Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:52

Xatirə Nurgül. Çıxış yolu


Öldürdüyü kişiləri doğrayıb
itlərə yedirən qadın
ən humanist adamdı məncə
qisas qiyamətə qalmamalıdı
qalmamalıdı

dəmiryol vağzalında
əlində çətir
hələ də qatarların onun sevdiyini gətirəcəyini
düşünən qadın
ən xoşbəxt qadındı məncə
heç olmasa gözləməyə kimsə var
kimsə...

Bir sabah oyanmaya bilərsən yuxudan
ya da ölülüyə vurarsan özünü
üstündə ağlayan qadının
göz yaşlarının hansı rəngdə olduğunu
görmək üçün
və görəcəksən ki bəyaz
ölüyə ağlayan qadın yalançı deyil,
heç deyil...

İndi içimdə bir qadın var,
bir uşaq
Uşaq dəcəllik edir,
qadın hüzünlü
Ağlayıb boşala da bilmirəm
bilmirik-
uzaqlardan gələn acıya...
Duyan da yox bizi, tanıyan da...
Öldürə də bilmirəm içimi
qadının qəmli gözlərində,
uşağın gülüşlərində
itəcəyimdən qorxuram yəqin...
yəqin...
Bildiyim tək şey var
qadından mələk olmaz
olmamalıdı da
Mən mələk deyiləm...

Və hələ də içimdə bir qadın var
bir uşaq
Uşaq yenə də dəcəl
qadın yenə hüzünlü
XS
SM
MD
LG