Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:56

Orxan Orxanov. Nicatın şeiri


Nicatın şeiri

Bəlkə gələn çimərlik mövsümü
sınıx-salxaq bir avtobusun arxa oturacağında yenidən qarşılaşdıq
dənizə aparan sınıq-salxaq həyat avtobusun arxa oturacağında
sən mən bir də
iki şüşə xırdalan pivəsi
Görədil çimərliyi payız yalnızlığını mənə miras buraxıb, – deyirsən
mən gülürəm sənin yamyaş gözlərindən həyata axır yuxusuzluğumuz
və neft mancanaqlarının bütün unuduluşlara inad əl sallaması arxamızca
və bir parç bürkülü hava fırlatması arxamızca
mənə darmadağın həyatlarımızın xəritəsini çək, Nicat
qarşılıqsız sevgiləri üçbucaqlarla,
mühazirələrində səs-küy saldığımız yağışlı sabahları içi boş dairələrlə işarələ
bəlkə o vaxt daha tələsinə düşmərik gümüş qoxulu hüsranın
bəlkə o vaxt yaxamızdan çəkər qurumuş balıq iyi verən paslı əllərini

gecələrin içmədiyimiz çaxırsal tamı qalıb arxada
bilirəm, sevişməyə macal tapmadığımız yalanlar
heç vaxt bizim olmayacaq qadınlar qalıb geridə
yenə də sən yum gözlərini gözlərini top saqqalına zilləniş çarşablı qarıya
çarşab altında bütün sifətlər kiçicik pəncərədir çimərlik mövsümündə səssizliyə açılan
sən qorxma, qocalmayacağıq biz o qarı kimi
hər çimərlik mövsümü sular siləcək sifətimizdən qırışları
əbədi gənclik çəkmir səni bilirəm
yox olmaq keçir içindən
bəsdi xatırlatma mənə kimsəsizliyimizi
dəniz sularının sifətimizi yumağında da bir yalnızlıq var, bilirəm
bax yarpaqları tökülür həyəcandan hamilə yan güzgüsünün
əsatirlərdən qopub gəlmiş dalğalarla doğrayıb damarlarımızı tərk edəcəyik bu oyunu
gerçəkləşməmiş arzularımız qarışan dəniz suları
gün batımında bir az qırmızımtıl rəng alacaq bizdən
ovuclarına yığıb dənizin qırmızımtıl rəngini
məktəb yaşlı uşaqlar bizi analarına hədiyyə edəcək

Nicat, üzüb çata bilmərik qarşı sahilə
sən də bilirsən, bir gözləyənimiz yox yad şəhərlərdə
axmır bizimçün qıyıqgöz küçələrin göz yaşları
dalğalara qalsa bizi bir boşluğa təslim edib
yorğun gövdəsini quma uzadar
xilasedicilər gəlincə
aramızdakı hesab fərqini azaltmağa çalışar
dalğalara qalsa…
qurğuşun günortaların bitdiyi saatlarda
əvvəlcə suda boğulanların çığlıq səsi eşidilər
sonra çətirlər girər qarşılıqsız sevənlərlə günəşin arasına
ən sonda göz yaşıyla islanmış yanaqlarda sınıq-salxaq üç-dörd misra gülər

və çox güman üstündə qumdan qalalar qurulacaq -
dalğaların ülgüc itiliyinə aparan yollardakı ayaq izlərimizin…
XS
SM
MD
LG