Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:58

Rüqəyyə Kəbiri "İçimdəki qız" (Hekayə)


Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri
Arazın o tayından səslər


Rüqəyyə Kəbiri

İÇİMDƏKİ QIZ

(Hekayə)

Yenə içimdəki həyəcanlı qız baş qaldırıb. Külək qulaqlarımda kuşuldayır. Önümdəki heybətli adamın arxasıca gedirəm. Ağ-apbağ qar, örpək kimi dağ-daşı bürüyür.

Mənə deyən yoxdur burda nə işin var! Tanımadığın kişi ilə birlikdə dağ-daşa gəlibəsn!.. İçimdəki qız səslənir: «pis düşünmə; yoldaşlarımızın hamısı güvənməlidi».

İçimdəki düz deyir. Bu adamı yaxşı tanımasam da, bilmirəm nədəndir ona güvənirəm. Heç də qorxmuram. Ondan üşünmürəm. Rahatam. Nədən narahat olum ki?! Nə olsa bizi yuxarıdan bir-birimizə tanıtdırıblar.
Dağdan yuxarı qalxanda, yolun qırağındakı damçanı mənə göstərdi: «ora, Bəhlul əminin evidi». Mənim gözüm, qaş-qabaqlı buludlardaydı. «Elə bil yağacaq» dedim. Buludlara baxıb üzümə güldü. «İki saat çəkməz, tez qayıdarıq» dedi.

Bir anda ayı boğan, sərt siması pozuldu. Şirin-şirin gülüşü içimdəki qızın ürəyin tappıldatdı...

Bilmədim necə yuxarı qalxdıq. Başım söz-söhbətə qarışmışdı; söhbətə yox, eşitməyə. Elə danışırdı, sanki bir hizbin başqanı idi. Mən ancaq qulaq asırdım. Hərdən istresli məktəb uşaqları kimi sualların cavablayanda, içimdəki qız az qalırdı ondan soruşsun «axı bu sözlərin evlənməyə nə dəxli var?».
Hər nə olsa məndən yuxarı rütbədə idi. Soruşsaydım mənə gülərdi. Öz yanında düşünərdi, bəlkə bir şey anlamıram. Yəqin dəxli vardır ki, məni məəllim kimi sorğu-suala çəkirdi. Yoxsa əlli dəfə deməzdi; «evlənməyə görə fikirimizi bəlli etməliyik!». Bəlkə də düz deyirdi, yaxşı bir evlilik sürməyə, marksism–kapitalismi daha yaxşı bilməliydik!

İçimdəki küsəyən qız bu sözlərə darıxırdı. Qaş-qabağın sallamışdı. Mən onun sözlərinə diqqətlə qulaq asdıqda, utanmaz–utanmaz gözünü onun gözünə zilləyirdi. O isə gözlərin ayağına tikib, durmadan danışırdı.

Bir saatdan artıqdır onun arxasıca aşağı enirəm. Yuxarı çıxanda mənimlə ayaq bir çıxdı. Hər bir sözə Marksdan bir örnək gətirdi.

Neçə dəfə içimdəki dil otu yemiş qız, ağzın doldurdu soruşsun ki, «Marksın evliliyə görə düşüncəsi nədir?» qoymadım. «Dinmə» dedim. Deyir bəs ki, siyasi savadım şehlənib. Evə gedəndə kitabları varaqlayıb oxuyaram.
Yorulmuşam. Qar dənəcikləri hüjmünən üz-gözümə çırpılır, gözlüyümə ağ örtük çəkir. Gözlüyü götürürəm. Onu, bir qaraltı kimi görürəm. Addımlarımı yavaşladıram. Titrəyirəm. Yəqin üşüyürəm. Yoooox! Üşümürəm. Tərdən islanan paltarlarım, canıma suvaşır. Önümdəki heybətli adamım geri dönüb, mənə baxır: «yoruldunmu?»

Dinmirəm. Dil otu yemiş qız, ağzını açır, gözünü yumur: «deyirsən bəs mənim də sənə tay, bu heybətdə ayı gücüm var?» Mən dodaqlarımı dişləyirəm.
O isə «az qalır Bəhlul əminin damçasına yetişək» deyir. Əllərini cebinə qoyub, yenə üzümə gülür. Bığlarında buz, sırsıra bağlayıb.

