Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:41

Azad Qaradərəli "Süd gölü" (Hekayə)


Azad Qaradərəli


SÜD GÖLÜ


Məni görənə lənət,
görüb oxumayana lənət.
oxuyub əməl etməyənə lənət!


(Bir daş kitabədəki baş yazı)


Allah heç kimin işini düyünə salmasın. Gerçəkdən bizim ailənin işi düyünə düşmüşdü. Özü də cin düyününə. Əlimizi hara atırdıq, ora alışıb yanırdı.

Bacım təzəcə işə düzəlmişdi, şirkətin mərkəzi ofisində yanğın oldu.

Müflis olmaqdan qorxan şirkət rəhbərliyi işçilərini yarıbayarı ixtisar elədi, bacım da içində…

Mən də, saki allah qoysa anamın dayısı oğlunun “Binə” ticarət mərkəzindəki ayaqqabı dükanında on gün idi satıcı işləməyə başlamışdım ki, anamın biznesmen dayısı oğlu (heç onu biznesmen olub biznesmenlərə qoşulmasın) Urumçidə bir uyğur türkünə yüz min dollar atıb qaçmışdı

Bakıya, o da eləməyib tənbəllik, ordan bizim polisə məlumat yazıb, əlində də dəlil-sübut. Onu basdılar içəri, əmlakını müsadirə elədilər, mən də qaldım ayaqları ayaza…

Belə uğursuz taleyə nə deyəsən? Ata köpək oğlunun heç üzün görmədik, ana da bədbəxt qapılarda paltar yumaqdan əllərinin rəngi gedib, elə bil əl deyil, bir cüt odundu.

Hələ nə yaxşı o əllər vardı, yoxsa acından ölərdik qardaş-bacı. Yandım rəhmətlik atama da söydüm, ondan bizə şəhərin 7-ci mikrarayon tərəfində, köhnə beşmərtəbəli daş binada iki otaqlı ev qalıb. Vəssalam. Bacım Vəsilə doqquzdan məktəbdən çıxıb, mən də güc-bəla ilə attestat ala bildim. (Vallah, oxumağına oxuyurdum, amma məktəbdə dərs keçən yoxdu ki… Heç sinif yoldaşlarım dərsə də gəlmirdilər. Onuncudan sonra sinifdə bir-iki kasıb uşağı qalmışdıq. Qalanları müəllim yanına – elə öz müəllimlərimizin yanına hazırlığa gedirdilər. Yəni, istəsəm də o səviyyədə oxuya bilməzdim.) Beş-altı aydan sonra əsgərliyə gedəsiyəm, yarı canım qalacaq anamla bacımın yanında. Nə təhər dolanacaqlar, nə yeyib-içəcəklər? Belə-belə qaramat şeyləri fikirləşirdim ki, allah bizə qəfil bir qapı açdı.

Bizim evin üstündəki mətrəbəni bütöv alan bir imkanlı ailənin pal-paltarını yuyan, evini yığışdıran anama bir gün evin xanımı bir bidon süd verdi. (Bidon bilmirəm görmüsüz, görməmisiz, qırx litr tutur, özü də düralminiumdan olur, südün çürüməməsi üçün belə materialdan düzəldiblər. Bilirsiniz bunları hardan bilirəm? Anam Şamaxıdandı axı. Orda babamız, nənəmiz var. Hərdən şeytanın qıçını sındırıb onlara qonaq gedəndə həmən bidonu orda görmüşdüm. Nənəmgil onda su saxlayardılar. Həftəsonu isə yığıntı qatığı həmin bidonda çalxayıb yağ alırdılar) Anam məni çağırdı, kəməkləşib sevinə-sevinə südü evə gətirdik. Sonra onu qazanlarda bişirib qatıq çaldı. Həmin qatığı balonlara, bankalara yığıb daşıdım bazara. Satıb əməlli-başlı pul qazandıq. Həftənin hər şənbə günü bir bidon südümüz hazır olurdu. Bir az sonra anam o bir bidon südə yarım bidon su qatdı, gəlirimiz ikiyə bir artdı. Bir ayın içində pula pul demədik. Yeməyimiz-içməyimiz düzəldi, əyin-başımıza da əl gəzdirdik.

