, indi bişəcək,
Hamıya pay düşəcək;
Siz də yeyib-doyarsız,
Yastığa baş qoyarsız.
Üç bala mürgüsündə,
Qazan da pıqhapıqla
Qaynarmış uzun gecə.
Ana ocaq başında
Ağlayarmış gizlicə.
Axırda yorğun düşüb
Ac balalar yatarmış.
Ümid yeyib yuxuda
Sabahlara çatarmış.
Qoca nağılçıdan mən də bir axşam
Bu nağılı eşidib fikrə dalmışam.
Mənə elə gəldi yəqin indi də
Tüstüsü qovzanıb çıxan evlərdə,
İşara-işara baxan evlərdə
Nağıl deyilirdi gecələr boyu.
О qazan qaynayıb,
Daş yumşalırdı,
Ümid yeriyirdi küçələr boyu.
Biz indi bu nağlın içindən keçib,
Təzə cığır tutub, təzə yol seçib
Kəndin о tayına keçib gedirdik.
Kimsəsiz evlərin kölgəliyində
Bəzən görünürdük, bəzən itirdik.
Axırda xalçanı atıb çiyninə,
Anam hərdən-hərdən dönürdü mənə.
Xalça da о xalça deyildi daha,
Gülü xonça-xonça deyildi daha.
Heyf о naxışdan,
О gül baxışdan –
İndi hər ilməyi dönüb günaha,
Sanki taleyimə yazılasıdı.
Qıvrılan talxaydı saçağı bəlkə,
Atılıb boynumdan asılasıydı.
Anam bu günahı atıb çiyninə,
Gileyli-gileyli dinirdi yenə:
О nə uşaq evidi ki,
Quzğun Zəki şahdı orda.
Özü üçün nə cəh-cəlal
Düzəldir bu vurhavurda.
Yetimlərin
Payı niyə tikan olub
İlişməyir boğazında?
Min yetimin ahı yatır
Onun xalça-palazında.
Bu dünyada günah varsa,
Niyə onun
Taleyinə yazılmır bəs?
Bu dünyada ilan varsa,
Niyə onun
Boğazından asılmır bəs?
Üç kartofa bir qanavuz
Dizlik alıb arvadına.
Beş girvənkə buğda verib
Sahib durub Salatına,
Sahib durub cehizinə.
Biz dedik ki,
Başına ildırım düşər,
düşmədi heç.
Sinəsini güllə deşər,
deşmədi heç.
Deyirlər ki,
Artıq tamah daşı yarır,
nahaq sözdü.
Daş qaldırıb başı yarar,
nahaq sözdü.
Onda gərək
Quzğun Zəki külə dönə.
Di gəl hələ
Cavanlaşır gündən-günə,
Tumarlanır gündən-günə.
Nahaq sözdü haram-halal,
Onda gərək о quzğunu
Tapsın elə ilkin zaval.
Dünyada haqq-hesab varsa,
hardadı bəs?
Zalımlara veriləsi
əzab varsa,
hardadı bəs?
Tutub yaxasından kinin, yalanın
Anam yana-yana gəlirdi dilə.
Evi görünürdü Güllü xalanın,
Biz də ona sarı gedirdik hələ.
Bəlkə bu görünən ev onun deyil,
Nefti nə gəzirdi çırağı yansın.
Amma pəncərəsi yanır elə bil,
İndi ona baxan necə inansın?
Dedim ki, bəlkə rəng qarışığıdır,
Göy yanır baharın ilk nəfəsindən.
Sən demə bir nimçə un işığıdı,
Süzülür bu evin pəncərəsindən.
Bir nimçə una bax, necə yanırdı,
Sonra da bu işıq yaşıllanırdı;
Qulançar işığı, tərə işığı
Dolurdu bu evə əməlli-başlı.
Deyəsən ilk yazın ümid elləri
Bu evi indidən qucaqlamışdı.
Özü evdə idi Güllü xalanın,
Ürəyi durmuşdu yol qırağında.
Gözü ulduz-ulduz Səlim balanın
Yanırdı bu axşam qaranlığında.
Evin şah divarı yanmırdı ancaq,
Rəngi bomboz idi,
Bir az da batıq.
Qalmışdı xalçasız,
Qalmışdı çılpaq,
Onun da rəngini biz aparırdıq.
Anam Xırdaçaya çatıb dayandı,
Məni də qabağa çəkdi əlbəəl:
- Gəl, ay bala, gəl
Soyun ayağını,
mən də soyunuram
Bu ara deyəsən bir səs duyuram;
Anam çırmananda
qüvvətli bir əl
Tez onun çiynindən çəkdi xalçanı.
Anamın qorxudan titrədi canı...
İstədi qışqırsın...
Gördü atamdı,
mat qaldı bu dəm;
Deyəsən heç bizi salmayıb saya,
Atam bir nəfəsə keçdi о taya.
О taydan səs gəldi:
- Durun gəlirəm!