Qar dənələri hövləsək özlərini dağ-daşa çırpırlar. Çərqədim islanıb. Qara kapşenimin rəngi dəyişilib, ağ rəngə çalır. Yerə düşən qarı, torpaq əmmir. Quş başı qarın üst-üstə qalanması çox xoşuma gəlir.

Yenə də titrəyirəm. Bəlkə də qorxuram. Nədən qorxmalıyam? O ki, buraları yaxşı tanıyır. Özü də güclü, qollu- quvvətlidir. Diqqətlə ona baxıram. İçimdəki qız deyir:

«Elə bil qabandı, başını salıb qabaqda gedir».

«Kəs səsini» deyirəm. Bu nə sözdü? Allah qoysa onunla evlənəcəyəm haa!..
İçimdəki dəlisov qız dinc dura bilmir. Qımıldanır. Deyir «bu hündür heybətli heykələ, ayıdan başqa nə demək olar?»

Onu haqlayıram, «amma mehriban ayı!» deyirəm. «Bir az da çöl şoferlərinə oxşayır.»

İlk görüşdə, onu uzaqdan gördükdə, dostum Pəriyə dedim «şoferdi?». Bığları burma deyildi; Stalinin buğları kimi idi. Boylu-buxunlu, kürəkli, amrikayi overkot içində elə şəstli görünürdü ki, «çöl şoferi » dediyimə utandım.
Pəri, «Cavad yoldaşımızdı» dedi. Əlini mənə sarı uzaldıb gülümsədi: «cücə Cavad! Mənə cücə Cavad deyirlər.»

Gülə-gülə onun ayı qamətinə baxdım. İçimdəki dil otu yemiş qız dedi: «əyər cücə, ayı yekəlikdə olsa, gör xoruz nə olar!»

Cücə Cavad, elə bil içimdəkinin səsini eşitdi. Damağındakı sıqareti, barmaqlarında tutub, qapının başındakı tablonu göstərdi.

Sapsarı, məxmər qanadlı cücə şəklinin üstündə yazılmışdı "cucekeşiye lari". Hələ onda anladım ki niyə bu heykəlli adama cücə Cavad deyirlər.
Külək şuiddətlənib. Dağı aşağı enərkən hər addım başı içimdəki qızın həyəcanı artır. «Bir az irəli yeri, əlindən tut» deyir. «Yorulmuşam, ayağım süyrüşür!» de. İçimdəkinin sözünə qulaq vermirəm. Yavaş-yavaş onun arxasıca gedirəm. Ayaqlarımı qar üstündəki ayaq izlərinə qoyuram. Nədən bu adama inanıb "tək altı"ya gəldiyimi, bilmirəm. İçimdəki qızcığaz atılıb, düşür: «necə ki bilmirəm? deynə əzilib, büzülmək istərdin daa... Nə yaman da əzildin... Lap elə şirin saldın haa özünüüüü...».

İçimdəkinə «dinmə, öz işinə bax» deyirəm.

Yəqin, məni artıq tanımaq üçün buralara gətirib. Demişlər: bir adamı yaxşı tanımaq üçün, onunla yol yoldaşı olmalısan. Yoxsa Marksın fəlsəfəsi, manifestini, onda gərək bağlı qapıların dalısında, siqaretlərin tüstü-dumanında danışasan. Gəl dağın döşündə, bu gözəllikdə romantik yerdə, fəlsəfədən danış; nə olsun ki! Bilirəm məni sınayır. Yoxsa bilmir ki, hər işin, hər sözün bir yeri var?!

