Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:53

Orxan Orxan. İmam Hüseynin şeiri


İMAM HÜSEYNİN ŞEİRİ

Gəmilər bu limana yaxınlaşanda
mənzillərimizin yanıq qalmış işıqlarından tanıyacaqlar bizi
kufə çölümdə imam hüseyin kimi öləndə
bilirdim mən bunları bilirdim
lotoreyadan pul udmaq hələ xoşbəxtlik deyil
xoşbəxtlik deyil zərlərin şeş qoşa düşməsi
xoşbəxtlik deyil sevgilivin gözəl ayaqları

bəlkə də
bəlkə də biz bilmirik
xoşbəxtlik başqasının yerinə vuruşmaqmış
özüvü unutmaqmış
sonra başqa birində yenidən tapmaqmış
ola bilsin təzədən unutmaqmış, unudulmaqmış

tənhalıq məni bütün həyatım boyu izlədi, hər yerdə
bazarlarda, küçələrdə, göz yaşlarında
və alatoranında Kufənin
həmd olsun, şəmi-qəriban gecəsi yaşadığım xəyal qırıqlığına
təkcə yumulu gözlər deyil ki, gecə…
ayaq səsləridi gecə, uzaqlaşan, yox olan nəfəslərdi,
təkcə yumulu gözlər deyil ki, gecə…
həm də bir göz qırpımında ölən ümidlərdi
mən gecəni qırılan pəncərə şüşələrinin çilik-çilik səsində sevdim

həmd olsun, səhranın sapsarı yalnızlığıyla öpüşən kəlləmə
qaçış mümkün deyil
mümkün deyil başqa biri olmaq
mümkün deyil başqa birinin arzusunda yenidən doğulmaq
uçurumu vətən seçənlər üçün
sevməyin daha bir adı quş qanadlarında yaşamaqdı
gic-gic qafiyələr düşünməkdi “xoşbəxtlik” kəlməsinə
sağollaşmaqdı sağollaşmağa kimsənin qalmadığı bir vaxt
elə gecənin özüylə
və qırmızımtıl rəngində yeni doğan günəşin
bir uşaq gülüşünə yenidən vurulmaqdı

həmd olsun saçlarıma daraşan dəli küləklərə
həyat dişlərimin dibində xırçıldayan qum dənəsiymiş
bir uzun yol imiş,
gəldimi gedəcəkmiş,
bəlkə yar qoynunda bir gül imiş,
açdımı solacaqmış,
bəlkə var imiş,
bəlkə yox imiş
bəlkə heç yox imiş – biz bunu nə gec bildik
nə gec oldu, nə güc oldu
sifətində yazılmış bütün hərfləri yuyacaq bir yaz yağışına vurulmaq
səmumlarla yenidən qayıtmaq, mövsümlər qədər ölümsüz olmaq
mənimki də belə gətirdi: göz yaşlarım bir az nadan axacaq
sonra bəlkə geri qayıtdılar, qapısını döydülər gözlərimin
gözlərimdə yumulmuş şəhərlər var, səhralar var gözlərimdə
gözlərimdə yumulmuş şəhərlərin paslı pəncərəsindən həyata baxan uşaqlar
yapışqan uşaqlar, yalnız uşaqlar, qorxulu uşaqlar, ölümünə uşaqlar
mənimki də belə gətirdi: daha heç nə demirəm,
başımı salmışam aşağı gedirəm
bəlkə dağları, şəhərləri və yalnızlıqları dəniz səviyyəsiylə ölçürlər amma
darmadağın ömrümün səviyyəsi düşmən dabanıyla ölçülər
indi neçə qarış üstünsən məndən, dostum?
neçə qarış, necə damcı göz yaşı var aramızda
bu fərqi doldurmağa yetərmi qürublar?

mən Kərbəlada ən çox gözümdən axan yaşlara yandım
mən Kərbəlada ən çox doğan günəşlərə daha “səlam” verəmməyəcəyimə üzüldüm
və dəvə karvanlarına ilişib qalmış tək-tük yağış damcıları kimi
dişinin dibinə ilişmişik həyatın
hara aparır bizi bu sonsuz yol
yol dedimsə gülməyin
həyatın adı həyatdırsa, feli ölümdür
bütün yarıda qırılmış ömürlər ölüm sözünə ərdir, qardaşdır, ərqardaşdır
həyatdı, mənə də beləsi qismət oldu
aşuralarda hədik yeyəcək uşaqlar bəlkə dişlərinin dibinə noxud qırıntıları ilişəndə bizi yad edəcəklər
bəlkə də yox… biz ki, zaman yerində saymasın deyə, öldük
biz ki, atalarımızdan daha çox bu zəmanın övladları idik
amma… zaman bizə yoluxmadı yatalaq xəstəliyi kimi…
əvəzində qurumuş ağac budaqlarına ilişmiş selefon torbaları silkələtdi küləyə
biz baxdıq… baxdıq… külək kəsdi… budaqlar yox oldu…
gecə də bitdi qəflətən… torbada kəsik başımız
XS
SM
MD
LG