Atam rahat yatdı yaman
Öz evində həmin gecə.
Mən də qaldım səhərəcən
Yuxulardan keçə-keçə.
Yuxuların rəng dünyası,
Çox qaralı-ağlı idi.
Mənim yuxum yarıoxşar
Məlikməmməd nağılı idi.
Zülmətdəyik biz deyəsən,
Yol gəzirdik işıqlığa.
Qalmışdıq Zümrüd quşunun
Yollarına baxa-baxa.
Birdən gördük
Qaranlıqda bir daxma var,
Pəncərəsindən bu evin
Nur süzülür bircə damar.
Deyirdilər,
Un kimi ağ bu cığırla
Ağ dünyaya çıxmaq olar.
Getməliydik, getməliydik,
Bu işıqla - ağ cığırla
Aydınlığa yetməliydik.
Amma ki, bu ağ cığırın
qırağında
Qorxulu bir quyu vardı.
Aman allah, bu quyudan
Nə hay-həşir ucalırdı.
О zülmətin nə qədər ki
İlanı var, əqrəbi var
О quyuya axırdılar,
О quyuya dolurdular.
Od səhrada
Susuz qalmış gürzə təki
О quyuda
Mələyirdi quzğun Zəki.
Yalvarırdı, yaxarırdı,
inləyirdi.
Əl yetişməz, kəndirçatmaz
bu quyuda
Hərdən aman diləyirdi.
Kimdi ona aman verən;
Qurtarmağa gümanı yox,
Kimdi ona güman verən.
Büzüşürdü, əjdahalar
Dil vururdu kürəyinə.
Bəd ilanlar
Yapışmışdı biləyinə.
Hər yetim bir əqrəb olub
Asılmışdı boğazından.
Quzğun Zəki bu quyuda
Qalasıydı zaman-zaman.
Qalasıydı
Qarışqaya dönənəcən,
Lap qiyamət gününəcən.
Nə yaxşı ki biz adlayıb
О quyudan keçə bildik.
Ağ cığırı
Qarasından seçə bildik.
Bir xalçanın üstündəyik
Səlimlə mən.
Xalça bizi
Uçururdu hərdən-hərdən.
Amma atam qarşıdaydı,
Bir ağ qoçun belindəydi.
Deyəsən bu ağ cığır da
Elə onun əlindəydi.
Anamla da Güllü xala
Bizdən bir az aşağıda,
Yaşıl tərə

işığında gedirdilər.
Bir-birinin imdadına yetirdilər.
Quzğun Zəki
Çox uzaqda inləyirdi,
Sonra səsi çıxdı yoxa.
Əsgərlərin
Süngüsünə baxa-baxa,
Atamın о
Ağ qoçuna baxa-baxa
Biz gedirdik işıqlığa,
Tələsirdik aydınlığa...
О yuxudan mən nə zaman
Ayılmışam heç bilmirəm.
Görəsən о yuxudumu?
Yoxsa elə
Yuxu kimi illər idi;
Düşünürəm indi-indi...
Xatirələr qırıq-qırıq,
О cığırlar kəsik-kəsik.
İndi atam
Torpaq altda rahat yatır,
Həmin о un işığında
Yol gedirəm mən hələlik.

1980
XS
SM
MD
LG