İçimdəki şıltaqlıq edir. Məni rahat buraxmır. Qar dənəcikləri dağ-daşa çırpılan kimi, özünü düşüncəmin ortasına çırpır. «Ayağın büdrəsə, təpəsi üstə dərənin dibinə düşəcəksən» deyir. «Yaxşı vaxtdı, get əlindən tut!».
Deyirəm: «mən ki yalvarmayacam, özü gərək bilsin daa...». İçimdəki dəcəl qız, «dayan! Getmə» deyir. Ayaqlarım, təpənin yenişində mıxlanır qalır... Dağ cığırında, ağ-qara heykələ oxşayıram. O isə əlləri ceblərində asta-asta aşağı enir. Dəcəl qız içimdən səslənir: «Cavad yoldaş!.. Yoldaş...» dönüb mənə baxır. Baxışı, çox mehribandır. «Yoruldunmu?» dınmirəm. Qar adamı kimi donuq gözlərimi ona tikirəm. «Yarım saata, Bəhlul əminin damçasındayıq» deyib, yola düşür.

Mən hələ dayanmışam. Bir də dönüb gülə-gülə «Bəhlul əminin çayını içsən yorğunluğun çıxar» deyir.

İçimdəki dəcəl qıza acıqlanıram. «Eşitdinmi nə deyir?! O da sənin cavabın! İndi səsini kəs, onun arxasınca get». İçimdəki dodaqların büzür. Az qalır ağlasın. Mən də səssizcə onun arxasıca gedirəm.

Hərdən bir dayanıb mənə baxır. Üzümə gülümsəyir. Qar ilə örtülüb ağaran bığları, qırov tutmuş otlara oxşayır. Ona baxmaq, yaman xoşuma gəlir. Göyərmiş dodaqları, qarlı bığlarının altında yəqin buz bağlayıb… Get-gedə o dodaqlarla öpülmək həvəsi məndə güclənir. Dodaqlarım yanır. Bir ovuc qar götürürəm. Özümdən utanıram. Bəhlul əminin çayını tezliklə içsəydim...
İçimdəki küsgün qız dinmir; danışmır, fikirə dalmış. Cücə Cavadın islanmış overkotuna baxır. Deyirəm «çox şəstli, boylu-buxunludu» içimdəki, səssizcə onun boy-buxununa baxır. Mənim canım gizildəyir. «Qucağı on qadını birdən qızdırar» deyirəm. İçimdəki mənə tərs baxır. Özüm də belə düşündüyümdən utanıram.

Uzaqdan hafıltı səsi gəlir. İtlər hürüşürlər. Yenə özümü qınayıram «ağlın qaçmışdı! Tək başına, qışın çilləsində, küləkdə, "tək altı"ya gələsən?!». İçimdəki küsgün qız deyir: «demədin qurddan, cık-canavardan gəlib adamı tikə-parça edər?!»

Deyəndə "tək altı" dağına gedək, xoşlandım. Bilsəydim bu qədər sosyalizmdən, kapitalizmdən danışacaq gəlməz idim.

Heybətli adamım saymazcasına, qolların tovlaya- tovlaya, düşüb qabağımda gedir. Onun isti qucağının fikri məni üşüdür. İçimdəki ilə himləşib, əl-bir oluram: «gəl! Bir iş görək ki, heç olmasa əlimdən yapışsın daa!..»
Qar dənəcikləri dağın hər tərəfin çulqalayıb. Sağım-solum, önüm-arxam, hər tərəfə baxıram ağ-apbağdır. Biz, dağ cığırında yerin iki qar adamıyıq. Dənəciklər, qar adamlarının üst-başına ələnir. İçimdəki küsgün qıza deyirəm «başlıyaq?!»

İçimdəkinin ürəyi elə tappıldayır ki, mən də eşidirəm. Həyəcandan nə edəcəyini bilmir. Tələsir. Ölür belə işlərdən ötrü. Ayaqlarım bir an dayanır. «Bir addım belə atmyacaqsan!» deyirəm. Onu çağırıram; «yoldaş Cavad! Cücə Cavad! Yoldaş!..» Dönüb mənə baxır. İçimdəki deyir: «kaş qollarını açsın, gəlib desin...»

Qolların açmır, saçlarında, bığlarında oturan qarı çırpır. «Dayandım, səni gözləyirəm, gəl!» deyir.

İçimdəki şıltaq qız dodaqlarını büzür. «Bu da ki, əxlaq yüküdü» deyir. Ona yaxınlaşanda, yola düşüb, gedir. İçimdəki birdən düşüncəmin ortasına atılır «bəs sənin ayağın sürüşməz?»

