Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Zahir Əzəmət. Uçqun divarlar


-

Uçqun divarlar

İçimdə bir qaranlıq,
İçimdə bir yuxu var.
Uçurumlar içində
Uçuram divar-divar.

Susadım səhərlərə
Susadım yağışlara
Bu ara sən də yoxsan-
Səhradan betər oldum.
İçimdə bir qaranlıq
İçimdə bir yuxu var
Bu yuxudan yoruldum
Bu şəhərdə heç kiməm,
Bu şəhərdən yoruldum

Gedirəm uzaqlara,
Sən yoxsan- mən də yoxam.
Gecəyəm, qaranlığam-
Özümdə, səndə yoxam.

Əlimdə soyuq pivə,
Damağımda siqara.
Çəkilməmiş şəkiləm-
Asılmışam divara.

Qaranlığam, gecəyəm-
Öz içimdən qopmuşam
Reklam bəzəklərinə
Metro işıqlarına
Qarışmışam, hopmuşam.
Şəhər məni əritdi-
İtirmişəm özümü-
Bu yan-yana düzülü
Bu üs-üstə yığılı
mərtəbələr, binalar
dəbdəbələr, zinalar…
səfsəfələr içində
Bu tıxaclar içində
Bu tox-aclar içində
özümü də itirdim
sözümü də itirdim.

Sən də yoxsan…
Soyuqsan…
Bu da sonum, sonluğum-

Şəhər məni əritdi-
Gedirəm… uzaqlara
Orda yağan yağışlar
Orda doğan günəşlər
Bəlkə məni kiritdi.

Bəlkə…
Məni…
kiritdi

kult.az
XS
SM
MD
LG