Hər dəfə anamla südü gətirməyə gedəndə evin xanımıyla rastlaşırdım. 35-40 yaşlarında olan bu qadın ağappaq pambıq kimiydi. Pambıq nədi, qolları, yarıaçıq sinəsi, baldırları elə bidondakı südün rəngindəydi. Anam bidonu mənimlə sürüyə-sürüyə (ağır idi, gücümüz çatmırdı) qadına alqış yağdırırd: “Gəlin, sənin başından tökülsün, bu oruşduq sahibindən istəmişəm (orucluğun qızğın çağlarıydı) allah sənə şirin pay versin, neylim-necə eləyim demiyəsən, çiçəyin çırtdasın, barın-bərəkətin bəsdi deyincən olsun…” İlahi, anam bu boyda alqışı hardan tapırdı bu iki daşın arasında? Və qadın da bunları eşidəndə bizə bir baxırdı, bir baxırdı, deyirdin bəs dünyanı bu yaradıb…

Amma qadın anama çatmazdı gözəllikdə. Anamınki özünnən gözəllikdi, artırması-zadı yoxdu, bununki isə yapmaydı, kraskaynan, pudraynan düzəltməydi. Amma qadın sadəcə, ağ idi, anam demişkən, ağ maya…

…Bir az sonra daha bazara gedəsi olmadıq. Elə qapımızda gəlib qatığı alırdılar. İndi anam suyu bir az da artırmışdı deyən, gəlirimiz lap çox olurdu.

Bir dəfə yenə bidonu sürüyə-sürüyə evimizə gətirəndə elə pilləkənlərdəcə anamdan soruşdum:

-Bunnar bu boyda südü hardan alırlar?

Anam elə bil diksindi. Əlini ağzıma basdı, hələ bir çımxırdı da mənə:

-Kəs!

Kəsməyinə kəsdim, amma üzümdəki sual ifadəsini sifətimdən götürə bilmədim. Anam bunu anladı və başa düşdü ki, mən bunu bilməliyəm. Sifətini qəfil basmış təri əlinin dalıyla silib dedi:

-Gəlinin ərinin mal ferması var… Sürüynən qoyun sürüləri, dəvələri var. Böyük torpaq sahələri alıb, fermer təsərrüfatı yaradıb. Özü həm də nazir müavinidi. Di gəl uşaqları olmur. Bir özüdü, bir də arvad. Hər şənbə iki bidon süd gətirirlər bunlara. Yazıqlar bizim günümüzü bilib, mənə pul əvəzinə süd verməyi fikirləşiblər… Allah başlarından töksün. ..

Daha danışmaq mənasızdı. Allah bizə bir qapı açmışdı, çəm-xəm eləməyin yeri yoxdu. Dilimi qoydum qarnıma.

Səhər südlü aş, günorta qaymaq yeyirdik, axşam yeməyin üstündən qatıq içib yatırdıq. Baxırdım ki, yazıq bacım xeylaq qəşəngləşib, hələ anamın da sir-sifəti indiyəcən görmədiyim yaraşığa minib. Elə mən? Mən özüm də tüklü-müklü gədədən qızqaytaran oğlana dönmüşdüm. (Qabaqlar boynumun dalını sapsarı tük basardı. Anam demiş, o qədər arıq idim ki, burnumu tutsan canım çıxardı) Hələ tində-bucaqda qızlara söz-zad da atırdım. Biz adama çevrilməkdəydik.

Qonşu Nəsir kişi anama hörmətlə bacı deyib yalvarırdı:

-Mən iftarımı sənin qatığınla açıram, mənə üzlüsündən ver, allah oğlunu saxlasın.
Neçə illərdir ki, Türkiyədən gəlib bizim binada kirayədə qalan Nəcib əfəndi də yarı türkcə, yarı bizim dildə dil tökürdü:

-Bacı, sen bu katıqı yaxşı yapıyorsan… Mənim qarım sizinkini istiyor… Axı biz orucuq, bizimkini nasıl yapıyorsan yap, halal yap…

Mən indi əməlli-başlı genəlirdim. Axı məhlədə adamların bizə işi düşürdü, bizi sayırdılar.

***

Anam özünə fikir verməyə başlamışdı. Tfu, tfu, arvad qəşəngləşmişdi. (Yazığın nə yaşı vardı axı – bu il 46 olacaqdı.

Düz on beş ildi ərsizdi, hələ üstəlik də bizi yedirtmək üçün çəkmədiyi yük, götürmədiyi söz qalmamışdı. İndi-indi bu qonşuların sayəsində tale üzünə gülürdü, qoy gülsün.)

Elə öz binamızdan bacıma elçi gəldi. Allah anam bir sevinirdi, bir sevinirdi! Yun almışdı, bacıma yorğan-döşək salırdı, dil-dodağı yerində durmurdu. Mənim də əsgərlik vaxtıma üç aya yaxın qalırdı. Tələsirdi ki, mən getməmiş, bacımı köçürtsün. Südün-qatığın hesabına bir xeyli pul yığa bilmişdik. Yüngülvari cehizə çatacaqdı deyin, anam uçurdu. İki ayın tamamında bacımı köçürtdük. Vallah bir toy oldu ki! Hələ neçə il bu sevinc, xoşbəxtlik bizə bəs eləyəcəkdi.

İndi həyətdə bir balaca dükan kimi də düzəltmişik. Mən südü, qatığı ora yığıram, özüm də dururam yanında. Çox vaxt günortaya qədər satıb qurtarıram.