Heç bilmirəm nə olur. Birdən yıxılıram. Yerdə, uzanaqlı vəziyətdə, ona sarı sürüşürəm. İçimdəki, «kaş ona toxunasan» deyir. Ondan bir az qabaqda bir daşa toxunub, dayanıram. Canım inciyir. Yerdə uzanaqlı qalıram. Qayğıcıl, mehriban ayı kimi, əyilir, üzümə baxıb deyir: «nə oldu? Ayağın sürüşdü?» Başımı tərpədirəm «qalxa bilərsən?»

«Hə» demək istədiyimdə, içimdəki ortaya atılır. Qollarımı tutub, ona sarı uzaldır. O isə, bir əli ilə kürəyimdən, o birisi ilə əlimdən tutub, məni yerdən qaldırır. İsti nəfəsi üzümə dəyir. Donmuş yanaqlarım qızışır. Paltarlarımın qarını çırpıram. İçimdəki, az qalır ağlasın.

Axşamın alatoranında, yetmiş yaşlı, heybətli, uca boylu, başı papaqlı, yaraşıqlı, kürkü çiynundə bir kişi, damçanın qabağında durub. Əlindəki fənəri yuxarı qaldırıb. Bizə baxır. Ağarmış telləri papaq altından alnına tökülüb. İçimdəki dilə gəlir: «bu da ki Stalinin doğmasıdı!»

Gülə-gülə salam verib, xoş gördük! deyir. Ağzından çıxan nəfəsi, sanki bəm musiqinin notlarıdır; donmuş havada yuxarı uçur: «xanım qızımız xoş gəlib, xoş gördük səni, ay oğul!»

İçimdəki qulağıma pıçıldayır: «nə gözəl səsi var!»

İçəri girəndə damçanın istisi, odun sobasının qoxusu, sakinləşdirici dərman kimi, vucudumu dincəldir.

Bəhlul əmi, buz rəngli Ləhistan çarpayısını sobanın dibinə qoyub mənə baxır: «indi canın qızışar». Sonra, iki istəkan-nəlbəki gətirib, sobanın yanındakı ağ boyalı, dəmir mizin üstə qoyur. Bir an içimdəki təəccüblə yerindən qalxır. Bəhlul əmi, çaynikin lülüyünü ağzına dayayıb, üfürür:«bunun da lülüyü tutulub» deyir. Cücə Cavad mənə göz vurur «dünyada sənin çayların kimi dadlı bir çay tapılmaz; Bəhlul əmi!» Gözüm istəkanlara süzülən çayda qalıb.
Bəhlul əmi, kürkünü çiyinlərinə çəkib, mənə baxır. «Xanım qızın qaynanası deyəsən biləsini çox istəyir. Siz gəlməzdən bir neçə saat qabaq piti qoymuşam. Durum, bir azca suyun artırım.»

Qapının yanındakı aftafanı götürüb, pilətənin üstündəki govduşun duvağın götürür, ətin iysi burnuma dolur. Acımdan ölürəm.

Bəhlul əmi, aftafadan pitiyə bir azca su töküb, duvağı qoyur. İçimdəki qızın ağzı açıla qalıb. Cücə Cavad, barmağın dodağına qoyub, gülə-gülə sus deyir.
Gözümü Bəhlul əmidən ayıra bilmirəm. Aftafa əlində qapıya sarı gedir: «siz çay içincən, mən su başına çıxım, gəlim» deyir. Heybətli heykəli qapının arxasında itir. Sobanın istisi qardan islanan şalvarımı qızdırır. İçimdəki həyəcanlı dəcəl qız, baxışlarını Cavad yoldaşın gözlərinə tikir. Mən utanıram. Yanaqlarım qızarıb, pörtüb, sir-sifətim tutub.

Sobadakı odunların çırta-çırt səsini dinləyirəm.

Bir an cücə ayının güclü qolları Ləhistanı çarpayının arxasından boynuma dolaşır. Canım gizildəyir...

İsfənd - 1389
XS
SM
MD
LG