Bir dəfə Nəcib əfəndi bir az narazı kimi göründü mənə. Qatıq bankalarını əlləşdirə-əlləşdirə məzıldandı:

-Qatıxda bir tam duyuluyor… Amma nə tamdı, anlaşılmıyor… Əvət, əvət, əvvəl də vardı, amma az… Şimdi elə bil çoxalıyor…

Mən bir şey başa düşmədim. Bir-iki gün əvvəl başqa müştəri də qatıqdan başa düşmədiyi tam, qoxu gəldiyini dedi. Şübhələnmişdim. Anam bəlkə məndən xəbərsiz nəsə qatır südə? Su? O heç də, onu bilirım. Ondan tam-zad gəlməz ki?
Bu əhvalatı anama deməyi də unutdum. Əslində müştərilər sözün başına sən deyən çatı salmamışdılar ki! Eləcə deyib getmişdilər.

Bir gün işimi tez qurtarıb qalxdım evə. Qapını açıb girdim içəri, hamam tərəfdən su səsi gəldi, düşündüm ki, anam yəqin paltar yuyur. Amma paltarı səhər yumuşdu axı. Dedim, yəqin çimir. Amma nədənsə hamamın qapısını yarı-açıq qoymuşdu. Üzümü o yana tutub yataq otağına keçdim və uzanıb dincimi almağı düşünürdüm. Amma tualetə dəymək istəyirdim. (Bizdə tualetlə hamam bir yerdə idi) Anamın hamamdan çıxmasını gözlədim.

Bir az sonra anam hamamdan çıxıb qurulana-qurulana yataq otağına keçdi. (Mənim gəldiyimi duymamışdı) Tez qalxıb tualetə dəymək istədim. Elə hamama girəndə isti süd qoxusu məni vurdu. Gözlərimə inanmadım. Anam bir bidon südü hamam vannasına tökmüşdü. Hələ anamın döşəmədəki yalın ayaq izlərində də süd damcıları qalmışdı. Başım fırlandı, az qala vannaya yıxılacaqdım. Yataq otağından geri dönən anam məni görüb özünü itirdi. Lal-dinməz bir-birimizə baxa-baxa qalmışdıq. Aramızda elə bir çat yaranmışdı ki, iki dəqiqədə yad adamlar olmuşduq. Anam qonşunun verdiyi süddə çimirmiş? (Elə bu iki daşın arasında ədəbiyyat dərsində müəllimimizin danışdığı Fərhadın Şirinin qəsrinə süd arxı çəkməsi əhvalatə yadıma düşdü. Müəllimimiz onda demişdi ki, varlı-hallı adamların qadınları süddə çimirlər ki, gözəl olsunlar) Yox! Yox! Mənim anam bunu eləməz! Amma Nəcib əfəndinin dedikləri nəydi bəs? “Qatıxda bir tam duyuluyor… Amma nə tamdı, anlaşılmıyor… Əvət, əvət, əvvəl də vardı, amma az… Şimdi elə bil çoxalıyor…”

***

Üç gün anamla kəlmə kəsmədik. Heç qatıq da düzəltmədik, aşağı da düşmədik. Anam yuxarıdakı qonşuya qalxır, işini görüb qayıdırdı. Növbəti bidonun vaxtı çatmışdı. Ya gedib gətirməliydim, ya da anamla aranı açmalıydım. Axırı ki, anam özü dilə gəldi.

-Oğlum, bilirəm ki, mən günah eləmişəm… Amma bunu mən başlamamışam ki. Bunu allah elədi. Allah məni qapılara salmasaydı, mən qonşunun arvadını həftədə bir dəfə süd vannasında çimizdirməsəydim, sonra kanalizasiyaya buraxdıqları o südü istəməsəydim, yəqin ki, bu növbəti günahı da işləməzdim… Məni şeytan yolumdan çıxartdı. Düşündüm ki, onsuz da bu süddə o qadın bir dəfə çimir, qoy mən də çimim, bəlkə qadınlığım qayıtsın, üzüm-gözüm adam cildinə düşsün… Mənim günahım budu. Bu gün bir saatdan sonra mən o gəlini süd gölündə çimizdirəcəm. Sonra sən gəlib mənimlə köməkli o bir bidon südü gətirməlisın, süd-qatıq eləyib satmalıyıq…

Mən qeyri-ixtiyari dilləndim:

-Sən də çiməndən sonra… Hələ bəlkə mən də çimdim…

***

Mən indi əsgərlikdəyəm. Fikrim var ki, borcumu verəndən sonra çıxıb gedim Rusetə. İşləyib bir rus qızından-zaddan da alım, qalım oralarda. Heç bu yana üzükməyim.

Bizə hərdən səhərlər bir stəkan süd verirlər. Hamı içir, təkcə məndən başqa.

22 avqust 2011
XS
SM
MD
LG